Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-96)-321/2026 12.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi, İskəndərova Səbinə Elşən qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ : TƏSVİRİ HİSSƏ: İşin halları:
1. Ərizəçi ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1961-ci ildə anadan olmuş mərhum əri X1 19 noyabr 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi mərhum həyat yoldaşı X2 ilə xx.xx.1983cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Mərhumla birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, yataqxana 5 A, otaq 181 ünvanında yaşamışlar. Həyat yoldaşının vəziyyəti 19 noyabr 2025-ci il tarixdə ağırlaşmış və həkim çağırılmışdır. Lakin həkim gələnədək yoldaşı X2 artıq vəfat etmişdir. Həyat yoldaşı el adəti ilə Biləsuvar rayonu Bağbanlar kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Belə ki, həmin vaxt başları dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət edilməmişdir. Sonradan bu barədə poliklinikaya müraciət edilsə də, tibbi şəhadətnamə verilməmişdir. Hazırda həyat yoldaşının müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi bəzi hüquqi sənədləri əldə etmək, o cümlədən ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır.
İştirak edən şəxslərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi.
4. Məhkəmə baxışı zamanı Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
5. Məhkəmə baxışı zamanı şahid qismində çıxış edən X7 iltizama qol çəkərək ifadəsində bildirmişdir ki, mərhum Şəmsəddin İsmayılov onun iş yoldaşı olmuşdur. Birbirilərini 5-6 ildir ki, tanıyırdılar. Mərhumun ölümü onun iş yerində, 19 noyabr 2025-ci il tarixdə Bakı şəhərində baş vermişdir.
6. Məhkəmə baxışı zamanı digər şahid qismində çıxış edən X3 ifadə verərək bildirdi ki, mərhum onun iş yoldaşı olub. Mərhumun vəziyyəti iş yerində birdən-birə ağırlaşmış və təcili tibbi yardım gələnə qədər vəfat etmişdir. Mərhumun ölümü onun iş yerində, 19 noyabr 2025-ci il tarixdə Bakı şəhərində baş vermişdir.
Tədqiq olunan sübutlar:
7. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2026-cı il tarixli 18-1-1-77/2-25/2026 saylı arayışından görünür ki, xx.xx.1961-ci ildə doğulmuş və xx.xx.2025-ci ildə vəfat etmiş X1 ölümünü təsdiqləyən hər hansı sənəd olmadığı üçün ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır.
8. İş materiallarında olan Bakı şəhəri Təcili və X6 Stansiyası 2 saylı bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, 19 noyabr 2025-ci il tarixdə saat 07:40 radələrində X1 adına çağırış daxil olmuş, həkiməqədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir.
9. İş materiallarında olan AZE seriyalı 14218500 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin mərhum əri X2 xx.xx.1961-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuşdur.
10. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin (İİİ-Ж № 298403) surətindən görünür ki, Ərizəçi ilə mərhum X2 xx.xx.1983-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar.
11. İş materiallarında olan Azərbaycan Respublikası Biləsuvar rayonu Bağbanlar kəndi Bağbanlar bələdiyyəsi tərəfindən verilmiş 12 saylı xx.xx.2026-cİ il tarixli arayışdan görünür ki, ərizəçinin mərhum əri X2 19.11. 2025-ci il tarixdə Bağbanlar kənd qəbirstanlığında dəfn olunmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi M a d d ə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. M a d d ə 194. Ölüm haqqında məlumat vermə 194.1. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 194.3. Ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
13. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
Maddə 307.2.8. Məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edə bilər.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
14. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarı Bənd 9. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin mərhum əri 19 noyabr 2025-ci il tarixdə Təcili və X6 briqadası gələnə qədər vəfat etmişdir. Ərizəçi mərhum ərinin ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Məhkəmə bu faktın təsdiq edilməsi üçün şahid ifadələrinin əldə edilməsini zəruri hesab etmişdir. Belə ki, məhkəmə baxışı iclasında mərhumun iş yoldaşları dindirilmiş və təsdiq edilmişdir ki, mərhum X2 19 noyabr 2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bundan əlavə məhkəmə tərəfindən mərhumun Biləsuvar rayonunun Bağbanlar kənd qəbristanlığında dəfn edilməsinə dair foto şəkillər tələb edilmiş və ərizəçi tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmçinin, Bağbanlar bələdiyyəsi tərəfindən də mərhumun həmin qəbristanlıqda dəfn edilməsi barədə arayış təqdim edilmişdir. Göründüyü kimi, ərizəçi mərhumun ölümü ilə bağlı ölüm haqqında şəhadətnaməni əldə edə bilmir. Bu səbəbdən ölüm faktının məhkəmə qaydasında təsdiqini xahiş edir. Məhkəmə təqdim edilən sübutları mötəbər hesab edərək o qənaətə gəlir ki, həmin sübutlarla ərizəçinin mərhum əri xx.xx.1961-ci ildə doğulmuş X1 19 noyabr 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı təsdiq olunur.
NƏTİCƏVİ HİSSƏ:
16. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ :
Ərizə təmin edilsin. Ərizəçi mərhum əri xx.xx.1961-ci ildə Biləsuvar rayonunda anadan olmuş X1 19 noyabr 2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Ülkər Maxsudova