Məhkəmə qərarları › İş №2(5-105)-249/2026

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(5-105)-249/2026

23.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(5-105)-249/2026 23.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ X5 Muxtar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rəcəbova Samirə Məmməd qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) barışıq sazişinin 2-ci bəndinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi barışıq sazişinin 2-ci bəndinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə onun arasında Abşeron 2 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, barışıq sazişinin alimentə aid 2-ci bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Maraqlı şəxs qarşı uşaqla ünsiyyət və aliment tələbi ilə bağlı mediasiyaya müraciət etmişdir. Belə ki, onunla Maraqlı şəxs arasında Abşeron 2 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Barşıq sazişinin şərtlərinə əsasən, birgə nikahlarından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X3 onun himayəsində qalması, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2026-cı il tarixdən etibarən xx.xx.2026-cı il tarixədək hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,63 misli miqdarında 246 manat alimentin sabit pul məbləğində alimentin Maraqlı şəxs onun xeyrinə tutulması, Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X4 ilə həftənin şənbə və bazar günü saat 12:00dan saat 20:00-dək uşaqla ünsiyyət hüququnun müəyyən edilməsi barədə öhdəlik götürüblər. Bu barədə hazırkı barışıq sazişini imzalayıblar. Lakin qarşı tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, alimenti vaxtında ödəməmişdir. Nikahın pozulması ilə bağlı iddia ərizəsi məhkəmənin icraatındadır. Bildirir ki, Maraqlı şəxs barışıq sazişinin şərtlərini kobud şəkildə pozaraq, birgə nikahlarından dünyaya gələn xx.xx.2022-ci il təvəllüdlü X2 üçün alimenti ödəməkdən boyun qaçırır. Dəfələrlə ona barışıq sazişinin şərtlərinə əməl etməyi bildirsə də, o buna məhəl qoymayıb və barşıq sazişinin şərtlərini pozmuşdur. Odur ki, göstərilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, Maraqlı şəxs barışıq sazişini icra etmir, ödəniş üçün vaxt istəsə də ödənişi gecikdirir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etmir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -AZ-İV 741571 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2286 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. -xx.xx.2025-ci il tarixli, MŞA/MT062-2025-00346 saylı barışıq sazişindən görünür ki, tərəflər sazişin 2-ci bəndinə (şərtinə) əsasən, birgə nikahdan dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2026-cı il tarixdən etibarən Ərizəçi bir uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,63 misli miqdarında 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimenti ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür. -Həmin sazişin 6-cı maddəsinə əsasən, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. -Həmin sazişin 8-ci maddəsinə əsasən, sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. İşdən görünür ki, tərəflər birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 üçün alimentin ödənilməsi barədə mediasiya prosesində razılaşmış və müqavilə bağlamışlar. Lakin Maraqlı şəxs bu sazişlə üzərinə götürdüyü öhdəlikləri sazişdə göstərilən qaydada yerinə yetirmədiyindən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli, MŞA/MT062-2025-00346 saylı barışıq sazişinin 2-ci bəndi qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişinin qeyd edilən bəndi məhkəmə qaydasında təsdiq edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Həmçinin Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” 22 noyabr 1989cu il tarixli Konvensiyasının 2-ci maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşaqların valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli, MŞA/MT062-2025-00346 saylı barışıq sazişinin 2-ci bəndinə (şərtinə) əsasən Maraqlı şəxs Ərizəçi ilə birgə nikahlarından dünyaya gələn övladı xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2026-cı il tarixdən etibarən Ərizəçi bir uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,63 misli miqdarında 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. Həmçinin Mülki Prosessual Məcəllənin: 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bundan başqa tərəflərə izah edilməlidir ki, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsasların olduğu halda alimentin miqdarının dəyişdirilməsinə dair yeni iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqları var. Qeyd olunmalıdır ki, “Dövlər rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-1-ci maddəsinə uyğun olaraq: “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞA/MT062-2025-00346 saylı barışıq sazişindən göründüyü kimi, birinci tərəf Ərizəçi vasitəsilə 150 manat mediasiya xərci ödənilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞA/MT062-2025-00346 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Maraqlı şəxs Ərizəçi ilə birgə nikahlarından dünyaya gələn övladları xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2026-cı il tarixdən etibarən hər ayın 10-dək Ərizəçi bir uşaq üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,63 misli miqdarında 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür”. Alimentin tutulması xx.xx.2026-cı il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar