Məhkəmə qərarları › İş №2(5-95)-321/2026

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(5-95)-321/2026

18.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-95)-321/2026 18.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynova Mələk Bəxtiyar qızının sədrliyi, X1 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi.

1. Ərizəçi (Maraqlı şəxs) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1948-ci il tarixdə Suraxanı rayonunda anadan olmuş anası X2 xx.xx.2026-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, anası X5 xx.xx.2026-cı il tarixdə yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında vəfat etmişdir. O və digər qohumları anasını Suraxanı qəbiristanlığında dəfn etmişlər. Müəyyən hüquqi sənədləşmə işlərinin aparılması üçün anasının ölüm haqqında şəhadətnaməsi lazım olduğundan bu məqsədlə o, Maraqlı şəxsnə müraciət etmiş, lakin müraciətinə məktubla cavab olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Anasının ölümü haqqında şəhadətnamənin verilməsindən Maraqlı şəxs tərəfindən imtina edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin anasının ölməsini təsdiq edəcək sübutlarını ərizəyə əlavə etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. “Respublika Təcili və X4 Stansiyası” X11 10 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2026-cı il tarixdə təcili tibbi yardım briqadası çağırış üzrə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağları,bağ sahəsi ünvanına gəlmiş və qadın cinsli meyit (həkimə qədər ölüm faktı) aşkar etmişlər.

6. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Bakı Baş Səhiyyə Mərkəzi” X12 45 nömrəli Şəhər Poliklinikası tərəfindən Xəzə Rayon Məhkəməsinə ünvanlanmış 19 yanvar 2026-cı il tarixli cavab məktubundan görünür ki, xx.xx.2026-cı il tarixdə vəfat etməsi qeyd olunan xx.xx.1948-ci il təvəllüdlü X2 ölümünə səbəb olan hər hansı diaqnozu təsdiq etmək mümkün olmadığından mərhuma ölüm haqqında tibbi şəhadətnamə (forma 106) verilmədiyi bildirilmişdir.

7. Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2026-cı il tarixli cavab məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən və ölümü təsdiq edən sənəd aşkar edilmədiyindən ölümünün qeydə alınmasının mümkün olmaması bildirilmişdir.

8. Bakı şəhəri Suraxanı rayon Bələdiyyəsi tərəfindən 19 yanvar 2026-cı il tarixdə verilmiş A-30 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum anası X5 xx.xx.2026-cı il tarixdə vəfat etmiş və Yeni Suraxanı qəbiristanlığında dəfn olunmuşdur.

9. ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1948-ci il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 565 nömrə ilə qeyd edilmişdir.

10. xx.xx.1986-cı il tarixdə verilmiş 294802 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (anası X5, atası X8 ) xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 35 nömrə ilə qeyd edilmişdir.

11. 15 iyun 1970-ci il tarixdə verilmiş 194033 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 və X8 15 iyun 1970-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikah haqqında akt qeydləri kitabında 15 iyun 1970-ci il tarixdə 34 nömrə ilə qeyd edilmişdir.

Şahid ifadələri.

12. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X7 bildirmişdir ki, o, ərizəçinin qonşusudur, mərhum X5 isə ərizəçinin anasıdır. Ərizəçinin anası 77 yaşlı anası yataq xəstəsi idi, 2026-cı ilin yanvar ayının 17-də isə rəhmətə getmişdir. Rəhmətə gedənə qədər Şüvəlan qəsəbəsində yaşamışdır. Həmin gün vəziyyəti pisləşmiş, ağır nəfəs alırdı. X5 Yeni Suraxanı qəbirsanlığında dəfn edilmişdir.

13. Məhkəmə iclasında şahid kimi ifadəsi dinlənilmiş X3 bildirmişdir ki, ərizəçı onun qonşusudur, X5 Bakı şəhərindəki evində 2026-cı ilin yanvar ayının 17-də rəhmətə getmişdir. Suraxanı qəbirsanlığında dəfn edilmişdir. Dəfndə iştirak etdiyini bildirmişdir.

İşin faktiki halları.

14. Ərizəçi mərhum anası X2 xx.xx.2026-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Onun ölümündən sonra ünvana çağırış üzrə gələn təcili tibbi yardım stansiyası əməkdaşları tərəfindən müvafiq xəbərdarlıq vərəqəsi verilmişdir. Buna baxmayaraq, ərizəçinin anasının ölümünü təsdiq edən müvafiq tibbi şəhadətnamə olmadığından qeydiyyat orqanı tərəfindən ərizəçiyə anasının ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi ərizəni müdafiə etmiş, şahid isə ərizəçinin izahatında qeyd etdiklərini təsdiq etmişdir.

Tətbiq edilən hüquq.

15. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194. Ölüm haqqında məlumat vermə. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

17. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, anasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.

Məhkəmənin mövqeyi.

18. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən məhrum anası X2 xx.xx.2026cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir.

19. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X2 ölümü ilə bağlı tibb şəhadətnamə yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi anasının ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi anasının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir.

20. Məhkəmə iclasında şahid qismində ifadə vermiş mərhumun qonşuları ərizədə qeyd edilənləri təsdiq etmişdir. Bundan başqa, ərizədə qeyd edilənlər ölümün baş verdiyi gün ünvana çağırış üzrə gedən təcili və X4 stansiyası əməkdaşları tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi, mərhumun dəfn edildiyi qəbiristanlığa dair müvafiq arayışla təsdiq edilmişdir.

21. Göründüyü kimi, ərizəçinin anası X2 xx.xx.2026-cı il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadəsi ilə tam sübut edilir.

Məhkəmənin gəldiyi nəticə.

22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1948-ci il təvəllüdlü X2 xx.xx.2026-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1948-ci il təvəllüdlü X2 xx.xx.2026-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Mələk Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar