Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-103)-132/2026 11.03.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Məmməd Əhməd olunun sədrliyi, X6 iclas katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi (Bakı şəhəri 6 saylı Asan xidmət mərkəzində qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi (Bakı şəhəri 6 saylı Asan xidmət mərkəzində qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1951-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, bacısı X4 xx.xx.1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bacısı uzun müddət xəstəlikdən müalicə olunmuş, lakin müalicələr fayda verməmiş və o, xx.xx.2025-ci ildə Bakı şəhərində vəfat etmişdir. Bacısını dəfn etdikdən sonra ölüm haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 6 saylı Asan xidmət mərkəzində qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin qeydiyyat şöbəsindən bildirilmişdir ki, bacısının ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınması mümkün deyil. Məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Eyni zamanda o, 30 nömrəli şəhər ambulatoriyasına müraciət edərək ölüm haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmiş, lakin onun müraciəti müsbət cavablandırılmamışdır. Bacısının vəfat etməsi faktının müəyyən edilməsi zəruridir. Tərəflərin izahatları. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, ərizəçi onun atasıdır, vəfat edən şəxs isə bibisidir. X2 xx.xx.2025-ci ildə vəfat etmiş və onu Zığ kəndi qəbiristanlığında dəfn etmişlər. Maddi imkanları olmadığı üçün bibisinin məzarı üzərinə məzar daşı qoya bilməmişlər, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri 6 saylı Asan xidmət mərkəzində qeydiyyat şöbəsi məhkəməyə müraciət edərək işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X8 bildirmişdir ki, Ərizəçi onun atasıdır, rəhmətə gedən qadın isə bibisidir. Bibisi ilə eyni həyətdə yaşayırlar, bir gün əvvəl bibisinin halı pis olduğu üçün təcili tibbi yardım çağırmışlar, həkimlər gəlib xəstənin vəziyyətinin yaxşı olmadığını bildirmişlər. Səhər tezdən işə getməzdən əvvəl bibisinə baş çəkmiş, lakin onun vəfat etdiyini görmüşdür. Dərhal təcili tibbi yardıma məlumat vermiş həkimlər gəlib bibisinin vəfat etdiyini bildirmişlər. Daha sonra bibisini Zığ kəndi qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X7 bildirmişdir ki, Ərizəçi onun əmisidir, rəhmətə gedən qadın isə bibisidir. Bibisi qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkirdi, bir neçə ay idi ki xəstə yatırdı, səhər tezdən əmisi oğlu ona zəng edib bibisinin öldüyünü demişdir. Dərhal əmisigilə getmiş və bibisinin öldüyünü görmüşdür. Daha sonra bibisini el adətinə uyğun şəkildə Zığ kəndi qəbiristanlığında babasının qəbrinin yanında dəfn etmişlər. İş materialları. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Suraxanı Təcili və X5 Stansiyasının 2 saylı bölməsinin xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 06:50 radələrində Zığ qəsəbəsi Sabir küçəsi ev 28 ünvanına X3 adına çağırış daxil olmuş, çağırışı 2 saylı bölmənin həkimi E.Vəlibəyov yerinə yetirmişdir. Qadın cinsli şəxsin həkiməqədər ölümü qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Zığ Bələdiyyəsi tərəfindən xx.xx.2026-cı il tarixdə verilmiş 14 nömrəli arayışdan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə vəfat etmiş və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin kənd qəbiristanlığında dəfn olunmuşdur. 6 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi nümayəndəsi Nümayəndə ünvanlanmış xx.xx.2026-cı il tarixli cavab məktubundan görünür ki, Ərizəçi qüvvədə olan qanunvericiliyin tələbləri izah edilmiş və ölüm haqqında tibbi şəhadətnamə olmadığından bacısı X3 ölümünün qeydə alınmasının mümkün olmaması bildirilmişdir. İş materiallarında olan TƏBİB-in Bakı şəhər Baş Səhiyyə İdarəsinin 30 nömrəli ambulatoriyasının xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, X1 bir il müddətində Ambulatoriyada dispanser qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnaməni vermək mümkün deyil. İşin faktiki halları. Ərizəçi xx.xx.1951-ci il təvəllüdlü bacısı X3 xx.xx.2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin bacısının ölümünü təsdiq edən müvafiq tibbi şəhadətnamə olmadığından qeydiyyat orqanı tərəfindən ərizəçiyə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Tətbiq edilən hüquq. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194. Ölüm haqqında məlumat vermə. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, xx.xx.1951-ci il təvəllüdlü X4 ərizəçinin bacısıdır. X4 24 dekabr 2025-ci il tarixdə vəfat etmişdir. Bu fakt şahidlərin bir-biri ilə və ərizəçinin izahatı ilə üst-üstə düşən ifadələri, iş materiallarında olan sənədlərlə təsdiq olunur. Ölüm ev şəraitində baş verdiyindən ərizəçi ölüm haqqında tibbi şəhadətnamə əldə edə bilməmiş, ölüm haqqında tibbi şəhadətnamə olmadığından isə ölüm haqqında akt qeydinin müvafiq icra hakimiyyətində aparılması mümkün olmamışdır. X3 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyildir, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmənin gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli və xx.xx.1951-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1951-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Məmməd Məmmədov