Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(5-155)-263/2026 05.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüsal Rəfi oğlunun sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi olmaqla ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qaynatası – X2 1985-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx xxxxxx 1963-cü il tarixdə anadan olmuşdur. Hazırda ünvan 1 ünvanında yerləşən 24 saylı mənzil mərhum həyat yoldaşının mülkiyyətində olmuşdur. Vəfatından sonra vərəsəlik işinin açılması ilə bağlı notariat orqanına müraciət etdiyi zaman ondan həyat yoldaşının atasının ölüm haqqında şəhadətnaməsi tələb edilmişdir. Bu səbəbdən də onun tərəfindən 2 saylı Sumqayıt regional Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həmin orqanın 17 dekabr 2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, ölüm haqqında şəhadətnamə aşkar edilməmişdir. O da bu səbəbdən iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, lakin mümkün sayılmamış, ona hazırki tələb üzrə ümumi məhkəməyə müraciət etməyi bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, hazırki məsələnin məhkəmədən kənar həlli mövcud deyildir. Hazırki iş üzrə faktın müəyyən edilməsi vərəsəlik işinin aparılması ilə bağlı zəruridir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, qaynatası 1985-ci ilin dekabr ayının 6-da vəfat etmişdir. Qeydiyyatı olmamış, lakin onların evinə gəlmiş, həmçinin onların evində rəhmətə getmişdir. Sumqayıt qəbristanlığında da dəfn elətdirmişlər. Yoldaşı rəhmətə getdikdən sonra müraciət etmiş, müraciətdə isə qaynatanın ölüm kağızı tələb olunmuşdur.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadələri:
6. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 ifadəsində bildirdi ki, ərizəçini tanıyır. 1985-ci ilin may ayında ev almışlar. O zamandan bəri qapı qonşudurlar. Qonşu olduqları müddətdə Ərizəçi qaynatası təxminən həmin ilin dekabr ayında rəhmətə getmişdir. Gözü ilə görmüş, dəfnində iştirak etmişdir.
Tədqiq olunan sübutlar:
7. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8278/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, ərizəçinin məhkəməyə ərizə ilə müraciət edərkən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı tibb müssisəsinə müraciətini təsdiq edən sənədi və eyni zamanda müvafiq inzibati orqanın ölüm haqqında şəhadətnamənin verilməsindən imtinasını təsdiq edən sənədi məhkəməyə təqdim etməməsi səbəbindən ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
8. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-5453/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, iddiaçı Ərizəçi cavabdeh 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinə qarşı “ölüm haqqında şəhadətnamənin təkrar surətinin verilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
9. 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 dekabr 2024-cü il tarixli, 3-16-5/8-M-69-3158/2024 nömrəli arayışdan görünür ki, X4 barəsində Sumqayıt şəhər qeydiyyat şöbəsinin arxivində ölüm akt qeydi aşkar olunmadı. Arxiv məlumatları 1982-1988-ci illər Sumqayıt şəhər qeydiyyat şöbəsi üzrə vətəndaşlıq vəziyyəti aktlarının arxivində yoxlanılmalıdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır.
10. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 13 saylı Mənzil Komunnal Sahəsi tərəfindən verilmiş 469 nömrəli, xx.xx.2025-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında yaşamış keçmiş ev sakini mərhum X1 atası mərhmun X4 oğlunun evində qeydiyyatsız yaşayıb və 1985-ci ildə vəfat etmişdir.
11. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini X8 Hüquqi Şəxs “Sumqayıt Tibb Mərkəzi” X10 1 nömrəli Şəhər Xəstəxanasının poliknika şöbəsi tərəfindən verilmiş 04 nömrəli, 06 yanvar 2026-cı il tarixli Ərizəçi ərizəsinə cavabdan görünür ki, yaxın qohumu X2 adına poliknika tərəfindən ölüm haqqında şəhadətnamə verilməmişdir.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 yanvar 2026-cı il tarixli ərizəyə cavabdan görünür ki, X2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.
13. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Vətəndaşlara Xidmət İdarəsi tərəfindən verilmiş 46 nömrəli, 23 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, mərhum X4 1985-ci il tarixdə Sumqayıt Şəhər Qəbristanlığında dəfn olunmuşdur.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2-ci maddəsinə görə məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
10. Azərbaycan Respublikası Ailə Məcəlləsi :
158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir. 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, ərizəçini dinləyərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməlidir.
13. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Ərizəçi qayınatası mərhum X2 gəlinidir. X4 1985-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Ərizəçiyə Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini X8 Hüquqi Şəxs “Sumqayıt Tibb Mərkəzi” X10 1 nömrəli Şəhər Xəstəxanasının poliknika şöbəsi tərəfindən X2 ölümü ilə bağlı tibbi şəhadətnamə verilməmişdir. Bundan sonra ərizəçi mərhum qayınatasına ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı 2 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etsə də, ölümü təsdiq edən sənədin olmaması səbəbindən şəhadətnamənin verilməsindən imtina edilmişdir.
14. Mülki-Prosessual Məcəllənin yuxarıda qeyd edilən normalarının tələblərindən göründüyü kimi məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Şəxsin müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
15. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır: ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür.
16. Təqdim edilmiş ərizədə X2 1985-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktının müəyyən edilməsi xahiş olunmuşdur. Qeyd olunan ərizədə göstərilən halların qanunvericiliklə nəzərdə tutulmuş qaydada araşdırılması zəruridir.
17. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”.
18. Həmin qərarın 9.2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır.
19. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, yuxarıda adları qeyd olunan qurumlar tərəfindən ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamənin və eyni zamanada ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır.
20. Məhkəmə hesab edir ki, hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi zərurəti mövcud olduğundan və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından, habelə X2 6 dekabr 1985-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi ərizəçinin izahatı və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır və təmin edilməlidir.
Nəticə:
25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. X2 6 dekabr 1985-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüsal Məhərrəmov