Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(5-163)-93/2026 13.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlu, Ərizəçi maraqlı şəxs Tovuz Rayon Qeydiyyat Şöbəsinə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun atası 2025-ci ildə vəfat etmişdir. Ancaq ölüm faktı qeydə alınmamışdır. Bu faktın müəyəyn edilməsi ona vərəsəliklə bağlı əməliyyatların aparılması üçün lazımdır. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin məhkəmənin icraatına qəbulundan imtina edilməlidir. Belə ki, ərizədən müəyyən edildiyi kimi ərizəçi atası X3 Tovuz Rayonunun Əlimərdanlı kəndində ölməsi faktının müəyyən edilməsini xahiş edir və bunun atasından miras qalmış əmlaklarla bağlı notariat hərəkətlərinin aparılması zərurəti ilə izah edir. Məhkəmə öncə önu qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarında məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Məhkəmələrə həmin Qərarla izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Göründüyü kimi ərizəçi atasından hansı əmlakın miras qaldığını təsdiq edən sənəd əlavə etməmişdir. Eyni zamanda ərizəyə əlavə edilmiş tibbi sənəddən görünür ki, ölüm faktı barədə həkim ftiziatr Cəmilə Novruzova tərəfindən arayış verilmişdir.Həmin arayışdan da görünür ki, xəstə X1 vəfat etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” nın 4.1-ci bəndində göstərilmişdir ki, “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X2 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. Qeyd edilən Qərarın 4.3-cü bəndinə görə isə ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. İşdən göründüyü kimi ölümün baş vermə səbəbləri məlumdur və bununla bağlı müvafiq arayış da verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ölümün baş verdiyi tibb müəssisəsinin verdiyi “Xəbərdarlıq vərəqəsi” əsasında ölüm haqqında tibbi şəhadətnamə əldə etmək üçün vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsinə, həmin şəhadətnamə əsasında isə ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə müraciət edilməlidir. Beləliklə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən belə qərara gəlirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddiaçıya qərardadın təsviri hissəsində göstərilmiş sənədlərlə vəfat etmiş şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsinə, həmin şəhadətnamə əsasında isə ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair Qaydaların 8.2-ci bəndinə əsasən ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Həmin Qaydaların 8.3-cü bəndinə görə ölüm haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qaydaların 8.4-cü bəndinə görə isə Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. Azərbaycan Respublikasının 153-cü maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Ərizənin icraata qəbul olunmasından imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ərizəçiyə “Xəbərdarlıq vərəqəsi” ilə ölüm haqqında tibbi şəhadətnamə əldə etmək üçün vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsinə, həmin şəhadətnamə əsasında isə ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etmək hüququnun olması izah edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə qaytarılsın. Qərardaddan 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(5-163)-93/2026
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(5-163)-93/2026
13.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver