Məhkəmə qərarları › İş №2(5-121)-488/2026

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(5-121)-488/2026

12.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(5-121)-488/2026 12.02.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Tahir oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs MMC-yə qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs MMC-yə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs MMC (müvafiq etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3) ilə aralarında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə bağlanmış onunla olan əmək müqaviləsinə xitam verilməsi barədə 1287 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və bununla bağlı müvafiq qanuna uyğun olaraq zəruri düzəlişlərin edilməsi barədə barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs MMC-nin 1287 nömrəli əmri ilə onunla olan əmək müqaviləsinə xitam verilmişdir. Narazı qaldığı üçün 1287 nömrəli əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmədə işə baxılması ərəfəsində mediasiya prosesi zamanı aralarında bu məsələ ilə bağlı barışıq sazişi bağlanmışdır. xx.xx.2025-ci il tarixli barışıq sazişi ilə Maraqlı şəxs MMC-nin müvafiq etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 onunla əmək müqaviləsinə xitam verilməsi barədə 1287 nömrəli əmrin ləğv edilməsinə, işə bərpaya və bununla bağlı müvafiq qanuna uyğun olaraq zəruri düzəlişlərin edilməsinə dair öhdəlik götürmüşdür. Maraqlı şəxs MMC “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq, barışıq sazişinin könüllü icrası üçün həmin Qanunun 34.1ci maddəsində müəyyən olunmuş müddəti keçirmişdir. Belə ki, barışıq sazişi xx.xx.2025-ci il tarixdən icra olunmalı olduğu halda həmin gündən 4 ay 11 gün müddət keçməsinə baxmayaraq, icra olunmamışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs MMC-yə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarında olan:- Ərizəçi ilə Maraqlı şəxs MMC arasında Gəncə 2 saylı Mediasiya Təşkilatında mediasiya prosesi zamanı bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəf Maraqlı şəxs MMC-nin müvafiq etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 mediator X1 iştirakı ilə keçirilən tam mediasiya sessiyasında bağlanan barışıq sazişinə əsasən Ərizəçi əmək müqaviləsinə xitam verilməsi barədə 1287 nömrəli əmrin ləğv edilməsinə, işə bərpasına və bununla bağlı müvafiq qanuna uyğun olaraq zəruri düzəlişlərin edilməsinə dair öhdəlik götürmüşdür. Məhkəmə ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, ərizəçinin izahatını dinləyib, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində göstərilmişdir ki, barışıq sazişi-tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Həmin Qanunun 33-cü maddəsində göstərilmişdir ki, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer, tərəflər haqqında məlumat, mübahisənin predmeti, mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri, barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.(“Mediasiya haqqında” Qanunun 34.1, 34.2 və 34.3-cü maddələri) İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında “Mediasiya haqqında” Qanuna uyğun olaraq könüllü şəkildə xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanılmışdır. Barışıq sazişi qanunun tələblərinə uyğun tərtib edilmiş, sazişdə hər hansı qanunauyğunsuzluq olmamışdır. Lakin Maraqlı şəxs MMC tərəfindən barışıq sazişi könüllü icra edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. (Azərbaycan Respublikası MPM-nin 355-25.1. 355-25.2. 355-25.3-cü maddələri) Məhkəmə sadalanan hüquq normaları ilə ərizəni müqayisəli şəkildə təhlil edərək hesab edir ki, barışıq sazişinin təmin edilməsi üçün şərtlər mövcuddur. Çünki maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü icra edilməmiş və sazişlə müəyyən edilmiş müddət keçmişdir. Digər tərəfdən barışıq sazişinin təsdiq edilməsindən imtina üçün əsaslar yoxdur. Belə ki, barışıq sazişi qanuna zidd deyildir, habelə barışıq sazişi üçüncü şəxslərin hüquqlarına toxunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli və barışıq sazişin təsdiq edilməsi barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23.1, 355-25.1, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs MMC arasında Gəncə 2 saylı Mediasiya Təşkilatında bağlanmış tərəf Maraqlı şəxs MMC-nin müvafiq etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 mediator X1 iştirakı ilə keçirilən tam mediasiya sessiyasında bağlanan barışıq sazişinə əsasən Ərizəçi əmək müqaviləsinə xitam verilməsi barədə 1287 nömrəli əmrin ləğv edilməsinə, işə bərpasına və bununla bağlı müvafiq qanuna uyğun olaraq zəruri düzəlişlərin edilməsinə dair öhdəlik götürməsi barədə xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar