Məhkəmə qərarları › İş №2(5-97)-278/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(5-97)-278/2026

19.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-97)-278/2026 19.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclası katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə ölüm faktının müəyyən edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1nın xx.xx.2026-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 xx.xx.2026-cı il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. Anası ölümündən əvvəl xx.xx.2025-ci il tarixdə endoprotez əməliyyatı olunmuş, əməliyyatdan sonra reanimasiyada müalicə almış, daha sonra pnevmoniya xəstəliyinə tutulmuşdur. Müalicədən sonra xəstəxanadan evə buraxılmış və səhhətinin ağırlaşması nəticəsində evdə vəfat etmişdir. Vəfat zamanı “103” təcili tibbi yardım briqadası çağırılmış, lakin ölümün səbəbi rəsmi tibbi sənədlə qeyd edilmədiyindən ölüm haqqında şəhadətnamə alınması mümkün olmamışdır. Bakı şəhəri 2 saylı Poliklinikaya müraciət edilmiş, xx.xx.2026-cı il tarixli rəsmi məktub ilə bildirilmişdir ki, anası uzun müddət poliklinikaya müraciət etmədiyindən və ölüm faktı qeydiyyat ünvanı üzrə baş vermədiyindən ölüm haqqında arayış verilməsi mümkün deyil. Həmçinin Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət edilmiş, xx.xx.2026-cı il tarixli cavab məktubu ilə tibbi ölüm şəhadətnaməsi olmadığından ölüm faktının yalnız məhkəmə qaydasında müəyyən edilə biləcəyi bildirilmişdir. O, mərhum X2 yeganə övladıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyə uyğun olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırki iş üzrə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, ərizəçi qanunvericiliyin tələbinə əsasən anasının ölüm faktını təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara əsasən hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun övladı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi anasının ölüm faktının müəyyən edilməsindən asılı ola bilər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, 00420491 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1945-ci il tarixdə Bakı şəhərində doğulmuşdur; - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1983-cü il tarixdə anadan olmuşdur. X1, atası X4r; - Təcili və təxirə salınmaz tibbi yardım stansiyasının “Ölüm haqqında xəbərdarlıq” vərəqəsindən görünür ki, xx.xx.2026-cı-ci il tarixdə, saat 13:57-də X2 adına çağırış olmuş, həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir; - “Bakı Şəhər Baş Səhiyyə Mərkəzi” PHŞ 2 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli məktubdan müəyyən olunur ki, X3 qeydiyyat ünvanında yaşamadığı və poliklinikaya müraciət etmədiyi üçün onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır; - Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, ölümü təsdiq edən sənəd təqdim edilmədiyindən ölümün qeydə alınması mümkün deyildir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X3 ərizəçinin anası olmuşdur. X3 xx.xx.2026-cı il tarixində vəfat etmişdir. Binəqədi rayon 7-ci mikrorayon qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və qeydiyyat şöbəsi tərəfindən X3 barəsində ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölümün qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1, 307.1 və 307.2.8-ci maddələrinə uyğun olaraq məhkəmə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyətli faktlardan biridir. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Eyni zamanda “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 nömrəli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 xx.xx.2026-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.2026-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar