Məhkəmə qərarları › İş №2(5-93)-228/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(5-93)-228/2026

13.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-93)-228/2026 13.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, ərizəçi – Ərizəçi maraqlı şəxs – Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı ilə cavabdeh xx.xx.2009-cu il tarixində Bakı Nikah evində nikaha daxil olmuş və onların nikahı eyni tarixdə 2337 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X4 və 15.08 2017-ci il təvəllüdlü X12 doğulmuşdur.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3795/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasındakı nikah pozulmuşdur.

3. Tərəflər arasında mediasiya vasitəsilə 21 avqust 2025-ci il tarixli, MŞB/20/2025-00767 saylı Barışıq Sazişi bağlanmışdır.

4. Maraqlı şəxs tərəfindən Barışıq Sazişinin 8-ci bəndinin şərtlərinə əməl edilmədiyi üçün Ərizəçi Maraqlı şəxs ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış 21 avqust 2025-ci il tarixli, MŞB/20/2025-00767 saylı Barışıq Sazişinin 8-ci bəndinin təsdiq edilməsi və Maraqlı şəxs ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

5. Ərizəçi sonuncu dəfə xx.xx.2026-cı il tarixli ərizə ilə məhkəməyə müraciət edərək tələbini dəqiqləşdirmiş və Maraqlı şəxs ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış 21 avqust 2025-ci il tarixli, MŞB/20/2025-00767 saylı Barışıq Sazişinin 8-ci bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini, ərizənin digər hissədə isə nəzərə alınmaması xahiş etmişdir.

Ərizəçinin əsaslandırması:

6. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ilə maraqlı şəxs arasında olan nikah Bakı Nikah evi tərəfindən xx.xx.2009-cu il tarixli, 2337 saylı akt qeydi üzrə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X12 doğulmuşdur. Birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs arasında mediasiya prosesində bağlanan xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-00767 nömrəli barışıq sazişi imzalanmış və həmin sazişin 8-ci bəndindən görünür ki, tərəflər Ərizəçi və Maraqlı şəxs bu sazişi bağlamağa razılığa gəlirlər ki, birgə nikahdan olan övladı xx.xx.2017-ci il təvəllüdlü X6 qeydiyyat ünvanının dəyişdirilməsinə anası Maraqlı şəxs etiraz etmir və razıdır. Bundan əlavə, Maraqlı şəxs ünvan 1 ünvanından 30 gün ərzində qeydiyyatdan çıxmağı öhdəlik götürür. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3795/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Lakin maraqlı şəxs xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-00767 nömrəli "Barışıq sazişinin şərtlərinə əməl etməmiş və sazişin 8-ci bəndinin, yəni Maraqlı şəxs ünvan 1 ünvanından 30 gün ərzində qeydiyyatdan çıxmaqdan boyun qaçırmışdır. Buna görə də, barışıq sazişinin sözügedən hissəsinin təsdiq olunması barədə qətnamə çıxarılması zərurəti yaranmışdır.

Maraqlı şəxsin etirazları:

7. Maraqlı şəxs tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları:

8. Ərizəçi ərizəsində qeyd edilənlərlə eyni məzmunda izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi.

9. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

10. İş materiallarında olan, birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs arasında Bakı 20 saylı Mediasiya Təşkilatı tərəfindən həyata keçirilmiş mediasiya prosesində bağlanan 21 avqust 2025-ci il tarixli, MŞB/20/2025-00767 saylı Barışıq Sazişindən müəyyən edilir ki, tərəflər arasında aşağıdakı şərtlərlə barışıq sazişi imzalanmışdır: - 1. Tərəflər Ərizəçi və Maraqlı şəxs bu sazişi bağlamaqla bildirirlər ki, aralarında Bakı 3 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, M58/3/2025- 00210 saylı barışıq sazişinin ləğv edilməsinə razıdırlar və həmin sazişi qüvvədən düşmüş hesab edirlər. - 2. X1 və Maraqlı şəxs bu sazişi bağlamaqla bildirirlər ki, xx.xx.2009-cu il tarixdə Bakı Nikah Evində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2337 nömrə ilə qeyd edilmiş nikahın pozulmasına razıdılar və nikah pozulduqdan sonra Maraqlı şəxs əvvəlki "Dadaşova" soyadına qayıdacaqdır. - 3. Tərəflər Ərizəçi və Maraqlı şəxs bu sazişi bağlamaqla razılığa gəlirlər ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan övladı- xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək atası Ərizəçi yanında və himayəsində saxlanılır. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan övladı xx.xx.2017-ci il təvəllüdlü X12 isə yetkinlik yaşına çatanadək anası Maraqlı şəxs yanında və himayəsində saxlanılır. - 4. Tərəflər Ərizəçi və Maraqlı şəxs bu sazişi bağlamaqla razılığa gəlirlər ki, birgə nikahından olan xx.xx.2017-ci il təvəllüdlü X6 atası Ərizəçi ilə uşağın istəyinə və maraqlarına uyğun olaraq eyni zamanda fikri nəzərə alınaraq maneəsiz və sərbəst şəkildə ünsiyyətdə olmasına, o cümlədən sərbəst şəkildə telefonla, videoəlaqə və texnologiyaların imkan verdiyi digər vasitələr ilə ünsiyyətdə olmasına anası Maraqlı şəxs razılıq verir və heç bir maneçilik törətmir. - 5. Tərəflər Ərizəçi və Maraqlı şəxs bu sazişi bağlamaqla razılığa gəlirlər ki, birgə nikahından olan xx.xx.2010-cu il təvəllüdlü X2 anası Maraqlı şəxs ilə uşağın istəyinə və maraqlarına uyğun olaraq eyni zamanda fikri nəzərə alınaraq maneəsiz və sərbəst şəkildə ünsiyyətdə olmasına, o cümlədən sərbəst səkildə telefonla, video-əlaqə və texnologiyaların imkan verdiyi digər vasitələr ilə ünsiyyətdə olmasına atası Ərizəçi razılıq verir və heç bir maneçilik törətmir. - 6. Tərəflər Ərizəçi və Maraqlı şəxs bu sazişi bağlamaqla razılığa gəlirlər ki, birgə nikahından olan övladı - xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək atası Ərizəçi ilə Azərbaycan Respublikasından kənara istənilən xarici ölkələrə gedib qayıtmasına anası Maraqlı şəxs etiraz etmir, razıdır və bu barədə notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsini təqdim edir. - 7. Tərəflər Ərizəçi və Maraqlı şəxs bu sazişi bağlamaqla razılığa gəlirlər ki, birgə nikahından olan övladları - xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək anası Maraqlı şəxs ilə Azərbaycan Respublikasından kənara istənilən xarici ölkələrə gedib qayıtmasına atası Ərizəçi etiraz etmir, razıdır və bu barədə notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi verir. - 8. Tərəflər Ərizəçi və Maraqlı şəxs bu sazişi bağlamaqla razılığa gəlirlər ki, birgə nikahından olan övladı - xx.xx.2017-ci il təvəllüdlü X6 qeydiyyat ünvanının dəyişdirilməsinə atası Ərizəçi etiraz etmir və razıdır. Birgə nikahından olan övladı - xx.xx.2010-cu il təvəllüdlü X3 qeydiyyat ünvanının dəyişdirilməsinə anası Maraqlı şəxs etiraz etmir və razıdır. Bundan əlavə, Maraqlı şəxs ünvan 1 ünvanından 30 gün ərzində qeydiyyatdan çıxmağı öhdəlik götürür. - 9. Tərəflər Ərizəçi və Maraqlı şəxs bu sazişi bağlamaqla razılığa gəlirlər ki, birgə nikahından olan övladları - xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2017-ci il taxefudlu X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün bir-birlərinə qarşı aliment tələbləri yoxdur və gələcəkdə də olmayacaq. - 10. Tərəflər Ərizəçi və Maraqlı şəxs bu sazişi bağlamaqla razılığa gəlirlər ki, birgə nikah dövründə əldə edilmiş bütün daşınar və daşınmaz əmlaklar üzərində, o cümlədən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin, həmin evə olan bütün əşya və avadanlıqların, eləcə də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli çıxarışa əsasən Ərizəçi adına olan və ünvan 3 ünvanında yerləşən 0.07 ha torpaq sahəsinin üzərində onların birgə mülkiyyət hüquqları müəyyən olunmur və həmin əmlaklar, əşya və avadanlıqlar Ərizəçi ayrıca mülkiyyəti hesab olunur. Qeyd olunanlarla bağlı Ərizəçi tərəfindən müstəqil sərəncam verilməsinə (əqdlərin bağlanmasına) və istənilən formada özgəninkiləşdirilməsinə Maraqlı şəxs razıdır və buna görə gələcəkdə mövcud ola biləcək bütün iddia və tələblərindən imtina edir və bu barədə notariat qaydasında təsdiq edilmiş razılıq ərizələr verir. Bunun müqabilində və eyni vaxta icra olunmaqla Ərizəçi 14 gün ərzində 50 000 (əlli min) manat məbləğində pul vəsaitini Maraqlı şəxs ödəyir. - 11. Tərəf Ərizəçi Maraqlı şəxs məxsus Simens markalı elektrik sobası və paltaryuyanın, 1 ədəd Hoffman markalı televizorun, 1 ədəd soyuducu aristonun və Tefal markalı ütünün Maraqlı şəxs verilməsinə etiraz etmir. - 12. Tərəflər Ərizəçi və Maraqlı şəxs bu sazişdə qeyd olunanlarla bağlı bir-birlərinə qarşı hər hansı bir iddia və ya tələb irəli sürməyəcəklərini bəyan edirlər. - 13. Tərəflər Ərizəçi və Maraqlı şəxs öhdəlik götürürlər ki, bir-birlərinin şərəf və ləyaqətini alçaldacaq məlumatları yaymayacaqlar.

11. İş materiallarında olan, Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İ 547011 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Ərizəçi və X8 nikahına xx.xx.2025-ci il tarixində xitam verilmiş və bu barədə akt qeydləri kitabında 625 nömrə ilə qeyd edilmişdir.

12. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikasının "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat" haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən Maraqlı şəxs ünvan 5 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Bu səbəbdən məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. - Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. - Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. - Maddə 355-26.1. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.

15. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. - Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. - Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. - Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). - Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli, 01/2024 nömrəli Qərardadı: - 39. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1). - 47. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə ərizəçinin izahatını, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

18. Tərəflər arasında barışıq sazişinin bağlanması, sazişin şərtlərinə uyğun olaraq tərəflər arasında xx.xx.2009-cu il tarixdə Bakı nikah evində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2337 nömrə ilə qeyd edilmiş nikahın pozulmasına, nikah pozulduqdan sonra Maraqlı şəxs əvvəlki "Dadaşova" soyadına qayıdacağına, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olan övladıxx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək atası Ərizəçi yanında, xx.xx.2017-ci il təvəllüdlü X6 isə yetkinlik yaşına çatanadək anası Maraqlı şəxs yanında və himayəsində saxlanılmasının razılaşdırılması, maraqlı şəxs tərəfindən barışıq sazişinin səkkizinci bəndi istisna olmaqla digər şərtlərinin tam icra edilməsi işin mübahisəsiz halıdır.

19. Yuxarıda qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış bir müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, tərəflər əvvəl aralarında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər.

20. İşin faktiki hallarından da göründüyü kimi, ərizəçi ilə maraqlı şəxs aralarında mövcud olmuş mübahisəni həll edərək xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlamaqla, üzərlərinə yeni öhdəliklər götürmüşlər.

21. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, 21 avqust 2025-ci il tarixli, MŞB/20/2025-00767 saylı barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğundur və tərəflər sazişin bəndləri ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişinin 8-ci bəndində razılaşdırılmış şərti icra etməməklə öhdəliyini pozmuşdur. Odur ki, maraqlı şəxs 21 avqust 2025-ci il tarixli, MŞB/20/2025-00767 saylı barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin 8-ci bəndinin təsdiq edilməsi barədə məhkəməyə ərizə verməkdə haqlı olmuşdur.

22. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi ödənilmiş dövlət rüsumu ilə bağlı tələb irəli sürmədiyindən məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

24. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-25, 358, 360 və 362-ci maddələrinə rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

1. Ərizə təmin edilsin.

2. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış 21 avqust 2025-ci il tarixli, MŞB/20/2025-00767 saylı Barışıq Sazişinin aşağıdakı bəndi təsdiq edilsin: - Tərəflər Ərizəçi və Maraqlı şəxs bu sazişi bağlamaqla razılığa gəlirlər ki, birgə nikahından olan övladı - xx.xx.2017-ci il təvəllüdlü X6 qeydiyyat ünvanının dəyişdirilməsinə atası Ərizəçi etiraz etmir və razıdır. Birgə nikahından olan övladı xx.xx.2010-cu il təvəllüdlü X3 qeydiyyat ünvanının dəyişdirilməsinə anası Maraqlı şəxs etiraz etmir və razıdır. Bundan əlavə, Maraqlı şəxs ünvan 1 ünvanından 30 gün ərzində qeydiyyatdan çıxmağı öhdəlik götürür.

3. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

5. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar