Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-98)-334/2026 10.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Adgözəlova Nərgiz Elçin qızının katibliyi, ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs (X7 Ogly) maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişinin təsdiq edilməsi”nə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs (X7 Ogly) maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1. Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsində inşa edilmiş çoxmənzilli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 121,3 m³ olan 15 nömrəli mənzilin Ərizəçi mülkiyyətində qalması və ikinci tərəfin, X7 Oglynun (X5) bu mənzilin təmir xərclərini öz öhdəsinə götürməsinə, 2. Yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 14, M10, m1, 2 otaqlı, sahəsi 73.80m³ olan mənzilin Maraqlı şəxs (X5) mülkiyyətində qalması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs (X5) ilə 28 sentyabr 2010-cu il tarixdə Bakı Nikah Evində 2314 saylı rəsmi nikah qeydi ilə rəsmi nikaha daxil olmuşdur. Ərizəçi nikahın pozulması və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair məsələ ilə bağlı ilk olaraq Mediasiya Şurasına müraciət etmişdir. Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/9/2024-00963 saylı barışıq sazişində aşağıdakılar qeyd olunmuşdur: Tərəflər Ərizəçi (Bundan sonra Birinci Tərəf və X5 (Bundan sonra İkinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: 1.1. Tərəflər arasında bağlanmış nikaha xitam verilsin və bu məqsədlə tərəflərdən hər hansı birisi müvafiq rayon məhkəməsinə müraciət etsin. Belə halda digər tərəf nikaha xitam verilməklə bağlı iddia tələbini qəbul edir. 2. Tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlaklar aşağıdakı şəkildə bölünəcək: 2.1. Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsində inşa edilmiş çoxmənzilli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 121,3 m³ olan 15 nömrəli mənzil- Ərizəçi mülkiyyətində qalacaq. İkinci tərəf bu mənzilin təmir xərclərini öz öhdəsinə götürür. 2.2. Yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 14, M10, m 1, 2 otaqlı, sahəsi 73.80m³ olan mənzil X2 mülkiyyətində qalacaq. 2.3. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5184 saylı ölçüsü 0.12 ha olan bağ sahəsi tərəflər arasında ½ hissə olmaqla bölünür. Göründüyü kimi tərəflər arasında olan mübahisənin barışıq sazişi imzalamaqla həll edərək, bütün məsələlər üzrə qarşı tərəfə razılığa gəlmişlər. Lakin hazırda aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. Çünki cavabdeh X7 Ogly (X5) Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsində inşa edilmiş çoxmənzilli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 121,3 m³ olan 15 nömrəli mənzilin təmir xərclərini qarşılamaq öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh Maraqlı şəxs (X5) ilə rəsmi nikahın pozulması ilə bağlı iddia tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəticədə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4414/2024 saylı qətnaməsinə əsasən Bakı Nikah Evində xx.xx.2010-cu il tarixli, 2314 saylı rəsmi nikah qeydi ilə bağlanmış rəsmi nikah pozulmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X3 ərizəni müdafiə etdi, onun məzmununa uyğun izahat verərək barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs (X7 Ogly) məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, buna baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxs X7 Oglynun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: Tərəflər arasında mediasiya prosesi nəticəsində Bakı 9 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixli MŞB/9/2024-00963 saylı barışıq sazişi bağlanmış, tərəflər sazişin şərtlərini aşağıdakı kimi müəyyənləşdirmişlər:
1. Tərəflər Ərizəçi (Bundan sonra Birinci Tərəf və X5 (Bundan sonra İkinci Tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: 1.1. Tərəflər arasında bağlanmış nikaha xitam verilsin və bu məqsədlə tərəflərdən hər hansı birisi müvafiq rayon məhkəməsinə müraciət etsin. Belə halda digər tərəf nikaha xitam verilməklə bağlı iddia tələbini qəbul edir.
2. Tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlaklar aşağıdakı şəkildə bölünəcək: 2.1. Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsində inşa edilmiş çoxmənzilli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 121,3 m³ olan 15 nömrəli mənzil- Ərizəçi mülkiyyətində qalacaq. İkinci tərəf bu mənzilin təmir xərclərini öz öhdəsinə götürür. 2.2. Yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 14, M10, m1, 2 otaqlı, sahəsi 73.80 m³ olan mənzil X2 mülkiyyətində qalacaq. 2.3. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5184 saylı ölçüsü 0.12 ha olan bağ sahəsi tərəflər arasında ½ hissə olmaqla bölünür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4414/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, tərəflər arasında Bakı Nikah Evində xx.xx.2010-cu il tarixli, 2314 saylı rəsmi nikah qeydi ilə bağlanmış rəsmi nikah pozulmuşdur. Maraqlı şəxs X7 Ogly öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Bununla bağlı olaraq Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. ********** nömrəli, xx.xx.2026-cı il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə ərizənin təqdim edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli MŞB/9/2024-00963 saylı barışıq sazişi imzalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş 10 gün müddət ərzində Maraqlı şəxs (X7 Ogly) tərəfindən barışıq sazişinin şərtləri könüllü şəkildə icra edilməmiş, bu halın əksi məhkəmə iclasında sübuta yetirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi məhz təmir xərclərinə münasibətdə sazişin icra edilmədiyini bildirmiş, sazişin digər şərtlərinin icra edilməməsi ilə bağlı hər hansı hal müəyyən edilməmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/9/2024-00963 saylı barışıq sazişi qismən təsdiq edilməlidir. Tələb edilməməsi nəzərə alınaraq ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə qismən təmin edilsin. Ərizəçi və Maraqlı şəxs (X7 Ogly) arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/9/2024- 00963 saylı Barışıq sazişinin 2.1-ci bəndi aşağıdakı şərtlə təsdiq edilsin: 2.1. Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küçəsində inşa edilmiş çoxmənzilli yaşayış binasının 3-cü blok, 5-ci mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 121,3 m³ olan 15 nömrəli mənzilin təmir xərclərini İkinci tərəf - Maraqlı şəxs (X5) öz öhdəsinə götürür. Ərizə qalan hissədə rədd edilsin. Tələb edilməməsi nəzərə alınaraq ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Vüsalə Musayeva