Məhkəmə qərarları › İş №9(3-9)-11/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №9(3-9)-11/2026

31.07.2026 · Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 9(3-9)-11/2026 31.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraat İdarəsinin prokuroru-metodisti X4, barəsində hökm verilmiş Barəsində məhkəmə aktı çıxarılmış şəxs, müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi oğlunun iştirakları ilə. ##.##.1975-ci ildə Ağcabədi rayonu, Hüsülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağcabədi rayonu, Hüsülü kəndində qeydiyyatda olmaqla yaşayan; Mirzə (əvvəlki soyadı Mirzəyev) Sərdar Araz oğlunun barəsində Rusiya Federasiyasının Murmansk şəhəri Lenin rayon Məhkəməsinin ## ##### 2009-cu il tarixli hökmün Azərbaycan Respublikası ərazisində tanınması barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun təqdimatına qapalı məhkəmə iclasında baxaraq, kollegiya qərar verdi. İ.İŞİN HALLARI: ## ###### 2007-ci il tarixdə, saat 00:30-dan 01:00-dək olan müddətdə, Mirzəyev Sərdar Araz oğlu dövlət qeydiyyat nişanları olmayan “VAZ 21099” markalı avtomobili idarə edərkən Murmansk şəhəri A.Nevski küç., ** nömrəli evin yaxınlığında Murmansk şəhəri Lenin Rayonu Daxili İşlər Orqanı Yol Patrul Xidməti (YPX) bölməsinin növbətçi inspektorları R.G. Kuznetsov və D.N. Rojkovski tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ üçün sənədləri yoxlamaq və Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinin 2-ci hissəsi (dövlət qeydiyyat nişanları olmayan nəqliyyat vasitəsini idarə etməyə görə inzibati məsuliyyət nəzərdə tutur) ilə inzibati xəta haqqında protokol tərtib etmək məqsədilə saxlanılmışdır. YPX inspektoru Kuznetsov R.G. Mirzəyevə onu inzibati məsuliyyətə cəlb etmək üçün əsasları izah etdikdən və qanunla müəyyən edilmiş qaydada ona qarşı inzibati xəta haqqında protokol tərtib etmək niyyətində olduqda, Mirzəyev Murmansk şəhəri A.Nevski küç., ** nömrəli evin yaxınlığında YPX əməkdaşlarının xidməti avtomobilində olarkən, yol hərəkəti qaydalarını pozduğuna görə inzibati məsuliyyətdən yayınmaq məqsədilə Murmansk şəhəri Lenin Rayonu Daxili İşlər Orqanı YPX bölməsinin inspektoru Kuznetsov R.G.-yə 1000 rubl məbləğində rüşvət müqabilində onun tərəfindən inzibati xətanın törədilməsi faktını gizlətməyi və inzibati xəta haqqında protokol tərtib etməməyi təklif etmişdir. Kuznetsov R.G. rüşvəti almaqdan imtina etdikdən sonra Mirzəyev vəzifəli şəxsə qəsdən qanunsuz hərəkətsizliyə, yəni onun tərəfindən inzibati xətanın törədilməsi faktını gizlətməyə və inzibati xəta haqqında protokol tərtib etməməyə görə rüşvət verməyə yönəlmiş cinayət hərəkətlərini davam etdirərək xidməti avtomobilin ön oturacaqları arasına 1000 rubl məbləğində pul qoymuşdur. Bununla Mirzəyev özündən asılı olmayan səbəblərdən rüşvət verməyə yönəlmiş cinayət niyyətini sona çatdıra bilməmişdir, çünki YPX inspektoru Kuznetsov R.G. qanunsuz mükafatı almaqdan imtina etmişdir. Məhkəmənin ittiham hökmünə əsasən, Mirzəyev Sərdar Araz oğlu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 291-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq, hökmlərin məcmusu üzrə, Murmansk şəhəri Lenin Rayon Məhkəməsinin ## ###### 2002-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin qismən əlavə edilməsi yolu ilə Mirzəyev Sərdar Araz oğluna son nəticədə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, sərt rejimli islah-əmək koloniyasında çəkilməklə təyin edilmiş, cəza müddəti X3 Araz oğlunun faktiki saxlanıldığı andan hesablanmış, X3 Araz oğlunun axtarışı davam etdirilmiş və onun barəsində həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. 2009-cu il #####in ##-də Murmansk şəhəri Lenin Rayon Məhkəməsi tərəfindən *-*/**** saylı cinayət işi üzrə Azərbaycan Respublikası vətəndaşı Mirzəyev Sərdar Araz oğlu, ## ##### 1975-ci il təvəllüdlü, Azərbaycan Respublikası Ağcabədi rayonu Xusulu kəndində anadan olmuş, şəxsiyyəti təsdiq edən sənəd: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (AZE N ********), AA 0843379 seriyalı, ##.##.2010-cu ildə verilmiş, ünvanı: Azərbaycan Respublikası, Ağcabədi rayonu, Xusulu kəndi, qeydiyyatda olan şəxs barəsində ittiham hökmü çıxarılmışdır. Mirzəyev Sərdar Araz oğlu məhkəməyə gəlməkdən yayındığı üçün məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir. X3 Araz oğlunun azadlıqdan məhrum etmə cəzasını çəkməkdən yayınan şəxs kimi axtarışının təşkili Rusiyanın Murmansk vilayəti üzrə FTİX İdarəsinə həvalə edilmişdir. X3 Araz oğlunun yeri ## ###### 2022-ci ildə Azərbaycan Respublikası DİN Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilmiş, sonuncudan yazılı izahat və öhdəlik götürülmüşdür. İzahatında o, hazırda Azərbaycan Respublikası Ağcabədi rayonu Xusulu kəndində qeydiyyatda olduğunu və yaşadığını, barəsində axtarış elan edilməsindən xəbərinin olmadığını, Azərbaycan Respublikasının vətəndaşı olduğunu bildirmişdir. ## ###### 2022-ci ildə Bakı şəhəri Sabunçu Rayon Prokurorunun müavini tərəfindən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin rədd edilməsi haqqında qərar çıxarılmışdır. Beləliklə, hazırda X3 Araz oğlu azadlıqdan məhrum etmə cəzasını çəkməkdən yayınır və bu cəza icra edilməmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun müavini R Elmar Camalov, Mirzəyev Sərdar Araz oğlunun barəsində Rusiya Federasiyasının Murmansk şəhəri Lenin rayon Məhkəməsinin ##.##.2009-cu il tarixli hökmün Azərbaycan Respublikası ərazisində tanınması barədə təqdimatla Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmişdir. II.TƏQDİMATIN ƏSASLARI: Azərbaycan Respublikası vətəndaşı, ##.##.1975-ci il təvəllüdlü, Ağcabədi rayonu, Hüsülü kəndində qeydiyyatda olmaqla yaşamış Mirzəyev Sərdar Araz oğlu Rusiya Federasiyasının Murmansk şəhəri Lenin rayon Məhkəməsinin ##.##.2009-cu il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 291-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70- ci maddəsinə uyğun olaraq hökmlərin məcmusu qaydasında Murmansk şəhəri Lenin rayon məhkəməsinin ##.##.2002ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ilə qismən birləşdirilməklə qəti olaraq 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Odur ki, Mirzəyev Sərdar Araz oğlunun barəsində Rusiya Federasiyasının Murmansk şəhəri Lenin rayon Məhkəməsinin ##.##.2009-cu il tarixli hökmün Azərbaycan Respublikası ərazisində tanınması üçün Şirvan Apellyasiya Məhkəməsinə təqdimat verilməlidir. Mirzəyev Sərdar Araz oğlunun Murmansk şəhəri Lenin rayon Məhkəməsinin ##.##.2009cu il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınması xahiş olunur. III. CİNAYƏT PROSESİ İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraat İdarəsinin prokuroru X4 təqdimatın əsaslarına uyğun çıxış edərək, qeyd olunan hökmün Azərbaycan Respublikası ərazisində tanınması və Barəsində məhkəmə aktı çıxarılmış şəxs əməlinin Azərbaycan Respublikası CM-in 29,312.1-ci maddəsinə tövsif edilərək, ona Murmansk şəhəri Lenin rayon Məhkəməsinin ##.##.2009-cu il tarixli hökmü ilə hökmlərin məcmusu üzrə təyin olunmuş qəti cəzaya uyğun, yəni 4 il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini xahiş etmişdir. Barəsində məhkəmə aktı çıxarılmış şəxs və müdafiəçisi Müdafiəçi təqdimatın təmin olunmamasını xahiş etmişlər. IV.HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 10.1-ci maddəsinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Konstitusiyanın, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Cinayət Prosessual Məcəlləsinin 522.1-ci maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması xarici dövlətlərin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında, yaxud Azərbaycan Respublikasında həyata keçirilən cinayət təqibi ilə əlaqədar zərurət yarandıqda bu Məcəllənin 522-525-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Cinayət Prosessual Məcəlləsinin 522.1-1-522.3-1-ci maddələrinə göstərilən tələbə görə, xarici dövlətlərin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması bununla bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə mövcud olduğu halda həyata keçirilir. Belə beynəlxalq müqavilə olmadıqda xarici dövlətlərin məhkəmələrinin hökmləri və ya digər yekun qərarları qarşılıqlılıq prinsipinə riayət ediləcəyinə dair həmin dövlətin müvafiq səlahiyyətli orqanı tərəfindən təminat verildiyi halda tanına bilər. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üçün xarici dövlətin müvafiq səlahiyyətli orqanı Azərbaycan Respublikasının Baş Prokurorluğuna və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanına sorğu ilə rəsmi müraciət edir. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması ilə bağlı sorğunun daxil olduğu müvafiq icra hakimiyyəti orqanı və ya digər dövlət orqanları daxil olmuş belə sorğunu xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının bu Məcəllənin 522-525-ci maddələri ilə müəyyən edilmiş qaydada tanınması üzrə icraatın təmin edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir. Azərbaycan Respublikasının Baş Prokurorluğu xarici dövlətin müvafiq səlahiyyətli orqanının rəsmi müraciətinin bu Məcəllənin 523-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verib-verməməsini araşdırır və tələblərə riayət edilmədikdə əlavə məlumatların təqdim edilməsinə dair müraciət edir. Azərbaycan Respublikasının Baş Prokurorluğu xarici dövlətin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında, yaxud Azərbaycan Respublikasında həyata keçirilən cinayət təqibi ilə əlaqədar zərurət yarandıqda xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə bu Məcəllənin 522.6-cı maddəsində nəzərdə tutulmuş qaydada təqdimat verir. Cinayət Prosessual Məcəlləsinin 522.4-cü maddəsində göstərilən hallara əsasən, xarici dövlətin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında bu Məcəllənin 522.3-1-ci maddəsində nəzərdə tutulan təqdimat aşağıdakı hallardan hər hansı biri mövcud olduqda verilir: -522.4.1. barəsində hökm və ya digər yekun qərar çıxarılmış şəxs son 12 ayın əksər hissəsini Azərbaycan Respublikasında yaşamışdırsa; -522.4.2. barəsində xarici dövlətlərin məhkəmələrinin hökmünün və ya digər yekun qərarının çıxarıldığı şəxsin mənşə ölkəsi Azərbaycan Respublikasıdır və Azərbaycan Respublikası qeyd edilən hökmün və ya qərarın icrası niyyətindədirsə; -522.4.3. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının Azərbaycan Respublikasında icrası məhkum edilmiş şəxsin sosial reabilitasiya imkanlarını gücləndirirsə; -522.4.4. barəsində xarici dövlətlərin məhkəmələrinin azadlıqdan məhrum etmə ilə bağlı hökm və ya digər yekun qərarının çıxarıldığı şəxs Azərbaycan Respublikasında azadlıqdan məhrum etmə ilə bağlı cəza çəkirsə; -522.4.5. xarici dövlətlərin məhkəmələri tərəfindən müsadirə edilməsi barədə hökm və ya digər yekun qərar çıxarılmış əmlak Azərbaycan Respublikasında yerləşirsə. - Cinayət Prosessual Məcəlləsinin 522.6-cı maddəsinin tələbinə görə, Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə təqdimatı, barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxsin sonuncu yaşayış yeri üzrə, bu məlum olmadıqda isə hökmün və qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərin sonuncu yaşayış yeri üzrə, hökmün və ya digər yekun qərarın icrası əmlakla bağlı olduqda isə həmin əmlakın yerləşdiyi yer üzrə apellyasiya instansiyası məhkəməsinə verir. Cinayət Prosessual Məcəlləsinin 524.5-ci maddəsində göstərilən tələblərə əsasən, Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının Azərbaycan Respublikası ərazisində tanınmasından aşağıdakı hallarda imtina edilir: -524.5.1. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə zidd olduqda; -524.5.2. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının qəbul edilməsi zamanı şəxsin minimal hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququ təmin edilmədikdə; -524.5.3. xarici dövlətlərin məhkəmələrinin hökmləri və ya digər yekun qərarları sorğu edən ölkənin qаnunvеriciliyinə əsasən qüvvəyə minmədikdə və ya оnun mübаhisələndirilməsi vasitələri tükənmədikdə; 524.5.4. “Cinayət işlərinə dair hüquqi yardım haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallar mövcud olduqda; -524.5.5. sorğu edilən şəxs barəsində eyni əməl üzrə Azərbaycan Respublikasının cinayət təqibi orqanının cinayət işinin xitam olunması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında ləğv edilməmiş qərarı, Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş hökm və ya yekun qərarı olduqda və ya həmin şəxs barəsində həmin əməl üzrə cinayət təqibi aparıldıqda; -524.5.6. əmlakın müsadirə edilməsi ilə bağlı xarici dövlətin səlahiyyətli orqanının sorğusunda və ona əlavə edilən xarici dövlətlərin məhkəmələrinin hökmlərində və ya digər yekun qərarlarında əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən xüsusi müsadirə edilməli olan digər əmlak olmasına dair sübutlar olmadıqda; -524.5.7. cinayət sorğu edən dövlətin hüdudlarından kənarda törədildikdə; -524.5.8. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının Azərbaycan Respublikasında icrası qeyri-mümkün olduqda; -524.5.9. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının sorğu edən dövlətin müvafiq səlahiyyətli orqanları tərəfindən icra edilməsi mümkün olduqda; -524.5.10. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması ilə bağlı sorğu edən xarici dövlət tərəfindən qarşılıqlılıq prinsipinə riayət olunmadıqda; -524.5.11. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan digər hallarda. Cinayət Prosessual Məcəlləsinin 524.6-cı maddəsinə görə, məhkəmə iclasda iştirak edən şəxsləri dinlədikdən sonra xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tam və ya qismən tanınması, yaxud bundan imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Həmin qərar dərhal qüvvəyə minir. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması və icrasına dair qərar Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada icra edilir. Həmin Məcəllənin 524.7-ci maddəsinə əsasən, qərarın surəti onun çıxarıldığı gündən 3 gün müddətində Azərbaycan Respublikasının Baş Prokurorluğuna, habelə barəsində qərarın çıxarıldığı şəxsə və ya onun nümayəndəsinə, hökmün və ya digər yekun qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərə (məlum olduqda) bilavasitə və ya sorğu edən xarici dövlət vasitəsilə göndərilir. Qeyd olunan Məcəllənin 524.8-ci maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması və ya bundan imtina edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərarından Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxs, habelə qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslər həmin qərarı aldığı vaxtdan 1 (bir) ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət və ya protest verə bilərlər. Beləliklə, Cinayət Kollegiyası Baş Prokurorluq tərəfindən hüquqi yardımla əlaqadar Rusiya Federasiyası məhkəmələrinin hökm və qərarının tanınması ilə bağlı təqdimatın verilməsinin zəruri əsaslarını, eləcə də hökm və qərarın tanınmasının mümkünlüyü əsaslarını Cinayət Prosessual Məcəllənin 522-524-cü maddələrinə uyğun olaraq təhlil edərək bu qənatə gəlir ki, təqdimat təmin olunmalı, Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində Rusiya Federasiyası, Murmansk şəhəri Lenin rayon Məhkəməsinin ##.##.2009cu il tarixli hökmü Azərbaycan Respublikası ərazisində tanınmalı və icrasının Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməsi məsələsi həll olunmalıdır. Kollegiya ilk öncə qeyd edir ki, təqdimata əlavə edilmiş materiallardan məlum olur ki, Barəsində məhkəmə aktı çıxarılmış şəxs Rusiya Federasiyasında cinayət təqibinə məruz qalarkən, həmçinin barəsində qiyabi icraat qaydasında məhkəmələrdə cinayət işinə baxılarkən müdafiəçi ilə təmin olunmuş, hökmdəm apellyasiya şikayəti verilməmiş, hökm qanuni qüvvəsini almışdır. Bundan başqa hökmün Azərbaycan Respublikası ərazisində tanınmasından imtina edilməsi üçün Cinayət Prosessual Məcəlləsinin 524.5.1.-524.5.11-ci maddələrində göstərilən digər hallar, eləcə də “Cinayət işlərinə dair hüquqi yardım haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqi yardımdam imitina üçün əsasların mövcud olması müəyyən olunmamışdır. Bundan əlavə hüquqi yardımla bağlı əsas şərtlərdən biri də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilənin mövcud olmasıdır. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının ## ###### 2004-cü il tarixli Qanunu ilə təsdiq edilmiş "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Kişniyov Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinə əsasən Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsirləndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrindən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyat-axtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlərin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Konvensiyanın 109-cu maddəsinə əsasən Razılığa gələn bir Tərəfin məhkəməsi tərəfindən məhkum edilmiş və cəzasını çəkməmiş şəxs Razılığa gələn digər Tərəfin ərazisində cinayət məsuliyyətinə cəlb edilmək üçün verildikdə, habelə Razılığa gələn bir Tərəfin məhkəməsi tərəfindən çıxarılmış hökmün icrasını təmin etmək üçün Razılığa gələn digər Tərəf şəxsi verməkdən imtina etdikdə, Razılığa gələn Tərəflərdən hər biri Razılığa gələn digər Tərəfin məhkəməsi tərəfindən çıxarılan hökmləri bu Konvensiyada nəzərdə tutulan şərtlər əsasında tanıyır və icra edir. Hökmlərin tanınması və icrası, bu cür hökmlərin tanınacağı və icra ediləcəyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həyata keçirilir. Konvensiyanın 111-ci maddəsinin 1-6-cı bəndlərində nəzərdə tutulmuş hallara əsasən, hökmün tanınması və icra edilməsi haqqında vəsatət sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi tərəfindən onun öz daxili qanunvericiliyinə uyğun olaraq baxılır. Sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi, verilən şəxsin onun ərazisinə faktiki ötürülməsinə qədər hökmün tanınması və icra edilməsi haqqında qərar qəbul edir. Sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsinin çıxardığı hökmü əsasında öz daxili qanunvericiliyinə uyğun olaraq hökmdə nəzərdə tutulan cəzaya uyğun olan cəza müəyyən edir. Əgər sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həmin əmələ görə ən yuxarı cəza müddəti hökm əsasında təyin edilmiş müddətdən aşağıdırsa, məhkəmə sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində analoji əmələ görə nəzərdə tutulmuş maksimal cəza müddəti təyin edir. Cəzanın, hökmü çıxarmış sorğu edən Razılığa gələn Tərəfin ərazisində çəkilmiş hissəsi, hökmün tanınması haqqında vəsatətə baxan Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş cəza müddətinə hesablanır. Eyni zamanda hökmün icra edilmə qaydası haqqında məsələyə baxılır. Cəza həm sorğu edən, həm də sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulduğu təqdirdə tətbiq edilə bilər. Konvensiyanın 112-ci maddəsində hökmün tanınması və icrasından imtina edilməsini nəzərdə tutan şərtlərə əsasən: a) cəza cinayət məsuliyyətinə cəlb etmə müddətinin bitməsi və ya digər qanuni səbəblərdən, yaxud da müttəhimin iştirakı olmadan qiyabi çıxarılmış hökmə əsasən icra edilə bilməzsə; b) şəxs cinayət törətdiyinə görə sorğu alan Razılığa gələn Tərəfin ərazisində cəza çəkmişsə və ya bəraət almışsa, yaxud da cinayət işinə qanunla müəyyən edilmiş qaydada xitam verilmişsə, habelə əgər şəxs sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsi tərəfindən cəzadan azad edilmişsə; v)sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində sorğu edən Razılığa gələn Tərəfin ərazisində təyin edilmiş analoji cəza nəzərdə tutulmursa; q) kifayət qədər əsas varsa ki, şəxsin məhkum olunması, onun irqi, cinsi, dini, etnik mənsubiyyəti və ya siyasi baxışları ilə əlaqədardırsa. İşin hallarına əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti və ya ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə müddəti ötməmiş, hökmün tanınması və icrasından imtina edilməsini nəzərdə tutan şərtlər müəyyən olunmamışdır. Tanınması xahiş olunan qərardan və digər materiallardan görünür ki, Barəsində məhkəmə aktı çıxarılmış şəxs ibtidai istintaq mərhələsində Rusiya Federasiyasında olmuş, ifadələr vermiş, qərarın surəti məhkəmə tapşırığı qaydasında ona çatdırılmış, o, axtarışda olmasından məlumatlı olmuş, ötən müddət ərzində qərardan narazı olmasını ifadə etməmiş, habelə apellyasiya şikayət verməmişdir. Cinayət Məcəlləsinin 80.1 və 80.1.3-cü maddəsinə əsasən, məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən ağır cinayət törətməyə görə məhkum edilərkən on iki il müddətində icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən, məhkum edilmiş şəxs cəzanı çəkməkdən boyun qaçırdıqda, icra müddətinin axımı dayanır. Bu halda icra müddətinin axımı həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Rusiya Federasiyası, Murmansk vilayəti üzrə FTİX İdarəsi rəisinin birinci müavinin ## ###### 2016-cı il tarixli qərarından məlum olur ki, cəza çəkməkdən yayınan Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində axtarış elan edilmişdir. Təqdimata əlavə olunmuş Rusiya Federasiyası, Murmansk şəhəri Lenin rayon Məhkəməsinin ##.##.2009-cu il tarixli hökmündən müəyyən olunur ki, Barəsində məhkəmə aktı çıxarılmış şəxs Rusiya Federasiyasının Murmansk şəhəri Lenin rayon Məhkəməsinin ##.##.2009-cu il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 291 -ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmiş, hökm məhkumun iştirakı olmadan qəbul edilmiş, həmin hökm ## ##### 2009-cu il tarixdə qanuni qüvvəsini almışdır. Həmin hökmdən həmçinin məlum olur ki, Barəsində məhkəmə aktı çıxarılmış şəxs ## ###### 2002-ci ildə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsinin 3-cü hissəsinin "v" bəndi (##.##.2006-cı il tarixli **-FZ nömrəli Federal Qanunun redaksiyasında) ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2005-ci ildə şərti olaraq vaxtından əvvəl azad edilmiş, çəkilməmiş 3 il 5 ay 6 gün cəza müddəti qalmışdır. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 30-cü maddəsinin (cinayətə hazırlıq və cinayətə cəhd) 3-cü hissəsində qeyd olunub ki, cinayətə cəhd dedikdə, şəxsin cinayəti törətməyə bilavasitə yönəlmiş qəsdən etdiyi hərəkətlər (hərəkətsizlik) başa düşülür, əgər bu zaman cinayət həmin şəxsdən asılı olmayan hallara görə başa çatdırılmamışdır. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 291-ci maddəsinin (rüşvət vermə) 2 hissəsində qeyd olunub ki, vəzifəli şəxsə onun qəsdən qanunsuz hərəkətlərinə (hərəkətsizliyinə) görə rüşvət vermə -100.000-dən 500.000 rubladək miqdarda cərimə və ya məhkumun bir ildən üç ilədək müddətə əməkhaqqı və ya digər gəliri miqdarında cərimə və ya səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Qeyd: Əgər vəzifəli şəxs tərəfindən rüşvət tələbi olmuşdursa və ya şəxs rüşvət vermə barədə cinayət işi başlamaq hüququ olan orqana könüllü məlumat vermişsə, rüşvət verən şəxs cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci mmaddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinin ## ###### 2007-ci ildə qüvvədə olan redaksiyasına əsasən, rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi şərti maliyyə vahidinin min mislindən iki min mislinədək cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Göründüyü kimi, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cü maddəsinin (cinayətə hazırlıq və cinayətə cəhd) 3-cü hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29cu maddəsinin, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsinin (rüşvət vermə) 2 hissəsi isə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1-ci maddəsinin dispozisiyasına də uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsində nəzərdə tutulmuş əsasa görə, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Nəzərə alınmalıdır ki, qeyd olunan cinayət əməli Rusiya Federasiyası Cinayət Məcəlləsinə əsasən xüsusilə ağır cinayət hesab olunur və məhkumun əvvəlki cəkilməmiş cəzasına görə məhkumluğu ağır cinayət hesab olunduğuna görə, əməlin təhlükli residiv müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsində göstərilən təsnifata əsasən, Sadıq Mirzənin əməli az ağır cinayət hesab olunur, ona görə də onun cinayət törətməyə cəhd etməsi əvvəlki ödənilməmiş və çəkilməmiş məhkumluğuna görə Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivi resab olunur. Belə olan o, cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Beləliklə, kollegiya milli qanunvericilik aktlarının, eləcə də Azərbaycan Respublikasının və Rusiya Federasiyasının tərəfdarı olduğu və təsdiq etdiyi Kişniyov Konvensiyasının hökmün tanınması ilə əlaqəli müddəalarını Rusiya Federasiyanın sorğusu və əlavə edilmiş materiallarla, o cümlədən Baş Prokurorluğun təqdimatında qeyd olunan hallarla təhlil etmiş, hüquqi yardımdan imtina üçün qanuni əsas müəyyən etməmişdir. Belə olduğu təqdirdə, yuxarıda qeyd olunan milli və beynəlxalq hüquqi aktların tələblərinə əsasən təqdimat təmin olunmalı, Rusiya Federasiyasının Murmansk şəhəri Lenin rayon Məhkəməsinin ## ##### 2009-cu il tarixli hökmü Azərbaycan Respublikası ərazisində tanınmaqla, Barəsində məhkəmə aktı çıxarılmış şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulan cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,312.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə uyğunlaşdırılmalı, hökm Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində müyyən edilmiş qaydalara uyğun icra olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 522-524-cü maddələrinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası Qərar aldı: Rusiya Federasiyasının Murmansk şəhəri Lenin rayon Məhkəməsinin ## ##### 2009cu il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınması barədə Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalov tərəfindən verilmiş təqdimat təmin edilsin. Rusiya Federasiyasının Murmansk şəhəri Lenin rayon Məhkəməsinin ## ##### 2009cu il tarixli hökmü icra üçün Azərbaycan Respublikasının ərazisində tanınsın. Barəsində məhkəmə aktı çıxarılmış şəxs törətdiyi Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 291-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulan cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,312.1-ci maddəsinə tövsif edilsin (tənzimlənsin). Barəsində məhkəmə aktı çıxarılmış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,312.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 3 (üç)il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə, yeni hökm üzrə təyin edilmiş cəzaya Murmansk şəhəri Lenin Rayon Məhkəməsinin ## ###### 2002-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsinin 3-cü hissəsinin "v" bəndi (##.##.2006-cı il tarixli **-FZ nömrəli Federal Qanunun redaksiyasında) ilə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi qismən birləşdirilməklə Barəsində məhkəmə aktı çıxarılmış şəxs qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində məhkəmə aktı çıxarılmış şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2026-cı il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Qərarın bu hissədə icrası Şirvan Şəhər Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı İstintaq Təcridxanasına həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar