Məhkəmə qərarları › İş №2(5-104)-1139/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(5-104)-1139/2026

11.03.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-104)-1139/2026 11.03.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi tərəfindən verilmiş (Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: barışıq sazişi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kərimli Dinar Abbas oğlunun katibliyi iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş (Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında azyaşlı övladın ananın himayəsində saxlanılması və aliment tələbi ilə bağlı “Bakı 3 saylı Mediasiya Təşkilatı”nda mediator Azad Hacıyevin iştirakı ilə bağlanılmış 25 noyabr 2025-ci il tarixli, MŞB/3/2025-00656 nömrəli Barışıq Sazişinin bütövlükdə məhkəmə qaydasında təsdiq edilməsi, həmin Barışıq Sazişinin xx.xx.2018-ci il təvəllüdlü azyaşlı X2 yaşayış yerinin yetkinlik yaşına çatana qədər anası Ərizəçi yanında (himayəsində) müəyyən edilməsi, Maraqlı şəxs azyaşlı övlaqdı X1 üçün hər ay, sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli miqdarında sabit pul məbləğində alimentin tutularaq Ərizəçi ödənilməsi, sazişin 1-ci bəndinə uyğun olaraq, aliment ödənişlərinin hesablanmasına sazişin imzalandığı tarixdən, yəni 25 noyabr 2025-ci il tarixdən başlanılması şərtlərinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2016-cı il tarixdə ailə qurmuşdur. Nikahları Bakı şəhəri “Səadət Sarayı”nda (Bakı Nikah Evi) 460 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Müştərək ailə həyatı zamanı aralarında yaranmış ciddi narazılıqlar və xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən münasibətləri korlanmış, ailə bağları qopmuşdur. Birgə yaşayışlarının davam etdirilməsi qeyri-mümkün olduğundan, tərəflərindən nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2025-ci il tarixli, 2(004)- 838/2025 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə həmin qətnamə ilə tərəflər arasındakı nikahın pozulmasına dair qərar qəbul etmişdir. Onunla maraqlı şəxs arasında uşağın saxlanılması üçün aliment tələbinə dair yaranmış mübahisə ilə bağlı “Bakı 3 saylı Mediasiya Təşkilatı” vasitəsilə, mediator X4 iştirakı ilə mediasiya prosesi keçirilmişdir. Sözügedən mediasiya prosesinin nəticəsi olaraq, tərəflərin qarşılıqlı razılığı əsasında 25 noyabr 2025-ci il tarixdə MŞB/3/2025-00656 nömrəli Barışıq Sazişi imzalanmışdır. Həmin barışıq sazişinin şərtlərinə əsasən, tərəflər aşağıdakı öhdəlikləri qəbul etmişlər: övladın yaşayış yerinin təsdiqi: Sazişin 2-ci bəndinə əsasən, birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü övladları Kamilla Kamal qızının yaşayış yeri yetkinlik yaşına çatana qədər ananın yanında müəyyən edilmişdir. Sabit məbləğdə aliment öhdəliyi: Maraqlı şəxs övladının saxlanılması və maddi ehtiyaclarının qarşılanması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli miqdarında sabit pul məbləğində aliment ödəyəcəyini üzərinə götürmüşdür. Ödənişlərin başlanma tarixi: Barışıq sazişinin şərtlərinə görə aliment ödənişləri sazişin imzalandığı tarixdən, yəni 25 noyabr 2025-ci il tarixdən etibarən hesablanmalı və hər ayın sonunadək ödənilməlidir. İcranın könüllülüyü və məcburiliyi: Sazişin 5-ci və 6-cı bəndlərində xüsusi olaraq vurğulanmışdır ki, tərəflər sazişdən irəli gələn öhdəlikləri pozmamalı və könüllü icra etməlidirlər. Sazişin könüllü icrasından imtina olunduqda, ərizəçinin onun məcburi icrası üçün məhkəməyə müraciət etmək hüququ təsbit edilmişdir. Lakin Barışıq sazişi imzalandığı gündən bu vaxta qədər Maraqlı şəxs üzərinə götürdüyü bu hüquqi öhdəlikləri yerinə yetirməkdən qəsdən boyun qaçırmış, azyaşlı övladının saxlanılması üçün müəyyən edilmiş vəsaiti bir dəfə də olsun ödəməmişdir. Hazırki mübahisədə tərəflərindən imzalanmış 25 noyabr 2025-ci il tarixli barışıq sazişində də birbaa göstərilmişdir ki, tərəflər öhdəliklərin pozulmasına görə məsuliyyət daşıyır və könüllü icradan yayınma məcburi icra tədbirlərinin görülməsi üçün əsasdır. Maraqlı şəxs sazişin imzalandığı tarixdən etibarən azyaşlı övladının saxlanılması üçün müəyyən edilmiş ölkə üzrə minimum əmək haqqının 0,62 misli miqdarında olan aliment məbləğini ödəməkdən boyun qaçırır.

İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi

3. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişlər.

4. Məhkəmə tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.

İİİ Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. – 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. – 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır – 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/3/2025-00656 nömrəli barışıq sazişinə əsasən:

1. Uşaqların ananın himayəsində saxlanılması tələbi üzrə 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs aşağıdakı məzmununda razılığa gəldilər: Razılaşmaya əsasən uşağın ananın himayəsində saxlanılması tələbi üzrə, tərəflərin birgə nikahından dünyaya gəlmiş 25 may 2018-ci il təvəllüdlü X3 25 noyabr 2025-ci il tarixindən etibarən, yetkinlik yaşına çatana qədər 1-ci tərəf Ərizəçi yanında saxlanılmaqla onun himayəsinə verilir.

2. Razılığa əsasən, 2-ci tərəf Maraqlı şəxs birgə nikahdan anadan olmuş 25 may 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 25 noyabr 2025-ci il tarixindən başlayaraq 1-ci tərəf Ərizəçi xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli miqdarında sabit pul məbləğində aliment ödəyir. Həmin barışıq sazişinin sazişin icra olunma müddəti adlı bəndinə əsasən uşağın ananın himayəsində saxlanılması və aliment tələbi xx.xx.2025-ci il tarixdən etibarən icra edilməlidir.

7. Məhkəmə tərəfin izahatını dinləyib ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

8. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin barışıq sazişi qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Odur ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

10. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

V Nəticə:

11. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin:

1. Uşaqların ananın himayəsində saxlanılması tələbi üzrə 1-ci tərəf Ərizəçi və 2ci tərəf Maraqlı şəxs aşağıdakı məzmununda razılığa gəldilər: Razılaşmaya əsasən uşağın ananın himayəsində saxlanılması tələbi üzrə, tərəflərin birgə nikahından dünyaya gəlmiş 25 may 2018-ci il təvəllüdlü X3 25 noyabr 2025-ci il tarixindən etibarən, yetkinlik yaşına çatana qədər 1-ci tərəf Ərizəçi yanında saxlanılmaqla onun himayəsinə verilir.

2. Razılığa əsasən, 2-ci tərəf Maraqlı şəxs birgə nikahdan anadan olmuş 25 may 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 25 noyabr 2025-ci il tarixindən başlayaraq 1-ci tərəf Ərizəçi xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli miqdarında sabit pul məbləğində aliment ödəyir. Uşağın ananın himayəsində saxlanılması və aliment tələbi xx.xx.2025-ci il tarixdən etibarən icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar