Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № e-2(3-9)-954/2026 13.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Saatlı Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən İmamquliyev Səbuhi Şəmil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı ASC İmamquliyev Səbuhi Şəmil oğluna və cavabdeh1 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonunculardan 2172 manat pulun, ödənilmiş 41,72 manat dövlət rüsumunun və 0,42 qəpik xidmət haqqının İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2020-ci il tarixində ** BK *** dövlət qeydiyyat nişanlı “LADA (VAZ) 21063” markalı avtonəqliyyat vasitəsi İddiaçı ASC tərəfindən Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. ##.##.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə cavabdeh1 Bəhram oğlunun idarə etdiyi ** BK *** dövlət qeydiyyat nişanlı “LADA (VAZ) 21063” markalı həmin avtonəqliyyat vasitəsi ilə ** HV *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C220” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Sabirabad Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli qərardadına əsasən məlum olmuşdur ki, cavabdeh1 Bəhram oğlu idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə etmişdir. Avtonəqliyyat vasitəsinin mülkiyyətçisi İmamquliyev Səbuhi Şəmil oğlu olmuşdur. ** HV *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C220” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı İddiaçı ASC-yə müraciət edilmişdir. Yol-nəqliyyat hadisəsində cavabdeh1 Bəhram oğlu təqsirli bilindiyi üçün ** HV *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C220” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, ##.##.2021-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən 2172 manat məbləğdə müəyyən edilmişdir. İddiaçı ASC-nin ##.##.2021ci il tarixli sığorta aktına əsasən 2172 manat məbləğdə sığorta ödənişi Həsəni Mustafa İlham oğlunun hesabına köçürülmüşdür. ##.##.2022-ci il tarixində ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. Saatlı Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İmamquliyev Səbuhi Şəmil oğlundan və cavabdeh1 2172 manat pul, ödənilmiş 41,72 manat dövlət rüsumu və 0,42 qəpik xidmət haqqı, cəmi 2214,14 manat alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, baş vermiş yol nəqliyyat hadisəsinə görə İddiaçı ASC ödədiyi 2172 manat sığorta ödənişini cavabdehlər İmamquliyev Səbuhi Şəmil oğlu və cavabdeh1 tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin (MM) 936.1-ci, 936.2-ci, 936.5-ci, 1097.1ci maddələrinə, “İcbari sığortalar haqqında” Qanunun 25.1-ci 25.1.3-cü, 25.2-ci, 63.1-ci maddələrinə istinadla əsaslandırmışdır. İmamquliyev Səbuhi Şəmil oğlu qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ** BK *** dövlət qeydiyyat nişanlı “LADA (VAZ) 21063” markalı nəqliyyat vasitəsi tərəfindən təxminən 2000-ci ildə, yəni 25 il əvvəl satılmışdır (etibarnamə ilə). Sonra həmin nəqliyyat vasitəsi dəfələrlə müxtəlif şəxslər tərəfindən alğı-satqının predmeti olmuşdur. Həmin nəqliyyat vastəsi ilə heç bir bağlılığı artıq uzun ilərdir ki, yoxdur. Həmçinin nəqliyyat vastəsinin son sahibi cavabdeh1 Bəhram oğlu nəqliyyat vasitəsini ondan almamışdır. cavabdeh1 Bəhram oğluna ** BK *** dövlət qeydiyyat nişanlı “LADA (VAZ) 21063” markalı nəqliyyat vastəsinə dair ##.##.2020-ci ildə etibarnamə vermişdir. Hansı ki, həmin etibarnamədə aydın şəkildə sürücülük hüququ olduqda idarə etmək səlahiyyəti qeyd edilmişdir. Göründüyü kimi, cavabdeh1 Bəhram oğlu tərəfindən nəqliyyat vasitəsinin idarəetmə hüququ olmadan idarə etməsində heç bir məsuliyyəti yoxdur. Onun həmin nəqliyyat vastəsini bu şəkildə idarə edəcəyindən heç bir məlumatı olmayıb. O Saatlı rayon sakinidir ondan uzaqda yaşayır, yəni bu haqda məlumatı olmalı da deyildi. Lakin məhkəmə bütün bu real faktları araşdırmadan işə səthi yanaşaraq, səhv nəticəyə gəlmişdir. Avtonəqliyyat qəzasında, sığorta münasibətlərində heç bir məsuliyyəti olmadan, qeyd olunan məsələlərrlə bağlı günahkar olması barədə heç bir dəlil, sübut olmadan ona qarşı qaldırılan iddia təmin edilmişdir. İşdə olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı “Mercedes Benz C220” markalı ** HV *** dövlət qeydiyyat nişanlı avtomobil sığortaçı İddiaçı ASC-də ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək sığortalanmışdır. ##.##.2021-ci il tarixli sığorta aktının surətindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh1 törətdiyi yol nəqliyyat hadisəsində zədələnmiş “Mercedes Benz C220” markalı ** HV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan 2172 manat hesablanmışdır. ##.##.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən “Mercedes Benz C220” markalı ** HV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi sığortalı Həsəni Mustafa İlham oğluna 2172 manat sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. MM-in 936-cı maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. MM-in 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, İmamquliyev Səbuhi Şəmil oğlu şikayətinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb, MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-9)-954/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-9)-954/2026
13.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver