Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(5-145)-129/2026 23.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. Ərizəçi Əsədov X5 regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" haqqında ərizə ilə məhkəməyə müraciət edərək mərhum bacısı X1 07 avqust 1977-ci il tarixdə Masallı rayonu, Binə Xocavar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
2. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum bacısı X4 20 iyul 1977-ci ildə Masallı rayonu, Binə Xocavar kəndində anadan olmuş, 07 avqust 1977-ci ildə vəfat etmiş və Masallı rayonu, Binə Xocavar kənd qəbirstanlığında dəfn olunmuşdur. Lakin bacısının vəfatı ilə bağlı qeydiyyat və xəstəxanada hər hansı qeydiyyat aparılmamışdır. Buna görə də, hazırda bacısının ölüm haqqında akt qeydi mövcud deyildir. Bacısının vəfat etməsini təsdiq edən şahidləri vardır. Məzar daşının şəkilində bacısının vəfat etməsi və kənd qəbiristanlığında dəfn olunması təsdiq olunur. Mərhum bacısı çox qısa müddət yaşamış və 07 avqust 1977-ci il tarixdə vəfat etmişdir.
Tərəflərin izahatları:
3. Məhkəmə baxışı iclasında iştirak edən ərizəçi X6 ərizəni müdafiə edərək bildirmişdir ki, hazırda ailədə 2 bacı və 3 qardaş olmaqla 5 uşaqdırlar. Ülviyyə ən böyükləri olmuş və vəfat etmişdir. Bacısının ölüm faktının müəyyən edilməsi yaşadığı evi adına keçirmək üçün lazımdır. X11 vəfat etdiyi üçün başqa bacısına onun adını vermişlər. Qeyd olunanlara əsasən 20 iyul 1977-ci ildə anadan olmuş mərhum bacısı X2 07 avqust 1977-ci tarixdə Masallı rayonu, Binə Xocavar kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Maraqlı şəxs Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, ərizəçi qardaşı Rzaxanın oğludur. O, hərbi xidmətdən gəldikdən sonra soyadını dəyişdiyindən soyadları fərqlidir. Rzaxanın iki qızı və üç oğlu vardır. Ərizəçi bir bacısı Ülviyyə rəhmətə getmişdir. Ərizəçinin bacısı Binə Xocavar kənd qəbristanlığında dəfn edilmişdir.
6. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, ərizəçi qardaşı Rzaxanın oğludur. Valideynlərinin nikahı olmadığı üçün ana soyadlarında olmuşlar, lakin sonradan soyadlarını dəyişərək atasının soyadı olan Dadaşov soyadına keçmişdir. Rzaxanın üç oğlan və iki qız olmaqla beş uşağı vardır. Qəfərin bacısı Ülviyyə körpə vaxtı rəhmətə getmiş və Binə Xocavar kənd qəbristanlığında dəfn edilmişdir.
İş materialları:
7. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 dekabr 2025-ci il tarixli doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 1992ci il tarixdə Masallı rayonu, Binə Xocavar kəndində doğulmuş, atası qrafasında X7, anası qrafasında X3 valideynləri kimi doğum haqqında akt qeydləri kitabında kitabında 24 fevral 1992-ci il tarixdə 53 № ilə qeyd edilmişdir.
8. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 dekabr 2025-ci il tarixli doğum haqqında arayışdan görünür ki, X4 20 iyul 1977-ci il tarixdə Masallı rayonu, Binə Xocavar kəndində doğulmuş, atası qrafasında X7, anası qrafasında X3 valideynləri kimi doğum haqqında akt qeydləri kitabında kitabında 20 iyul 1977-ci il tarixdə 132 № ilə qeyd edilmişdir.
9. AZ-İİ seriyalı 134793 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 13 dekabr 2020-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 24 dekabr 2020-ci il tarixdə 1405 nömrə ilə qeyd edilmişdir.
10. AZ-İİ seriyalı 444046 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 17 avqust 2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 21 avqust 2023-cü il tarixdə 709 nömrə ilə qeyd edilmişdir.
11. Masallı rayon İcra hakimiyyəti başçısının Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 801 nömrəli, 22 dekabr 2025-ci il tarixli arayışından görünür ki, xx xxxxxx 1992-ci il təvəllüdlü Əsədov X5 rayonu, Binə Xocavar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır.
12. Masallı rayon İcra hakimiyyəti başçısının Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 145 nömrəli, 16 fevral 2026-cı il tarixli arayışından görünür ki, Ərizəçi bacısı 20 iyul 1977-ci il təvəllüdlü X4 şahidlərin ifadəsinə görə 07 avqust 1977-ci ildə vəfat etmiş və Masallı rayonu, Binə Xocavar kənd qəbirstanlığında dəfn edilmişdir.
13. “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 15 dekabr 2025-ci il tarixli 18-1-60/2-Ə-11xx-xx-1260/2025 saylı arayışından görünür ki, Masallı rayonu, Binə Xocavar kənd sakini X1 vəfat etməsi barədə “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdə hər-hansı bir məlumat aşkar edilmədi.
14. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin rəyindən görünür ki, Ərizəçi 1977-ci ildə vəfat etmiş bacısı X1 ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış və ona izah olunmuşdur ki, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmadığı hallarda ölümün qeydiyyatı həmin ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır. Ərizədə göstərilən, 1977-ci ildə vəfat etmiş 20 iyul 1977-ci təvəllüdlü X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 03 dekabr 2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə aparılan yoxlama zamanı ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Eyni zamanda ərizəçi məlumat vermişdir ki, ölümün dövlət qeydiyyatının aparılması üçün ondan tələb olunan ölüm haqqında tibbi şəhadətnaməni qeydiyyat şöbəsinə təqdim edə bilmir. Belə olan halda ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.
İşin faktiki halları:
15. Məhkəmə iclasında müəyyən olundu ki, X4 20 iyul 1977-ci ildə anadan olmuşdur. X4 07 avqust 1977-ci il tarixdə ev şəraitində vəfat etmiş və Masallı rayonu, Binə Xocavar kənd qəbristanlığında dəfn olunmuşdur. Ərizəçinin müraciəti Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən araşdırılmış və izah edilmişdir ki, ərizəçi bacısı X1 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndinə əsasən xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
Məhkəmə baxışının hədləri:
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
20. Göründüyü kimi X1 07 avqust 1977-ci il tarixdə Masallı rayonu, Binə Xocavar kəndində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X1 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur.
Məhkəmə xərcləri:
21. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
Nəticə:
22. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 20 iyul 1977-ci il il tarixdə Masallı rayonu, Binə Xocavar kəndində anadan olmuş X1 07 avqust 1977-ci il tarixdə Masallı rayonu, Binə Xocavar kəndində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır.
23. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
Ərizə təmin olunsun. 20 iyul 1977-ci il il tarixdə Masallı rayonu, Binə Xocavar kəndində anadan olmuş X1 07 avqust 1977-ci il tarixdə Masallı rayonu, Binə Xocavar kəndində ölməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elşən Hüseynov