Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-127/2023 04.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı evin və torpaq sahəsinin boşaldılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı evin və torpaq sahəsinin boşaldılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan 0.06 ha topraq sahəsi və onun üzərində fərdi yaşayış evi mövcuddur. Cavabdehin anasının yaşadığı digər Bakı şəhəri Yasamal rayonu M.C.Məmmədzadə 98 saylı evin 72 saylı mənzili 9 mərtəbəli binada olduğuna görə mənzilə qalxıb-düşmə çətin olduğu üçün iddiaçı müvəqqəti olaraq əvvəllər yaşamalarına icazə vermişdir. Həmin torpaq sahəsindən iddiaçı oğluna 0,03 ha torpaq sahəsi bağışlamışdır. Buna baxmayaraq cavabdeh qeyri-qanuni olaraq əngəllər törədərək daşınmaz əmlak nümayəndəsinin torpağın faktiki ölçülərinin aparılmasına şərait yaratmamışdır. Bir neçə aydır ki, iddiaçı Cavabdeh və onunla birgə yaşayan digər şəxslərə mülkiyyətindən çıxması və ona təhvil verilməsi barədə dəfələrlə bildirsə də heç bir nəticəsi olmamış, nəticədə iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Sözügedən torpaq sahəsi iddiaçıya X1na görə mənzil şəratinin yaxşılaşdırılmasına ehtiyac olduğu üçün Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.2000-ci il tarixli 349 №-li sərəncamı ilə ayrılmışdır. Ona görə də, ünvan 1 ünvanında yerləşən və iddiaçının xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin boşaldılmasına, həmin torpaq sahəsindən və onun üzərində yerləşən tikililərdən (fərdi yaşayış evi, qaraj və s.) cavabdehin və digər şəxslərin çıxarılmasına, həmin torpaq sahəsinin və onun üzərində olan tikililərin boş vəziyyətdə iddaçıya təhvil verilməsinə, dövlət rüsumu olaraq ödənilmiş 100 manatın və vəkil xərcinə görə 200 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat vermişdir. Mülki iş üzrə xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, o, 5 nəfər ailə üzvü ilə sahəsi 29,5 m² olan 2 otaqlı mənzildə yaşayır, həmin mənzil onun ailəsinin normal yaşaması üçün darısqallıq edir. Mənzil növbəsinin ləğv olunduğu, X1 üçün mənzil şəraitinin yaxşılaşdırılmasına görə xx.xx.2000-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətində ərizə ilə müraciətinə baxılaraq Binəqədi RİH-nin xx.xx.2000-ci il tarixli 349 saylı sərəncamı ilə M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində ona fərdi yaşayış evinin tikintisi üçün 6 sot torpaq sahəsi ayrılmışdır. Yaşayış evinin tikintisi üçün həmin vaxt maddi imkanı olmadığından qohumu Saleh həyat yoldaşı Fəridənin ürək çatışmamazlığından əziyyət çəkdiyini və yaşadıqları Yasamaldakı mənzilin binanın 9-cu mərtəbəsində olduğunu əsas gətirib torpaq sahəsinin bir tərəfində hələlik ev tikərək yaşamaq istədiklərinə icazə verməsini ondan xahiş etmiş, o da razılaşmış, Salehə ev tikməkda yardımçı olmuşdur. Kommunal xidmətlərdən istifadə etmək üçün (qaz, işıq, su, telefon) ona notarial qaydada etibarnamə vermiş və sair köməklik etmişdir. Salehlə tikdikləri evin ümumi sahəsi 195 m² təşkil edir. Təxminən 400 m2 həyətyanı sahə qalır. O, torpaq sahəsinin digər tərafində özü və ailəsi üçün ev tikmək qərarına gəlmiş, bu vaxt Araz ona hər vasitə ilə mane olmağa başlamış, səbəbini güya torpağı alarkən kiməsə pul veməsi ilə izah etmişdir. Araz ona hədə qorxu gəlməyə başladığından o, məhkəməyə müraciət etmişdir. Araz 20 ildir təmənnasız olaraq ona məxsus torpaqda yaşayır, indi isə əmlakına yiyələnmək istəyir. O, 2002-2003-cü illərdə evin bünövrəsini qoymuş, karkasını qurmuş, beton tökmüş, evin qalan hissələrini Arazın atası tikmiş, həmin vaxt mehriban olduqlarından o, qohumlarına etibar etmişdir. Torpaqda 2 mərtəbəli, 1 zaldan ibarət 2-3 otaqlı, kommunal xidmətləri həyətdə olan ev tikilmişdir. O, Araza torpağın 3 sotunun ona verilməsini, qalan 3 sotun və evin Salehə verilməsini təklif etmiş, lakin onun təklifi ilə razılaşmamışlar. Ona görə də ünvan 2 ünvanında yerləşən və xüsusi mülkiyyətində 0.06 ha ölçüdə olan torpaq sahəsinin boşaldılmasına, həmin torpaq sahəsindən və onun üzərində yerləşən tikililərdən (fərdi yaşayış evi, qaraj və s.) cavabdehin və digər şəxslərin çıxarılmasına, həmin torpaq sahəsinin və onun üzərindəki tikililərin boş vəziyətdə ona təhvil verilməsinə, dövlət rüsumu olaraq ödənilmiş 100 manatın və vəkil xərci olan 200 manatın cavabdehdən tutularaq ona ödənilmsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki, atası X3 1999-cu ildə ünvan 2 ünvanında 25000 ABŞ dollarına 0.06 ha torpaq sahəsi almışdır. Həmin vaxt o, keçmiş həyat yoldaşından yenicə ayrıldığından torpağın onun adına sənədləşdiriləcəyi halda gələcəkdə hər hansı problemlər yarana biləcəyini fikirləşib həmin torpaq sahəsinin xalasının həyat yoldaşı olan İddiaçı adına sənədləşdirmək barədə qərar qəbul etmişlər. Onlar torpağın alınmasına 25000 ABŞ dolları, qaz xəttinin həyətdən çıxarılmasına 5000 manat, əlavə olaraq yenidən torpağı aldıqları adamlara 7000 manat, torpağın və evin çıxarışının alınması üçün 55000 manat pul xərcləmişlər. Bundan əlavə ünvanın alınması üçün 5000 manat pul xərcləmişlər. Həmin torpaq sahəsində 1999-cu ildən 2001-ci ilə qədər tikinti-təmir işləri aparılmışdır. 2001-ci ilin senytabr ayından isə onlar tikdikləri evə köçmüşlər. Evin təmirində və tikintisində iştirak edən ustalar evin onlar tərəfindən tikilməsini təsdiq edə bilərlər. Son bir ilə kimi İddiaçı ilə aralarında heç bir narazıcılıq olmamışdır. Hətta Zəfər bir neçə qohumlardan evi onun adından çıxarıb onalrın adlarına keçirilməsini xahiş etmişdir. Bununla bağlı Zəfər ona xx.xx.2013-cü il tarixli etibarnamə də vermişdir. Həmin etibarnamə əsasında o, evin sənədləşdirmə işlərini aparmış və 2014-cü ildə həmin evə dair çıxarış da almışdır. Lakin sonradan səhhətində problemlər olduğu üçün həmin evi öz ailəsinin adına sənədləşdirmǝyǝ vaxtı olmamışdır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh izahatını təsdiq edib əlavə olaraq izahatında göstərmişdir ki, evin tikilməsi ilə bağlı xərcləri cavabdeh tərəf çəkmiş, cavabdeh belə münasibəti gözləmirdi, belə ki, tərəflər qohumdur. Evin cavabdehin tikəsi şahid ifadələri ilə də təsdiq olundu. Cavabdeh mübahisəni sülh yolu ilə həll etmək üçün cəhd etmiş, iddiaçıya 2 sot torpaq sahəsi təklif edilmiş, torpağın satlıması torpağın pulunun verilməsi təklif olunub. İddiaçının oğlu aranı qızışdırır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 349 saylı sərəncamının surətindən müəyyən olunur ki, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən 600 m2 torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 219,10 m2 olan fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüquqları xx.xx.2014-cü il tarixdə Daşınmaz əmlakın dövlət reyestrində 252 nömrəli reyestr kitabının 23428 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hədiyyə verən İddiaçı ilə hədiyyə alan X15 arasında bağlanmaqla Bakı şəhəri 27 saylı notariat ofisində 4Ə-690 reyestr № ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən müəyyən olunur ki, hədiyyə verən ünvan 1 ünvanında mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0,03 ha torpaq sahəsini hədiyyə alana bağışlamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin X8 ünvanladığı xx.xx.2021-ci il tarixli **********07 saylı məktubundan müəyyən olunur ki, ünvan 4 ünvanda yerləşən torpaq sahəsinin bölgüsü ilə bağlı tərəflər arasında razılıq olmadığından bölgü sxemini tərtib etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid X18 ifadəsindəsində göstərmişdir ki, Cavabdeh onun xalası nəvəsidir. Zəfəri o, Arazın qohumu kimi tanıyır. O, inşaatçı olduğundan 2000-ci ildə Arazın atası Saleh 6 sot torpaq sahəsi almasını, ev tikmək istəməsini ona demişdir. O, Salehin tikdirdiyi evin layihəsini çəkmiş, evin tikintisi 2000-ci ildə başlamış, 2001-ci ildə başa çatmışdır. Saleh torpaqda 2 mərtəbəli, yuxarıda 4 otaq, aşağıda zal, mətbəx, qaraj, sanuzel olan ev tikmişdir. Həyətdə əvvəllər köhnə qaraj və hasar olmuş, Zəfər tikintiyə qohum kimi gəlib-getmişdir. Zəfər tikinti işlərini aparmamış, usta işlətməmiş, ev tikməmişdir. Ustaları Saleh çağırmış, pulunu vermiş, tikinti materiallarını almışdır. O, Salehlə birlikdə ustaların pulunu hesablayıb vermiş, materialları hesablayıb almışdır. Sonradan torpağın Qarabağ Müharibəsinin iştirakçısı kimi Zəfərin adına sənədləşdirilməsi ona məlum olmuşdur. Məhkəmə iclasında şahid X2 ifadəsində göstərmişdir ki, Zəfər onun bacısının yoldaşıdır. Saleh isə digər bacısının yoldaşıdır. Hər iki bacısı vəfat etmişdir. ünvan 5 ünvanında yerləşən evi Saleh tikmiş, Saleh daim bu ünvanda ailəsi ilə yaşamış və yaşayır. Ev iki mərtəbədən ibarətdir, birinci mərtəbədə zal, hamam, ikinci mərtəbədə 3 otaq vardır. Həyətdə meyvə ağacları əkilmişdir. Bütün bu işləri Saleh öz ailəsi ilə birlikdə etmişdir. Zəfər həmin ünvanda heç nə tikməmiş, tikinti işlərində iştirak etməmiş, bildiyinə görə Zəfər Salehdən 3 sot torpaq istədiyi üçün bu mübahisə yaranmışdır. Məhkəmə iclasında şahid X19 ifadəsində göstərmişdir ki, o, 102 saylı MKİS-nin rəisi vəzifəsində işləyir, Zəfərin və Salehin qohumudur. ünvan 1 ünvanında yerləşən torpağı Saleh almış, evi də Saleh tikdirmişdir. O, da həmin sahədə torpaq sahəsi almışdır. Zəfər ona veteran kimi özünə ev almaq istəməsini, Araza torpağı və evi öz adlarına keçirmələrini deməsini, lakin Arazın onu incitməsini, sənədləşməni aparmamasını demişdir. O, bu barədə Araza demiş, Araz notariat kontorunda depozitə pul qoymalı olmasını, pulu olmadığı üçün sənədləşmə işlərini apara bilməməsini demişdir. Daha sonra Zəfər evi və torpağı adlarına keçirmək üçün 3 sot torpaq tələb etmiş, bundan sonra Salehlə Zəfərin münasibəti pozulmuşdur. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, Araz onun qardaşı, Zəfər isə xalasının əridir. ünvan 1 ünvanında olan torpağı onun atası Saleh alaraq 2 mərtəbəli həyət evi tikmiş, Zəfər onlara ev tikməmişdir. Heç vaxt Zəfər bu evdə yaşamamış, onların evində heç bir iş görməmişdir. Atası yalnız torpağı Zəfərin adına sənədləşdirmişdir. Onlar 1999-cu ildən tikdikləri evə köçərək həmin evdə yaşayırlar. Atası hər birinin otağını onlarla məsləhətləşib təmir etdirmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, Zəfər onun bacanağıdır. O, ünvan 1 unvanında yerləşən torpağı almış, ev inşa etmiş, Zəfər heç bir tikinti işləri aparmamışdır. Zəfər həmin vaxt beton zavodda işlədiyindən o, pulunu verib həmin zavoddan beton almışdır. Evin tikintisi 2000-ci ildə başa çatmış, Zəfər onun evinə heç bir vəsait sərf etməmişdir. Torpağı alarkən onlar Binəqədi rayonunda yaşamadıqlarından, torpaq Binəqədi rayonunda yaşayan şəxsin adına sənədləşdirilməli olduğundan, Zəfərlə yaxşı, mehriban münasibətləri olduğundan, Zəfər Binəqədi rayon sakini olduğundan torpağı onun adına sənədləşdirmişdir. İndi Zəfər ondan torpaq tələb edir. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, qonşusu Araz yaşadıqları küçəyə 1999-2000-ci illərdə köçmüş, o, isə 1998-ci ildən həmin küçədə yerləşən evində yaşayır. Ona görə də bilir ki, torpağı Saleh almış, evi Saleh tikdirmiş, Saleh daim öz ailəsi ilə bu evdə yaşayıb və yaşayır. Məhkəmə iclasında şahid X14 ifadəsində göstərmişdir ki, o, Arazın qohumudur, 1999-2000-ci illərdə ünvan 1 ünvanında Saleh torpaq alaraq 2 mərtəbəli həyət evi tikmişdir. Saleh tikdiyi evi sənədləşdirmək üçün ondan 10000 ABŞ dolları borc istəmiş, o da həmin məbləği Salehə vermişdir. Sonra Saleh onun pulunu qaytarmışdır. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, Araz onun qonşusudur, o, 2002-ci ildən həmin küçədə yaşayır. O, həmin küçəyə gələndə Saleh, Araz öz evlərinin tikintisini artıq 3-4 ay idi başlamışdırlar. Ev iki mərtəbəlidir, 1-ci mərtəbədə zal, dəhliz, mətbəx, 2-ci mərtəbədə yataq otaqları, eyvan vardır. Zəfəri isə o, tanımır. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, o, Arazın və Salehin qonşusudur, 2002-ci ildə həmin ərazidə torpaq alıb ev tikmiş, 2006-cı ildə evinə köçmüş, ona görə də bilir ki, evi Saleh tikmişdir. 16 il ərzində o, Zəfəri görməmişdir. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, Zəfər onun iş yoldaşıdır. Onlar Esco MMC-də 1990-cı ildən 2004-cü ilədək bir yerdə işləmiş, o, sahə rəisi, Zəfər isə mexanik işləmişdir. O, Zəfərin işdən tez-tez icazə almasının səbəbini soruşanda bilmişdir ki, Zəfər torpaq almaq istəyir və sənədləşmə işləri ilə məşğuldur. Sonra o, Zəfərə ev tikmək üçün 2000-ci ildə beton vermiş, həmin betonun pulunu ona Zəfər vermişdir. O, Zəfərin tikdiyi evdə olmamış, tikinti işərinin aparılmasını görməmiş, Zəfər ona pulu olmadığı üçün Salehin onun torpağında ev tikməsini demişdir. Məhkəmə iclasında şahid X6 ifadəsində göstərmişdir ki, qardaşı Zəfər 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla Müharibə veteranıdır. Zəfər 2 otaqlı mənzilində 5 nəfər ailə üzvü ilə yaşayır. Zəfər Müharibə veteranı kimi 2000-ci ildə torpaq sahəsi almış, lakin ev tikməyə imkanı olmadığından torpağı bacanağı Salehə ev tikib yaşaması üçün müvqqəti olaraq vermişdir. Razılığa əsasən torpaq bölünməli idi. Zəfər mübahisəni sülh yolu ilə həll etmək istəsə də Saleh razılaşmamışdır. Məhkəmə iclasında şahid X15 ifadəsində göstərmişdir ki, atası Zəfər torpaq sahəsini Müharibə veteranı olduğu üçün almış, xalasının ürəyi xəstə olduğundan atası torpaq sahəsində Salehə ev tikməyə icazə vermiş, Saleh evi tikəndən sonra ailəsi ilə bu evdə yaşayır. Atası özünə məxsus torpağın 3 sotunu ona bağışlamış, lakin Saleh icazə vermədiyindən torpağın ölçülərini götürüb ona çıxarış verilməsi mümkün olmamışdır. Bundan sonra münasibətlər korlanmışdır. Ekspressbank ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı Vəkil1 xidmətinə görə Bakı şəhəri 11 saylı Vəkil Bürosuna 211 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 349 saylı sərəncamına əsasən, İddiaçı fərdi yaşayış evinin tikintisi üçün M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən 600 m2 torpaq sahəsi ayrılmış, daha sonra ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və torpaq sahəsinin üzərində inşa olunan ümumi sahəsi 219,10 m2 olan fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüquqları qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, mülkiyyətçi mülkiyyətində olan əmlaka qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb etmək, bu cür hərəkətlər davam etdirildikdə isə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb etmək hüququna malik olduğundan iddiaçının cavabdehə qarşı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən və tikililərdən çıxarılmasına dair iddia tələbləri əsaslıdır, ona görə də iddia ərizəsi bu hissədə təmin edilməlidir. Məhkəmə iddiaçının digər şəxslərə qarşı iddia tələbi ilə bağlı qeyd edir ki, öz iddia tələbləri üzrə cavabdehlərini müəyyən etmək vəzifəsi iddiaçıya aid olduğundan, iddiaçı qohumluq münasibətlərində olsa da, həmin şəxsləri müəyyən edib onlara qarşı tələb irəli sürmədiyindən, məhkəmənin isə qeyri-müəyyən şəxslərə qarşı məhkəmə aktı qəbul etmək səlahiyyəti olmadığından iddia ərizəsi qalan hissədə təmin edilə bilməz. Məhkəmə cavabdehin iddia tələblərinə qarşı etirazına münasibət bildirib qeyd edir ki, ünvan 1 ünvanında inşa edilmiş tikililərə sərf olunmuş vəsaiti həmin xərci çəkən şəxsin mülkiyyətçidən tələb etmək hüququ vardır. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, iddiaçının ödədiyi məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsindən, həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evindən və tikililərdən çıxarılsın. Cavabdeh məhkəmə xərclərinə görə 300 manat İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-127/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-127/2023
04.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver