Məhkəmə qərarları › İş №2(5-138)-47/2026

Qobustan Rayon Məhkəməsi Qətnamə — İş №2(5-138)-47/2026

09.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qobustan rayonu İş № 2(5-138)-47/2026 09.02.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimov Vasif İrşad oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair” xüsusi icraat qaydasında ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə (Maraqlı şəxs kimi göstərilməklə) məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 03 sentyabr 2025ci il tarixli, MŞQ/MT051/2025-00107 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 03 sentyabr 2025-ci il tarixdə MŞQ/MT051-2025-00107 saylı barışıq sazişinə əsasən birgə nikahdan 12 oktyabr 2015-ci il təvəllüdlü X1 onun yanında yaşaması, ərizəçinin ata Maraqlı şəxs övladı Rəhimlə hər hansı məhdudiyyət qoymadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı, Maraqlı şəxs ərizəçiyə 12 oktyabr 2025-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) 240 manat olmaqla aliment ödəmək barədə öhdəlik götürmüşlər. Barışıq sazişindən 4 aydan çox müddət keçməsinə baxmayaraq, Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyə əməl etmir, alimenti ödəmir. Hesab edir ki, maraqlı şəxs barışıq sazişinin şərtlərini könüllü olaraq icra etmək istəmir. Odur ki, barışıq sazişinin təsdiq olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin onunla maraqlı şəxs arasında olan nikah Qobustan Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli, 2(026)-537/2025 saylı qətnaməsi ilə pozulmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun çıxış etdi və əlavə olaraq qeyd etdi ki, Maraqlı şəxs bağlanmış barışıq sazişinin şərtlərini icra etmir. Sazişin bağlanmasının üzərindən aylar keçməsinə baxmayaraq, o, aliment ödənişlərini etmir. Ona görə də ərizəsinin təmin edilməsini və barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs bildirdi ki, onun ərizəçiyə aliment ödəməməsinin səbəbi aliment məbləğinin yuxarı məbləğdə müəyyən edilməsidir. Əgər aliment məbləği onun gəlirinə uyğun müəyyən edilərsə, o, aliment ödənişi edəcəkdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri araşdırıb, tətbiq edilməli hüquq normalarına uyğun olaraq belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 305.1.17-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. MPM-in 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. MPM-in 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. MPM-in 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. MPM-in 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. İşdə surəti olan AZ-İİ 056555 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs və X2 17 yanvar 2007-ci ildə nikahlarını bağlamış, bu barədə Qobustan rayon Təklə Mirzəbaba kəndi üzrə icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 yanvar 2007-ci il tarixdə 01 nömrəsi ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Nuriyev, arvada Nuriyeva soyadı verilmişdir. İşdə surəti olan AZ-İİİ 636216 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 12 oktyabr 2015-ci il təvəllüdlü X1 atası Maraqlı şəxs, anası Ərizəçidır. İşdəki Maraqlı şəxs və Ərizəçi arasında bağlanmış 03 sentyabr 2025-ci il tarixli, MŞQ/MT051-2025-00107 saylı barışıq sazişində tərəflər aşağıdakılar barəsində razılığa gəlmişlər: “1.Mediasiya prosesində tərəflər təsdiq etdilər ki, Ərizəçi heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı Qobustan rayon Təklə Mirzəbaba icra nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixli 01 nömrəli nikah qeydinin pozulmasına razıdır. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir.

2. Tərəflər birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası Ərizəçi himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar.

3. Ərizəçi xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi atası Maraqlı şəxs ilə hər hansı məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür.

4. Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) 240 (iki yüz qırx) manat olmaqla alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür.

5. Tərəflərdən hər hansı biri barışıq sazişinin şərtlərini pozarsa qarşı tərəf məhkəməyə müraciət edə bilər”. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli, 2(026)- 537/2025 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Ərizəçi və Maraqlı şəxs arasında Qobustan rayon Təklə Mirzəbaba kəndi üzrə icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 yanvar 2007-ci il tarixdə 01 nömrəsi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan MPM-in 355-26-cı maddəsində sadalanmış hallar yoxdur. Ərizənin məzmunundan da görünür ki, ərizəçi hazırkı ərizəsini maraqlı şəxs barışıq sazişini nəzərdə tutulmuş müddətdə icra etmədiyinə görə məhkəməyə vermişdir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək üçün 2 şərtdən biri mövcud olmalıdır: - barışıq sazişi könüllü qaydada icra edilməməlidir; - barışıq sazişinin könüllü icrasından imtina olunmalıdır. Hər 2 normanın mahiyyəti ondan ibarətdir ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır. Ümumiyyətlə, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin isə əsas cəhəti ondan ibarətdir ki, bu zaman tərəflərin iradə bəyanları məhkəməyə getmə potensialı olan mübahisənin tamamlanmasını təmin edir. Bu baxımdan hazırkı iş üzrə maraqlı şəxsin məhkəmə iclasında alimenti ödəməməsinin səbəbi kimi irəli sürdüyü aliment məbləğinin yüksək müəyyən edilməsi ilə bağlı dəlil əsassızdır, çünki barışıq sazişini imzalamaqla məhz özü bu həddə məbləğin müəyyən edilməsinə razılıq vermişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Qobustan 1 saylı Mediasiya Təşkilatında bağlanmış 03 sentyabr 2025-ci il tarixli, MŞQ/MT051-2025-00107 saylı barışıq sazişi təsdiq olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 234, 355-23, 355- 24, 355-25 və 360-cı maddələrini rəhbər tutub məhkəmə

QƏT ETDİ:

Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair” xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Qobustan 1 saylı Mediasiya Təşkilatında bağlanmış 03 sentyabr 2025-ci il tarixli, MŞQ/MT051-2025-00107 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq olunsun: “1.Mediasiya prosesində tərəflər təsdiq etdilər ki, Ərizəçi heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı Qobustan rayon Təklə Mirzəbaba icra nümayəndəliyi tərəfindən xx.xx.2007-ci il tarixli 01 nömrəli nikah qeydinin pozulmasına razıdır. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir.

2. Tərəflər birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası Ərizəçi himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar.

3. Ərizəçi xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi atası Maraqlı şəxs ilə hər hansı məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür.

4. Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) 240 (iki yüz qırx) manat olmaqla alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür.

5. Tərəflərdən hər hansı biri barışıq sazişinin şərtlərini pozarsa qarşı tərəf məhkəməyə müraciət edə bilər”. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qobustan Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar