Məhkəmə qərarları › İş №2(5-131)-47/2026

İmişli Rayon Məhkəməsi Qətnamə — İş №2(5-131)-47/2026

23.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İmişli rayonu İş № 2(5-131)-47/2026 23.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs İmişli “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsinə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: şəxsin vəfat etməsi faktının müəyyən edilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Nuranə Busat qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsinə qarşı ərizəçinin həyat yoldaşı xx.xx.1984-cü il təvəllüdlü X2 27 aprel 2025-ci il tarixdə Rusiya Federasiyası, Donetsk Xalq Respublikası, Krasnoarmeysk rayonu, Yelizavetovka qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. Ərizəçi maraqlı şəxsə qarşı ərizəçinin həyat yoldaşı xx.xx.1984-cü il təvəllüdlü X2 27 aprel 2025-ci il tarixdə Rusiya Federasiyası, Donetsk Xalq Respublikası, Krasnoarmeysk rayonu, Yelizavetovka qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin xx.xx.1984-cü il təvəllüdlü həyat yoldaşı X3 27 aprel 2025-ci il tarixində Rusiya Federasiyası Donetsk Xalq Respublikası Krasnoarmeysk rayonu, Yelizavetovka qəsəbəsində rəhmətə getmişdir. xx.xx.2025-ci tarixdə ölkəyə gətirilərək İmişli rayonu Şəmmədli kənd qəbiristanlığında dəfn olunmuşdur. O, İmişli rayon qeydiyyat şöbəsinə mərhum həyat yoldaşının ölümünün qeydə alınması barədə müraciət etmiş, lakin İmişli Maraqlı şəxsndə qeydiyyat şöbəsi bundan imtina rəyi vermiş və ona İmişli Rayon Məhkəməsinə müraciət etmək məsləhət bilinmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Maraqlı şəxsin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər.

6. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir; 159.1-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır; 159.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər; 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.

9. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003cü il tarixli Qərarının: 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. İmişli “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, 27 aprel 2025-ci ildə vəfat etmiş X2 Rusiya Federasiyası tərəfindən verilmiş ölümü haqqında şəhadətnamənin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sisteminə daxil edilməsi xahiş edilmişdir. Ərizəçi isə qeydiyyat şöbəsinə X2 ölümünün Rusiya Federasiyası 92300059 Krasnodar diyarı VVAQ idarəsinin Novorossiysk şəhər dövlət ölüm qeydiyyatı üzrə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı İxtisaslaşdırılmış şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə ********************1 №-li aktla qeydə alınması barədə Vİİ-AQ seriyalı 537373 №-li şəhadətnamə təqdim etmişdir. Ölüm haqqında şəhadətnamədə mərhumun ölüm yeri Rusiya Federasiyası Donetsk Xalq Respublikası Krasnoarmeysk rayonu Yelizavetovka qəsəbəsi göstərilmişdir. Azərbaycan Respublikası tərəfindən Donetsk vilayəti Ukraynanın tərkib hissəsi kimi tanınır və həmin vilayətin Rusiya Federasiyası tərəfindən ilhaq edilməsini qanuni hesab etmir. Ona görə də ölüm haqqında şəhadətnamə Azərbaycan Respublikasının “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sisteminə daxil edilə bilməz. Mərhum, X2 ölümünün qeydə alınmasından imtina edilmişdir.

11. Vİİ-AГ 537373 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü X3 27 aprel 2025-ci il tarixdə vəfat etmişdir.

12. İmişli Rayon İcra Hakimiyyəti başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X2 xx.xx.2025-ci il tarixdə ölkə ərazisinə nəşi gətirilmiş və həmin gün İmişli rayonu Şəmmədli kənd qəbiristanlığında dəfn edilmişdir.

13. İşin müəyyən edilən hallarından görünür ki, X3 27 aprel 2025-ci il tarixdə Donetsk vilayətində vəfat etmiş və İmişli rayonu Şəmmədli kənd qəbiristanlığında dəfn edilmişdir. X2 ölümü Rusiya Federasiyası, Krasnodar diyarı, VVAQ idarəsinin Novorossiysk şəhər dövlət ölüm qeydiyyatı üzrə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı İxtisaslaşdırılmış şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə ********************1 nömrəli aktla qeydə alınmış, bu barədə Vİİ-AQ seriyalı 537373 nömrəli şəhadətnamə təqdim edilmişdir.

14. Məhkəmə qeyd edir ki, X2 ölüm yeri Rusiya Federasiyası Donetsk Xalq Respublikası Krasnoarmeysk rayonu Yelizavetovka qəsəbəsi göstərilsə də, Azərbaycan Respublikası tərəfindən Donetsk vilayəti Ukraynanın tərkib hissəsi kimi tanınır və həmin vilayətin Rusiya Federasiyası tərəfindən ilhaq edilməsi qanuni hesab edilmir.

15. Ona görə də, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilərək, X2 27 aprel 2025-ci il tarixdə Ukraynanın Donetsk vilayətində vəfat etməsi faktı müəyyən edilməlidir.

16. İş materialında olan xx.xx.2026-cı tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

17. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X2 27 aprel 2025-ci il tarixdə Ukraynanın Donetsk vilayətində vəfat etməsi faktı müəyyən edilməli, ödənilmiş dövlət rüsumu isə ərizəçiyə aid edilməlidir.

VI. Nəticə:

18. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə qismən təmin edilsin. X2 27 aprel 2025-ci il tarixdə Ukraynanın Donetsk vilayətində vəfat etməsi faktı müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumundan ibarət məhkəmə xərci ərizəçinin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zaur Pirverdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar