Məhkəmə qərarları › İş №2(5-145)-63/2026

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-145)-63/2026

17.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(5-145)-63/2026 17.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımlı Fidan Lətif qızının sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Masallı Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə video-audio yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə Ərizəçinin tələbi Ərizəçi (Masallı Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) ərizə ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək mərhum atası 05 dekabr 1971-ci ildə doğulmuş X2 26 mart 2022-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin dəlilləri Ərizə onunla əsaslandırılmışdır ki, atası X5 26 mart 2022-ci ildə qaraciyər serrozundan ölmüş və Qəriblər kənd Yuxarıbaş qəbiristanlığında dəfn olunmuşdur. Bu faktı bütün qohumlar və qonşular təsdiq edə bilərlər. Lakin ölümün səbəbinə dair tibbi akt tərtib edilməmiş, buna görə də ölümün qeydiyyatı mümkün olmamışdır. Mərhum atasının meyiti müayinə olunmadığından bu barədə müvafiq qeydiyyat aparılmamışdır ki, nəticədə onun ölümünün qeydə alınması başqa yolla mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən belə olan halda həmin faktı məhkəmə müəyyən edə bilər. İş üzrə alınmış izahatlar Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, atası 26 mart 2022-ci ildə xəstəlikdən vəfat etmişdir. O, Masallı rayonu, Şıxlar kəndində ev şəraitində vəfat etmiş, onun cənazəsini Qəriblər kənd Yuxarıbaş qəbirstanlığında dəfn etmişlər. Sonda ərizəçi ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Masallı Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Ərizəçi onun həmkəndlisidir. Tərlanın atası 26 mart 2022-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. Meyitin yuyulmasında şəxsən özü iştirak etmişdir. Onun cənazəsi Qəriblər kənd Yuxarıbaş qəbiristanlığında dəfn edilmişdir. Onun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Ərizəçi onun həmkəndlisidir. Tərlanın atası 26 mart 2022-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. Onun cənazəsi Qəriblər kənd Yuxarıbaş qəbiristanlığında dəfn edilmişdir. Onun dəfn və yas mərasimində iştirak etmişdir. Əsaslandırıcı hissə İş materialları Doğum haqqında arayışdan görünür ki, X5 05 dekabr 1971-ci ildə Masallı rayonu, Şıxlar kəndində doğulmuşdur. Onun atası X4, anası X1r. Doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 2000-ci ildə Masallı rayonu, Şıxlar kəndində doğulmuşdur. Onun atası X5, anası X3r. Masallı rayon Qəriblər bələdiyyəsinin 09 yanvar 2026-cı il tarixli, 14 nömrəli arayışından görünür ki, Ərizəçi atası X5 26 mart 2022-ci il tarixdə vəfat etmiş və Qəriblər kənd Yuxarıbaş qəbiristanlığında dəfn edilmişdir. “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 06 yanvar 2026-ci il tarixli, 18-1-60/2-M-16-xx-xx/2026 nömrəli arayışından görünür ki, X2 ölməsi barədə “Masallı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə hər hansı bir məlumat aşkar olunmamışdır. Masallı Regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin rəyindən görünür ki, Ərizəçi vəfat etmiş atası X2 ölümünün qeydə alınması barədə ərizəsinin qəbulundan ölüm faktını təsdiq edən tələb olunan sübutedici sənədlər təqdim edilmədiyinə görə imtina edilmişdir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Materiala əlavə edilmiş qəbirdaşının fotoşəkillərindən görünür ki, qəbirin baş daşının üzərinə “X5” “xx.xx.1971-xx.xx.2022” rəqəmləri və sözləri həkk edilmişdir. İşin halları Məhkəmədə işin faktiki halları ilə müəyyən olunur ki, X5 05 dekabr 1971-ci ildə doğulmuş, 26 mart 2022-ci ildə Masallı rayonu, Şıxlar kəndində vəfat etmiş, Qəriblər kənd Yuxarıbaş qəbirstanlığında dəfn edilmişdir. Onun ölüm faktının qeydə alınması üçün tələb olunan tibbi sənəd (həkim arayışı) müvafiq icra hakimiyyəti orqanına təqdim edilmədiyi üçün ölüm qeydinin rəsmiləşdirilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194. Ölüm haqqında məlumat vermə. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 41 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

Məhkəmənin mövqeyi

Ərizəçinin xahişindən görünür ki, məhkəmədən atası X2 26 mart 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. İş materialları və şahid ifadələri əsasında ərizəçinin atası X2 26 mart 2022-ci il tarixdə ölməsi faktı müəyyən olunmuşdur. Lakin bu ölüm barədə məlumat dövlət qeydiyyatına alınmamışdır. Bu səbəbdən ərizəçi atasının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X2 26 mart 2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır. Ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir. X2 26 mart 2022ci il tarixdə ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir.

Nəticə hissə

Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 05 dekabr 1971-ci il təvəllüdlü X2 26 mart 2022-ci il tarixdə Masallı rayonu, Şıxlar kəndində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. 05 dekabr 1971-ci il təvəllüdlü X2 26 mart 2022-ci il tarixdə Masallı rayonu, Şıxlar kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fidan Qasımlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar