Məhkəmə qərarları › İş №2(5-117)-266/2026

Cəlilabad Rayon Məhkəməsi Qətnamə — İş №2(5-117)-266/2026

09.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Cəlilabad rayonu İş № 2(5-117)-266/2026 09.02.2026 CƏLİLABAD RAYON MƏHKƏMƏSİ Hakim Əmirəliyev Elxan Əli oğlunun sədrliyi, Hüseynli Nail Ağasəlim oğlunun katibliyi ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Cəlilabad Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında 26 yanvar 2026-cı il tarixdə Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış MŞM/MT036/2026- 00064 saylı barışıq sazişinin təsdiq edilərək 16 mart 2018-ci il tarixdə anadan olan X2 və 24 sentyabr 2021-ci il tarixdə anadan olan X1 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay hər uşaq üçün minimum əmək haqqının 0,3 misli həddi məbləğində, yəni hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment Maraqlı şəxs 2026-cı ilin yanvar ayının 23-dən 28-dək və gələn hər növbəti ayında 23-dən 28-dək alınaraq ona nağd, poçt və ya bank kartı vasitəsilə ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini əsaslandıraraq göstərmişdir ki, o, Maraqlı şəxs ilə el adətilə toy edərək ailə həyatı qurmuşdur. Nikahlarını 14 fevral 2018-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddət ərzində 16 mart 2018-ci il təvəllüdlü X4 və 24 sentyabr 2021-ci il təvəllüdlü X3 doğulmuşdur. Maraqlı şəxs ilə əvvəllər normal yaşasa da, sonradan Maraqlı şəxs xasiyyəti dəyişmiş, ailəsinə laqeydlik göstərmiş və aralarında münasibətlə pisləşdiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Maraqlı şəxs uşaqlara maddi dəstək göstərmədiyindən o, alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Onların hər ikisinin iştirakı ilə 26 yanvar 2026-cı il tarixdə keçirilən mediasiya prosesində aralarında razılığa gələrək MŞM/MT036/2026-00064 saylı barışıq sazişi imzalamışlar. Aralarında olan nikahın davam etdirilməməsi, uşaqların onun, yəni ananın himayəsində qalması və uşaqların yetkinlik yaşına çatanadək alimentin Maraqlı şəxs alınaraq ona ödənilməsi barədə razılığa gəlmişlər. Aralarında olan MŞM/MT036/2026-00064 saylı barışıq sazişinə əsasən 16 mart 2018-ci il tarixdə anadan olan X2 və 24 sentyabr 2021-ci il tarixdə anadan olan X1 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay hər uşaq üçün minimum əmək haqqının 0,3 misli həddi məbləğində, yəni hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment Maraqlı şəxs 2026-cı ilin yanvar ayının 23-dən 28-dək və gələn hər növbəti ayında 23-dən 28-dək alınaraq ona nağd, poçt və ya bank kartı vasitəsilə ona ödənilməsini Maraqlı şəxs öz öhdəsinə götürmüşdür. Lakin, Maraqlı şəxs barışıq sazişinin alimentlə bağlı olan hissəsini icra etməkdən yayınmışdır. O, sonuncu dəfə Elvinlə əlaqə saxlamış, aralarında olan barışıq sazişinə əməl etməsini bildirmiş, lakin Elvin ona “alimentlə bağlı get məhkəməyə müraciət et, məhkəmə qərarı əsasında sənə ödəniş ödəcəm” sözlərini demişdir. Ona görə də hazır ki ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə ərizəçinin və maraqlı şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdırıb hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan 26 yanvar 2026-cı il tarixli, MŞM/MT036/2026-00064 saylı barışıq sazişindən görünür ki, tərəflər Ərizəçi və Maraqlı şəxs 14 fevral 2018-ci il tarixdə Masallı Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində 75 nömrə ilə qeydiyyata alınmış nikahın, məhkəmə qaydasında barışıq sazişi üçün əlavə vaxt verilmədən pozulmasiına razılığa gəlmişlər, 16 mart 2018-ci il təvəllüdlü X2 və 24 sentyabr 2021-ci il təvəllüdlü X1 anaları Ərizəçi yanında qalmasına razılığa gəlmişlər, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər bir uşaq üçün 120 manat, yəni ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,3 misli həddində müəyyən edilmişdir, 16 mart 2018-ci il təvəllüdlü X2 və 24 sentyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 2-ci Tərəf Maraqlı şəxs 2026-cı ilin yanvar ayının 23-ü tarixindən 28-i tarixinədək olan müddət ərzində və gələn hər növbəti ayın 23-ü tarixindən 28-i tarixinədək olan müddət ərzində hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat məbləğincə alimenti 1-ci Tərəf Ərizəçi nəğd, poçt və ya bank kartı vasitəsilə ödəməyi öhdəsinə götürmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, 26 yanvar 2026-cı il tarixdə Ərizəçi Maraqlı şəxs ilə Masallı 1 saylı Mediasiya Təşkilatında mediasiya prosesində MŞM/MT036/2026-00064 saylı barışıq sazişi imzalamışlar. Tərəflərin arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs hər ay hər uşağa görə minimum əmək haqqının 0,3 misli həddi məbləğində, yəni hər ay hər uşağa görə 120 manat olmaqla, ümumilikdə 240 manat alimenti ödəməyi razılıq verərək öhdəsinə götürmüşdür. Maraqlı şəxs barışıq sazişi üzrə götürdüyü öhdəlikdən yayınaraq alimenti ödəməkdən yayınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.17-ci maddəsinə əsasən məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355.23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355.23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355.24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355.25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355.25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Həmin Məcəllənin 355.25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.4-cü maddəsinə əsasən Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə onu da qeyd edir ki, uşaqların saxlanması üçün maraqlı şəxsin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşaqların saxlanmasına kömək göstərmək və uşaqlara qayğı göstərmək Maraqlı şəxs valideynlik borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2025-ci il üzrə hər ay 246 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Ölkə üzrə minimum əmək haqqı 2025-ci il üçün hər ay 400 manat həddində müəyyən edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli qərarına əsaslanaraq və alimentin ödənilməsinin reallığı baxımından cavabdehin maddi imkanını nəzərə alaraq, 2026-cı ilin yanvar ayından alimentin tutulmasına başlayaraq Maraqlı şəxs Ərizəçi xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə 2026-cı il üçün ölkə üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqının 0,3 misli həddində (400x0,3=120 manat) sabit pul məbləğində aliment tutulmasını məqsədə uyğun hesab edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 26 yanvar 2026-cı il tarixli, MŞM/MT036/2026-00064 saylı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, 26 yanvar 2026-cı il tarixdən başlayaraq, 16 mart 2018-ci il təvəllüdlü X2 və 24 sentyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Maraqlı şəxs Ərizəçi xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,3 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Masallı 1 saylı Mediasiya Təşkilatında bağlanmış 26 yanvar 2026-cı il tarixli, MŞM/MT036/2026-00064 saylı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilsin. 2026-cı ilin yanvar ayından başlayaraq hər ayın 23-dən 28-dək, 16 mart 2018-ci il təvəllüdlü X2 və 24 sentyabr 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Maraqlı şəxs Ərizəçi xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,3 (400x0,3=120 manat) misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Cəlilabad Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elxan Əmirəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar