Məhkəmə qərarları › İş №2(5-138)-40/2026

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(5-138)-40/2026

11.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(5-138)-40/2026 11.03.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimov Vasif İrşad oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “1924-cü ildə anadan olmuş anası X1 17 noyabr 2008-ci ildə Qobustan rayonu, Xilmilli kəndində ölməsi faktının müəyyən edilməsinə dair” ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə (Maraqlı şəxs kimi göstərilməklə) məhkəməyə müraciət edərək, 1924-cü il təvəllüdlü X1 17 noyabr 2008-ci ildə Qobustan rayonunun Xilmilli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1964-cü ildə Şamaxı rayonunda anadan olmuşdur, hazırda Qobustan rayonunun Xilmilli kəndində yaşayır. 1924-cü il təvəllüdlü anası X3 17 noyabr 2008-ci ildə yaşadıqları Xilmilli kəndindəki evdə 84 yaşında vəfat etmişdir. Onu qohumlarının dəfn olunduğu Qobustan rayonunun Şıxlar kənd qəbiristanlığında dəfn etmişlər və el adətinə uyğun olaraq yas mərasimi keçirib ehsan vermişlər. Həmin vaxtdan xeyli müddət vaxt keçməsinə baxmayaraq, anası üçün ölüm haqqında şəhadətnamə alınmamışdır. Hazırda ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə və Qobustan rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də 1924-cü il təvəllüdlü X1 17 noyabr 2008-ci ildə Qobustan rayonunun Xilmilli kəndində ölməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət edir. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun çıxış etdi və əlavə olaraq bildirdi ki, anası üçün ölüm haqqında şəhadətnamənin alınması vərəsəlik məsələsini həll etmək üçün ona lazımdır. Verilmiş suala cavab olaraq qeyd etdi ki, anasının dəfnini Mövlanə Mehraliyev icra etmişdir. O, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, ərizəçi onun həm uzaq qohumu, həm də yaxın qonşusudur. O, ərizəçinin anası Dursabah Mirzəyevanı da tanımışdır. Dursabah Mirzəyeva 2008-ci ilin payız aylarında, təxminən noyabr ayında Xilmilli kəndində yaşadığı evdə vəfat etmiş, Şıxlar kənd qəbiristanlığında dəfn olunmuşdur. Onun özü də dəfndə və daha sonra yaşadıqları evdə verilən məclisdə iştirak etmişdir. Dəfnə Xilmilli kəndinin hazırkı axundu Mövlanə Mehraliyev rəhbərlik etmişdir. O, mərhumun yaşı ilə əlaqədar vəfat etdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, ərizəçi və onun anası ilə qohumdurlar. Dursabah Mirzəyeva 17 noyabr 2008-ci ildə Xilmilli kəndində yaşadıqları evdə vəfat etmiş, onu 18 noyabr 2008-ci ildə Şıxlar kənd qəbiristanlığında dəfn etmişlər. Onun ölümü ilə əlaqədar mərasim də yaşadıqları evdə verilmişdir. Dursabah Mirzəyevanın qəbirüstü abidəsi hazırlanmış, qara başdaşı qoyulmuşdur. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan sənədləri araşdırıb onlara müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXDUR. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə surəti olan AZ ******* seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1964-cü il təvəllüdlü Ərizəçi anası X2r. İşdəki Qobustan rayonu, Xilmilli kənd sakinləri X7, X6 və Ərizəçi tərəfindən tərtib edilərək imzalanmış və aktda göstərilən şəxslərin imzaları Qobustan RİHB-nin Xilmilli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş aktda qeyd olunmuşdur ki, Qobustan rayonu, Xilmilli kənd sakini 1924-cü il təvəllüdlü X3 17 noyabr 2008-ci il tarixdə vəfat etmiş və Şıxlar kənd qəbiristanlığında dəfn olunmuşdur. İşdəki Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi Ərizəçi ünvanladığı 24 noyabr 2025-ci il tarixli məktubunda bildirmişdir ki, “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə 17 noyabr 2008-ci ildə vəfat etmiş anası X1 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün 14 noyabr 2025-ci il tarixdə etdiyi müraciət qeydiyyata alınaraq baxılmışdır. Bildirilmişdir ki, anası X1 ölümünün baş vermə səbəbi məlum olmadığından onun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. Şəhadətnaməni almaq məqsədilə məhkəməyə müraciət etməlidir. İşdəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ünvanladığı 18 dekabr 2025-ci il tarixli məktubunda bildirmişdir ki, sonuncunun ərizəsinə cavab olaraq, oğlu 2008-ci ildə vəfat etmiş X1 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sistemində 2005-ci ildən 2011-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, ölüm haqqında akt qeydləri aşkar edilməmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın tələblərinə əsasən məhkəməyə müraciət edə bilər. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 9-cu bəndinə əsasən, MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.2-ci bəndində göstərilir ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə MPM-in 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər MPM-in 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə MPM-in 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Hazırda ərizəçi anası Dursabah Mirzəyevanın ölməsi faktının müəyyən edilməsinin vərəsəlik məsələsinin həll edilməsi üçün anasının adına ölüm haqqında şəhadətnamə ala bilməsi məqsədilə lazım olduğunu bildirmiş, onun ölümü haqqında şəhadətnamənin alınması üçün lazımi sənədləri ala bilməməsini təsdiq etmək məqsədilə “Qobustan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin və Maraqlı şəxs məktublarını təqdim etmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən 12 aprel 2019-cu il tarixli Qərarının 9.3-cü bəndində qeyd olunur ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Hazırda ərizəçi anası X1 17 noyabr 2008-ci ildə Qobustan rayonu, Xilmilli kəndində ölməsi faktını təsdiq etmək məqsədilə kənd sakinlərinin tərtib etdiyi aktı və anasının qəbirüstü abidəsinin fotoşəklini təqdim etmiş, şahid ifadələrinə istinad etmişdir. Ali Məhkəmə Plenumunun yuxarıda adı çəkilən 12 aprel 2019-cu il tarixli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə göstərilənləri nəzərə alaraq bildirir ki, hazırda XX.XX.1924-cü il tarixdə anadan olmuş X1 17 noyabr 2008-ci il tarixdə Qobustan rayonu, Xilmilli kəndində ölməsi faktı öz təsdiqini tapır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, XX.XX.1924-cü il tarixdə anadan olmuş X1 17 noyabr 2008-ci il tarixdə Qobustan rayonu, Xilmilli kəndində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə MPM-in 311-ci maddəsinə uyğun olaraq bildirir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 307-311 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. XX.XX.1924-cü il tarixdə anadan olmuş X1 17 noyabr 2008-ci il tarixdə Qobustan rayonu, Xilmilli kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar