Məhkəmə qərarları › İş №2(5-169)-126/2026

Zərdab Rayon Məhkəməsi Qərardad — İş №2(5-169)-126/2026

19.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zərdab rayonu İş № 2(5-169)-126/2026 19.02.2026 ZƏRDAB RAYON MƏHKƏMƏSİ Mən Zərdab Rayon Məhkəməsinin hakimi Abbasov Cavid Mehman oğlu, İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması tələbinə” dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyü məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus 74 ədəd dəmir materialdan olan pəncərə şəbəkəsi, 2 ədəd dəmir materialdan olan qapı və işlək vəziyyətdə olmayan “QAZ 52” markalı yük maşınının və ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətindən görünür ki, iddia ərizə tərtib edilərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş bir sıra tələblərə əməl edilməmişdir. Belə ki, iddiaçı tərəfindən Cavabdeh şəxsiyyətini eyniləşdirməyə imkan verən hər hansı bir sənəd və ya məlumat, o cümlədən iddia ərizəsində tələb olunan əşyaların həqiqətən iddiaçıya məxsus olub-olmadığını və həmin əşyaların hazırda mövcud olub-olmamasını təsdiq edən sübutlar, eyni zamanda iddiaçının tələb etdiyi əmlakların real bazar qiymətini müəyyən edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Bundan əlavə verilən iddia qiymətləndirilən iddia növündə olsa da, iddiaçı tərəfindən ödənilən rüsumun qiymətləndirilməyən iddiaya görə ödənildiyi məlum olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən ərizənin geri qaytarılması nöqsanları aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-ci maddəsinin tələbinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, İddiaçı iddia ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalı, iddia ərizəsi geri qaytarıldığından xx.xx.2026-cı il tarixli, ********** nömrəli qəbzə əsasən Zərdab Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tam olaraq İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “əmlakın geri qaytarılması tələbinə” dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2026-cı ildə ödənilmiş (Zərdab Rayon Məhkəməsinə, qəbzin nömrəsi **********) 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırdıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zərdab Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Hakim: Cavid Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar