Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 9(3-9)-8/2026 14.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraat İdarəsinin prokuroru-metodisti X4, məhkum İsmayılzadə İlqar İsrafil oğlunun, müdafiəçiləri-Şirvan Regional Vəkil Bürosunun vəkil müdafiəçi2 və Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 İsmayıl oğlunun iştirakı ilə. ##.##.1994-cü ildə Masallı rayonu, Sığıncaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının, həmçinin Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşqul olan, Rusiya Federasiyasının Kirov şəhəri, Oktyabr rayon məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Rusiya Federasiyası, Cinayət Məcəlləsinin 264-cü maddəsinin 5-ci bəndində nəzərdə tutulan cinayət törətməkdə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Masallı rayonu, st. Masallı qəsəbəsində qeydiyyatda olan və orada yaşayan; İsmayılzadə İlqar İsrafil oğlunun barəsində Rusiya Federasiyasının Kirov şəhəri, Oktyabr rayon məhkəməsinin ##.##.2022-ci il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınması barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun təqdimatına qapalı məhkəmə iclasında baxaraq, kollegiya qərar verdi. İ.İŞİN HALLARI: Rusiya Federasiyasının Kirov şəhəri, Oktyabr rayon məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü üzrə verilmiş ittihamdan məlum olur ki, İlqar İsmayılzadə avtomobili idarə edən zaman X3nı pozaraq ehtiyatsızlıqdan iki nəfərin ölümünə səbəb olmuşdur. Belə ki, ## #### 2022-ci il tarixdə, saat 05:00 ilə 05:25 radələrində texniki cəhətdən saz, T***TT 43 dövlət nömrə nişanlı NEFAZ avtobusunu idarə edən sürücü D.G. Pestov, Kirov şəhərinin Oktyabr rayonundakı Lomonosov küçəsinin yolu ilə Luqanskaya küçəsindən Lomonosov küçəsi ilə Mira küçəsinin tənzimlənməyən kəsişməsinə doğru hərəkət edərək sola dönmək niyyətində olmuşdur. Eyni zamanda, İqbal İsmayılzadənin idarə etdiyi P6660M 43 dövlət nömrə nişanlı "MERCEDES-BENZ C200" markalı avtomobil Kirov şəhərinin Lomonosov küçəsinin yolu ilə Koltsov küçəsindən Mira küçəsi istiqamətində hərəkət edərkən, Lomonosov küçəsi ilə Mira küçəsinin tənzimlənməyən kəsişməsindən düz keçmək niyyətində olmuş, sürücü İlqar İsmayılzadə yolun göstərilən hissəsində hərəkət edərkən, sürücünün nəqliyyat vasitəsini müəyyən edilmiş həddi aşmayan sürətlə idarə etməli olduğu “X3”nın 10.1-ci bəndinin (1-ci bənd) tələblərini, eləcə də yaşayış məntəqələrində nəqliyyat vasitələrinin hərəkətinə saatda 60 km-dən çox olmayan sürətlə icazə verilən “X3”nın 10.2-ci bəndinin tələblərini pozaraq idarə etdiyi avtomobili saatda 96-101 km sürətlə, yəni müəyyən edilmiş həddi aşan sürətlə idarə etmişdir. Məhkəmənin ittiham hökmünə əsasən, İsmayılzadə İlqar İsrafil oğlu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş cinayət törətməkdə təqsirli bilinmiş və 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etməklə bağlı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İqbal İsmayılzadənin müdafiəçisi vəkil S.V. Kazakovun Kirov şəhəri Oktyabr Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli hökmündən apellyasiya şikayəti vermişdir. Rusiya Federasiyası, Kirov Regional Məhkəməsi ## ###### 2022-ci il tarixli qərarı ilə Kirov şəhəri Oktyabr Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti rədd edilmişdir. İş materiallarında olan əsas və əlavə cəzanin çəkilmiş hissəsi, ödənilən zərərin məbləği barədə ## ###### 2026-cı il tarixli arayişdan müəyyən olunur ki, Kirov şəhəri Oktyabr Rayon Məhkəməsinin ## #### 2022-ci il tarixli hökmü ilə ## #### 1994-cü il təvəllüdlü İlqar İsrafil oğlu İsmayılzadə üç il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə üç il müddətinə azadlıqdan məhrum edilib. Həm əsas, həm də ikinci dərəcəli hökm icra edilməyib. Cinayət işinə baxılarkən zərərin ödənilməsi məsələsinə baxılmamışdır. Məhkum İlqar İsrafil oğlu İsmayılzadə oğlunun yeri ## ###### 2026-cı ildə Azərbaycan Respublikası DİN Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilmiş, sonuncudan yazılı izahat və öhdəlik götürülmüşdür. İzahatında bildirilir ki, o cinayət işinin mahiyyəti üzrə məlumata görə, 2021-ci ildə onu bu iş üzrə dindirmişlər və məhkəmədə iştirak etmiş, ifadələrini təsdiq etmişdir. Hələ də baş verənlərə görə təəssüf hissi keçirmiş, lakin, bir müddətdən sonra onların ailə və maliyyə problemləri yaranmışdır. 2022-ci ilin avqust ayında Azərbaycan Respublikasına qayıtmış və bu günədək yuxarıda qeyd olunan ünvanda yaşamışdır. Polis Şöbəsinə çağırıldıqda o axtarışda olduğunu bilmişdir. II.TƏQDİMATIN ƏSASLARI: Azərbaycan Respublikası vətəndaşı, ##.##.1994-cü il təvəllüdlü, Masallı rayonu Sığınacaq kəndində qeydiyyatda olmaqla yaşamış İsmayılzadə İlqar İsrafil oğlu Rusiya Federasiyasının Kirov şəhəri, Oktyabr rayon məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsinin 5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməyə görə 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Odur ki, İsmayılzadə İlqar İsrafil oğlunun barəsində Rusiya Federasiyasının Kirov şəhəri, Oktyabr rayon məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü Azərbaycan Respublikası ərazisində tanınması xahiş olunur. III. CİNAYƏT PROSESİ İŞTİRAKÇILARININ ÇIXIŞLARI: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət Təqibindən Kənar İcraat İdarəsinin prokuroru X4 təqdimatın əsaslarına uyğun çıxış edərək, qeyd olunan hökmün Azərbaycan Respublikası ərazisində tanınmasını, əməlin CM-in 263.3-cü maddəsinə tövsif edilməsini, ona 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etməklə bağlı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini, barəsində həbs qətimkan tədbiri seçilməsini xahiş etmişdir. İsmayılzadə İlqar İsrafil oğlu və müdafiəçiləri müdafiəçi2 və müdafiəçi1 İsmayıl oğlu təqdimatın təmin olunmamasını, İlqar İsmayılzadə barəsində “Konsititusiya və Suverenlik ili” münasibəti ilə barəsində amnistiya aktının tətbiq olunmasını, cəzadan azad olunmasını xahiş etmişlər. IV.HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 10.1-ci maddəsinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Konstitusiyanın, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Cinayət Prosessual Məcəlləsinin 522.1-ci maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması xarici dövlətlərin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında, yaxud Azərbaycan Respublikasında həyata keçirilən cinayət təqibi ilə əlaqədar zərurət yarandıqda bu Məcəllənin 522-525-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Cinayət Prosessual Məcəlləsinin 522.1-1-522.3-1-ci maddələrinə göstərilən tələbə görə, xarici dövlətlərin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması bununla bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə mövcud olduğu halda həyata keçirilir. Belə beynəlxalq müqavilə olmadıqda xarici dövlətlərin məhkəmələrinin hökmləri və ya digər yekun qərarları qarşılıqlılıq prinsipinə riayət ediləcəyinə dair həmin dövlətin müvafiq səlahiyyətli orqanı tərəfindən təminat verildiyi halda tanına bilər. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üçün xarici dövlətin müvafiq səlahiyyətli orqanı Azərbaycan Respublikasının Baş Prokurorluğuna və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanına sorğu ilə rəsmi müraciət edir. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması ilə bağlı sorğunun daxil olduğu müvafiq icra hakimiyyəti orqanı və ya digər dövlət orqanları daxil olmuş belə sorğunu xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının bu Məcəllənin 522-525-ci maddələri ilə müəyyən edilmiş qaydada tanınması üzrə icraatın təmin edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir. Azərbaycan Respublikasının Baş Prokurorluğu xarici dövlətin müvafiq səlahiyyətli orqanının rəsmi müraciətinin bu Məcəllənin 523-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verib-verməməsini araşdırır və tələblərə riayət edilmədikdə əlavə məlumatların təqdim edilməsinə dair müraciət edir. Azərbaycan Respublikasının Baş Prokurorluğu xarici dövlətin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında, yaxud Azərbaycan Respublikasında həyata keçirilən cinayət təqibi ilə əlaqədar zərurət yarandıqda xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə bu Məcəllənin 522.6-cı maddəsində nəzərdə tutulmuş qaydada təqdimat verir. Cinayət Prosessual Məcəlləsinin 522.4-cü maddəsində göstərilən hallara əsasən, xarici dövlətin müvafiq səlahiyyətli orqanının sorğusu əsasında bu Məcəllənin 522.3-1-ci maddəsində nəzərdə tutulan təqdimat aşağıdakı hallardan hər hansı biri mövcud olduqda verilir: -522.4.1. barəsində hökm və ya digər yekun qərar çıxarılmış şəxs son 12 ayın əksər hissəsini Azərbaycan Respublikasında yaşamışdırsa; -522.4.2. barəsində xarici dövlətlərin məhkəmələrinin hökmünün və ya digər yekun qərarının çıxarıldığı şəxsin mənşə ölkəsi Azərbaycan Respublikasıdır və Azərbaycan Respublikası qeyd edilən hökmün və ya qərarın icrası niyyətindədirsə; -522.4.3. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının Azərbaycan Respublikasında icrası məhkum edilmiş şəxsin sosial reabilitasiya imkanlarını gücləndirirsə; -522.4.4. barəsində xarici dövlətlərin məhkəmələrinin azadlıqdan məhrum etmə ilə bağlı hökm və ya digər yekun qərarının çıxarıldığı şəxs Azərbaycan Respublikasında azadlıqdan məhrum etmə ilə bağlı cəza çəkirsə; -522.4.5. xarici dövlətlərin məhkəmələri tərəfindən müsadirə edilməsi barədə hökm və ya digər yekun qərar çıxarılmış əmlak Azərbaycan Respublikasında yerləşirsə. -Cinayət Prosessual Məcəlləsinin 522.6-cı maddəsinin tələbinə görə, Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması barədə təqdimatı, barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxsin sonuncu yaşayış yeri üzrə, bu məlum olmadıqda isə hökmün və qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərin sonuncu yaşayış yeri üzrə, hökmün və ya digər yekun qərarın icrası əmlakla bağlı olduqda isə həmin əmlakın yerləşdiyi yer üzrə apellyasiya instansiyası məhkəməsinə verir. Cinayət Prosessual Məcəlləsinin 524.5-ci maddəsində göstərilən tələblərə əsasən, Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının Azərbaycan Respublikası ərazisində tanınmasından aşağıdakı hallarda imtina edilir: -524.5.1. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə zidd olduqda; -524.5.2. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının qəbul edilməsi zamanı şəxsin minimal hüquqi müdafiə vasitələrindən istifadə etmək hüququ təmin edilmədikdə; -524.5.3. xarici dövlətlərin məhkəmələrinin hökmləri və ya digər yekun qərarları sorğu edən ölkənin qаnunvеriciliyinə əsasən qüvvəyə minmədikdə və ya оnun mübаhisələndirilməsi vasitələri tükənmədikdə; 524.5.4. “Cinayət işlərinə dair hüquqi yardım haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallar mövcud olduqda; -524.5.5. sorğu edilən şəxs barəsində eyni əməl üzrə Azərbaycan Respublikasının cinayət təqibi orqanının cinayət işinin xitam olunması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında ləğv edilməmiş qərarı, Azərbaycan Respublikası məhkəmələrinin qanuni qüvvəyə minmiş hökm və ya yekun qərarı olduqda və ya həmin şəxs barəsində həmin əməl üzrə cinayət təqibi aparıldıqda; -524.5.6. əmlakın müsadirə edilməsi ilə bağlı xarici dövlətin səlahiyyətli orqanının sorğusunda və ona əlavə edilən xarici dövlətlərin məhkəmələrinin hökmlərində və ya digər yekun qərarlarında əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən xüsusi müsadirə edilməli olan digər əmlak olmasına dair sübutlar olmadıqda; -524.5.7. cinayət sorğu edən dövlətin hüdudlarından kənarda törədildikdə; -524.5.8. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının Azərbaycan Respublikasında icrası qeyri-mümkün olduqda; -524.5.9. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının sorğu edən dövlətin müvafiq səlahiyyətli orqanları tərəfindən icra edilməsi mümkün olduqda; -524.5.10. xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması ilə bağlı sorğu edən xarici dövlət tərəfindən qarşılıqlılıq prinsipinə riayət olunmadıqda; -524.5.11. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan digər hallarda. Cinayət Prosessual Məcəlləsinin 524.6-cı maddəsinə görə, məhkəmə iclasda iştirak edən şəxsləri dinlədikdən sonra xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tam və ya qismən tanınması, yaxud bundan imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edir. Həmin qərar dərhal qüvvəyə minir. Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması və icrasına dair qərar Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada icra edilir. Həmin Məcəllənin 524.7-ci maddəsinə əsasən, qərarın surəti onun çıxarıldığı gündən 3 gün müddətində Azərbaycan Respublikasının Baş Prokurorluğuna, habelə barəsində qərarın çıxarıldığı şəxsə və ya onun nümayəndəsinə, hökmün və ya digər yekun qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslərə (məlum olduqda) bilavasitə və ya sorğu edən xarici dövlət vasitəsilə göndərilir. Qeyd olunan Məcəllənin 524.8-ci maddəsinə əsasən, xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması və ya bundan imtina edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qərarından Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, barəsində hökmün və ya digər yekun qərarın çıxarıldığı şəxs, habelə qərarın tanınmasının hüquq və mənafelərinə təsir göstərə biləcəyi digər maraqlı şəxslər həmin qərarı aldığı vaxtdan 1 (bir) ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə şikayət və ya protest verə bilərlər. Beləliklə, Cinayət Kollegiyası Baş Prokurorluq tərəfindən hüquqi yardımla əlaqadar Rusiya Federasiyası məhkəmələrinin hökm və qərarının tanınması ilə bağlı təqdimatın verilməsinin zəruri əsaslarını, eləcə də hökm və qərarın tanınmasının mümkünlüyü əsaslarını Cinayət Prosessual Məcəllənin 522-524-cü maddələrinə uyğun olaraq təhlil edərək bu qənatə gəlir ki, təqdimat təmin olunmalı, İsmayılzadə İlqar İsrafil oğlunun barəsində Rusiya Federasiyasının Kirov şəhəri, Oktyabr rayon məhkəməsinin ##.##.2022ci il tarixli hökmü Azərbaycan Respublikası ərazisində tanınmalı və icrasının Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməsi məsələsi həll olunmalıdır. Kollegiya ilk öncə qeyd edir ki, təqdimata əlavə edilmiş materiallardan məlum olur ki, İsmayılzadə İlqar İsrafil oğlu barəsində olan cinayət işindən məlumatlı olmuş, hətta məhkəmə proseslərinin ilkin mərhələsində mahiyyəti üzrə ifadə vermişdir, o, müdafiəçi ilə təmin olunmuş, həmin hökmdən İsmayılzadə İlqar İsrafil oğlunun müdafiəçisi S.V. Kazakov tərəfindən apellyasiya şikayəti verilmiş və Kirov Regional Məhkəməsi ## ###### 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Hökm ## ###### 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Bundan başqa hökmün Azərbaycan Respublikası ərazisində tanınmasından imtina edilməsi üçün Cinayət Prosessual Məcəlləsinin 524.5.1.-524.5.11-ci maddələrində göstərilən digər hallar, eləcə də “Cinayət işlərinə dair hüquqi yardım haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqi yardımdam imitina üçün əsasların mövcud olması müəyyən olunmamışdır. Bundan əlavə hüquqi yardımla bağlı əsas şərtlərdən biri də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilənin mövcud olmasıdır. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının ## ###### 2004-cü il tarixli Qanunu ilə təsdiq edilmiş "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Kişniyov Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinə əsasən Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsirləndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrindən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyat-axtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlərin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Konvensiyanın 109-cu maddəsinə əsasən Razılığa gələn bir Tərəfin məhkəməsi tərəfindən məhkum edilmiş və cəzasını çəkməmiş şəxs Razılığa gələn digər Tərəfin ərazisində cinayət məsuliyyətinə cəlb edilmək üçün verildikdə, habelə Razılığa gələn bir Tərəfin məhkəməsi tərəfindən çıxarılmış hökmün icrasını təmin etmək üçün Razılığa gələn digər Tərəf şəxsi verməkdən imtina etdikdə, Razılığa gələn Tərəflərdən hər biri Razılığa gələn digər Tərəfin məhkəməsi tərəfindən çıxarılan hökmləri bu Konvensiyada nəzərdə tutulan şərtlər əsasında tanıyır və icra edir. Hökmlərin tanınması və icrası, bu cür hökmlərin tanınacağı və icra ediləcəyi Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həyata keçirilir. Konvensiyanın 111-ci maddəsinin 1-6-cı bəndlərində nəzərdə tutulmuş hallara əsasən, hökmün tanınması və icra edilməsi haqqında vəsatət sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi tərəfindən onun öz daxili qanunvericiliyinə uyğun olaraq baxılır. Sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi, verilən şəxsin onun ərazisinə faktiki ötürülməsinə qədər hökmün tanınması və icra edilməsi haqqında qərar qəbul edir. Sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsinin çıxardığı hökmü əsasında öz daxili qanunvericiliyinə uyğun olaraq hökmdə nəzərdə tutulan cəzaya uyğun olan cəza müəyyən edir. Əgər sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyinə əsasən həmin əmələ görə ən yuxarı cəza müddəti hökm əsasında təyin edilmiş müddətdən aşağıdırsa, məhkəmə sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində analoji əmələ görə nəzərdə tutulmuş maksimal cəza müddəti təyin edir. Cəzanın, hökmü çıxarmış sorğu edən Razılığa gələn Tərəfin ərazisində çəkilmiş hissəsi, hökmün tanınması haqqında vəsatətə baxan Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq müəyyən edilmiş cəza müddətinə hesablanır. Eyni zamanda hökmün icra edilmə qaydası haqqında məsələyə baxılır. Cəza həm sorğu edən, həm də sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulduğu təqdirdə tətbiq edilə bilər. Konvensiyanın 112-ci maddəsində hökmün tanınması və icrasından imtina edilməsini nəzərdə tutan şərtlərə əsasən: a) cəza cinayət məsuliyyətinə cəlb etmə müddətinin bitməsi və ya digər qanuni səbəblərdən, yaxud da müttəhimin iştirakı olmadan qiyabi çıxarılmış hökmə əsasən icra edilə bilməzsə; b) şəxs cinayət törətdiyinə görə sorğu alan Razılığa gələn Tərəfin ərazisində cəza çəkmişsə və ya bəraət almışsa, yaxud da cinayət işinə qanunla müəyyən edilmiş qaydada xitam verilmişsə, habelə əgər şəxs sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli ədliyyə müəssisəsi tərəfindən cəzadan azad edilmişsə; v)sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində sorğu edən Razılığa gələn Tərəfin ərazisində təyin edilmiş analoji cəza nəzərdə tutulmursa; q) kifayət qədər əsas varsa ki, şəxsin məhkum olunması, onun irqi, cinsi, dini, etnik mənsubiyyəti və ya siyasi baxışları ilə əlaqədardırsa. İşin hallarına əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti və ya ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad etmə müddəti ötməmiş, hökmün tanınması və icrasından imtina edilməsini nəzərdə tutan şərtlər müəyyən olunmamışdır. Tanınması xahiş olunan qərardan və digər materiallardan görünür ki, Sərdar Mirzə ibtidai istintaq mərhələsində Rusiya Federasiyasında olmuş, ifadələr vermiş, qərarın surəti məhkəmə tapşırığı qaydasında ona çatdırılmış, o, axtarışda olmasından məlumatlı olmuş, ötən müddət ərzində qərardan narazı olmasını ifadə etməmiş, habelə apellyasiya şikayət verməmişdir. Cinayət Məcəlləsinin 80.1 və 80.1.3-cü maddəsinə əsasən, məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən ağır cinayət törətməyə görə məhkum edilərkən on iki il müddətində icra edilməmişdirsə, məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən, məhkum edilmiş şəxs cəzanı çəkməkdən boyun qaçırdıqda, icra müddətinin axımı dayanır. Bu halda icra müddətinin axımı həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. İş materiallarında olan hökmün qanuni qüvvəyə minməsi haqqında ## ###### 2026-cı il tarixli arayışdan görünür ki, Kirov şəhəri Oktyabr Rayon Məhkəməsinin 1-356/2022 (*****************) saylı cinayət işi üzrə İsmayılzadə İlqar İsrafil oğlunun 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına cəlb edilməsi, əsas cəzasını 3 il müddətinə nəqliyyat vasitələrini idarə etməklə bağlı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə cəza koloniyasında çəkilməsi barədə ## #### 2022-ci il tarixli hökmü ## ###### 2022-ci il tarixində qanuni qüvvəyə minmiş və icra edilməlidir. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsinin 5-ci hissəsi ilə - bu maddənin birinci hissəsində (avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən X3nı və ya nəqliyyat vasitələrinin istismarını pozma) nəzərdə tutulmuş və ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan əməllə məhkum edilib. Həmin əməl üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ilədək müddətə məcburi əmək və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.1-ci mmaddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsində nəzərdə tutulmuş əsasa görə, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin ## #### 2022-ci ildə qüvvədə olan redaksiyasına əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, Rusiya Federasiyası Cinayət 264-cü maddəsinin 5-ci hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin dispozisiyasına uyğundur. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkmə nəzərdə tutulmuşdur. Ona görə də, İlqar İsmayılzadə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, İlqar İsmayılzadənin daimi yaşayış yerinin olması, məhkəmə çağırışlarına vaxtında gəlməsi, qərarın icrasına maneə yaradan hərəkətinin olmaması ehtimalının olması nəzərə alınaraq, barəsində həbs qətimkan tədbirinin seçilməsinə zərurət yoxdur, odur ki, onun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi tarixdən hesablanmalıdır. Kollegiya müdafiə tərəfinin amnistiya aktının tətbiqi ilə bağlı çıxışına münasibətdə qeyd edir ki, “Konstitusiya və Suverenlik İli” münasibəti ilə Milli Məclisin Qərararı ## ###### 2025-ci il tarixdə qəbul edilmiş və qüvvəyə minmişdir. Həmin Qərarın 9-cu bəndində qeyd olunmuşdur ki, Qərarın 1–3-cü hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, habelə bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. İlqar İsmayılzadə barəsində olan hökm Azərbaycan Respublikası ərazisində ## ###### 2026-cı il tarixdən qanuni qüvvəsini aldığına görə, həmin amnistiya aktı İlqar İsmayılzadə barəsində tətbiq oluna bilməz. Ona görə də, müdafiə tərəfinin bu barədə iddiası əssasız hesab olunmalıdır. Beləliklə, kollegiya milli qanunvericilik aktlarının, eləcə də Azərbaycan Respublikasının və Rusiya Federasiyasının tərəfdarı olduğu və təsdiq etdiyi Kişniyov Konvensiyasının hökmün tanınması ilə əlaqəli müddəalarını Rusiya Federasiyanın sorğusu və əlavə edilmiş materiallarla, o cümlədən Baş Prokurorluğun təqdimatında qeyd olunan hallarla təhlil etmiş, hüquqi yardımdan imtina üçün qanuni əsas müəyyən etməmişdir. Belə olduğu təqdirdə, yuxarıda qeyd olunan milli və beynəlxalq hüquqi aktların tələblərinə əsasən təqdimat təmin olunmalı, Rusiya Federasiyasının Kirov şəhəri, Oktyabr rayon məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü Azərbaycan Respublikası ərazisində tanınmaqla, İsmayılzadə İsmayıl İsrafil oğlunun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsinin 5-ci hissəsi ilə nəzərdə tutulan cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinə uyğunlaşdırılmalı, hökm Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində müyyən edilmiş qaydalara uyğun icra olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 522-524-cü maddələrinin tələblərini rəhbər tutaraq, cinayət kollegiyası Qərar aldı: Rusiya Federasiyasının Kirov şəhəri, Oktyabr rayon məhkəməsinin ##.##.2022-ci il tarixli hökmün Azərbaycan Respublikası ərazisində tanınması barədə Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalov tərəfindən verilmiş təqdimat təmin edilsin. Rusiya Federasiyasının Kirov şəhəri, Oktyabr rayon məhkəməsinin ##.##.2022-ci il tarixli hökmü məhkum İsmayılzadə İlqar İsrafil oğlu ilə bağlı hissədə icra üçün Azərbaycan Respublikasının ərazisində tanınsın. İsmayılzadə İlqar İsrafil oğlunun törətdiyi Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin 5-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə tövsif edilsin (tənzimlənsin). İsmayılzadə İlqar İsrafil oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Qərarın icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №9(3-9)-8/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №9(3-9)-8/2026
14.08.2026 · Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver