Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(5-164)-82/2026 13.03.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X9 və Ərizəçi iştirakları ilə Ərizəçi, ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 21 may 1978-ci il tarixdə Ucar rayonunun Qaracallı kəndində anadan olmuş X4 25 iyul 1993-cü il tarixdə Ucar rayonu, Qaracallı kəndində ölməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun bacısı 21 may 1978-ci ildə Ucar rayonunun Qaracallı kəndində anadan olmuş X13 25 iyul 1993-cü il tarixdə Ucar rayonu, Qaracallı kəndində ölmüşdür. Onun ölümü barədə heç bir həkim sənədi olmadığı üçün ölüm qeydə alınmamış, valideynlərinin yaşadığı Qaracallı kənd qəbirstanlığında dəfn edilmişdir. Bacısının ölümünün qeydə alınması və onun ölümü barədə şəhadətnamənin verilməsi ilə əlaqədar Maraqlı şəxsnə müraciət etsə də, Maraqlı şəxs tərəfindən 16 yanvar 2026-cı il tarixdə 16 saylı məktubla ölümün qeydə alınmasından imtina olunmuş və ona aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Bacısının ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi ona atasının adına olan qiymətli kağızların əldə edilməsi üçün lazımdır. Ondan notariat ofisi tərəfindən mərhum bacısı X4 ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bacısının ölüm haqqında şəhadətnaməsi olmadığına görə qiymətli kağızları (istiqrazları) əldə etmək mümkün deyildir. Ərizəçi məhkəmə iclasında tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında ərizədə göstərilənləri təsdiq etdiyini bildirdi və əlavə olaraq izahatında göstərdi ki, bacısı Zəkiyə yaşadıqları evin həyətində ürək tutmasından vəfat etmişdir və yaşadıqları kəndin qəbirstanlığında dəfn olunmuşdur. Bacısının ölümünə səbəb ürək tutması olmuşdur. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə və təqdim edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsaslanaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Yunus qızı ifadəsində göstərdi ki, ərizəçi onun qohumu, yəni bacısı Yasəmənin oğludur. X3 Zəkiyə Sahib qızı 25 iyul 1993-cü ildə ürək xəstəliyindən yaşadığı Ucar rayonu, Qaracallı kəndində yerləşən evin həyətində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn olunmuşdur, o da qohum kimi dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ərizəçi onun qohumu, yəni bacısı Yasəmənin oğludur. X3 Zəkiyə Sahib qızı 1993-cü ildə ürək tutmasından yaşadığı Ucar rayonu, Qaracallı kəndində yerləşən evin həyətində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn olunmuşdur. Bu barədə məlumat aldıqdan sonra o, Rusiya Federasiyasının Moskva şəhərindən gəlib yas mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işin materiallarını tədqiq edərək, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X20 və anası X17 olan X21 17 iyul 1951-ci ildə Ucar rayonu, Qaracallı kəndində doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X18 və anası X15 olan X19 24 yanvar 1954-cü ildə Ucar rayonu, Qaracallı kəndində doğulmuşdur. İş materiallarında olan evlənmək haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X22 ilə X19 20 iyun 1973-cü ildə evlənmişlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X23 və anası X10 olan Ərizəçi 01 avqust 1989-cu ildə Ucar rayonu, Qaracallı kəndində doğulmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X21 və anası X11 olan X14 21 may 1978-ci ildə Ucar rayonu, Qaracallı kəndində doğulmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X22 24 mart 2021-ci ildə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanlanmış 16 yanvar 2026-cı il tarixli, 3-16-5/8-xx-xx/2026 nömrəli məktubundan görünür ki, ərizədə qeyd etdiyi şəxsin ölümünü təsdiq edən tibb müəssisəsinin sənədi olmadığına görə ölümün qeydə alınması qeydiyyat şöbəsində aparıla bilməz. Maraqlı şəxs tələbi yerinə yetirməkdən imtina etmiş və ərizəçiyə ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsini məsləhət bilmişdir. İş materiallarında olan Ucar Rayon İcra Hakimiyyəti başçısının Pirkənd kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin 19 yanvar 2026-cı il tarixli, 5-80/23/2-27/2026 nömrəli arayışından görünür ki, Ucar rayonu, Qaracallı kəndində qeydiyyatda olan Ərizəçi bacısı X13 25 iyul 1993-cü il tarixdə vəfat etmişdir. X1 Ucar rayonu, Qaracallı kənd qəbirstanlığında dəfn edilmiş və hal-hazırda onun məzarı həmin qəbirstanlıqda yerləşir. İş materiallarında olan JN-445A, KOD 90411038 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Ucar rayonu Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 nömrəli qərarı ilə Ucar rayonu, Qaracallı kənd sakinləri X16, X5, X6, X12, X7 və Ərizəçi fərdi yaşayış evi və s. məqsədi ilə 0.25 hektar torpaq sahəsi verilmişdir. İşdə olan şəxsin fərdi məlumatlarından görünür ki, ərizəçi, Ucar rayonu, Qaracallı kəndindı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1-ci bəndinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, 21 may 1978-ci il tarixdə Ucar rayonu, Qaracallı kəndində doğulmuş X8 25 iyul 1993-cü il tarixdə Ucar rayonu, Qaracallı kəndində ölməsi-ölüm faktının müəyyən edilməsi üçün qanuni əsaslar vardır, iş materialları, ərizəçinin izahatı və şahidlərin ifadələri ilə tam sübuta yetirilir, ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmir, buna görə də ərizə təmin edilməli, 25 iyul 1993-cü il tarixdə Ucar rayonu, Qaracallı kəndində ölmüş X8 ölüm faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305-311, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 21 may 1978-ci il tarixdə Ucar rayonu, Qaracallı kəndində doğulmuş X8 25 iyul 1993-cü il tarixdə Ucar rayonu, Qaracallı kəndində ölməsi-ölüm faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov
Məhkəmə qərarları › İş №2(5-164)-82/2026
Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(5-164)-82/2026
13.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver