Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(5-166)-343/2026 04.03.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, X4 məhkəmə iclas katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа xüsusi icraat qaydasında bаxаrаq, məhkəmə müəyyən etdi: Ərizəçinin xahişi Ərizəçi (bundan sonra - ərizəçi) , Maraqlı şəxs (bundan sonra – maraqlı şəxs) qismində cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 24 yanvar 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan iki uşaq – xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Bir müddət mehriban yaşadıqdan sonra ailədə müxtəlif səbəblərdən münaqişələr yaranmış və müvafiq məhkəmə qətnaməsinə əsasən nikahları pozulmuşdur. Maraqlı şəxs tərəfindən uşaqlarının saxlanılmasına maddi köməklik göstərilmədiyindən o, aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Bu səbəbdən də o, mediasiya təşkilatına müraciət etmiş, aralarında barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən, maraqlı şəxs ona hər ay hər uşaq üçün 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Lakin maraqlı şəxs barışıq sazişi üzrə üzərinə götürdüyü aliment öhdəliklərini icra etmir. Nəticə etibarı ilə barışıq sazişi maraqlı şəxs tərəfindən hələ də icra edilməmiş qalmaqdadır. Maraqlı şəxs tərəfindən barışıq sazişinin icra edilməməsi yetkinlik yaşına çatmamış uşaqların hüquq və mənafelərinin kobud şəkildə pozulmasıdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq sazişin könüllü qaydada icra edilməməsi səbəbindən o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)-795/2020 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı nikahın pozulmasına dair iddia tələbi təmin edilmiş, iddiaçı və cavabdeh arasında bağlanmış, Yevlax rayon qeydiyyat şöbəsində 566 sayla qeydə alınmış xx.xx.2008-ci il tarixli nikahın pozulması qət edilmişdir. Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində aşağıdakı şərtlərlə xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmışdır: “2.1.2. Ata Maraqlı şəxs yanvar ayının 30dan etibarən hə ray hər uşaq üçün 50 (əlli) manat 2(iki) uşaq üçün cəmi 100 (yüz) manat aliment ödəməyi öhdəsinə götürür.” İşin faktiki halları Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Hazırda ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmənin mövqeyi Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişi ilə tərəflər arasında uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün atadan aliment tutulması forması və qaydası barədə razılıq əldə edilmişdir. Sazişin 2.1.2-ci bəndi ilə maraqlı şəxs olan ata xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün yanvar ayından başlayaraq hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Barışıq sazişinin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsində barışıq sazişinə verilən anlayışa əsasən, barışıq sazişi tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşma kimi təsbit edilmişdir. Qanunvericiliklə bir sıra hallarda mediasiya prosesi nəticəsində bağlanmış, tərəflərin hüquq və vəzifələrini müəyyən edən və etibarlı hüquqi nəticələrə səbəb olan yazılı razılaşma kimi barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi imkanı nəzərdə tutulmuş və bu imkan bir sıra şərtlərin eyni anda mövcudluğundan asılı edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Müvafiq prosessual hüquq normasının tələblərindən göründüyü kimi qanunla iki halda məhkəmələrə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi imkanı verilmişdir – 1) “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya 2) barışıq sazişinin könüllü icrasından imtina olunduqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından imtina dedikdə isə tərəflərin barışıq sazişi ilə öz üzərlərinə götürdükləri öhdəlikləri şəxsi seçim əsasında icra etməmələri və bu icradan könüllü şəkildə yayınmaları başa düşülür. Barışıq sazişinin təsdiq edilməsi barədə ərizənin məzmununda maraqlı şəxs tərəfindən aliment ödənilməsi ilə bağlı öhdəliklərin könüllü icrasından imtina edilməsinə və bu öhdəliklərin tam şəkildə yerinə yetirilməməsinə istinad edilsə də, məhkəmədən bütövlükdə barışıq sazişinin təsdiq edilməsi xahiş edilmişdir. Məhkəmə sazişi nəzərdən keçirərək hesab edir ki, sazişin müvafiq olaraq 2.1.2-ci bəndinin təsdiq edilməməsi üçün heç bir səbəb yoxdur. Belə ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, qanunazidd deyildir, həmçinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə isə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin müvafiq bəndləri məcburi icranın təmin edilməsi məqsədilə məhkəmə tərəfindən təsdiq edilməlidir. Qanun yalnız iki halda məhkəməyə mediasiyada bağlanmış barışıq sazişinin təsdiqindən imtina etmək səlahiyyəti vermişdir. Bunlardan biri sazişin və ya onun bir hissəsinin qanuna zidd olduğu, digəri isə sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduğu hallardır. Yəni, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi yalnız prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. İradə ifadəsi zədələnmiş, yaxud barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs, bu halların təsbit olunması üçün ümumi qaydada iddia qaldırmaq hüququna malikdir. Məhkəmə xərcləri İş materiallarından görünür ki, ərizəçi tərəfindən dövlət rüsumu ödənilməmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçi və maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin 2.1.2-ci bəndi təsdiq edilməli, ödənilməmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin aşağıdakı bəndi təsdiq edilsin: “2.1.2. Ata Maraqlı şəxs yanvar ayının 30dan etibarən hə ray hər uşaq üçün 50 (əlli) manat 2(iki) uşaq üçün cəmi 100 (yüz) manat aliment ödəməyi öhdəsinə götürür.” Qətnamə alimentin ödənilməsinə dair hissədə dərhal icra edilsin. Ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs Niyazı oğlundan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №2(5-166)-343/2026
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(5-166)-343/2026
04.03.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver