Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-98)-418/2026 19.03.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi (1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə (açar sözlər: ölüm faktının müəyyən edilməsi) Giriş hissə: Hakim İsmayılova Səbinə Vüqar qızının sədrliyi, Mehdiyeva Gülarə Sahib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Təsviri hissə: a) ərizəçinin xahişi.
1. Ərizəçi (1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum xx.xx.1959-cu il təvəllüdlü X5 xx.xx.2026-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X10 ilə xx.xx.1990-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Onların rəsmi nikahından bir qız övladı var. Həyat yoldaşı ürək xəstəliyindən əziyyət çəkmiş, iki dəfə infarkt keçirmişdir. Həyat yoldaşı xx.xx.1959-cu ildə Bakı şəhərində anadan olmuş, xx.xx.2026-cı ildə Mərdəkan qəsəbəsində yerləşən bağ evində vəfat etmişdir. Belə ki, həmin gün onlar şəhərdə olmuşlar. Rufik isə bağ evində tək olmuşdur. Evdə ondan başqa heç kim olmamışdır. Həmin gün bir neçə dəfə onunla telefon vasitəsilə əlaqə saxlamış, demişdir ki, ayın 12-si şəhərə gələcək, narahat olmayın, çünki yanvarın 13-də onun ad gününü qeyd etməli idilər. xx.xx.2026-cı ildə saat təxminən 19:00 radələrində yenidən həyat yoldaşı ilə bir neçə dəfə əlaqə saxlamış, lakin o, telefona cavab vermədiyindən şübhələnmişdir. Təcili olaraq Mərdəkandakı evə getmişlər. Lakin artıq oraya çatanda həyat yoldaşı nəfəs almırdı. Təcili tibbi yardıma zəng etmişlər, lakin həkim gələnə kimi yoldaşı artıq rəhmətə getmişdi. Stolda oturaqlı vəziyyətdə rəhmətə getmişdir. Yoldaşını Şağan qəsəbəsində yerləşən kənd qəbiristanlığında qohumların, tanışların iştirakı ilə dəfn etmişlər. Həyat yoldaşına ölüm haqqında şəhadətnamə almaq üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin lazım olan sənədləri təqdim edə bilmədiyi üçün qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnaməni verməkdən imtina edərək, məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Həyat yoldaşının ölüm haqqında şəhadətnaməsi sənədləşmə işlərinin aparılması üçün lazımdır.
b) məhkəmə icraatı iştirakçılarının izahatları.
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, mərhum Rufik Babayev həyat yoldaşı olmuşdur. Ölümündən əvvəlki gün axşam onunla video zəng vasitəsilə əlaqə saxlamış, həmin vaxt hər şey qaydasında olmuşdur. Lakin növbəti gün – yanvarın 10-u yoldaşından heç bir zəng gəlməmiş, heç bir zəngə də cavab verməmişdir. Həmin vaxt yoldaşı bağ evində tək olmuşdur. Günortadan sonra bilmişlər ki, yoldaşı bağ evində vəfat edib. Ona yoldaşının vəfat etməsi barədə məlumatı kürəkəni vermişdir. Bundan sonra bağ evinə getmiş, yoldaşının rəhmətə getdiyini görmüşdür. Lakin ölüm haqqında tibbi şəhadətnamə ala bilmədiklərinə görə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Əsaslandırıcı hissə:
a) iş materialları.
5. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edildiyindən və ərizəçi tərəfindən ölümü təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir.
6. Respublika Təcili və X3 X8 Şəxsi tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, Xəzər TTTYS-nin 10 saylı bölmənin təcili yardım briqadası xx.xx.2026-cı il tarixdə xəstə X10 üçün çağırış üzrə gəlmiş, kişi cinsli meyit, həkimə qədər ölüm aşkar edilmişdir.
7. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Bakı Baş Səhiyyə Mərkəzi” X16 3 nömrəli şəhər poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli, 05 №-li qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə”nin verilməsi qaydasının 4.4.5-ci bəndinə (“ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda”) əsasən, xx.xx.1959-cu il təvəllüdlü mərhum X5 adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi mümkün deyil.
8. Bakı şəhəri Xəzər rayonu Mərdəkan Bələdiyyəsi tərəfindən xx.xx.2026-cı il tarixdə verilmiş, 1-8/40 nömrəli arayışdan görünür ki, X10 xx.xx.2026-cı il tarixdə vəfat etmişdir və Mərdəkan qəbiristanlığında dəfn olunmuşdur.
9. Xaçmaz rayon Xudat şəhər soveti tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş, V-JQ seriyalı, 379872 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X10 və X1 arasında xx.xx.1990-cı il tarixdə nikah bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 82 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Babayeva soyadı verilmişdir.
b) şahid ifadələri.
10. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 bildirdi ki, Ərizəçi onun bacısı, mərhum Rufik Babayev isə onun bacısının yoldaşıdır. Rufik rəhmətə gedən vaxt bağ evində tək olmuşdur. Danışanda demişdi ki, ayın 13-ü ad günündən əvvəl şəhərə gələcək. Lakin ayın 10-u axşamtərəfi Rufikin rəhmətə getdiyindən xəbər tutmuş, bundan sonra bağ evinə yollanmışdır. Oraya çatanda artıq meyitin yuyulduğunu görmüşdür. Mərhum növbəti gün dəfn olunmuşdur. Qohum kimi dəfndə, bütün yas mərasimlərində iştirak etmişdir.
11. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X9 bildirdi ki, Ərizəçi qayınanası, mərhum Rufik Babayev isə qayınatasıdır. O özü Bilgəhdə işlədiyinə görə tez-tez bağda qayınatasının yanında qalmışdır. Rəhmətə getdiyi gün də əslində yanında qalmalı idi, amma işləri çıxdığına görə gedə bilməmişdir. Növbəti gün telefonla dəfələrlə qayınatasına zəng vursa da telefona cavab verməmişdir. Artıq uzun müddətdir zənglərə cavab verməməsindən şübhələnərək işdən icazə alıb bağa getmişdir. Evə çatanda qapını döysə də açan olmamış, o da məcbur qalıb hasardan həyətə keçmişdir. Həmin vaxt həyətdə işıqların yandığını görmüş, artıq nə baş verdiyini başa düşmüşdür. Evə girdikdən sonra mərhumun rəhmətə getdiyini görmüşdür. Onu bir neçə dəfə sarsmağa çalışmış, sonra öldüyündən əmin olmuşdur. Yenə də təcili yardıma zəng vurmuş, amma artıq gec olmuşdur. Növbəti gün dəfn baş tutmuşdur. O, bütün mərasimlərdə iştirak etmişdir.
12. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 bildirdi ki, Ərizəçi anası, mərhum Rufik Babayev isə atasıdır. Atası xx.xx.20206-cı ildə rəhmətə getmişdir. Həmin gün o, bağ evində tək olmuşdur. Ondan əvvəlki gün atası ilə telefonda danışmışlar. Ümumiyyətlə, atası həmişə günün eyni saatlarında zəng vurub onlarla danışmışdır. Ona görə də rəhmətə getdiyi gün zənglərə cavab verməyəndə narahat olmuşlar. Yoldaşı zəng vurub ona bu barədə dedikdən sonra o da yoldaşı ilə birlikdə bağ evinə getmişdir. Həyətin qapısını açan olmadığına görə yoldaşı hasardan tullanıb qapını açmışdır. Həyətə girəndə işıqların yandığını görmüşlər. Evə girəndə isə atasının artıq rəhmətə getdiyini görmüşdür. O içəridə qala bilməmiş, çölə çıxmışdır. Sonra təcili yardım çağırmışlar. Növbəti gün dəfn olmuşdur. c) işin halları.
13. Ərizəçi X5 arvadı olmuşdur.
14. Ərizəçi ərinin ölümünün qeydə alınması üçün onun qeydiyyatda olduğu poliklinikaya və qeydiyyat orqanına müraciət etmiş, lakin şəxsin ölümünü təsdiq edən tibbi şəhadətnamə verilmədiyindən ölümün qeydə alınması mümkün olmamışdır.
ç) tətbiq edilən hüquq.
15. Аzərbаycаn Respublikаsının Аilə Məcəlləsi. Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 193. Ölümün dövlət qeydiyyatına alındığı yer. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 194. Ölüm haqqında məlumat vermə. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
16. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
d) məhkəmənin mövqeyi.
18. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən əri X5 xx.xx.2026-cı il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir.
19. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X5 ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi yoxdur. Məhz bu sənəd olmadığından sonradan ərizəçi ərinin ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi ərinin ölməsi faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməli olmuşdur.
20. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir. Bundan başqa, ərizədə qeyd edilənlər ölümün baş verdiyi gün ünvana çağırış üzrə gedən təcili və X3 stansiyası əməkdaşları tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi, mərhumun qəbiristanlıqda dəfn edilməsinə dair müvafiq bələdiyyədən arayış kimi sübutlarla da təsdiq edilmişdir.
21. Göründüyü kimi, ərizəçinin əri X5 xx.xx.2026-cı il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir. Odur ki, hüquqi əhəmiyyət daşıyan həmin fakt məhkəmə qaydasında təsdiq edilməlidir.
e) məhkəmə xərcləri.
22. Ərizəçi tərəfindən hazırkı ərizə ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilsə də “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olduğundan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
Nəticə hissə:
23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X5 xx.xx.2026-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
24. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X5 xx.xx.2026-cı il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Səbinə İsmayılova