Məhkəmə qərarları › İş №2(5-145)-405/2026

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-145)-405/2026

18.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(5-145)-405/2026 18.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə Ərizəçi mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə 30 oktyabr 2023-cü il tarixdə mediasiya prosesində bağlanmış 00102 saylı barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs 22 may 2008-ci il təvəllüdlü X4, 13 sentyabr 2010cu il təvəllüdlü X6 və 27 noyabr 2015-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşağa görə 100 (yüz) manat, cəmi 300 manat məbləğində alimentin tutularaq ona verilməsi, barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 05 iyul 2007-ci ildə rəsmi nikaha girərək ailə qurmuşlar. Rəsmi nikahlarından 22 may 2008-ci il təvəllüdlü X4, 13 sentyabr 2010-cu il təvəllüdlü X6 və 27 noyabr 2015-ci il təvəllüdlü X7 adlı uşaqları olmuşdur. Lakin sonradan xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Ayrıldıqdan sonra Maraqlı şəxs uşaqlara baxmadığından və uşaqların xərclərini qarşılamadığından nikahın pozulması alimentin ödənilməsi ilə bağlı mediasiyaya müraciət etmişdir. Maraqlı şəxslə 30 oktyabr 2023-cü ildə mediasiya prosesində 00102 saylı barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə görə Maraqlı şəxs üç nəfər uşağın saxlanılması üçün hər ay 300 manat alimenti ona ödəyəcəkdir. Alimentin ödənilməsini 2025-ci ilin noyabr ayından hesablayaraq, hər ayın 25-kimi ödəməli idi, lakin Farizlə barışıq sazişini imzaladığları vaxtdan bu günə kimi alimenti ona ödəməmişdir. Farizin mobil nömrələrinə zəng çatmır. Dəfələrlə alimenti tələb etsə də, imkanı olacağı təqdirdə alimenti ödəyəcəyini bildirimişdir. Fariz onu aldatmışdır, uşaqların maddi təlabatlarını ödəyə bilmir. Ona görədə, Maraqlı şəxs ilə 30 oktyabr 2023-cü ildə mediasiya prosesində bağladığları 00102 saylı barışıq sazişinin təsdiq edilməsi qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadələrində olan əlaqə nömrələrinə sms vasitəsilə məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: MŞM/MT036/2023-00102 saylı 30 oktyabr 2023-cü il tarixli barışıq sazişindən görünür ki, Tərəflər 2002-ci ilin iyun ayında faktiki nikah münasibətlərinə girərək ailə qurmuş və 05 iyul 2007-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Bu nikahdan üç uşaq doğulmuşdur; 1) 22 may 2008-ci il təvəllüdlü X4; 2) 13 sentyabr 2010-cu il təvəllüdlü X6; 3) 27 noyabr 2015-ci il təvəllüdlü X7. Son dövrlərdə tərəflər arasında ailə daxili münasibətlər korlandığı üçün Ərizəçi nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi və alimentin təyin edilməsi mübahisəsinin həll edilməsi üçün mediasiyaya müraciət etmişdir. 30 oktyabr 2023-cü il tarixdə tərəflərə həmin mübahisə üzrə ilkin mediasiya sessiyası keçirildi və ilkin mediasiya sessiyası zamanı tərəflər tam mediasiya sessiyasına keçmək barədə qərar qıbul etdilər. Tam mediasiya prosesi zamanı tərəflər nikahın davam etdirilməsi barədə razılığa gəlmədilər. Lakin uşaqların ananın himayəsinə verilməsi və uşaqların saxlanılması üçün aliment təyin edilmısi mübahisəsini həll edərək, aşağıdakı şərtlər daxilində razılığa gəldilər.1) Tərəflərin birgə uşaqları X4, X6 və X2 Vəfa İsaq qızının yanında saxlanılmaqla onun himayəsinə verilir. 2) X4, X6 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq üçün 100 (bir yüz) manat sabit məbləğdə aliment müəyyən edilir. 3) Cari ilin noyabr ayının 25-dən başlayaraq, gələn hər ayın 25-dək hər bir uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçi bank kartına ödənilir. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş uşağların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 (yüz) manat, cəmi 300 (üç yüz) manat məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 30 oktyabr 2023-cü il tarixli, MŞM/MT036/2023-00102 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “2) X4, X6 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq üçün 100 (bir yüz) manat sabit məbləğdə aliment müəyyən edilir. 3) Cari ilin noyabr ayının 25dən başlayaraq, gələn hər ayın 25-dək hər bir uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçi bank kartına ödənilir” təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 04 dekabr 2025-ci il tarixli, MŞM/MT036/2023-00102 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “2) X4, X6 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər bir uşaq üçün 100 (bir yüz) manat sabit məbləğdə aliment müəyyən edilir. 3) Cari ilin noyabr ayının 25dən başlayaraq, gələn hər ayın 25-dək hər bir uşaq üçün 100 (yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində aliment Maraqlı şəxs tərəfindən Ərizəçi bank kartına ödənilir. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar