Məhkəmə qərarları › İş №2(5-93)-229/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(5-93)-229/2026

05.02.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-93)-229/2026 05.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Hakim Yusifova Ülkər Fizuli qızının sədrliyi, X1 iştirakları ilə Ərizəçi tərəfindən Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində imzalanmış barışıq sazişinin təsdiq edilməsinə dair verilmiş ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Ərizə tələbi

1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə onun arasında mediasiya prosesi nəticəsində imzalanmış xx.xx.2022-ci il tarixli, M-00226 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizənin əsaslarına görə maraqlı şəxs barışıq sazişinin qeyd olunmuş qaydada aliment məbləğini ödəməyi öhdəsinə götürsə də aliment ödənişlərini həyata keçirməmişdir, barışıq sazişini könüllü qaydada icra etməkdən boyun qaçırdığından həmin sazişin məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır.

Məhkəmə icraat iştirakçılarının izahatları

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən Maraqlı şəxs övladının saxlanması üçün aliment ödədiyini bildirmiş, barışıq sazişinin təsdiq olunmasına etiraz etməmişdir.

Tətbiq edilən hüquq

5. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Maddə 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Maddə 45.3. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Maddə 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

Məhkəmənin mövqeyi

7. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, mülki iş ərazi aidiyyəti üzrə göndərilməlidir.

8. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin aidiyyətlə bağlı müvafiq normasına əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer üzrə məhkəməyə verilir. Hazırkı iş üzrə ərizəçinin yaşayış yeri ünvan 1 ünvanıdır, bu işin mübahisəsiz haldır.

9. Məhkəmə hesab edir ki, ərazi aidiyyəti ilə bağlı normaların dairəsi qanunvericilikdə dəqiq müəyyən edildiyinə görə geniş təfsir edilə bilməz.

10. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.

11. Odur ki, mübahisənin düzgün və obyektiv həll edilməsi məqsədilə mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir.

12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Ərizəçi tərəfindən Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində imzalanmış xx.xx.2022-ci il tarixli, M-00226 saylı barışıq sazişinin təsdiq edilməsinə dair verilmiş ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar