Məhkəmə qərarları › İş №2(5-109)-34/2026

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №2(5-109)-34/2026

03.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № 2(5-109)-34/2026 03.03.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Ağstafa Rayon Məhkəməsinin hakimi Həsənov Cavad İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayeva Zərifə Mərdan qızının katibliyi, Ərizəçi Kamil qızının, Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs numayəndəsi X2 iştirakı ilə, Ərizəçi Kamil qızının Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında baxaraq, Müəyyən etdi : Təsviri hissə:

1. Ərizəçi Kamil qızı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci il tarixində anadan olmuş, mərhum övladı X4 xx.xx.2000-ci il tarixdə ölüm faktının müəyyən olunması və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Ərizəçi Kamil qızı xx.xx.2026-cı il tarixli ərizəsi ilə iddia tələbini dəqiqləşdirərək yalnız mərhum övladı X4 xx.xx.2000-ci il tarixdə ölüm faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizəni onunla əsaslandırmışdır ki, Qazax rayon sakini X9 ilə 1987-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.1988-ci il tarixdə X10 adlı övladları dünyaya gəlmişdir. Lakin bir müddət sonra onlar nikahlarını rəsmi qaydada bitirmişlər. Onun övladı mərhum X10 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. O, Ağstafa rayon Köçəsgər kəndində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Ərizəçi qeyd edir ki, həmin dövrdə başı qarışıq olduğu üçün səhlənkarlıq edib, ölüm haqqında şəhadətnaməni almamışdır.Hazırda müəyyən sənədləşmə işi ilə bağlı müraciəti olmuş, lakin öladının ölüm haqqında şəhadətnaməsinin olmaması səbəbindən bunu etmək mümkün olmamışdır.

3. Belə ki, mərhum X10 xx.xx.2000-ci il tarixində Ağstafa rayonu Köçəsgər kəndində vəfat etmiş və həmin kənd qəbirstanlığında dəfn edilmişdir. Onun həqiqətən Köçəsgər kənd qəbirstanlığında dəfn olunmasını sübut edən kənd icra numayəndəliyinin arayışı, onun qəbir daşı, dəfnində iştirak edən şəxslərin izahatları və Ağstafa Rayon İcra Hakimiyyəti Başçısının Köçəsgər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X5, Ağstafa rayon Köçəsgər bələdiyyəsinin sədri X11 və kənd sakini X12 iştirakları ilə tərtib edilmiş aktla təsdiq olunur. Ərizəçi bu barədə Maraqlı şəxsnə müraciət etsədə xx.xx.2026cı il tarixli cavab məktubu ilə ölüm faktının qeydiyyatdan keçmədiyi üçün məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Hazırda vərəsəliklə bağlı notariat ofisinə müraciət etmək istəmiş, lakin mərhum oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığı üçün prosesi həyata keçirə bilməmişdir. Bu halın məhkəmədənkənar qaydada müəyyən edilməsi mümkün deyildir. Məhkəmə icraatı iştirakçının izahatı: 1.Məhkəmə iclasında Ərizəçi Kamil qızı bildirdi ki, istifadəyə yararsız qubaraların içərisindən çıxarılan aliminumu toplayıb satmaq məqsədi ilə mərhum X10 partlayıcı vasitələri evə gətirmiş, onları parçalayan zaman həmin qumbaranın birinin partlaması nəticəsində xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Ərizəçi mərhum oğlu X4 ölüm haqqında şəhadətnaməsini ondan ötrü istəyir ki, vərəsəlik işinin açılması prosesi həyata keçirilisin. Belə ki, mərhum oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığı üçün prosesi məhkəmədənkənar qaydada həyata keçirə bilmir. Ona görə də, ərizəsinin təmin olunmasını xahiş etdi.

2. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X3 ərizənin təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, ünvan 1 ünvanında yaşayır. Ərizəçi onun bacısıdır. O, ifadəsində bildirmişdir ki, mərhum X10 qumbara partlaması nəticəsində vəfat etmişdir. Hadisə xx.xx.2000-ci ildə baş vermişdir. Mərhum X10, quyuya atılmış istifadəyə yararsız qubaraların içərisindən çıxarılan aliminumu toplayıb satmaq məqsədi ilə onlardan istifadə etmişdir. O həmin vaistələri xalası oğlu ilə birgə toplamış və anası ilə birgə yaşadığı babası evinə aparmışdır. Lakin həmin qumbaraların birinin içərisində partlamamış qumbara qalıb. X10 istifadəyə yararsız qumbaraların aliminumunu çıxaran zaman hadisə baş vermişdir. Hadisə zamanı evdə Ərizəçi Kamil qızı və onun anası var imiş. xx.xx.2000-ci il tarixində Ağstafa rayon Köçəsgər kənd qəbirstanlığında dəfn edilmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 və X1 Kifayət Kamil qızı ilə eyni məzmunlu ifadələr verdilər.

6. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin olunmalıdır.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

1. İşdə olan 12 yanvar № 07 yaşayış yeri arayışından müəyyən olunur ki, ərizəçinin oğlu mərhum X10 xx.xx.2000-ci il tarixdə Ağstafa rayonu, Köçəsgər kəndində vəfat etmiş və xx.xx.2000-ci il tarixdə Ağstafa rayonu, Köçəsgər kənd qəbirstanlığında dəfn edilmişdir. Ərizəçi oğlunun ölüm haqqında şəhadətnamə verilməsi barədə Maraqlı şəxsnə müraciət etsə də ona ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur.

2. Eyni zamanda işdə olan akt məzmunundan görünür ki, Köçəsgər kənd İƏD-nin nümayəndəsi X13 , Köçəsgər bələdiyyəsinin sədri X20, kənd sakini X19 mərhum X7 həqiqətəndə xx.xx.2000-ci il tarixində Ağstafa rayon Köçəsgər kənd qəbirstanlığında dəfn edilməsini təsdiq etmişdirlər.

3. İşə əlavə olunmuş xx.xx.2026-cı il tarixli ərizədən müəyyən olunur ki, iddiaçı Ərizəçi Kamil qızı ərizə verərərk iddia ərizəsində “ölüm haqqında şəhadətnamənin verilməsi”ni ləğv edib, sadəcə “ölüm faktının qəbul olunması” ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ağstafa rayon Köçəsgər Bələdiyyəsi tərəfindən verilən arayışdan görünür ki, X10 həqiqətəndə xx.xx.2000-ci il tarixində Ağstafa rayonu, Köçəsgər kənd qəbirstanlığında dəfn olunmuşdur.

5. İşdə olan Maraqlı şəxs ərizəçinin xx.xx.2025-ci il tarixli məktubuna cavab olaraq bildirilir ki, mərhum oğlu X10 barəsində ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.

6. Məhkəmə tərəfindən mərhum X4 qumbara partlaması nəticəsində ölməsi ilə bağlı hər hansı bir araşdırma aparılıb-aparılmamasına dair məlumatın verilməsi üçün Ağstafa rayon prokurorluğuna sorğu verilmiş və alınmış cavabda prokrurorluqda cinayət xarakterli məlumatların qeydiyyatı kitabının 2002-ci ilin yanvar ayına qədər olan hissəsi məhv edildiyindən qeyd edilən məsələ ilə bağlı məlumatın həmin dövrə aid hissədə müəyyən edilməsinin mümkün olmadığı, 2002-ci ildən indiyədək isə həmin kitabda qeyd edilən xüsusatlarla əlaqədar hər hansı məlumatın aşkar edilmədiyi bildirilmişdir.

7. Məhkəmə tərəfindən mərhum X4 qumbara partlaması nəticəsində ölməsi ilə bağlı hər hansı bir araşdırma aparılıb-aparılmamasına dair məlumatın verilməsi üçün Ağstafa rayon polis şöbəsinə sorğu verilmiş, alınmış cavabda qeyd edilən məsələ ilə bağlı polis şöbəsində hər hansı bir araşdırmanın aparılmadığı qeyd edilmişdir.

8. Məhkəmə tərəfindən mərhum X4 qumbara partlaması nəticəsində ölməsi ilə bağlı qeydiyyat işinin aparılıb-aparılmaması, aparıldığı halda müvafiq ekspert və ya həkim rəyinin və digər sənədlərin təsdiq olunmuş surətinin təqdim edilməsi üçün Tibbi Ərazi Bölmələrinin X16 hüquqi şəxsin Ağstafa rayon Mərkəzi Xəstəxanasına sorğu verilmiş və alınmış cavabda qeyd edilən məsələ ilə bağlı heç bir sənədin aşkarlanmadığı bildirilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

Ərizəçi Kamil qızı, Qazax rayon sakini X9 ilə 1987-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.1988-ci il tarixdə X10 adlı övladları dünyaya gəlmişdir. Lakin müəyyən səbəblərdən onlar nikahlarını rəsmi qaydada bitirmişdilər. Onun övladı mərhum X10 xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. O Ağstafa rayon Köçəsgər kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Ərizəçi Kamil qızının mərhum oğlu X8 ölüm haqqında şəhadətnamə verilməsi barədə Maraqlı şəxsnə müraciət etsə də, ona ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Ona görə də, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

3. Həmin Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır.

4. Qeyd olunan Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

5. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd olunub ki, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

6. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPMnin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir.

7. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizəçinin mərhum oğlu X4 ölməsi faktı məhkəmə iclasında öz təsdiqini tapdığından, xx.xx.1988-ci il tarixdə Qazax rayonu, Köçəsgər (İndiki Ağstafa rayon, Köçəsgər kəndi) kəndində anadan olmuş X4 xx.xx.2000-ci il tarixdə ölməsi və Ağstafa rayonu, Köçəsgər kənd qəbrisitanlığında dəfn olunması barədə hüquqi əhəmiyyətli olan fakt təsdiq edilməlidir.

Nəticə hissəsi:

8. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi :

Ərizə təmin edilsin. xx.xx.1988-ci il tarixdə Qazax rayonu Köçəsgər (İndiki Ağstafa rayon, Köçəsgər kəndi) kəndində anadan olmuş X4 xx.xx.2000-ci il tarixdə Ağstafa rayonu Köçəsgər kəndində ölməsi barədə hüquqi əhəmiyyətli olan fakt müəyyən edilsin. Qətnamə ölümün qeydiyyatının aparılması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X26

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar