Məhkəmə qərarları › İş №e-2(001)-1159/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1159/2023

15.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1159/2023 15.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta Şirkəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Hyundai Elantra” markalı, H 022 913 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1955.46 manat pulun və ödənilmiş 40.40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Hyundai Elantra” markalı, H 022 913 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yolnəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı “Hyundai Elantra” markalı, H 022 913 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Hyundai Elantra” markalı, H 022 913 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1955,56 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2013-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Hesab edirlər ki, 1955,56 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etmədiyini və həmin məbləği ödəməyə imkanının olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədiyini,iddiaçı tərəfindən hesablanmış zərəri ödəməyə maddi imkanının olmadığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AB seriyalı 496499 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən və yol vərəqəsinin surətindən görünür ki, “Mercedes Benz -413 CDİ” xüsusi təyinatlı **-AP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikası “SİQNAL” İLİ İdarəsinin mülkiyyətindədir və yol vərəqəsi əsasında həmin nəqliyyat vasitəsini idarə etmək hüququ Cavabdeh verilmişdir. PDS********** nömrəli Avtonəqliyyat vasitəsi icbari sığorta haqqında şəhadətnamənin surətindən görünür ki, “Mercedes Benz” yük markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində icbari sığortalanmışdır. Bakı şəhəri BPİ X3 İdarəsi tərəfindən verilmiş 25 yanvar 2013-cü il tarixli arayışdan görünür ki, 25 yanvar 2013-cü il tarixdə saat 09:20 radələrində Puşkin-D.Əliyeva küçəsinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Hyundaı Elantra” markalı H- 022-913 dövlət qeydiyyat nişanlı avtomobil zədələnmişdir. 25 yanvar 2013-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh 25 yanvar 2013-cü il tarixdə saat “Mercedes 413 CDİ minik” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən qəza şəraitini yaratdığına görə (həmin tarixdə qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsi) barəsində 80 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tədbiq edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 12 fevral 2013-cü il tarixli ÇBT/2 seriyalı 662286 №-li Qaimə-fakturadan və 0239 №-li Qiymətlərin razılaşdırılması Protokolundan görünür ki, “Hyundaı Elantra” markalı H-022-913 dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri 1742 manat və ƏDV 313,56 manat olmaqla, İddiaçı Sığorta Şirkətinin "xxxx" MMC yə ödənilməli olan məbləğ 2055,56 manat müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin 22 fevral 2013-cü il tarixli, MİC-1 265/2013 nömrəli sığorta aktından görünür ki, 25 yanvar 2013-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Mercedes” markalı **-AP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi MİC- 120033-U00 №-li sığorta müqaviləsinə əsasən İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığortalanmış “Hyundai Elantra” markalı, H-022-913 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində, sonuncu avtomobilə 2055,56 manat məbləğində zərər dəymiş və həmin məbləğin avtomobili təmir edən "xxxx" MMC-yə ödənilməsi və sığortalı tərəfindən sığorta müqaviləsində nəzərdə tutulmuş 100 manat məbləğində franşizanı (azadolma məbləğini) sığorta şirkətinə ödənilməli olması göstərilmişdir. 26 fevral 2013-cü il tarixli ödəniş tapşırıqlarının lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-nin hesabına 2055,56 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 07 dekabr 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. 22 dekabr 2022-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 40 manat məbləğində dövlət rüsumu və həmin dövlət rüsumunun ödənilməsi ilə əlaqədar 0,40 manat məbləğində bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”. Adı çəkilən Məcəllənin 1108.2-ci maddəsinə görə isə, “yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər”. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh tərəfindən 25 yanvar 2013-cü ildə törədilmiş yol-nəqliyyat hadisəsi zamanı zərər dəymiş və İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığortalanmış “Hyundaı Elantra” markalı H-022-913 dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə görə ödənilməli olan 2055,56 manat məbləğində pul vəsaiti iddiaçı tərəfindən ödənilmişdir. Eyni zamanda sığorta müqaviləsinə və sığorta aktına əsasən avtomobilə dəymiş zərərdən 100 manat məbləğində azadolma məbləği sığortalı tərəfindən sığorta şirkətinə ödənilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə 1955,46 manat məbləğində sığorta ödənişinin tutulmasına dair iddia tələbi əsaslıdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 40 manat məbləğində pul və 0,40 manat bank xidmət haqqı da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara qiymət verərək, məhkəmə hesab edir ki, Cavabdeh subroqasiya qaydasında öhdəliklərini icra etmədiyi üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə ondan 1955,46 (min doqquz yüz əlli beş manat 46 qəpik) manat məbləğində pul vəsaiti, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumu kimi dövlət büdcəsinə ödənilmiş 40 (qırx) manat məbləğində pul və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1955,46 (min doqquz yüz əlli beş manat 46 qəpik) manat məbləğində sığorta ödənişi, 40 (qırx) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı olmaqla, cəmi 1995,86 (min doqquz yüz doxsan beş manat 86 qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar