Məhkəmə qərarları › İş №2(5-145)-8/2026

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-145)-8/2026

18.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № 2(5-145)-8/2026 18.02.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. Ərizəçi Əliyev X3 regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" haqqında ərizə ilə məhkəməyə müraciət edərək mərhum qardaşı X2 14 oktyabr 1984-cü ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum qardaşı X5 15 oktyabr 1958-ci ildə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş, 14 oktyabr 1984-cü ildə vəfat etmiş və Masallı rayonu Qızılağac kənd qəbiristanlığında dəfn olunmuşdur. Lakin qardaşının vəfatı ilə bağlı Qeydiyyat şöbəsində və xəstəxanada hər hansı qeydiyyat aparılmamışdır. Buna görə də, hazırda qardaşının ölüm haqqında akt qeydi mövcud deyildir. Qardaşının vəfat etməsini təsdiq edən şahidləri vardır. Həmçinin Masallı rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd ərazi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışa əsasən qardaşının 14 oktyabr 1984-cü ildə vəfat etməsi və Masallı rayon Qızılağac kənd qəbiristanlığında dəfn olunması təsdiq olunmuşdur. Ölüm faktının müəyyən olunması hazırda müəyyən sənədləşmə işləri, vərəsəlik işlərinin aparılması üçün zəruridir. Lakin qardaşının vəfatı ilə bağlı Qeydiyyat şöbəsində ölüm aktı mövcud deyildir. Buna görə də, ölüm faktının müəyyən edilməsi barədə müvafiq icra orqanına müraciət olunsa da, ona ölüm haqqında faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək barədə hüquqları izah olunmuşdur. Ona görə də, ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur.

Tərəflərin izahatları:

3. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək 15 oktyabr 1958-ci ildə anadan olmuş mərhum qardaşı X2 14 oktyabr 1984-cü tarixdə Masallı rayonu, Qızılağac kəndində ölməsi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Maraqlı şəxs Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, ərizəçi ilə bir kəddə qonşuluqda yaşayırlar. Ərizəçi mərhum qardaşı İlqar 1984-cü il tarixdə rəhmətə getmişdir. Buna görə qırx gün yas saxlamışdır. X7 vərəm xəstəliyindən rəhmətə getmişdir. Eyni zamanda İlqarın böyük qardaşı Xanlarla sinif yoldaşı olmuşlar, o, da vərəm xəstəliyindən vəfat etmişdir. İlqar Qızılağac kənd qəbristanlığında dəfn edilmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir.

6. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, ərizəçi ilə bir kəddə yaşayırlar. Ərizəçi qardaşı İlqar ilə 7-9-cü sinifdə oxuyan zaman dost olmuşlar. X7 1984-cü ildə rəhmətə getmişdir. Həmin vaxt onların evinə yaxın evdə kirayədə yaşamışdır. Ərizəçinin qardaşı Qızılağac kənd qəbristanlığında dəfn edilmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir.

İş materialları:

7. İ-ИЕ seriyalı 654507 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 15 oktyabr 1958-ci ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuşdur. Atası qrafasında X6, anası qrafasında X1 qeyd edilmişdir.

8. AZ-İ seriyalı 293570 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1960-cı ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuşdur. Atası qrafasında X6, anası qrafasında X1 qeyd edilmişdir.

9. Masallı rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 560 nömrəli 24 noyabr 2025-ci il tarixli arayışından görünür ki, Əliyev X3 rayonu, Qızılağac kəndində qeydiyyatdadır və yaşayır.

10. Masallı rayon İcra Hakimiyyəti başçısının Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 632 nömrəli 05 dekabr 2025-ci il tarixli arayışından görünür ki, mərhum X5 14 oktyabr 1984-cü il tarixdə vəfat edərək Qızılağac kənd qəbirstanlığında dəfn edilmişdir.

11. “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 29 noyabr 2025-ci il tarixli 18-1-60/2-Ə-10xx-xx-1171/2025 saylı arayışından görünür ki, 15 oktyabr 1958-ci il təvəllüdlü X2 ölməsi barədə “Masallı rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsdə hər-hansı bir məlumat aşkar edilmədi.

12. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin rəyindən görünür ki, Ərizəçi vəfat etmiş qardaşının ölümünün qeydə alınması barədə ərizəsinə baxılmış və ona izah olunmuşdur ki, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və konsulluq idarəsində qeydə alınmadığı hallarda ölümün qeydiyyatı həmin ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında qeydiyyat şöbəsi tərəfindən aparılır. Ərizədə göstərilən, 1984-cü ildə vəfat etmiş X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 23 noyabr 2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə aparılan yoxlama zamanı ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Eyni zamanda ərizəçi məlumat vermişdir ki, ölümün dövlət qeydiyyatının aparılması üçün ondan tələb olunan ölüm haqqında tibbi şəhadətnaməni qeydiyyat şöbəsinə təqdim edə bilmir. Belə olan halda ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. X2 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.

13. İş materiallarına əlavə edilmiş foto şəkildən görünür ki, X5 adlı şəxsin məzarı təsvir olunmuşdur, doğum tarixi xx.xx.1958-ci il, ölüm tarixi isə xx.xx.1984-cü il qeyd edilmişdir.

İşin faktiki halları:

14. Məhkəmə iclasında müəyyən olundu ki, X5 15 oktyabr 1958-ci ildə anadan olmuşdur. X5 14 oktyabr 1984-cü il tarixdə ev şəraitində vəfat etmiş və Masallı rayonu, Qızılağac kənd qəbristanlığında dəfn olunmuşdur. Ərizəçinin müraciəti Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən araşdırılmış və izah edilmişdir ki, ərizəçi qardaşı X2 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndinə əsasən xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

Məhkəmə baxışının hədləri:

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

19. Göründüyü kimi X2 14 oktyabr 1984-cü il tarixdə Masallı rayonu, Qızılağac kəndində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X2 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur.

Məhkəmə xərcləri:

20. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

Nəticə:

21. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 15 oktyabr 1958-ci il tarixdə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş X2 14 oktyabr 1984-cü il tarixdə Masallı rayonu, Qızılağac kəndində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır.

22. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

Ərizə təmin olunsun. 15 oktyabr 1958-ci il tarixdə Masallı rayonu, Qızılağac kəndində anadan olmuş X2 14 oktyabr 1984-cü il tarixdə Masallı rayonu, Qızılağac kəndində ölməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar