Məhkəmə qərarları › İş №2(5-131)-223/2026

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(5-131)-223/2026

05.03.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(5-131)-223/2026 05.03.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X14 İdarəsi İmişli rayon X1rşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair mülki mübahisə (açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X14 İdarəsi İmişli rayon X4 direktoru X13 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X14 İdarəsi İmişli rayon X1rşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X14 İdarəsi İmişli rayon X4 direktoru X13 25 dekabr 2025-ci il tarixli 261 saylı və 26 dekabr 2025-ci il tarixli 261 saylı əmrlərinin ləğv edilməsi və iddiaçının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X14 İdarəsi İmişli rayon X5 “təsərrüfat müdiri” vəzifəsinə bərpa edilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki mübahisənin mahiyyəti

1. İddiaçı cavabdehə qarşı Cavabdeh direktoru X13 verdiyi 25 dekabr 2025-ci il tarixli 261-k nömrəli əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək X14 İdarəsinin 26 dekabr 2025-ci il tarixli 261 saylı və İmişli rayon X4 25 dekabr 2025-ci il tarixli 261 saylı əmrlərinin ləğv edilməsi və iddiaçının əvvəlki işinə bərpa edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ildən Mil X23 İdarəsinin İmişli rayon X2 “təsərrüfat müdiri“ vəzifəsində işləmişdir. İşlədiyi illər ərzində öz öhdəsinə düşən vəzifə səlahiyyətlərini layiqincə yerinə yetirmişdir. İşlədiyi zaman maddi və mənəvi olaraq cavabdeh və əməkdaşlara hər zaman köməklik göstərmişdir. O, xx.xx.2025-ci il tarixində əmək məzuniyyətindən istifadə etmiş, məzuniyyətdə olduğu zaman X18 onun təcili olaraq işə qayıtmasını bildirmişdir. O, övladının səhətində problem olduğu, müayinə və müalicə olunması üçün ölkə hüdudlarından kənara aparması üçün təyyarə bileti aldığını və işə gələ bilməyəcəyini bildirmiş, xx.xx.2025-ci il tarixdə işə qayıtmışdır. Həmin tarixdən etibarən cavabdeh onunla əvvəlki, münasibətdə olmamış və texniki işçiyə qapını açdırdığı üçün iddiaçıya təhqiredici ifadələr istifadə edərək izahatı alınmadan şiddətli töhmət yazmışdır. O, cavabdehdən əsassız töhmətin bildirişini tələb etmiş, lakin cavabdeh iddiaçını təhqir edərək iş yerindən qovmuşdur. Həmin töhmət də əsassız olmuşdur. Bu səbəbdən də, iddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehdən İmişli rayon hüquq mühafizə orqanlarına həm onu təhqir etdiyi, həm də onun gördüyü gizlin işlərin, yəni Rusiya vətəndaşı olan həyat yoldaşı İlqar Şirinovun və iki bacısının qanunsuz olaraq işə götürülməsi və İlqar Şirinovun, həmçinin bacılarının işə gəlmədən əmək haqqı alması barədə şikayət etmişdir. İddiaçının şikayətinə baxmayaraq Hürü Şirinova vəziyyətdən çıxmağı bacarmışdır. Mil-Muğan Mədəniyyət idarəsinin rəisi Nadir Quliyev xx.xx.2025-ci il tarixdə İmişli rayon Mərkəzi Klitabxanasına gələrək, başda iddiaçı olmaqla, bütün işçi heyətindən şəxsi mobil telefonlarını yığaraq avtomatlaşdırılma şöbəsinin müdiri Arzu Baxşalıyevaya təhvil vermişdir. Hürü Şirinova isə öz otağına qoyaraq qapını açarla bağlamışdır. Əlavə olaraq iddiaçı Hürü Şirinovadan şikayət etdiyi üçün xx.xx.2025-ci il tarixdə regional idarənin rəisi Nadir Quliyev iddiaçını Hürü Şirinovanın otağına çağırmış, təhqiredici ifadələr işlədərək öz ərizəsi ilə işdən çıxmasını, ərizəni könüllü yazmasa, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad ediləcəyini bildirmişdir. İddiaçı isə etirazını bildirmiş, bu səbəbdən iddiaçını təhqir edərək otağdan qovmuşdur. Nadir Quliyev otaqdan çıxaraq bütün işçi heyətinə “təsərrüfat müdiriniz İddiaçı könüllü olaraq ərizə yazıb işdən çıxmalıdır, əks halda sizlər də işdən çıxarılacaqsınız” deyə işçiləri iddiaçının üzərinə qaldırmışdır. Könüllü olaraq ərizə yazmadığı üçün İmişli rayon X4 direktoru X18 tərəfindən xx.xx.2025-ci il tarixli 261-k nömrəli əmri ilə onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən xitam verilmişdir. Həmin əmr verilən zaman iddiaçı bülletendə olmuşdur. O, həmin əmri qanunsuz və əsassız hesab edir. Bu səbəbdən də, hüquqlarını bərpa etmək, həmin əmrin ləğv edilməsi və işə bərpa üçün məhkəmə orqanlarına müraciət etməli olmuşdur. X30 Rusiya vətəndaşı olan öz həyat yoldaşı İlqar Şirinovun adını İmişli rayon kənd kitabxanasına kitabxanaçı kimi yazaraq bir gündə olsun işə getmədiyi, heç adı getdiyi müəssisənin yerini belə tanımadığı halda, pulunu 7 il alıb mənimsəmişdir. Bundan əlavə X27 və Rəsmiyə adlı iki ögey bacısını rəhbərlik etdiyi Kitabxanada adını kitabxana işçisi kimi yazaraq işə gəlmədiyi halda pulunu alıb mənimsəmişdir. Kitabxana üçün ayrılan yanacaq və dəftərxana ləvazimatlarını və təsərrüfat mallarını bazarda bu illər ərzində satdırıb pulunu mənimsəmişdir. Hürü Şirinova kitabxana işçilərindən tibbi sağlamlıq arayışı üçün 40 manatdan pul yığmış, buna görə Polis idarəsinə çağırılmışdır. İddiaçı həmin kitabxanın təsərrüfat müdiri olaraq direktorun qanunsuz və çirkin əməllərinə qarşı çıxdığı üçün xx.xx.2025-ci il tarixdə bülletendə ola-ola Hürü Şirinova tərəfindən işdən çıxarılmışdır. X14 İdarəsinin rəisi X36 Şirinovanı müdafiə etdiyi üçün ordan da çıxmağı bacarmışdır. H.Şirinova “direktor vəzifəsini itirsəm də Nadir Quliyev məni kitabxanada kitab işləmə şöbəsinin müdiri kimi saxlayacaq” demişdir. İmişli rayonunda bağlanmış 19 kənd kitabxana filiallarının kitablarını, X30nın tapşırığı ilə öz şəxsi vəsaiti hesabına fəhlə va maşın tutaraq kitabxanaya gətirmişdir. Bağlanmış kitabxanaların içərisində olan rus sovet dövründən qalan kitabları şöbələr üzrə rəflərə yığılması təkcə iddiaçının işi olmadığı halda həmin rus və sovet dövründən qalan kitabların yerə yığıldığı üçün Nadir Quliyev iddiaçıya irad tutmuş və iddiaçı xx.xx.2025-ci tarixdə işdən çıxarılmışdır. İddiaçı ailəlidir, iki körpə uşağı var və ödənişli əsaslarla qiyabi təhsil alır.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, səkkiz ildir X14 İdarəsi X5 işləyir. İşlərini layiqincə icra etmiş, rəhbərliyin verdiyi bütün tapşırıqları yerinə yetirmişdir. Belə ki, Hürü Şirinova onu təltif etmiş, o, hər zaman Hürü Şirinovanın qulluğunda olmuş, daha sonra münasibətləri pozulmuşdur. Kənd kitabxanaları bağlandıqdan sonra Hürü Şirinovanın razılığı və məlumatı əsasında həmin kitablar X4 zirzəmisinə yığılmışdır. Həmin kitablar arasında sovet kitabları olsa da, latın qrafikalı kitablar olmamışdır. Belə ki, latın qrafikalı kitablar rəflərə yığılmışdır. Zirzəmidə olan kitablar yararsız vəziyyətdə olduğundan ora yığılmışdır. Kitabları rəflərə yığmaq yalnız onun deyil, həmçinin kitabişləmə şöbəsinin işidir. Hürü Şirinova onunla qərəzli olmuş, onun iş otağını başqa şəxsə Musayeva Səbinəyə vermiş, ona görə də, otağından istifadə edə bilməmişdir. Həmçinin işçilər və rəhbərlik tərəfindən ona qarşı qərəzli münasibət yaranmış, əsassız və qərəzli şəkildə ona töhmət və şiddətli töhmət verilmiş, izahatı alınmamış, verilmiş əmrlər ona təqdim edilməmiş, əmrlər barədə daha sonra məlumatı olmuşdur. Əmrlərlə tanış olmaqdan və izahat verməkdən imtina etməmiş, imtina aktı onlar tərəfindən əsassız və qanunsuz tərtib edilmişdir. Birinci dəfə işə on beş dəqiqə gecikəndə ona izahat verilməsi barədə məlumat verilməmişdir. xx.xx.2025-ci il tarixdə idarənin qapısını orada işləyən fəhləyə açdırmış, həmin vaxt Hürü Şirinovaya kobud cavab verməsə də, ona şiddətli töhmət verilmiş, həmin əmrdən üç gün sonra məlumatı olmuşdur. Həmin vaxt fəhləyə də töhmət verilmişdir. Şiddətli töhmət almasını Ülviyyə Əmirova ona bildirmişdir. Həmin vaxt Hürü Şirinovadan əmri istəsə də, sonuncu ona “yekəbaş, çıx otaqdan, rədd ol” demişdir. Daha sonra yazılı şəkildə müraciət etsə də, əmr ona verilməmişdir. 22 dekabrda 2025-ci il tarixdə işə uşağı və özü xəstə olduğu üçün işə gecikmiş, bununla bağlı əvvəlcədən Hürü Şirinovaya məlumat vermiş, daha sonra müvafiq arayış təqdim etmişdir. 25 dekabr 2025-ci il tarixdə işdə olmuş, hətta tabelə belə imza çəkmişdir. Həmin gün kitabları yığmış bununla bağlı videogörüntü vardır. 25 dekabr 2025-ci il tarixdə günortadan sonra kənd kitabxanasında olmuş, buna görə də tabelə imza çəkməmişdir. Həmin tarixdə gecə vaxtı isə Fizuli rayonunda yaşayan xalasıgilə getmiş, xəstələndiyi üçün 26 dekabr 2025-ci il tarixdə işə gedə bilməmiş, bu barədə Hürü Şirinovaya məlumat vermiş, lakin sonuncu ona inanmamışdır. Xəstələndiyi üçün Fizuli rayon Mərkəzi Xəstəxanasına getmiş, 25 dekabr 2025-ci il tarixdə saat 09:24-də müayinə olunmuş, əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə 31 dekabradək bülletendə olmuşdur. Həmin vaxt işdən çıxarılması barədə məlumatı olmamışdır. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 iddiaya etiraz edərək bildirmişdir ki, X14 İdarəsi X4 direktoru vəzifəsində işləyir. İşçilərin işə götürülməsi və işdən çıxarılması səlahiyyətlərini həyata keçirir. İddiaçı əvvəllər nizam-intizamlı olsa da, sonradan əmək intizamını pozmuş, səhərlər işə gec gəlmiş, günortadan sonra işdə olmamışdır. İddiaçı ilə qərəzli münasibəti olmamışdır. Musayeva Səbinə iddiaçı ilə razılaşmasına əsasən iddiaçının otağından istifadə etmiş, hətta Musayeva Səbinə otağın açarlarından birini iddiaçıya vermişdir. O, iddiaçını dəfələrlə nizam-intizama dəvət etmişdir. İş yerində 32 nəfər işçi var, hər biri iddiaçıdan narazıdır. xx.xx.2025-ci il tarixli aktla iddiaçıya xəbərdarlıq elan etmişdir. İdarənin qapısının açarlarını iddiaçıya vermiş, lakin iddiaçı vaxtında işə gəlmədiyindən qapını açmamış, iddiaçı qapını başqa-başqa şəxslərə açdırmışdır. Belə ki, xx.xx.2025-ci il tarixdə işə tez gəlmiş, idarənin qapısının açıq olduğunu, idarənin yükləyici fəhləsi Kamalın orada olduğunu görmüşdür. O, qapını fəhləyə açdırdığı üçün iddiaçıya iradlarını bildirmiş, sonuncu ona “açarı kimə istəyərəm ona verərəm” demişdir. Buna görə də, xx.xx.2025-ci il tarixdə iddiaçıya şiddətli töhmət vermişdir. Həmin tarixli əmrin iddiaçıya verilməsini işçilərə tapşırsa da, iddiaçı daha əmri istəmədiyini bildirmiş. Buna görə də, əmr iddiaçıya verilməmişdir. İddiaçı bağlanmış kitabxanalardan kitabları gətirmiş, idarənin zirzəmisinə yığmışdır. Onun bundan məlumatı olmuş, dəfələrlə kitabların rəflərə yığılması və səliqəyə salınması üçün iddiaçıya şifahi göstərişlər vermiş, lakin sonuncu vəzifəsini yerinə yetirməmişdir. İddiaçı ən azından həmin kitabların altına taxta və ya başqa bir əşya qoya bilərdi. 18 noyabr 2025-ci il tarixdə yoxlama olmuş, fərdi uçot kitabına əsasən zirzəmidə yerləşən inventarlara baxış keçirilərkən zirzəmidə kitabların pərakəndə şəkildə töküldüyünü görmüşlər. Belə ki, iddiaçı maddi dəyər olan kitablar üçün maddi məsuliyyət daşıyır. Zirzəmidə yalnız sovet kitabları deyil, latın qrafikalı kitablar da olmuşdur. Onun da iştirak etdiyi yoxlama tərəfindən xx.xx.2025-ci il tarixli akt tərtib edilmiş, kitabların şəkilləri çəkilmişdir. 10 dekabrda bununla bağlı akt tərtib edilmiş, 11 dekabrda isə iddiaçının işdən çıxarılmasına dair məktub Həmkarlar İttifaqına göndərilmişdir. xx.xx.2025-ci il tarixdə uşağın xəstə olması ilə bağlı ona məlumat vermiş, lakin iddiaçıya inanmamış, həmçinin iddiaçı ona arayış təqdim etməmişdir. Həmkarlar İttifaqının iclasında iştirak etməsi barədə iddiaçıya məlumat versə də, iddiaçı uşağının xəstə olduğuna görə iştirak etməmişdir. xx.xx.2025-ci il tarixdə həmkarlar tərəfindən iclas keçirilmiş, xx.xx.2025-ci il tarixdə həmkarlar tərəfindən iddiaçının işdən çıxarılmasına dair razılıq məktubu verilmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının işdən çıxarılması barədə əmr verilmiş, əmrin icrası xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Buna görə də, səhvən xx.xx.2025-ci il tarixdə iddiaçının işinə elektron qaydada xitam verilmişdir. xx.xx.2026-cı il tarixdə əmrin qəbul olunduğu yerin hansı səbəbdən Sabirabad rayonu qeyd edilməsini bilmir. Qeyd edilən əmrlərin elektron informasiya sistemində qeydiyyatı aparılmamış, yalnız kağız daşıyıcılar üzərində sənədləşdirilmişdir. xx.xx.2025-ci il tarixdə səhər vaxtı iddiaçı ona bülletendə olmasını desə də, ona inanmamışdır. 18 noyabr və 10 dekabr 2025-ci il tarixli aktlara əsasən işçi işdən çıxarılmışdır. Əmək kitabçasında xx.xx.2025-ci il tarixdə iddiaçının işinə xitam verilməsi barədə qeydlər aparılarkən yanlışlığa yol verilmişdir. Sonda cavabdehin nümayəndəsi qeyd etdiyi halların nəzərə alınaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 70-ci maddənin ç bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər; 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır; 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi; g) “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması; 76.2-ci maddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz; 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin X11 qabaqcadan razılığı alınmaqla xitam verilir; 80.2-ci maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir; 83.1-ci maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir; 83.2-ci maddəsinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir; 84.1-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət və ya bələdiyyə orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası və həmin əsasın nəzərdə tutulduğu bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər; 84.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər; 85.1-1-ci maddəsinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinin, onlara edilən dəyişikliklərin, bu müqavilələrlə əlaqədar verilmiş əmrlərin (sərəncamların, qərarların), habelə digər əmrlərin (sərəncamların, qərarların) uçotunun aparılması elektron informasiya sistemi vasitəsilə təmin edilir; 179-cu maddənin 2-ci hissəsinin k bəndinə əsasən tibbi müayinədən keçirilən zaman işçilər tibb müəssisəsində olduqları vaxt ərzində işçinin iş yeri və orta əmək haqqı saxlanılır; 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək; 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir; 189.2-ci maddəsinə əsasən intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yerində olmadığı müddətdə işçiyə intizam tənbehi verilə bilməz; 189.3-cü maddəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin (sərəncamın, qərarın) surəti ona təqdim olunmalıdır; 300.1-ci maddəsinə əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

8. Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli qərarının: 1-ci hissəsinə əsasən sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi xəstəlik vərəqəsi ilə təsdiq olunur. Sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında arayışın verilməsi bu təlimatda göstərilmiş xüsusi hallardan başqa, digər hallarda qadağan olunur; 2-ci hissəsinə əsasən sığortaolunanlar üçün xəstəlik vərəqələri, onları tərtib etmək hüququna malik olan tibb müəssisələrinin həkimləri (bundan sonra - tibb müəssisələrinin həkimləri) tərəfindən elektron sənəd formasında tərtib edilir. Xəstəlik vərəqələri sığortaolunanlar və sığortaedənlər tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra - Nazirlik) “X24 Sistemi” (bundan sonra - VSİS) vasitəsilə elektron sənəd formasında, o cümlədən sığortaolunan tərəfindən tibb müəssisəsinə müraciət edildikdə VSİS-dən kağız daşıyıcıda çap olunmuş formada əldə edilir; 4-cü hissəsinə əsasən xəstəlik və ya xəsarət nəticəsində sığortaolunan əmək qabiliyyətini müvəqqəti itirdikdə xəstəlik vərəqələri həmin gündən tibb müəssisələrinin həkimləri tərəfindən elektron sənəd formasında tərtib edilir.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

10. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanunu: 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur; 9.1 və 9.1.1-ci maddələrinə müvafiq olaraq əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

11. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinə görə, işəgötürənin əsas hüquqlarından biri odur ki, işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etsin. Bununla yanaşı, işəgötürənin əsas vəzifələrindəndir ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirsin, əmək müqavilələrini həmin Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozsun. “Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər” məzmunlu norma imperativ xarakter daşımaqla işəgötürən tərəfindən öz hüquqlarından sui-istifadə edilməsinə mane olur.

12. Məhkəmə iclasında iştirak edən şahid X19 ifadəsində göstərmişdir ki, X14 İdarəsi MKS-nin kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırma şöbəsinin inzibatçısı vəzifəsində işləyir. Hürü Şirinova ilə iddiaçı arasında qərəzli münasibətlər olmamışdır. İddiaçı müntəzəm olaraq əmək funksiyalarını yerinə yetirməmişdir. Belə ki, iş yerinin qapısının açarları iddiaçıya verilmiş, lakin iddiaçı qapını vaxtında açmamış, iş vaxtı bitdikdən sonra qapını kilidləməmişdir. Çünki iddiaçı iş vaxtı başlayandan sonra işə gəlmiş, günortadan sonra isə işdən getmiş, qapının bağlanıb açılmasını digər işçilərə həvalə etmişdir. O, hadisə ilə bağlı iddiaçının şiddətli töhmət almasını sonradan iddiaçıya desə də, iddiaçı şiddətli töhmət almasından məlumatlı olmuşdur. Tabelə onun tərəfindən nəzarət edilmiş, iddiaçı işə səhər saat 10-a qalmış gəlmiş, iddiaçıya işə gecikməməsi barədə xəbərdarlıq etsə də, iddiaçı Hürü Şirinovanın tapşırıqlarını yerinə yetirdiyinə görə işdə olmadığını, istədiyi vaxt tabelə imza çəkəcəyini bildirmişdir.

13. Məhkəmə iclasında iştirak edən şahid X15 ifadəsində göstərmişdir ki, X14 İdarəsi MKS-nin Kitabxana metodika və biblioqrafiya şöbəsinin müdiri vəzifəsində işləyir. Hürü Şirinova ilə iddiaçı arasında qərəzli münasibətlər olmamışdır. İddiaçı iş vaxtlarına riayət etməmiş, səhər işə gec gəlmiş, günün sonunda isə işdən tez çıxmışdır. İddiaçı tezdən işə gələndə qol çəkib işdən getmiş, iş günün sonunda isə qol çəkməmişdir. Tabelə onun tərəfindən nəzarət edilən zaman, iddiaçının işə gecikdiyi vaxtlara tabeldə onun adına qırmızı işarə çəkmişdir. İdarənin açarı iddiaçıda olduğuna və iddiaçı işə gec gəldiyinə görə, işçilər çox vaxt qapıda iddiaçını gözləmişlər. İddiaçı iş vaxtı işdə olmamış, zəng edəndə də tapılmamışdır. Həmkarların iclası keçiriləndə iddiaçıya zəng olunaraq ona məlumat verilmiş, lakin iclasda iştirak etməmişdir. xx.xx.2025-ci il akta və həmin tarixli imtina aktına onun tərəfindən imza edilmişdir. Həmin akt qeyd olunan tarixdə tərtib edilsə də, vaxt düzgün qeyd edilməmişdir. Belə ki, həmin aktlar xx.xx.2025-ci il tarixdə saat 2-də tərtib edilmişdir.

14. Məhkəmə iclasında iştirak edən şahid X20 ifadəsində bildirmişdir ki, X14 İdarəsi X5 tərtibatçı rəssam vəzifəsində işləyir. Hürü Şirinova ilə iddiaçı arasında qərəzli münasibətlərə şahid olmamışdır. İddiaçı bəzən işə gec gəlmiş, bəzən isə ümumiyyətlə gəlməmişdir. xx.xx.2025-ci il tarixli imtina aktlarının tərtib edilməsində iştirak etdiyini xatırlamır. xx.xx.2025-ci il tarixli imtina aktlarına imza çəkmişdirsə, aktın tərtib edilməsində iştirak etmişdir.

15. Məhkəmə iclasında iştirak edən şahid X21 ifadəsində göstərmişdir ki, X14 İdarəsi MKS-nin Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırma şöbəsinin müdiri vəzifəsində işləyir. İddiaçı bəzən əmək intizamına riayət etməmiş, səhər işə gələndə tabelə qol çəkdikdən sonra işdən getmişdir. Həmçinin iddiaçı əmək funksiyalarını yerinə yetirməmiş, kitabların saxlanması onun vəzifəsi olsa da, vəzifəsini yerinə yetirməmiş, nəticədə kitablar yararsız vəziyyətə düşmüşdür. Buna görə də, bütün işçilər iddiaçının hərəkətlərindən narazı olmuşlar.

16. Məhkəmə iclasında iştirak edən şahid X22 ifadəsində bildirmişdir ki, X14 İdarəsi MKS-nin oxuculara xidmət şöbəsinin informasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsində işləyir. İddiaçının uşağı xəstə olduğundan işə davamiyyəti zəif olmuşdur. İddiaçının işdən çıxarılmasına razılıq barədə Hürü Şirinovadan məktub daxil olmuş, X11 iclasında məktub müzakirə olunmuş və iddiaçının işdən çıxarılmasını təsdiq etmişlər. İclas barədə iddiaçıya zəng edilərək məlumat verilmiş, iddiaçı uşağı xəstə olduğundan iclasda iştirak edə bilməyəcəyini bildirmişdir.

17. İş materialına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə İddiaçı əmək müqaviləsi üzrə üzərinə düşən vəzifə funksiyalarını tam yerinə yetirmədiyinə və iş vaxtının 18:00-da bitməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan günün ikinci yarısı iş yerində olmadığına görə ona xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı əmək müqaviləsi üzrə üzərinə düşən vəzifə funksiyalarını tam yerinə yetirmədiyinə və iş vaxtının 18:00-da bitməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan günün ikinci yarısı iş yerində olmadığına görə “əmək müqaviləsi üzrə üzərinə düşən vəzifə funksiyalarını tam icra etmədiyinə və müəssisədaxili intizam qaydalarını pozması” əsası ilə iddiaçıya töhmət intizam tənbehi verilmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı vəzifə funksiyalarını düzgün yerinə yetirmədiyinə və vəzifə səlahiyyətlərini aşdığına görə irad bildirərkən sonuncu alçaldılmış sözlər istifadə edərək “mən kitabxananın açarını kimə verirəm, sənə nə dəxli” deyərək kobud şəkildə etiraz etmiş, buna görə “əmək müqaviləsi üzrə üzərinə düşən vəzifə funksiyalarını tam icra etmədiyinə və müəssisədaxili intizam qaydalarını pozması” əsası ilə iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi verilmişdir.

18. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli aktda X12 iştirakı ilə tərtib olunması qeyd edilsə də, aktın doğruluğunun imza ilə təsdiq edilməsi hissəsində onun deyil, V.Əsədova qeyd edilmiş və imzalanmış, xx.xx.2025-ci il tarixli imtina aktında X22 və X8 iştirakları ilə tərtib olunması qeyd edilsə də, aktın doğruluğunun imza ilə təsdiq edilməsi hissəsində onların deyil, Ü.Əmirova və A.Baxşalıyeva qeyd edilmiş və imzalanmışdır.

19. Eyni zamanda qeyd edilməlidir ki, tərtib olunmuş aktlarda izahat yazmaqdan və əmr ilə tanış olmaqdan imtina etmə ilə bağlı qeydlər olsa da, İddiaçı ilə əlaqə saxlanılması və ya onun müvafiq akt və əmrlər barədə məlumatlandırılması ilə bağlı heç bir məlumat qeyd edilməmiş və ya hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin qeyd olunan aktların tərtib olunduğu zaman aralıqları həmin aktların formal olaraq tərtib olunması ilə bağlı şübhələr yaradır ki, həmin aktlar da məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul oluna bilməz.

20. Həmçinin iddiaçı şifahi və yazılı şəkildə xx.xx.2025-ci il tarixli əmrin ona təqdim edilməsini tələb etsə də, xx.xx.2025-ci il tarixli əmr iddiaçıya təqdim edilməmişdir. Həmin halı cavabdehin nümayəndəsi də təsdiq etmişdir.

21. Məhkəmə X15 və X16 tərtib olunan aktlar barədə ifadələrinə münasibətdə qeyd edir ki, xx.xx.2025-ci il tarixli imtina aktların tərtib edilməsində iştirak etməsini X16 xatırlamaması və xx.xx.2025-ci il tarixli aktların tərtib olunması vaxtının düzgün qeyd edilməməsi barədə X10 ifadəsi həmin aktların formal olaraq tərtib olunmasını təsdiq edir.

22. Məhkəmə qeyd edir ki, işəgötürən tərəfindən İddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə razılıq ilə bağlı X9 İttifaqının İmişli rayon X7 üzrə ilk X11 sədrinə xx.xx.2025-ci il tarixli 21 saylı məktub verilmişdir. xx.xx.2025-ci il tarixdə X9 İttifaqının İmişli rayon X7 üzrə ilk həmkarlar ittifaqı təşkilatı tərəfindən İddiaçı iclasda iştirak etməməsi ilə bağlı akt tərtib edilmiş, sonuncu iclasın tarixi və yeri barədə əvvəlcədən deyil, həmin tarixdə telefon zəngi ilə məlumatlandırılmış, lakin uşağı xəstə olduğundan keçirilmiş iclasda iştirak etməmişdir. X22 tərəfindən 1 saylı, 23 dekabr 2025-ci il tarixli məktubunda işəgötürən tərəfindən göndərilmiş, xx.xx.2025-ci il tarixli, 21 saylı məktuba baxılaraq iddiaçının onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz etmədiyi qeyd olunmuşdur.

23. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan görünür ki, əmək müqaviləsinə xitam verilməsi zamanı prosessual pozuntulara yol verilmişdir. Belə ki, 11 dekabr 2025-ci il tarixdə işəgötürən X9 İttifaqının İmişli rayon X7 üzrə ilk X11 sədrinə əsaslandırılmış yazılı təqdimatla deyil, məktubla müraciət etmiş, Həmkarlar İttifaqı isə ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını təqdim etməli olduğu halda, 12 gün sonra, yəni 23 dekabr 2025-ci il tarixdə iddiaçının əmək müqaviləsinə xitam verilməsinə etiraz etmədiyini məktubla bildirmişdir.

24. Qanunvericiliyin tələbinə görə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə xitam verilərkən, X11 razılıq məktubuna deyil, əsaslandırılmış yazılı qərarına istinad edilməli, həmkarlar ittifaqı təşkilatı ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qanunda nəzərdə tutulmuş bu hal işçinin hüquqlarının müdafiəsi ilə bağlı həmkarlar təşkilatının və işəgötürənin üzərinə qoyulan vəzifədir.

25. Cavabdeh iddiaçı ilə əmək müqaviləsinə X11 razılıq verməsinə dair əsaslandırılmış qərarla xitam verilməsini məhkəmədə sübut edə bilməmiş, bu barədə X11 əsaslandırılmış yazılı qərarını məhkəməyə təqdim etməmişdir.

26. Qeyd olunmalıdır ki, qanunverici əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi üzrə xitam verilməsi zamanı görülməli olan tədbirləri Məcəllənin 71-ci maddəsində təsbit edir. Həmin maddənin tələbinə əsasən, bu əsasla əmək müqaviləsinin ləğv edilməsinə o şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə 1) müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya 2) mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Beləliklə, qanunverici “və ya” bağlayıcısından istifadə etmiş və müqaviləyə 70-ci maddəsinin (ç) maddəsi ilə xitam verilməsinin əsaslarını 2 müstəqil şərtdən asılı etmişdir.

27. Cavabdehin nümayəndəsi tərəfindən iş materialına əlavə edilmiş sənədlər tədqiq olunarkən iddiaçının əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli 261-k saylı və xx.xx.2025-ci il tarixli 261 saylı əmrlər aşkar edilmişdir.

28. Əmək Məcəlləsinin 71.3-cü maddəsinin tələbləri baxımından işəgötürən həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olduğu halda, istər xx.xx.2025-ci il tarixli 261 saylı əmrdə, istərsə də xx.xx.2025-ci il tarixli 261 saylı əmrdə ümumi olaraq müvafiq sənədlərin adlarını qeyd etmiş, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin məzmunu göstərilərək, işçinin konkret olaraq hansı öhdəliyi və funksiyanı yerinə yetirməməsi qeyd olunan normanın tələbləri baxımından əsaslandırılmamış, əmək müqaviləsinə işəgötürən tərəfindən göstərilən hallardan hansı biri ilə xitam verilməsi göstərilməmiş, 70-ci maddənin ç bəndində qeyd edilən alternativ hallar sadalanmış, “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndə əmrin nömrəsi 261 və tarixi xx.xx.2025-ci il göstərilsə də, əmək kitabçasında müvafiq əmrin tarixi 25 dekabr 2025-ci il nömrəsi 261 ilə qeyd edilmişdir.

29. Həmçinin qeyd edilməlidir ki, işəgötürən tərəfindən xx.xx.2025-ci il tarixli əmrdə işəgötürənin hüquqi ünvanı yanlış olaraq Sabirabad şəhəri göstərilmiş, bununla da ƏM-nin 84-cü maddəsinin birinci hissəsinin imperativ göstərişi pozulmuşdur. Həmin hal əmrin məhkəmə tərəfindən etibarsız hesab edilməsi üçün əsaslardandır. Bundan başqa əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmrinin elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanması və işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki, işəgötürən əmək müqaviləsinə xitam verilməsi qaydalarına əməl etməlidir.

30. Qanun qeyd edilən müddəalarına əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinin, onlara edilən dəyişikliklərin, bu müqavilələrlə əlaqədar verilmiş əmrlərin (sərəncamların, qərarların), habelə digər əmrlərin (sərəncamların, qərarların) uçotunun aparılması elektron informasiya sistemi vasitəsilə təmin edilir. Qanunun qeyd edilən norması imperativ xarakter daşıyır və ona işəgötürən tərəfindən əməl edilməlidir.

31. İş materialına əlavə edilmiş sənədlərdən görünür ki, işçi ilə əmək müqaviləsi elektron sənəd formasında bağlanılmış, buna baxmayaraq, işəgötürən tərəfindən iddiaçı barəsində verilmiş əmrlərin heç birinin elektron informasiya sistemi vasitəsilə uçotunun aparılması təmin edilməmişdir. Həmin halı təkzib edən heç bir sübut cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir.

32. Məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən onun əməllərində Əmək Məcəlləsinin 72-ci maddəsində qeyd edilən kobud pozuntuların mövcud olması barədə arqumenti əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçının belə pozuntulara yol verməsi, bu pozuntunun müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Kobud pozuntuların mövcud olması formal və ümumi mülahizələrdən ibarət olmamalıdır. Cavabdeh, iddiaçının əməli nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və sübut təqdim etməmişdir. Əmrdə cavabdeh məhz iddiaçının özünün hansı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, bunun məhz qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla baş verməsini göstərilməmiş və əsaslandırmamışdır. Halbuki əmək müqaviləsinə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilməlidir.

33. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının əmək qabiliyyətinin müvəqqəti itirilməsi xəstəlik vərəqəsi ilə təsdiq olunur. İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək səhhəti ilə əlaqədar əmək qabiliyyətli olmamış, bununla bağlı cavabdehin nümayəndəsinə məlumat vermişdir. İddiaçının əmək qabiliyyətini müvəqqəti itirməsi barədə X17 məlumat verməsi və sonuncun buna inanmaması X18 tərəfindən etiraf edilmişdir. İddiaçının əmək qabiliyyətini müvəqqəti itirməsi “Fizuli rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli “Sığortaolunanın Xəstəlik Vərəqəsi”ndə öz təsdiqini tapmışdır. Əmək Məcəlləsinin 189.2-ci maddəsinə əsasən məzuniyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yerində olmadığı müddətdə işçiyə intizam tənbehi verilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə tibbi müayinədən keçirilən zaman tibb müəssisəsində olduğu vaxtda cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməklə Əmək Məcəlləsinin 189-cu maddəsinin ikinci hissəsinin imperativ göstərişini pozmuşdur.

34. İddiaçı ərizəsində və izahatında işəgötürən tərəfindən ona qarşı qərəzli münasibətin olmasını bildirmişdir. Məhkəmə həmin halları, digər sübutlarla birgə qiymətləndirərək belə hesab edir ki, iddiaçı ilə işəgötürən arasında qərəzli münasibət mövcud olmuşdur. Həmin hal, istər iş materialına əlavə edilmiş sənədlərin formal tərtib edilməsi, istərsə də işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin kobud pozulması ilə təsdiq edilir.

35. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qaydalarına işəgötürən tərəfindən əməl edilməyərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının yol verdiyi pozuntunun xarakteri və hansı nəticələrə səbəb olduğu izah olunmamış, işçiyə intizam tənbehinin verilməsinə dair Əmək Məcəlləsinin imperativ göstərişləri pozulmuş, əmək müqaviləsinə xitam verilən vaxt sənədlərin tərtib edilməsi zamanı işəgötürən tərəfindən qanunvericiliyin normalarının məcburi tələbləri pozulmuş, nəticədə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əsassız əmr qəbul edilmişdir. Belə ki, işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmaması səbəbindən iddiaçı həmin əmrin ləğv edilməsini tələb etməkdə haqlıdır.

36. İşin hallarını nəzərə alan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X14 İdarəsi İmişli rayon X4 direktoru X13 261 saylı 25 dekabr 2025-ci il tarixli və 261 saylı 26 dekabr 2025-ci il tarixli əmrləri ləğv edilməli, iddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X14 İdarəsi İmişli rayon X5 “təsərrüfat müdiri” vəzifəsinə bərpa edilməli və iddiaçıya 26 dekabr 2025-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı ödənilməlidir.

37. Məhkəmə xərcləri ilə bağlı qeyd olunmalıdır ki, MPM-in 107, 115, 119.1, 124.1 və 220.5-ci maddələrinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir və işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir. Məhkəmə xərcləri işdə iştirak edən şəxsin bununla bağlı tələbinin və ya vəsatətinin olub-olmamasından asılı olmayaraq tələbin təmin olunan hissəsinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməlidir. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qanunun mənasına görə məhkəmə xərcinin həll edilməsi barədə məsələ hətta iddiaçı tərəfindən iddia tələbinin bir hissəsi kimi ifadə edilsə belə, prosessual qanunvericiliyə əsasən məhkəmənin xidməti vəzifəsinə görə həll edilməli olan məsələ olduğundan iddia tələbinin tərkibinə daxil olmur. Həmçinin əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

38. İş materiallarında olan xx.xx.2026-cı il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan məlum olur ki, iddiaçı tərəfindən 60 manat məbləğində pul Sabirabad 1 saylı Mediasiya təşkilatına ödənilmişdir.

39. Dövlət rüsumu haqqında qanuna əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur.

40. Məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcindən ibarət məhkəmə xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddiaçının ödəməkdən azad edildiyi 40 manat dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir.

VI. Nəticə:

41. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X14 İdarəsi İmişli rayon X4 direktoru X13 25 dekabr 2025-ci il tarixli 261 saylı və 26 dekabr 2025-ci il tarixli 261 saylı əmrləri ləğv edilsin. İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X14 İdarəsi İmişli rayon X5 “təsərrüfat müdiri” vəzifəsinə bərpa edilsin. 26 dekabr 2025-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində məhkəmə xərci cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X14 İdarəsi İmişli rayon X3 tutularaq İddiaçı ödənilsin. Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X14 İdarəsi İmişli rayon X3 40 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar