Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(5-139)-37/2026 10.03.2026 QUBA RAYON MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: qaz sərfiyyatına görə hesablanmış borcun silinməsi Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. 29 avqust 2022-ci il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını (X3) keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
2. Azəriqaz İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 15 noyabr 2024-cü il tarixli, “0431027” saylı akta əsasən abonentin mənzilinə baxış keçirərkən sayğacın qaz sayğacının çıxış borusu fiziki təsir nəticəsində deşilməsi aşkar olundu
3. Dəymiş ziyanın bərpasına dair 23 noyabr 2024-cü il tarixli tələbnaməyə əsasən 15 noyabr 2024-cü il tarixli ******* nömrəli akta əsasən **********00060 saylı abonent kodu üzrə qaz itkisi 3,5x12x90=3780 kv.m hesablanmışdır.
4. Abonent saldosuna əsasən ünvan 1 ünvanında yerləşən yaşayış evinə aid **********00060 saylı abonent kodu (X2) üzrə itirilmiş qazın bərpası üçün 959.04 manat məbləğində borc hesablanmışdır.
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız olaraq tərtib olunmuş 15 noyabr 2024-cü il tarixli 031027 nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT -ın etibarsız hesab edilməsi və əsassız hesablanmış 7992 kub.metr ziyan məbləğində borcun **********000060 nömrəli abonent hesabından silinməsinə dair qətnamə edilməsini xahiş etmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ona məxsus evdə ailəsilə birgə yaşayır. 2024-cü il tarixində aktla istismar müddəti bitmiş sayğac yenisi sayğac ilə əvəz edilmişdir xx.xx.2020-ci il tarixində "Azəriqaz" İB-nin Xaçmaz RQİİ-nin və Quba Xidmət sahəsinin əməkdaşları xəbərləri olmadan evə gələrək küçədə quraşdırılmış sayğacı çıxarmaqla, yeni sayğac quraşdırılmışdır və quraşdırmış "qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib etmişdirlər. Bir müddət ona verilən bildirişlərdə borc qeyd olunması və 2025-cü ilin noyabr ayında borcun yaranma səbəbini öyrənmək üçün abonent saldosunu almışdır. Bundan sonra X5 Şöbəsinə gedərək akt və tələbnaməni tələb edib almışdır. Məlum olmuşdur ki, onun iştirakı olmadan ziyan aktı tərtib edilmişdir. Həmin 15.11 2024-cü il tarixli ******* nömrəli aktdan məlum olur ki, istifadə etdiyi **********513 sayğac üzrə 7992 m-3 ziyan hesablanmışdır. Həmin aktlardan və əlavə edilən tələbnamədən məlum olur ki, sayğaca baxış zamanı çıxış plastmas borusunun fiziki təsir nəticəsində deşıci alətlə deşildiyi aşkar olunub və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaların"ın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış alqısatqı barədə müqavilənin 2.2.4-cü bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) habelə bu müqavilə üzrə müəyyən olunmuş vəzifələrinnin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək ) tələblərinə əsasən ondan 7992 m-3 nıiqdarında dəymiş ziyan tələb edilir. İddiaçı bildirir ki, o, sayğaca əl vurmamışdır . Sayğaca hər ay qaz nəzarətçisi tərəfindən baxılır, sayğacın bütövlüyünü, plomblarını yoxlayır, qaz sərfiyyatını hesablayıb ona sayğacın göstərdiyi qaz sərfiyyatı barədə bildiriş verir. X5 Sahəsinin əməkdaşları tərəfindən ötən aylar ərzində ona sayğacın üzərindəki plastmas qapağın deşilməsi barədə heç bir irad bildirilməmişdir, o, da qaz nəzarətçisinin qaz sərfiyyatı barədə verdiyi bildirişləri əsasında, həmçinin borcu öyrənməklə sərf edilən qazın pulunu ödəmişdir. Şahin Hüseynov qeyd edir ki, akt barədə ona məlumat verilməmiş və guya o, aktı imzalamaqdan imtina etmişdir. Lakin X5 Sahəsinin əməkdaşları bunlara məhəl qoymayaraq təbii qazdan istifadə qaydaları pozulması haqqında akt tərtib etmişdirlər. Həmin sayğac X5 Sahəsi əməkdaşları tərəfindən qaydalara zidd quraşdırılmışdır, həm də sayğacın üzəri X5 Sahəsinin əməkdaşları tərəfindən müvafiq örtük ilə örtülmədiyi üçün Qaydaların 4.7-ci bəndinə əsasən qanunsuz hərəkətlərinə görə istehlakçı deyil, X5 Sahəsi cavabdehlik daşıyır. 7.Daha sonra iddiaçı X3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən əsassız olaraq tərtib olunmuş 15 noyabr 2024-cü il tarixli 031027 nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT-ın etibarsız hesab edilməsi və əsassız hesablanmış 959.04 manat ziyan məbləğində borcun **********000060 nömrəli abonent hesabından silinməsinə dair qətnamə edilməsini xahiş etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
8. İddiaçı X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. 9.İş üzrə cavabdeh “Azəriqaz” İB müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. 10.Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
11. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
12. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
TƏTBİQ EDİLƏN HÜQUQ
13. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən, Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
14. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, “Azəriqaz” İB tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə məxsus sayğaca baxış keçirilməsi zamanı qaz sayğacının çıxış borusunun fiziki təsir nəticəsində deşilməsi aşkar edilərək 15 noyabr 2024-cü il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin akt əsasında **********00060 saylı abonent koduna ümumilikdə 959.04 manat məbləğində borc hesablanmışdır. Qeyd edilən fakt iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş abonent saldosundan da müəyyən olunur.
15. Qanunvericiliyin təhlilindən görünür ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilir. Həmçinin fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. 16.Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Halbuki, həm Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsi, həm də qeyd olunan Qaydaların 4.9-cu bəndinin 2-ci cümləsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmiş və iddiaçı tərəfindən sayğaca müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin nəzərə alınır ki, sayğac iddiaçının yaşadığı evin sərhədlərindən kənarda yerləşdirilmişdir. 17.Beləliklə də, hazırki mülki iş üzrə istehalkçı qismində çıxış edən iddiaçının qazdan istifadə edilməsi zamanı qaz paylayıcısına qeyd edilən məbləğdə ziyan vurması halının müəyyən edilməsi mümkün olmamışdır.
18. İddiaçı iddia ərizəsində 15 noyabr 2024-cü il tarixdə ******* nömrəli aktın etibarsız hesab edilməsi tələbini də irəli sürmüşdür. 19.Məhkəmə bununla bağlı qeyd edir ki, sözügedən akt özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. İddiaçı yalnız akta əsaslanmaqla onun barəsində qəbul edilmiş hüquqi məsuliyyət doğuran qərarı mübahisələndirə və həmin icraatın gedişində aktın əsassızlığına dair dəlillərini təqdim edə bilər. Borcun akta əsasən hesablandığı təsdiq olunsa belə, iddiaçının tələbi aktın ləğv edilməsinə deyil, məhz əsassız və qanunsuz hesablandığını güman etdiyi borcun onun hesabından silinməsinə yönəlməlidir. Çünki bu halda, aktın özünün etibarsız hesab edilməsi iddiaçının hüquqi marağına uyğun deyildir.Odur ki, məhkəmə bu hissədə iddianın təmin edilməməsi qənaətinə gəlir.
Vİ Nəticə
20. Yuxarıda sadalanan halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən itirilmiş qazın bərpası üçün 15 noyabr 2024-cü il tarixli, “0431027” nömrəli akt əsasında hesablanmış 959.04 (doqquz yüz əlli doqquz manat, dörd qəpik) manat məbləğində cərimə borcu **********00060 saylı abonent hesabından silinməli, qalan hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 15 noyabr 2024-cü il tarixli ******* saylı akta əsasən iddiaçı X2 hesablanmış 959.04 (doqquz yüz əlli doqquz manat, dörd qəpik) manat məbləğində borc **********00060 kodlu abonent hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Kamilli