Məhkəmə qərarları › İş №2(5-101)-112/2026

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(5-101)-112/2026

16.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-101)-112/2026 16.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Mehtiyev Əli Fikrət oğlunun katibliyi ilə, Ərizəçi ″mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi″ barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində tərəflər arasında təsdiq edilmiş xx.xx.2025-ci il tarixli MŞB/11/2025-01815 nömrəli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2025-ci il tarixli MŞB/11/2025-01815 nömrəli Barışıq Sazişi bağlanmışdır. Barışıq Sazişinə əsasən nikahın pozulmasına, uşağın ananın yanında qalmasına və ayda 500 manat aliment ödənilməsinə razılıq əldə edilmişdir. Lakin maraqlı şəxs həmin şərtləri (xüsusən də ayda 500 manat alimentin ödənilməsi ilə bağlı şərti) icra etmir. Qeyd edilənə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət olunmasına zərurət yaranmışdır. Ərizəçi və maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirdərək hesab edirki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri 11 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/11/2025-01815 nömrəli Barışıq sazişindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs 2 saylı Bakı Asan Xidmət X2 tərəfindən xx.xx.2014-cü il tarixli 1916 nömrəli qeyd ilə bağlanan nikahın pozulmasına dair razılığa gəlmiş, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 ananın yanında saxlanılır, Maraqlı şəxs birgə nikahdan olan övladları ilə uşağın istirahətindən və təhsilindən asudə vaxtlarda istənilən vaxt öz aralarında razılıq əsasında görüşə bilər, Maraqlı şəxs birgə nikahdan olan X1 və X3 yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, hər birinə 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat məbləğində aliment ödəməyi öhdəlik götürmüşdür. ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə görə, ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün ″Mediasiya haqqında″ Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26-cı maddəsində göstərilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qоhumları ilə ünsiyyətdə оlmaq hüququna malikdir. 50.2-ci maddəsinə görə, valideynlərinin nikahının pоzulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 50.3-cü maddəsinə əsasən, valideylər ayrı yaşadıqda uşaq оnların hər biri ilə ünsiyyət hüququna malikdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə, Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin şərtləri təsdiq edilsin:

1. Maraqlı şəxs ilə Ərizəçi birgə nikahdan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 ananın yanında qalmasına etiraz etmir.

2. Maraqlı şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq Ərizəçi ilə birgə nikahdan olan övladları X1 və X3 yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, hər birinə 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat məbləğində aliment ödəməsi barədə öhdəlik götürür.

3. Maraqlı şəxs ilə Ərizəçi birgə nikahdan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 ilə öncədən qarşı tərəfə məlumat verməklə uşağın istirahətindən və təhsilindən asudə vaxtlarda istənilən vaxt heç bir maneə yaratmadan ünsiyyət qurmağa (uşağı götürməyə, yanında saxlamağına) şərait yaradacaq. Tərəflər barışıq sazişin şərtlərindən irəli gələn öhdəlikləri icra etməkdən imtina edərsə, həmin şərtlər məcburi qaydada icra etdirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ruslan Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar