Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-102)-19/2026 16.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə Səbail rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Maraqlı şəxs ilə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Nikahları 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1710 sayla qeyd edilmişdir. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşağı doğulmuşdur. Onlar evlənən vaxtdan əvvəllər mehriban yaşasalar da, sonradan ailəsində narazılıqlar yarandığından ailə dağılmış və faktiki olaraq ayrılmışlar. Bundan sonra o, nikahın pozulması və aliment tələbi üzrə mediasiya təşkilatına müraciət etmişdir. Daha sonra nikahları məhkəmə qaydasında pozulmuşdur. Sonra isə o, uşağa ödənilən alimentin artırılması və qarşı tərəfin razılığı olmadan uşağın onunla birlikdə 18 yaşına çatanadək ölkədən getməsi və gəlməsi, ümumvətəndaş pasportunun alınması tələbi ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl Maraqlı şəxs mediasiya prosesinin tətbiqi barədə təklif göndərsə də, maraqlı şəxs həmin təklifə heç bir cavab vermədiyindən xx.xx.2021-ci il tarixdə ilkin mediasiya sessiyası üçün ərizə ilə Mediasiya təşkilatına müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə Maraqlı şəxs ilə aralarında barışıq sazişi imzalanmış və Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru X10 tərəfindən təsdiq edilmişdir. Həmin barışıq sazişinin şərtlərində aşağıdakılar göstərilmişdir: “1. Maraqlı şəxs öhdəlik götürür ki, birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər növbəti ayın 10-dək aylıq əmək haqqının (qazancın) dörddə bir hissəsi qədər, hər ay 200 manatdan aşağı olmayaraq alimenti X5 ödəyəcək; 1.1.Maraqlı şəxs öhdəlik götürür ki, birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2015-ci il təvəllüdlü X2 anası X8 ilə birlikdə 18 yaşına çatanadək ölkədən getməsini və gəlməsini, ümumvətəndaş pasportunun alınmasına etiraz etməyəcək”. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(009)-664/2017 saylı qətnaməsi ilə onunla Maraqlı şəxs arasında bağlanmış nikah pozulmuşdur. xx.xx.2021-ci il tarixdə Maraqlı şəxs ilə aralarında barışıq sazişi Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru X10 tərəfindən təsdiq edildikdən sonra həmin sazişdə onun öhdəsinə götürdüyü vəzifələr yerinə yetirilmişdir. Lakin bir müddət sonra Maraqlı şəxs həmin barışıq sazişinin 2.2.1.2-ci bəndinin tələblərini pozaraq onunla birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2015-ci il təvəllüdlü X1 üçün nəzərdə tutulan alimenti 2025-ci ilin mart ayından etibarən ödəməmişdir. Belə ki, o, bir neçə dəfə həmin barışıq sazişində göstərilən öhdəliyin maraqlı şəxs tərəfindən könüllü icra edilməsi üçün müraciət etsə, heç bir müsbət nəticə verməmişdir. Belə olan halda xx.xx.2021-ci il tarixdə Maraqlı şəxs ilə aralarında bağlanmış və Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru X10 tərəfindən təsdiq edilmiş barışıq sazişin 2.2.1.2-ci bəndində nəzərdə tutulmuş öhdəliyin Maraqlı şəxs tərəfindən məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunmalıdır. Eyni zamanda onu da qeyd etmək istəyir ki, o, yeni nikaha daxil olmuşdur və bu səbəbdən o, soyadı dəyişdirilmişdir. Göstərilənləri nəzərə alaraq ərizəçi xx.xx.2021-ci il tarixdə Maraqlı şəxs ilə aralarında bağlanmış və Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru X10 tərəfindən təsdiq edilmiş barışıq sazişinin həmin sazişin 2.2.1.2-ci bəndinə nəzərdə tutulmuş öhdəliyin Maraqlı şəxs tərəfindən məcburi icra edilməsi üçün təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, Maraqlı şəxs tərəfindən 2025-ci ilin mart ayınadək aliment öhdəliyi icra olunub. Lakin ondan sonra ödənişlər edilməyib, ərizəçi buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə 2 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnaməsinin surətinə əsasən X4 xx.xx.2015ci il tarixdə anadan olmuş, ata qrafasında Maraqlı şəxs, ana qrafasında X11 göstərilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-664/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X7 ilə X9 arasında xx.xx.2014-cü il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanaraq 1710 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikaha xitam verilmişdir. İş üzrə “Birinci tərəf” qismində X8 ilə “İkinci tərəf” qismində Maraqlı şəxs arasında, mediator X6 iştirakı ilə, bağlanılmış xx.xx.2021-ci il tarixli görünür ki, tərəflər arasında xx.xx.2015-ci il təvəllüdlü X3 ödənilən alimentin həcminin artırılması, İkinci tərəfin razılığı olmadan uşağın Birinci tərəflə birlikdə 18 yaşına çatanadək ölkədən getməsi və gəlməsi, ümumvətəndaş pasportunun alınması ilə bağlı barışıq sazişi bağlanılmışdır. Barışıq sazişinin 2.2.1.2-ci bəndindən görünür ki, “2.2.1.2. İkinci tərəf: -Uşağın saxlanması üçün ona 18 yaşına çatana qədər hər növbəti ayın 10-dək əmək haqqının (qazancın) dörddə bir hissəsi qədər, hər ay 200 (iki yüz) manatdan aşağı olmayaraq alimenti birinci tərəfin bu Sazişə əlavə edilmiş cari bank və ya kart hesabına köçürülməklə ödəyir. Bank hesabı dəyişdirildiyi halda, Birinci tərəf bu Sazişdə qeyd olunan İkinci tərəfə məxsus ünvana poçt göndərişi və ya elektron poçt vasitəsi ilə rəsmi məlumat göndərir. Bank hesabı barədə rəsmi məlumatın poçt vasitəsi ilə göndərilməsi və ya icra nümayəndəsi vasitəsilə təqdim edilməsi, İkinci tərəfə təqdim edilməsi ilə bərabər tutulur. Birinci tərəfin təqdim etdiyi bank rekvizitinin düzgün göndərilməməsinə görə İkinci tərəf məsuliyyət daşımır. -aylıq əmək haqqıdan alimentin ödənilməsini kart hesabından Birinci tərəfin cari bank və ya kart hesabına köçürmə yolu ilə təmin edir, -iş yerini dəyişdikdə, əmək haqqı (qazancı) artdıqda alimentin həmin məbləğin dörddə bir hissəsindən tutulması üçün Birinci tərəfə məlumat verir, -iş yeri olmadığı hallarda və ya aylıq əmək haqqı məbləğinin dörddə bir hissəsi Azərbaycan Respublikasında 2021-ci il üçün uşaqlar üçün müəyyən edilmiş 175 (bir yüz yetmiş beş) manat yaşayış minimumundan aşağı olduqda – bu Sazişin 2.2.1.2 bəndində göstərilən 200 (iki yüz) manat məbləğində (növbəti illərdə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu qalxdığı və 200 (iki yüz) manatdan artıq olduğu təqdirdə artım fərqli ilə birlikdə) aliment ödəyir; -işə düzəldiyi təqdirdə aylıq əmək haqqı (qazanc) məbləğinin dörddə bir hissəsi yaşayış minimumundan artıq olduğu təqdirdə, yaşayış minimum məbləğinin ödənilməsini dayandırır və növbəti ödənişləri aylıq əmək haqqı (qazancı) hesabına davam etdirir; -Maddi vəziyyəti imkan verdiyi təqdirdə yaşayış minimumundan əlavə ödəniş edə bilər”. Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü Adnan adlı uşağı var. Səbail rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər yetkinlik yaşına çatmamış uşağa ödənilən alimentin həcminin artırılması, atasının razılığı olmadan uşağın anası ilə birlikdə 18 yaşına çatanadək ölkədən getməsi və gəlməsi, ümumvətəndaş pasportunun alınması ilə bağlı mediasiya təşkilatına müraciət etmişlər. Mediasiya prosesində imzalanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinə əsasən tərəflər uşağın saxlanılması üçün alimentin ödənilməsi (bənd 2.2.1.2.) barədə razılığa gəlmişlər. Ərizəçi tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Maraqlı şəxs tərəfindən barışıq sazişinin 2.2.1.2-ci bəndində nəzərdə tutulmuş alimentin ödənilməsi ilə bağlı öhdəlikləri tam yerinə yetirməmişdir. Bu hal ailənin maddi vəziyyətini çətinləşdirmişdir. Bu səbəbdən ərizəçi barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə əsasən barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 24.6-cı maddəsinə əsasən mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. Eyni Qanunun 29.6-cı maddəsinə əsasən tərəflər mediasiya prosesinin yekununda barışıq sazişi bağlamadıqda, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir. Həmin Qanunun 32.1.1-ci maddəsinə əsasən tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Göstərilən Qanunun 33-cü maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur (maddə 33.2) Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır (maddə 33.3). Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir (maddə 33.4.) Eyni Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur (maddə 34.2). Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər (maddə 34.3). Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) (maddə 34.4). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur (maddə 34.5). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci bəndinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi məhkəmənin xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Eyni Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir (maddə 355-25.3) Göstərilən Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Eyni Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə qeyd edir ki, tərəflər arasında mediatorun iştirakı ilə xx.xx.2021-ci il tarixdə bağlanılmış barışıq sazişinin alimentin ödənilməsi ilə bağlı şərtləri Maraqlı şəxs tərəfindən bir müddət könüllü icra edildikdən sonra icra edilmədiyi üçün ərizəçi barışıq sazişinin həmin hissəsinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etməkdə haqlı hesab edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, barışıq sazişinin qeyd edilən hissəsi qanuna zidd olmadığından, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və hər hansı digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından, ərizə təmin edilməli, mediasiya prosesində bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin alimentin ödənilməsi ilə bağlı hissəsi məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 305-1.17-ci maddəsi və XL-Vİİ fəsli xx.xx.2021-ci il tarixli Qanunla Məcəlləyə əlavə edilmiş, həmin normalarda alimentlə əlaqədar mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiqi zamanı qətnamənin dərhal qüvvəyə minməsinə dair norma nəzərdə tutulmamışdır. Lakin məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırki tələb barışıq sazişinin təsdiq edilməsi ilə bağlı olsa da, məhkəmə AR MPM-nin 234.2.1-ci maddəsini analogiya üzrə hazırki münasibətə tətbiq edərək hesab edir ki, alimentlə bağlı tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq olunduğundan və bu sazişin təsdiq edilməsi uşağın maddi təminatının ödənilməsinə xidmət etdiyindən, qətnamə həmin hissədə dərhal icraya yönəldilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə… QƏT ETDİ: Ərizə təmin edilsin. Yusifli (Bədəlova) Gülarə Şükür qızı ilə Maraqlı şəxs arasında, Mediasiya Təşkilatının mediatoru X6 iştirakı ilə, mediasiya prosesində bağlanılmış xx.xx.2021-ci il tarixli barışıq sazişi aşağıdakı hissəsi təsdiq edilsin: “2.2.1.2. İkinci tərəf: -Uşağın saxlanması üçün ona 18 yaşına çatana qədər hər növbəti ayın 10-dək əmək haqqının (qazancın) dörddə bir hissəsi qədər, hər ay 200 (iki yüz) manatdan aşağı olmayaraq alimenti birinci tərəfin bu Sazişə əlavə edilmiş cari bank və ya kart hesabına köçürülməklə ödəyir. Bank hesabı dəyişdirildiyi halda, Birinci tərəf bu Sazişdə qeyd olunan İkinci tərəfə məxsus ünvana poçt göndərişi və ya elektron poçt vasitəsi ilə rəsmi məlumat göndərir. Bank hesabı barədə rəsmi məlumatın poçt vasitəsi ilə göndərilməsi və ya icra nümayəndəsi vasitəsilə təqdim edilməsi, İkinci tərəfə təqdim edilməsi ilə bərabər tutulur. Birinci tərəfin təqdim etdiyi bank rekvizitinin düzgün göndərilməməsinə görə İkinci tərəf məsuliyyət daşımır. -aylıq əmək haqqıdan alimentin ödənilməsini kart hesabından Birinci tərəfin cari bank və ya kart hesabına köçürmə yolu ilə təmin edir, -iş yerini dəyişdikdə, əmək haqqı (qazancı) artdıqda alimentin həmin məbləğin dörddə bir hissəsindən tutulması üçün Birinci tərəfə məlumat verir, -iş yeri olmadığı hallarda və ya aylıq əmək haqqı məbləğinin dörddə bir hissəsi Azərbaycan Respublikasında 2021-ci il üçün uşaqlar üçün müəyyən edilmiş 175 (bir yüz yetmiş beş) manat yaşayış minimumundan aşağı olduqda – bu Sazişin 2.2.1.2 bəndində göstərilən 200 (iki yüz) manat məbləğində (növbəti illərdə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumu qalxdığı və 200 (iki yüz) manatdan artıq olduğu təqdirdə artım fərqli ilə birlikdə) aliment ödəyir; -işə düzəldiyi təqdirdə aylıq əmək haqqı (qazanc) məbləğinin dörddə bir hissəsi yaşayış minimumundan artıq olduğu təqdirdə, yaşayış minimum məbləğinin ödənilməsini dayandırır və növbəti ödənişləri aylıq əmək haqqı (qazancı) hesabına davam etdirir; -Maddi vəziyyəti imkan verdiyi təqdirdə yaşayış minimumundan əlavə ödəniş edə bilər”. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(5-102)-19/2026
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(5-102)-19/2026
16.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver