Məhkəmə qərarları › İş №2(5-103)-123/2026

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-103)-123/2026

24.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-103)-123/2026 24.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X14 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası - xx.xx.1952-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X7 xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanda vəfat etmişdir. Qohumları ilə birlikdə anasının nəşini Yeni Suraxanı qəbristanlığında dəfn etmişlər. Valideynlərinin birgə nikahından bacıları X4, X5, qardaşları X9, X10 və o doğulmuşlar. Lakin anasının vəfat etməsi lazımi qaydada rəsmiləşdirilməmiş və dövlət qeydiyyatına alınmamışdır. O, qardaşları və bacıları həmin vaxt ərazi üzrə poliklinikaya, yəni Suraxanı Sağlamlıq Mərkəzinə müraciət etmədiklərindən anasının adına hazırda ölüm şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Qeyd edir ki, anası vəfat etdikdən sonra ona anasından miras əmlak qaldığından, müəyyən hüquqi sənədləşmə işləri aparılması üçün vərəsəlik işinin açılması və gələcəkdə lazım olacaq digər sənədləşmə işləri aparmaq məqsədi ilə ona anası X1 ölüm haqqında şəhadətnaməsi lazımdır. Bu məqsədlə o, Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə istinad edilməklə, bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları. Ərizəçi ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, məhkəməyə sübutları təqdim etməklə yanaşı, ifadələrinin dinlənilməsi üçün şahidləri dəvət etmişdir. Ona, ərizədə qeyd etdiyi kimi, anasının ölüm faktının müəyyən edilməsi müvafiq sənədləşmə işlərinin aparılması üçün lazımdır. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Surxanı rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Şahidlərin ifadələri. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, mərhumla bir məhlədə qonşu olmuş, 3 ay bundan qabaq, yeni il qabağı rəhmətə getmişdir. Mərhum onlara gəlib-gedirdi, anası ilə rəfiqə idi, dəfndə iştirak etmiş, Yeni Suraxanıda dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, mərhumla qonşu olmuş, noyabrda rəhmətə getmişdir. Yığışıb yas verdilər, dəfndə iştirak etmişdir. İş materialları. Suraxanı RPİ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZE seriyalı 13029055 saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X7 xx.xx.1952-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, Bakı şəhəri Suraxanı rayonu Balandin-42 ünvanda qeydiyyatda olmuşdur. Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1974-cü il tarixli T-Y seriyalı 294480 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Rzayev X11 ilə X2 arasıda nikah xx.xx.1974-cü il tarixdə həni şöbədə 709 saylı akt qeydi ilə bağlanmış, nikah bağlanandan sonra arvada Rzayeva soyadı verilmişdir. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İİ seriyalı 269329 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1984cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Rzayev X11, anası X3r. Bakı şəhəri Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli A-3 saylı arayışdan görünür ki, mərhum X7 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Yeni Suraxanı qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” X28 Suraxanı Sağlamlıq Mərkəzinin xx.xx.2026-cı il tarixli 18-1-1-71/3- 5/2026 nömrəli cavab məktubundan görünür ki, mərkəzə ərizə ilə müraciət edən Ərizəçi anası, mərhum X1 xəstəliyi ilə əlaqədar müəssisədə həkim müayinələrindən keçmədiyi, hətta həkim müayinələrindən imtina etdiyi üçün ambulator tibbi kitabçada onun ölümünə səbəb olacaq hər hansı bir xəstəlik və müayinə qeydə alınmamışdır. Bu səbəbdən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli qərarına müvafiq olaraq Mərkəz tərəfindən 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2026-cı il tarixli cavab məktubdan görünür ki, şəxsin ərizəsinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından şəxsin anası X1 ölümünün qeydə alınması mümkün olmamışdır. Respublika Təcili və X8 Mərkəzi “PHŞ”-nin Ölüm haqqında Xəbərdarlıq Vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadası xx.xx.2025-ci il tarixdə çağırış üzrə saat 20:16-da Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Əzizbəyov 21 ünvanına gəlmiş, X1 terminal status, preaqonal dövrdə (ölümöncəsi dövrdə) olduğunu aşkar etmişlər. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194. Ölüm haqqında məlumat vermə 194.1. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 194.3. Ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Maddə 195. Ölümün dövlət qeydiyyatına alınması qaydası 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310. Ərizənin məzmunu və ərizəyə baxılması 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli 31 oktyabr 2003-cü il tarixli Qərarı.

8. Ölümün qeydə alınması 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.2. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. 8.7. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir.... 8.14. Ölüm qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”.

4. “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası: 4.1. “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X8 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. 4.8. Şəhadətnamə həkim və ya feldşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. 4.9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.1-ci maddəsinə uyğun olaraq, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün X6 Sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ərizəçi anası – xx.xx.1952-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunması ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmişdir. O, anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün əvvəlcə Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ona şəxsin ölümünü təsdiq edən sənəd olmadığından, ölümünün qeydə alınmasının mümkün olmadığı bildirilmişdir. İş materialları ilə təsdiq olunur ki, ərizəçi mərhum X1 oğludur. Yaxın qohumu olaraq, mərhumun ölüm haqqında şəhadətnaməsi olmadan qanunvericiliklə müəyyənləşdirilmiş bir sıra prosessual hərəkətləri həyata keçirə bilmir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X1 ölümü ilə bağlı tibb müəssisəsinin ölüm haqqında tibbi şəhadətnaməsi yoxdur. Məhz bu sənəd olmadığından, sonradan ərizəçi anasının ölüm faktını təsdiq edən şəhadətnaməni almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Həmçinin, iş üzrə çağırılmış şahidlər X1 vəfat etməsini təsdiqləmişdirlər. X1 xx.xx.2025-ci il tarixdə vəfat etdiyi və Yeni Suraxanı qəsəbə qəbristanlığında dəfn olunduğu görünür. Ərizəçinin anası X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1952-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 311, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1952-ci il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar