Məhkəmə qərarları › İş №2(5-155)-261/2026

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(5-155)-261/2026

02.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(5-155)-261/2026 02.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs 2 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsi olmaqla ölüm faktının müəyyən edilməsi tələbinə dair iş üzrə (açar sözlər: ölüm faktının təsdiqi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs 2 saylı Sumqayıt regional “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsi olmaqla ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) tələb

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu xx.xx.2015-ci il təvəllüdlü X6 xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhərində ev şəraitində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. X3 ilə xx.xx.2012-ci ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Rəsmi nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X11 adlı övladları anadan olmuşdur. Mərhum oğlu X8 xx.xx.2017-ci il tarixdə halının pis olması səbəbindən tibbi yardım stansiyanın 1 nömrəli yardımçı məntəqənin ambulatoriyasına gətirsələr də, həkimlər artıq oğlunun öldüyünü ona bildirmişlər. Təcili və X4 Stansiyası tərəfindən onlara ölüm haqqında arayış təqdim etmişlər. Elə həmin gün yəni, xx.xx.2017-ci il tarixdə mərhum oğlunu Sumqayıt şəhər qəbiristanlığında dəfn etmişlər. Həmin vaxt ölüm haqqında şəhadətnamə almaq zərurəti olmadığı üçün bu işlə məşğul olmamışdır. Lakin illər keçdikcə müəyyən sənədləşmələrdə oğlunun ölüm haqqında şəhadətnaməsi zəruri sənədə çevirilir. Sumqayıt şəhər Təcili və X4 Stansiyasının arayışında ölümün baş verdiyi şəhər üzrə qeydiyyat şöbəsinə müraciət edərək, arayış əsasında mərhum oğluna ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin ona aşağıdakı məzmunda cavab verilmişdir: Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən,ölüm bu barədə məlumat verən şəxsin seçdiyi.ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Eyni zamanda AR MM-nin 41.1-ci maddəsinə əsasən şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o məhkəmə qaydasında ölmüş elan edilə bilər. “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndin əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X6 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

b) tələbə qarşı etiraz

3. Tələbə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsini müdafiə etdiyini qeyd etdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun iş yoldaşıdır. Musanın əvvəllər 3 uşağı olmuş, onlardan Harun adlı oğlu 2 yaşında ikən vəfat etmişdir. Uşağın yas mərasimində iştirak etmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, ərizəçi onun dostudur. Ərizəçinin 3 uşağı var idi. Onlardan biri 2017-ci ildə vəfat etmişdir. Uşağın dəfnində və yas mərasimində iştirak etmişdir. Əsaslandırıcı hissə:

a) mülki işin materialları

8. AZ-İ seriyalı, 765883 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X3 arasında bağlanmış nikah xx.xx.2012-ci il tarixdə Sumqayıt nikah evində 445 saylı akt qeydilə rəsmiləşdirilmişdir.

9. AZ-İİİ seriyalı, 705185 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. Atası Ərizəçi, anası X2r.

10. Sumqayıt şəhər X10 və X4 Stansiyasının 1656 nömrəli, xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, xx.xx.2017-cı il tarixdə, saat 18:50-də Sumqayıt şəhəri, 21 mkr həyət evində yaşayan xx.xx.2015-ci il təvəllüdlü X1 1 nömrəli yardımçı məntəqənin ambulatoriyasına gətirmişlər. Müayinə zamanı xx.xx.2015-ci il təvəllüdlü X6 meyiti aşkar edilmişdir. Anasının deməsinə görə uşaq iki gündür ki, diş ağrısından şikayət etmiş, oynayarkən vəziyyəti qəflətən pisləşib keçinmişdir. Meyit üzərində gözlə görünən zədə əlamətləri aşkar edilməmişdir. Hadisə barədə polisə məlumat verilmiş, meyit polis əməkdaşlarına təhvil verilmişdir.

11. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Vətəndaşlara Xidmət İdarəsinin 64 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X11 xx.xx.2017-ci il tarixində Sumqayıt şəhər qəbiristanlığında dəfn olunmuşdur.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2026-ci il tarixli, 3-16-5/8- 69-İ-44/2026 nömrəli məktubundan görünür ki, X6 ölümünü təsdiq edən sənəd olmadığından ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.

13. Fotoşəkillə müəyyən olunur ki, X6 (xx.xx.2015-xx.xx.2017) adına qəbir mövcuddur və ona baş daşı ucaldılmışdır.

b) mülki iş üzrə tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

15. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarı: “1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: Maddə 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.

c) məhkəmənin mövqeyi

18. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

19. Belə ki, işdəki sübutlara məcmu halında qiymət verilərkən müəyyən olunur ki, ərizəçinin övladı – xx.xx.2015-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş X11 xx.xx.2017-ci ildə ev şəraitində vəfat etmiş, ailə üzvləri və yaxınlarının iştirakı ilə dəfn edilmiş, mərhumun qəbri və baş daşı mövcuddur. Ölümün hansı səbəbdən baş verdiyini təsdiq edən sənəd və həkim rəyi olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, ölüm haqqında müvafiq tibbi şəhadətnamə olmadığı üçün isə ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamışdır.

20. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X6 xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir.

Nəticə hissəsi:

21. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü X6 xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X6 adına göstərilən məlumatlar əsasında ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar