Məhkəmə qərarları › İş №2(5-159)-73/2026

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(5-159)-73/2026

06.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(5-159)-73/2026 06.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi Ərizəçi nümayəndəsi X2 iştirakı ilə Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2007-ci il tarixdə Gəncə şəhərində anadan olmuş 2007-ci ilin noyabr ayında Göy-göl (xanlar) rayon qəbristanlığında dəfn edilmiş, mərhum övladı X4 2007 -ci ilin noyabr ayında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, arvadı X5 ilə 2006-ci ildə faktiki olaraq evlənib ailə qurmuş, nikahları isə xx.xx.2007-ci il tarixdə Göy-göl (Xanlar) rayon İH Başçısının Şəhriyar kəndi üzrə İƏD-də -09 saylı akt qeydi ilə rəsmiləşirmişlər. Birgə ailə həyatından xx.xx.2007-ci il təvəllüdlü X8, xx.xx.2009-cu il təvəllüdlü Kənan, xx.xx.2011-ci il təvəllüudlü Rəvan və xx.xx.2017-ci il təvəllüdlü Mələk adlı uşaqları anadan olmuşdur. xx.xx.2007-ci il təvəllüdlü X8 adlı uşağın ümumi xəstəlik nəticəsində 2007-ci ilin noyabr ayında vəfat etmiş, Göy-göl (Xanlar) rayon qəbristanlığında dəfn edilmişdir. Ancaq, uşağının ölümü müvafiq qeydiyyat Şöbəsində qeydiyyata alınmamasına görə ölümü haqqında şəhadətnamə alınmamışdır. Hazırda xx.xx.2007-ci il təvəllüdlü X8 adlı uşaqlarının ölümü haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Ona görə Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsinə etdiyi müraciətə verilən xx.xx.2026-cı il tarixli cavab məktubunda xx.xx.2007-ci il təvəllüdlü X8 adlı uşağının ölümünün səbəbi haqqında müvafiq tibbi rəyin və ya ölüm faktının müəyyən edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olmamasına görə uşağının ölümü haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və uşağının ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olması tövsiyyə edilmişdir. Ona görə xx.xx.2007-ci il təvəllüdlü X8 adlı uşağının ölümü faktının müəyyən edilməsi üçün məlum ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi nümayəndəsi X6 məhkəmə iclası zamanı ərizənin məzmununa uyğun ifadə verərək təmin edilməsini xahiş etmişdir. Ərizəçi və Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin və işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2007-ci ildə Gəncə şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ- 321208 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X3 nikahı haqqında xx.xx.2007-ci il Göy-göl (Xanlar) rayon İH Başçısının Şəhriyar kəndi üzrə İƏD-də 09 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X8 adlı uşağının ölümünün səbəbi haqqında müvafiq tibbi rəyin və ya ölüm faktının müəyyən edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olmamasına görə uşağının ölümü haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və uşağının ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququnun olması tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, Ərizəçi nümayəndəsi X6 məhkəmə iclasındakı izahatından, mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin oğlu (ərizəçinin mərhumun atası olması işə əlavə edilmiş doğum haqqında şəhadətnamə ilə təsdiq edilir) X1 Federasiyası Lelinqrad şəhərində vəfat etmiş və orada dəfn edilmişdir, lakin ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini əldə edə bilməmişdir. Faktın müəyyən olunması ərizəçiyə, hazırda yaşadığı evi sənədləşdirə bilməsi üçün oğlunun ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi lazımdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.2007-ci il təvəllüdlü X4 2007-ci ilin noyabr ayında vəfat etməsi faktının müəyyən edilməsi üçün kifayət qədər əsaslar vardır. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X4 2007-ci ilin noyabr ayında vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X4, 2007-ci ilin noyabr ayında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Yusifli.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar