Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(5-166)-5/2026 06.01.2026 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızı, Ərizəçi, Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi 20 saylı şəhər poliklinikasını maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü övladı X1 Yevlax şəhərində vəfat etməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Əsaslandırıcı hissə: a) Məhkəmənin mövqeyi: Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçinin xx.xx.2021-ci il təvəllüdlü övladı X1 ölməsi faktına görə toplanmış materialda cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması Cinayət Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli qərarla rədd edilmişdir. Göründüyü kimi, hazırki halda ölüm faktı ilə bağlı lazımi sənədlərin alına bilməməsinin mümkünsüzlüyü istisna edilir. Belə olduğu təqdirdə, hazırki ərizəyə xüsusi icraat qaydasında baxılması mümkün deyil. b) Tətbiq edilən hüquq və gəlinən nəticə:
1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; Maddə 153.2.1. Hakim ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: Maddə 307.2, 307.2.8. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 3 №-li Qərarının: 1.4-cü bənd. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. Məhkəmə hesab edir ki, Ərizəçi, Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsinin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır.
Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.1, 152.1.1, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Ərizəçi, Maraqlı şəxs qismində cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsinin yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi xx.xx.2026-cı il tarixli, № ********** nömrəli mədaxil qəbzi, “X3” vasitəsi ilə Yevlax Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödədiyi 100 (yüz) manat dövlət rüsumu büdcə təsnifat kodu 14221301, Xəzinə hesabi: AZ69CTRE**********0002115 geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin predmet barəsində və həmin əsaslarla yenidən məhkəməyə müraciət etməyə mane olur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Aybəniz Babayeva