Məhkəmə qərarları › İş №2(5-104)-338/2026

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(5-104)-338/2026

29.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-104)-338/2026 29.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediator Ulduz Əliyeva iştirakı ilə bağlanmış 06 oktyabr 2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, nikahın pozulması və aliment tələbinə dair Maraqlı şəxs mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlamış, mediator Ulduz Əliyevanı özünə mediator seçərək xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən hər ikisi aliment tələbinə dair 2 saylı Mediasiya təşkilatında hər bir uşağ minimum əmək haqqının ½ nisbətində olmaqla 3 uşaq üçün cəmi minimum əmək haqqının 3/2 nisbətində aliment haqqının hər ay 1 tərəfin adına olan Bank kartı hesabına ödəməyi öz öhdəsinə alır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, keçmiş həyat yoldaşı ilə nikahları pozulmuşdur və həmin vaxt aralarında barışıq sazişi bağlanılmışdır. Həmin vaxt sazişə əsasən minimum məbləğdə aliment tutulmuşdur. Lakin maraqlı şəxs hazırda öhdəliyini icra etmir. Buna görə də uşaqları saxlamağda çətinlik çəkir. Ona verilən suallara cavab olaraq bildirdi ki, birgə nikahdan 3 uşaq dünyaya gəlmişdir, yetkinlik yaşına çatmayıblar. Barışıq sazişi 2025-ci ilin oktyabr ayında bağlanılmışdır. Ödənişlər olunmur. Göstərilənlərə əsasən məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 925247 saylı, 10 yanvar 2014-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 05 dekabr 2013-cü il tarixdə nikah bağlanmış və həmin nikah 959 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə “Əliyev”, arvada “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan Bakı 2 saylı X1 Kəmalə Fuad qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 06 oktyabr 2025-ci il tarixli MŞB/02-00973 saylı barışıq sazişindən görünür ki, “İkinci tərəf (Maraqlı şəxs) hər bir uşaq üçün minimum əmək haqqının ½ nisbətində olmaqla, 3 uşaq üçün cəmi minimum əmək haqqının 3/2 nisbətində aliment haqqını hər ay Birinci tərəfin (Ərizəçi) adına olan bank kart hesabına ödəməyi öz öhdəsinə götürür”. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 525694 saylı, 10 aprel 2025-ci il nikahın pozulması haqqında haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X2 arasında olan nikaha xx.xx.2025-ci il tarxdə xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 196 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin sazişin sözügedən bəndləri hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatında bağlanmış 06 oktyabr 2025-ci il tarixli, MŞB/02-00973 saylı barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatında bağlanmış 06 oktyabr 2025-ci il tarixli MŞB/02-00973 saylı aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: “İkinci tərəf (Maraqlı şəxs) hər bir uşaq üçün minimum əmək haqqının ½ nisbətində olmaqla, 3 uşaq üçün cəmi minimum əmək haqqının 3/2 nisbətində aliment haqqını hər ay Birinci tərəfin (Ərizəçi) adına olan bank kart hesabına ödəməyi öz öhdəsinə götürür.” Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar