Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-96)-78/2026 25.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar Kərəm qızının sədrliyi, Məhkəmə iclas katibi Alıyev Cavid Əbil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Qaradağ Rayonu Qeydiyyat Şöbəsinə qarşı olan “ölüm faktının müəyyən edilməsi” ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələb:
1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Qaradağ rayonu Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1963-cü il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
2. Ərizə onunla əsaslandırılmışdır ki, X8 onun anasıdır. O, xx.xx.1963-cü ildə Şamaxı rayonunda doğulmuşdur. 31 dekabr 2025-ci il tarixdə vəfat etmiş, el adəti ilə Sahil qəsəbə qəbirstanlığında dəfn etsələr də, həmin vaxt ölüm haqqında şəhadətnamə almamışlar. Həmin vaxt başları dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişlər. Sonradan bu barədə poliklinikaya müraciət etsələr də, ölüm şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməmişdir.
3. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. X2 ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşirlər. Bu səbəbdən də məhkəməyə müraciət edir.
Tərəflərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bakı şəhəri Qaradağ rayonu Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında gəlməmiş, məhkəməyə göndərdiyi ərizədə işlərin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, məhkəmə iclaslarının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri:
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, ərizəçi qonşusudur, Məhruba ilə Dəmiryolunda birliktə işləmişlər, o, operator, Məhruba isə xadiməçi idi. 30 dekabrda Məhrubanın halı pisləşdi, narahat oldu, suyun içində oldu. İş yoldaşları ilə ona həkimə getməsini dedilər, o isə etiraz etdi ki, orada növbə çoxdur, səbri çatmır. 31 dekabrda bayram günü səhər saatlarında o da yemək bişirirdi, Məhrubanın gəlini ağlayaağlaya gəldi ki, Məhruba durmur, axı o, səhər tezdən durur, indi durmur. Evə getdi, gördü ki, həqiqətən elə bil yatıb. Məhrubanın ürəyi xəstə idi, həm də şəkəri var idi. O, 31 dekabrda vəfat etdi. Dəfnində iştirak etmişdir, Qaradağ rayonunda dəfn olundu.
7. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, ərizəçi qonşusudur, münasibətləri yaxşı olmuşdur. Məhrubanın təzyiqini ölçürdü, son zamanlar gördü ki, yaxşı deyil, bildirdi ki, həkimə getsin. Gedib ürəyinin exosunu çıxartdı, amma nəticəni həkimə göstərə bilmədi. 31 dekabrda qonşu Azadə ağlaya-ağlaya gəldi ki, Məhruba narahatdı, ora getdi, artıq son dəqiqələri idi. Məhruba 31 dekabr səhər saatlarında vəfat etdi, Sahil qəsəbəsində sement zavodun arxasında dəfn edilib.
Mülki iş materiallarında olan:
8. Bakı şəhəri Qaradağ rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3-16-5/7-xxxx/2026 saylı, xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixdə vəfat edən X4 ölümünün qeydə alınması barədə Ərizəçi ərizəsinə baxılmışdır, bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən olunur. Bildirilir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölümün qeydə alınması mümkün olmamışdır.
9. Doğum haqqında şəhadətnamədən məlum olur ki, Ərizəçi xx.xx.1983-cü ildə doğulmuşdur, atası X12, anası X6r.
10. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Bakı Baş Səhiyyə Mərkəzi” X16 3 nömrəli Birləşmiş şəhər xəstəxanası tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə vəfat edən vətəndaş X4 ölümünü təsdiqləyən heç bir sənəd olmadığı üçün onun adına ölüm haqqında tibbi şəhadətnamə verilmir.
11. Qaradağ Rayon Sahil Bələdiyyəsindən verilmiş xx.xx.2026-cı il tarixli məlumatdan müəyyən edilir ki, X3 xx.xx.2025-ci il tarixədək Qaradağ rayonu, Sahil qəsəbəsi, Stansiya Qaradağ ünvanında qeydiyyatsız yaşamışdır. X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəbiristanlığında dəfn edilmişdir. Əsas: X1 dəfn olunması ilə bağlı qəbrin foto şəkli, Təcili və X7 Mərkəzinin ölüm haqqında xəbərdarlıq vərəqəsi.
12. X1 dəfn olunması ilə bağlı qəbrin foto şəkli, şəklin arxa hissəsində Sahil qəbiristanlığında xx.xx.1963-cü il təvəllüdlü X4 məzarına baxış keçirilməsi, onun xx.xx.2025-ci il tarixdə dəfn edilməsi qeyd edilmiş, həmin qeyd Ə.İ.Abuzərov tərəfindən xx.xx.2026-cı ildə imzalanmışdır.
13. Sahil qəsəbəsi Cümə məscidindən təqdim olunan arayışdan görünür ki, Qaradağ rayonu, Sahil qəsəbə sakini Ərizəçi həqiqətən xx.xx.2025-ci il tarixdə X2 vəfat etməsi ilə əlaqədar Sahil qəsəbə məscidinə müraciət etmişdir. Mərhum yuyularaq həmin tarixdə qohumlarının və qəsəbə sakinlərinin iştirakı ilə Sahil qəsəbəsi qəbiristanlığında dəfn olunmuşdur.
14. AZE №14832827 nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, X8 xx.xx.1963cü il tarixli Şamaxı rayonu, Çarhan kəndində anadan olmuş, Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olmuşdur.
15. Respublika Təcili və X7 Mərkəzi “PHŞ”-nin xx.xx.2025-ci il tarixli “Ölüm haqqında Xəbərdarlıq vərəqəsi”ndə, xx.xx.2025-ci il tarixdə, saat 09:56-da ST. Qaradağ ev 5 ünvanına çağırışa gəldikləri zaman xəstənin adı: X8, yaşı 62, təzyiq:-, nəbzi:-, hərarəti:-, qadın cinsli meyit (həkimə qədər ölüm), ölümün ilkin səbəbi: qohumların deməsinə görə ürək xəstəsi imiş, aritmiyası olub, şəkər xəstəsi imiş-qeyd edilmişdir. Məhkəmə xərci:
16. 09.01.2026-cı il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 101 manat məbləğində dövlət rüsumu ödənilmiş, onun 100 manatı ödənilməli (köçürülən) dövlət rüsumu, 0,40 AZN komissiya məbləğidir.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
17. 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. 77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
19. 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
20. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
21. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
23. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
24. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır:
25. 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;
26. 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
27. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
28. 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
29. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir.
30. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir.
31. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.
32. 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.
33. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
34. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası” Bənd 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
36. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarı Bənd 4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. 9.5. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir.
Məhkəmənin mövqeyi:
37. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
38. Belə ki, hazırkı işin faktiki halları ondan ibarətdir ki, Ərizəçi müxtəlif sənədləşmə işləri apararkən ondan anasının ölüm haqqında şəhadətnaməsi tələb olunduğuna görə məhkəməyə müraciət etmişdir. Mülki iş materiallarında olan Respublika Təcili və X7 Mərkəzi “PHŞ” “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndən məlum olur ki, çağırış tarixi xx.xx.2025-ci ildə Qaradağ ev 5 ünvanında qadın cinsli meyit (həkimə qədər ölüm) aşkar etmişlər, X4 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) olmadığı üçün Bakı şəhəri Qaradağ rayonu Qeydiyyat Şöbəsi tərəfindən ölüm barədə akt qeydinin aparılmasından imtina edilmişdir.
39. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
40. Hazırkı mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə olmaması səbəbindən ölüm haqqında akt qeydinin aparılması mümkün olmamışdır.
41. Belə ki, Bakı şəhəri Qaradağ rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3-16- 5/7-xx-xx/2026 saylı, xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən olunur. Ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
42. Göründüyü kimi hazırkı xüsusi icraat qaydasında baxılan işdə ölüm haqqında tibbi şəhadətnamə olmaması səbəbindən ərizəçinin anasının ölümünün qeydinin aparılması mümkün olmamışdır.
43. Plenum qərarının 9.3-cü bəndinə görə, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir.
44. Hazırkı ərizə və ona əlavə edilən sübutlar (Respublika Təcili və X7 Mərkəzi “PHŞ” Ölüm haqqında xx.xx.2025-ci il tarixli xəbərdarlıq vərəqəsi və digərləri) və ərizəçinin izahatı və şahid ifadələri ilə xx.xx.1963-cü il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı öz təsdiqini tapmışdır.
45. Beləliklə, hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından (Bakı şəhəri Qaradağ rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3-16-5/7xx-xx/2026 saylı, xx.xx.2026-cı il tarixli imtinası) və iş üzrə tədqiq edilən əsaslı sübutlarla xx.xx.1963-cü il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi təsdiq olunduğundan ərizə əsaslıdır və təmin edilməli, xx.xx.1963-cü il təvəllüdlü X4 xx.xx.2025ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
Nəticə:
46. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və xx.xx.1963-cü il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
Məhkəmə xərci:
47. Məhkəmə MPM-in 119.1-ci maddəsinə əsasən, qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305-311, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1963-cü il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm barədə akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Nigar Məmmədova