Məhkəmə qərarları › İş №2(5-96)-207/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(5-96)-207/2026

23.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-96)-207/2026 23.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi ilə, Ərizəçi (Maraqlı şəxs olmaqla) şəxsin müəyyən vaxtda və müəyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilən sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İşin halları:

1. Ərizəçi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək (Maraqlı şəxs olmaqla) xx.xx.1961-ci ildə Biləsuvar rayonunda doğulmuş X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, X2 ilə 2 sentyabr 1983-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Mərhum həyat yoldaşı xx.xx.1961-ci ildə Biləsuvar rayonunda doğulmuş, vəfat edənə qədər Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, yataqxana 5A, otaq 126/127 (köhnə 181) ünvanında birlikdə yaşamışlar. Mərhum ərinin vəziyyəti 19 noyabr 2025-ci il tarixdə ağırlaşmış, həkim çağırmışlar, lakin həkim gələnə qədər artıq vəfat etmişdir. Mərhum ərini el adəti ilə Biləsuvar rayonu Bağbanlar kənd qəbiristanlığında dəfn etmişlər. Poliklinikadan tibbi şəhadətnamə təqdim edilməmiş, ona görə də ölüm haqqında şəhadətnamə də ala bilməmişlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

Tətbiq edilən hüquq:

3. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.

4. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinin başqa məhkəmədə baxılmasına yol verilmir.

5. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 149.2.2. İddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilmədir. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 310.1 Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

Məhkəmənin mövqeyi:

6. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi məlumatlarına və iddia ərizəsinə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin (AZE №********) surətinə əsasən, Ərizəçi qeydiyyatda olduğu ünvan Biləsuvar rayonu, Bağbanlar kəndidir. Qanunvericiliklə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Yuxarıda adı çəkilən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərindən də göründüyü kimi şəxsin yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommumal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 119 saylı MKİS-in xx.xx.2025-ci il tarixli arayışında ərizəçinin yaşayış ünvanı Qaradağ rayonu, Sahil qəsəbəsi göstərilsə də, ərizəçi Biləsuvar rayonunda qeydiyyatda olduğu üçün hazırki halda müvafiq ərizə ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etməlidir.

7. Ona görə də məhkəmə hesab edir ki, iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

8. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149 və 152-ci, 308-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Ərizəçi (Maraqlı şəxs olmaqla) şəxsin müəyyən vaxtda və müəyən şəraitdə ölməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi izah olunsun ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyatı üzrə məhkəməyə müraciət edilə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim Ülkər Maxsudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar