Məhkəmə qərarları › İş №2(5-145)-422/2026

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-145)-422/2026

19.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(5-145)-422/2026 19.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə, Masallı 1 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş 14 noyabr 2025-ci il tarixdə barışıq sazişinin təsdiq edilməsi və 17 avqust 2018-ci il təvəllüdlü X4, 11 fevral 2020-ci il təvəllüdlü X5 və 29 iyul 2022-ci il təvəllüdlü X1 üçün hər ay hər birinə 100 (bir yüz) manat olmaqla üç uşağa cəmi 300 (üç yüz) manat alimentin Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə birlikdə yaşadığları dövrdə 17 avqust 2018-ci il təvəllüdlü X4, 11 fevral 2020-ci il təvəllüdlü X5 və 29 iyul 2022-ci il təvəllüdlü X6 adlı üç uşaqları anadan olmuşdur. Maraqlı şəxsla aralarında Masallı rayon 1 saylı Mediasiya təşkilatında barışıq sazişi bağlanmış və həmin sazişin şərtlərinə əsasən uşaqların onun yanında qalmasına və uşaqların saxlanılması üçün hər ay hər birinə 100 (bir yüz) manat olmaqla, üç uşağa cəmi 300 (üç yüz) manat aliment ödənilməsi barədə razılığa gəliblər. Ona görə də, barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin təsdiq olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan yazılı sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı iclasında tədqiq edilmiş: MŞM/MT 036/2025-01041 saylı 14 noyabr 2025-ci il tarixli barışıq sazişindən görünür ki, 14 noyabr 2025-ci il tarixdə tərəflər Ərizəçi və Maraqlı şəxs Masallı 1 saylı Mediasiya Təşkilatına “Uşaqların ananın yanında qalması və aliment” tələbi ilə müraciət etmişdir. Tərəflərin faktiki nikahlarından 17 avqust 2018-ci il təvəllüdlü X4, 11 fevral 2020ci il təvəllüdlü X5 və 29 iyul 2022-ci il təvəllüdlü X6 doğulmuşdur. Tərəflər arasında münasibətlər tamamilə pozulduğu üçün “Uşaqların ananın yanında qalması və aliment” tələbi ilə könüllü olaraq Mediasiyaya müraciət etmişlər. 14 noyabr 2025-ci il tarixdə tərəflər tam mediasiya sessiyasını keçmək barədə qərar qəbul etdilər. Tam mediasiya prosesi zamanı aşağıdakı şərtlət daxilində razılığa gəldilər: 1) Tərəflərin faktiki nikahlarından olan 17 avqust 2018-ci il təvəllüdlü X4, 11 fevral 2020-ci il təvəllüdlü X5 və 29 iyul 2022-ci il təvəllüdlü X6 anaları 1-ci Tərəf Ərizəçi yanında qalmaqla onun himayəsinə verilir; 2) 17 avqust 2018-ci il təvəllüdlü X4, 11 fevral 2020-ci il təvəllüdlü X5 və 29 iyul 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər birinə 100 (yüz) manat olmaqla üç uşağa cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment müəyyən edilir; 3) 2-ci Tərəf Maraqlı şəxs 2025-ci ilin dekabr ayının 28-dək və gələn hər növbəti ayın 01-dən 28-dək 300 (üç yüz) manat məbləğində alimenti 1-ci Tərəf Ərizəçi nağd, poçt vasitəsi ilə və ya onun bank kartı hesabına ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 (yüz) manat, cəmi 300 (üç yüz) manat məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin bu hissəsinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 14 noyabr 2025-ci il tarixli, MŞM/MT 036/2025-01041 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “2) 17 avqust 2018-ci il təvəllüdlü X4, 11 fevral 2020-ci il təvəllüdlü X5 və 29 iyul 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər birinə 100 (yüz) manat olmaqla üç uşağa cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment müəyyən edilir; 3) 2-ci Tərəf Maraqlı şəxs 2025-ci ilin dekabr ayının 28-dək və gələn hər növbəti ayın 01-dən 28-dək 300 (üç yüz) manat məbləğində alimenti 1-ci Tərəf Ərizəçi nağd, poçt vasitəsi ilə və ya onun bank kartı hesabına ödəməyi öhdəsinə götürür” təsdiq edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Qətnamə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 14 iyul 2025-ci il tarixli, MŞM/MT 036/2025-00599 nömrəli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “2) 17 avqust 2018-ci il təvəllüdlü X4, 11 fevral 2020-ci il təvəllüdlü X5 və 29 iyul 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər birinə 100 (yüz) manat olmaqla üç uşağa cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment müəyyən edilir; 3) 2-ci Tərəf Maraqlı şəxs 2025-ci ilin dekabr ayının 28-dək və gələn hər növbəti ayın 01-dən 28-dək 300 (üç yüz) manat məbləğində alimenti 1-ci Tərəf Ərizəçi nağd, poçt vasitəsi ilə və ya onun bank kartı hesabına ödəməyi öhdəsinə götürür”. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar