Məhkəmə qərarları › İş №2(5-146)-6/2026

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(5-146)-6/2026

16.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(5-146)-6/2026 16.01.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin halları: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 27 iyul 2016-cı ildə Maraqlı şəxs ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 23 avqust 2017-ci il təvəllüdlü X3, 16 fevral 2021-ci il təvəllüdlü X2 və 03 dekabr 2022-ci il təvəllüdlü X1 adlı uşaqları doğulmuşdur. Aralarında bağlanmış nikah Mingəçevir Şəhər Məhkəməsinin 30 iyun 2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Onlar xx.xx.2025-ci il tarixdə Mediasiya prosessində iştirak etmiş, aralarında barışıq sazişi bağlanmış və barışıq sazişinin şərtlərinə əsasən azyaşlı uşaqlarının onun yanında qalmaları, azyaşlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 450 manat məbləğdə alimentin Maraqlı şəxs alınıb ona ödənilməsi, Maraqlı şəxs uşaqları ilə istənilən vaxt görüşməsi barəsində razılığa gəlmişlər. Lakin Maraqlı şəxs barışıq sazişinin tələblərini kobud surətdə pozmuş və öhdəliyini lazımı qaydada icra etməmişdir. Maraqlı şəxs barışıq sazişini könüllü icra etmək niyyəti olmamışdır. Belə olan halda məcburən barışıq sazişinin təsdiq olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə aparmaq üçün məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, tələbi ancaq barışıq sazişinin alimentlə bağlı hissəsindən, yəni xx.xx.2025-ci il tarixdən cavabdeh Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş 23 avqust 2017-ci il təvəllüdlü X3, 16 fevral 2021-ci il təvəllüdlü X2 və 03 dekabr 2022-ci il təvəllüdlü X1 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh Maraqlı şəxs hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat alimentin tutulub ona verilməsindən ibarətdir. Başqa iddia tələbi yoxdur. Ərizəçi ərizəyə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclası zamanı izahat verərək bildirmişdir ki, ərizənin təmin olunmasına etiraz etmir. Sübutların tədqiqi: İşdə olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi birgə nikahından 23 avqust 2017-ci il təvəllüdlü X3, 16 fevral 2021-ci il təvəllüdlü X2 və 03 dekabr 2022-ci il təvəllüdlü X1 adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(051)-1191/2025 nömrəli qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2016cıil tarixdə Mingəçevir şəhər Nikah Evində bağlanmış 144 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişindən görünür ki: "Tərəflər" aralarında olan birgə nikahın pozulmasına razıdırlar; "Tərəflər" uşaqların "Birinci tərəf'in yanında qalmalarına razıdırlar; "İkinci tərəf" uşaqları ilə qarşılıqlı razılaşma əsasında görüşə biləcək; "İkinci tərəf" "Birinci tərəf'in himayəsində olan övladlarına hər uşaq üçün 150 manat olmaqla hər ay 450 manat məbləğində aliment ödəyəcək. Aliment pulunu hər ay "Birinci tərəfin" açdığı bank hesabına köçürəcək - öhdəliklərini öz üzərinə götürməsi ilə bağlı ərizəçi ilə maraqlı şəxs arasında razılıq əldə edilmişdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə ərizəçinin ərizəsini və maraqlı şəxsin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi ilə maraqlı şəxs xx.xx.2016-cı il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş, onların birgə nikahından 23 avqust 2017-ci il təvəllüdlü X3, 16 fevral 2021-ci il təvəllüdlü X2 və 03 dekabr 2022-ci il təvəllüdlü X1 adlı uşaqları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah qeydi məhkəmə qaydasında pozulmuşdur. "Tərəflər" uşaqların "Birinci tərəfin yanında qalmalarına razıdırlar. "İkinci tərəf" uşaqları ilə qarşılıqlı razılaşma əsasında görüşə biləcək. "İkinci tərəf" "Birinci tərəf'in qəyyumluğunda olan övladlarına hər uşaq üçün 150 manat olmaqla hər ay 450 manat məbləğində aliment ödəyəcək. Aliment pulunu hər ay "Birinci tərəfin" açdığı bank hesabına köçürəcək -öhdəliklərini öz üzərinə götürməsi öhdəliyini öz üzərinə götürməsi ilə bağlı tərəflər arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən məcburi icrası üçün təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26.1-maddəsinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Məhkəmə hesab edir ki, 23 avqust 2017-ci il təvəllüdlü X3, 16 fevral 2021-ci il təvəllüdlü X2 və 03 dekabr 2022-ci il təvəllüdlü X1 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment ödəmək öhdəliyini öz üzərinə götürməsinə dair hissəsində barışıq sazişi məcburi icra edilməsi üçün təsdiq edilməlidir. Digər hissələrdə barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissəsinin təsdiq edilən hissədən ayrılması mümkündür. Bundan əlavə, ərizəçi ərizəsində tələbinin ancaq barışıq sazişinin alimentlə bağlı hissələrinin, yəni xx.xx.2025-ci il tarixdən hesablanmaqla cavabdeh Maraqlı şəxs ilə birgə nikahdan doğulmuş 23 avqust 2017-ci il təvəllüdlü X3, 16 fevral 2021-ci il təvəllüdlü X2 və 03 dekabr 2022-ci il təvəllüdlü X1 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin ödənilməsi və aliment ödənişinin Ərizəçi açdığı bank hesabına köçürülməsindən ibarət olduğunu, başqa heç bir tələbinin olmadığını göstərmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi – xx.xx.2025-ci il tarixdən Maraqlı şəxs tərəfindən 23 avqust 2017-ci il təvəllüdlü X3, 16 fevral 2021-ci il təvəllüdlü X2 və 03 dekabr 2022-ci il təvəllüdlü X1 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin ödənilməsinə, aliment ödənişinin Ərizəçi açdığı bank hesabına köçürülməsinə dair hissəsində təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar