Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(5-133)-82/2026 13.03.2026 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “iki uşağının ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, uşaqları-10 yanvar 1998-ci ildə doğulmuş X1 20 iyul 1998-ci ildə Gəncə şəhərində, 03 noyabr 2007-ci ildə doğulmuş X6 10 aprel 2009-cu ildə Gəncə şəhərində ölməsi faktının müəyyən edilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X4 ilə 10 mart 2018-ci il tarixdə rəsmi olaraq ailə qurmuş, onların birgə nikahlarından dörd uşaqları doğulmuşdur. Uşaqlarının üçü vəfat etmişdir. Arvadı 29 iyul 2025-ci il tarixdə vəfat etmişdir. Uşaqları-10 yanvar 1998-ci ildə doğulmuş X5 altı aylıq olanda, yəni 20 iyul 1998-ci ildə ölmüş, digər uşağı-03 noyabr 2007-ci ildə doğulmuş X6 isə 10 aprel 2009-cu ildə yaşadıqları evdə ölmüşdür. Həmin vaxt başları qarışdığından ölüm sənədini almamışlar. Yaxın vaxtlarda Maraqlı şəxs2nə ölüm akt qeydinin aparılıb-aparılmaması barədə müraciət etdikdə, ona bununla bağlı heç bir akt qeydinin olmadığını bildirərək, şəhadətnamənin verilməsindən imtina etmişlər. O, məcbur olub hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Uşaqlarının ölüm sənədini əldə etmək onun üçün çox vacibdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, Maraqlı şəxs2 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında verdiyi izahatında ərizəsini müdafiə edərək və ərizəyə uyğun izahat verərək ərizəsinin təmin edilməsini xahiş edir. Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid1 (ərizəçinin anası) ifadəsində bildirmişdir ki, oğlu Ərizəçi övladları: 10 yanvar 1998-ci ildə doğulmuş X5 20 iyul 1998-ci ildə Gəncə şəhərində yaşadıqları evdə ölmüş, 03 noyabr 2007-ci ildə doğulmuş X6 isə 10 aprel 2009-cu ildə Gəncə şəhərində yaşadıqları evdə ölmüşdür Şahid qismində məhkəmə iclasında ifadə verən Şahid2 (ərizəçinin qardaşının arvadı) digər Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan: Gəncə “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 10 mart 2018-ci il tarixdə verilmiş AZ-İİ № 261059 nömrəli “Doğum haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi ilə X4 arasında nikah 10 mart 2018-ci il tarixdə 557 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra ərə- “Abbasəliyev”, arvada- “Abbasəliyeva” soyadları verilmişdir. İş materiallarında olan: Maraqlı şəxs2 tərəfindən 01 oktyabr 2025-ci il tarixdə verilmiş 198 nömrəli arayışdan görünür ki, X5 10 oktyabr 1998-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası- Ərizəçi, anası- X2r. İş materiallarında olan: Maraqlı şəxs2 tərəfindən 01 oktyabr 2025-ci il tarixdə verilmiş 199 nömrəli arayışdan görünür ki, X6 03 noyabr 2007-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş, atası- Ərizəçi, anası- X2r. İş materiallarında olan: Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən 07 avqust 2025ci il tarixdə verilmiş AZ-İİ № 521604 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, X4 29 iyul 2025-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyindən Gəncə şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 avqust 2025-ci il tarixdə 818 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan: Maraqlı şəxs2 tərəfindən Ərizəçi ünvanlanmış 02 oktyabr 2025-ci il tarixli 247 nömrəli məktubdan görünür ki, 10 yanvar 1998-ci ildə doğulmuş X1 və 03 noyabr 2007-ci ildə doğulmuş X3 ölümü haqqında akt qeydi Maraqlı şəxs2 arxivində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat informasiya sistemində aşkar edilməmişdir. Ona övladlarının ölüm faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə araşdırması nəticəsində təsdiq edilir ki, 10 yanvar 1998-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş X5 20 iyul 1998-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində, 03 noyabr 2007-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş X6 10 aprel 2009-cu ildə Azərbaycan Respublikasının Gəncə şəhərində ölmüşlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra-Ailə Məcəlləsi) 158.1ci maddəsinin tələbinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övlladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, həmçinin nikahın bağlanmasının, doğumun və ölümün qeydiyyatı üzrə rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərində) qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinin tələbindən görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 307.2.3-cü və 307.2.8-ci maddələrinə əsasən məhkəmə ölümün qeyd edilmə faktını və müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qanuni və əsaslı olduğundan təmin edilməli, 10 yanvar 1998-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş X1 20 iyul 1998-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində ölməsi faktı və 03 noyabr 2007-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş X3 10 aprel 2009-cu ildə Azərbaycan Respublikasının Gəncə şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçinin övladı- 10 yanvar 1998-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş X1 20 iyul 1998-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Ərizəçinin övladı- 03 noyabr 2007-ci ildə Azərbaycan Respublikasının Gəncə şəhərində doğulmuş X3 10 aprel 2009-cu ildə Azərbaycan Respublikasının Gəncə şəhərində ölməsi faktı müəyyən edilsin. Bu qətnamə X1 və X3 ölümlərinin aidiyyəti dövlət orqanında qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №2(5-133)-82/2026
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №2(5-133)-82/2026
13.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver