Məhkəmə qərarları › İş №2(5-119)-478/2026

Füzuli Rayon Məhkəməsi Qərardad — İş №2(5-119)-478/2026

27.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Füzuli rayonu İş № 2(5-119)-478/2026 27.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Füzuli Rayon Məhkəməsinin hakimi Məmmədli Səkinəxanım Naib qızı, İddiaçı Seydəliyeva (Zülfüqarova) Mahirə Hüseyn qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyaları tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdim: İddiaçı Seydəliyeva (Zülfüqarova) Mahirə Hüseyn qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyaları tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 25000 manatlıq qızıl-zinət əşyalarının, qızıllar olmadığı təqdirdə 25000 manat və sonradan verilən 2000 manat pulun Seydəliyeva (Zülfüqarova) Mahirə Hüseyn qızının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehlərin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehlərin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. İddiaçı prosessual qanunvericiliyin imperativ normasının tələbində qeyd edilənlərin əksinə olaraq, iddia ərizəsində məhkəmə iclasına dəvət edilməli olan cavabdehin rəsmi qeydə alındığı ünvanı göstərsə də, eyniləşdirmə məlumatlarını (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) yaşayış yerini və ya olduğu yeri, yazışmaların aparılmasının istənildiyi digər ünvanı göstərməmiş, eləcə də cavabdehin iş yerinin, telefon nömrələrinin, o cümlədən mobil telefon nömrələrinin, elektron poçt ünvanının olmadığını qeyd etməmiş və ya bu barədə məlumatları göstərməmişdir. İddiaçı eyni zamanda hazırki tələbin ərazi aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsində baxılması halının təsdiqi üçün cavabdeh olaraq qeyd etdiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Füzuli rayonunun ərazisində qeydiyyatda olmasına dair sənədi iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin prosessual qanunvericiliyin normasından da göründüyü kimi, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, poçt ünvanları, faktiki yaşayış yeri, telefon nömrəsi göstərilməlidir. Bu, işdə iştirak edən şəxslərin məhkəmə iclasının vaxtı və yeri barəsində xəbərdar edilməsi, iddia cavabdehin rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə verilməli olduğu hallarda isə həm də işin ərazi üzrə aidiyyətinin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bundan başqa iddiaçı iddia ərizəsinin “xahiş edirəm” hissəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 25000 manatlıq qızıl-zinət əşyalarının, qızıllar olmadığı təqdirdə 25000 manat və sonradan verilən 2000 manat pulun alınıb ona geri qaytarılmasını xahiş etsə də, qaytarılmasını tələb etdiyi qızıl-zinət əşyasının nədən ibarət olmasını, növünü, həmin əşyaların hər birinin dəyərini ayrı-ayrılıqda qeyd etməklə göstərməmişdir. Ona görə ki, iddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Mövcud iddia ərizəsinin məzmunundan aydın görünür ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Belə ki, iddiaçı iddia tələbində qızıl-zinət əşyalarının geri qaytarılmasını tələb etsə də, həmin qızıl-zinət əşyalarının hər birinin adını və dəyərini göstərməmiş, bununla da qeyri-müəyyən iddia vermişdir. Bundan başqa o da qeyd edilməlidir ki, əmlak mübahisələri üzrə işlər mahiyyəti üzrə həll edilərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 04 saylı “Məhkəmə qətnaməsi haqqında” qərarının 9.2-ci bəndinə əsasən əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. İndiki halda isə iddiaçı həmin əmlakların dəyərini göstərmədiyindən mübahisə mahiyyəti üzrə həll edilərkən iddia tələbinin təmin edilməsi halında da həmin əmlakların və əmlaklar olmadığı halda onların dəyərinin geri qaytarılması məsələsinin həlli də mümkünsüzdür. Azərbaycan Respublikası MPM-nin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmələrdə iddia qaldırılarkən iddia ərizəsinin forma və məzmununa riayət edilməlidir. Belə ki, iddia ərizəsində cavabdehə (və ya cavabdehlərə) qarşı konkret yönələn tələb olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Göstərilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi məhkəməyə Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilmədən verilmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qərara aldım: İddiaçı Seydəliyeva (Zülfüqarova) Mahirə Hüseyn qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyaları tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Füzuli Rayon Məhkəməsinə (elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Səkinəxanım Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar