Məhkəmə qərarları › İş №e-2(001)-1436/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1436/2025

13.03.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1436/2025 13.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X4 katibliyi, iddiaçının nümayəndəsi (sədri) Qanuni nümayəndə Kərb.Səfər oğlunun, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin Cavabdeh2 qarşı (Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “musiqi əsərlərinin istifadəsinə qadağa qoyulması, qonararların ödənilməsi, kompensasiya” tələbinə dair mülki işə açıq məhkəmə iclasına baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh, Cavabdeh2 o-nun tabeliyində olan iki “WHİTE Palace” və “Ağ Saray” şadlıq saraylarında, mətnli yaxud mətnsiz musiqili əsərlərin kütləvi nümayişinin qadağan edilməsi, ödənilməmiş Müəllif qonorarı olmaqla 48.000 (qırx səkkiz min) manat vəsaitin ödənilməsi, 75000 (yetmiş beş min) manat kompensasıyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X9 Əmlak Hüquqlarının İdarəçiliyi” İctimai Birliyi 31 mart 2004-cü il tarixindən müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyi sahəsində fəaliyyət göstərir. 30 dekabr 2008-ci il tarixində İB-in nizamnaməsində dəyişiklik edilmiş və “Azərbaycan Müəllifləri” adı altında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 reyestrində yenidən qeydiyyata alınmışdır. “Azərbaycan Müəllifləri” İByi Ümumdünya Bəstəkar və X5 Konfederasiyasının (SİZAK) dinləyicisidir. Müəllif-hüquq qanunvericiliyinin beynəlxalq pozulmasının qarşısının alınması ilə əlaqədar “Azərbaycan Müəllifləri” İB xarici dövlətlərdə fəaliyyət göstərən ictimai birliklərlə ikitərəfli müqavilələr imzalamışdır, o cümlədən Rusiya Federasiyasının “Rusiya Müəlliflər Cəmiyyəti” (RAO), Türkiyənin “MESAM” Cəmiyyəti, Belorus, Latviya, Litva, Estoniya və s. dövlətlərin müəllif təşkilatları ilə müqavilələr bağlamışdır. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bir çox iaşə obyektləri, konsert müəssisələri, televiziya və radio yayım müəssisələri “Azərbaycan Müəllifləri” İB ilə müqavilə bağlayaraq lisenziya ödənişləri ödəyir, ictimai birlik isə öz növbəsində müəlliflərə ödənişlər edir. Müəlliflərin əmlak hüquqlarının təmin edilməsi məqsədilə “Azərbaycan Müəllifləri” İB tərəfindən Cavabdeh2 o. (VÖEN: **********) tabeliyində olan iki şadlıq sarayına (“WHİTE Palace” və “Ağ Saray”) rəsmi olaraq 03 may2023-cü il tarixdə №AM-2023/0103 nömrəli məktub-müraciət təqdimolunmasına baxmayaraq bu günə qədər cavab verilməmişdir. Dəfələrlə telefon əlaqələrinə isə qonarar ödənişlərindən imtina edilmişdir. Nəticə etibarilə, cavabdeh halhazırda müəllif hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin müddəalarını pozmaqla musiqi əsərlərindən qanunsuz istifadə etməklə fəaliyyət göstərir. Bu fəaliyyəti nəticəsində müəllif cəmiyyətinə, pandemiyadan sonrakı keçən 42 ay ərzində toy şənliklərində istifadə olunan musiqilər üçün 48.000 (qırx səkkiz min) azn ziyan dəymişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu maddəsinə əsasən, Hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur. Yuxarıda göstərilənlərə əlavə olaraq qeyd edək ki, “Azərbaycan Müəllifləri” İB əsərlərdən istifadəyə görə qonorar yığılması və müəlliflərə çatdırılması sahəsində kollektiv idarəetmə təşkilatı olaraq müəlliflərin əmlak hüquqlarının təmin edilməsinə xidmət edir. Cavabdeh və eyni zamanda cavabdehin timsalında digər müəllif qonorar ödəyiciləri tərəfindən musiqi əsərlərindən icazəsiz (lisenziyasız) istifadə, müəlliflərin qanunla onlara çatası qonorarlardan məhrumiyyətinə, dövlət və sosial ödənişlərin ödənilməməsinə səbəbiyyət verməklə, əqli mülkiyyət hüquq sahəsinin inkişafını ləngidir. Bu sahədəki hüquqpozmaların qarşısının alınmasında və müəlliflərin maraqlarının daha etibarlı təmin olunması, onların pozulmuş əmlak hüquqlarının bərpası məqsədilə qanuni və ədalətli məhkəmə qərarlarına ehtiyac vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (sədri) Qanuni nümayəndə Kərb.Səfər oğlu iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, “X9 Əmlak Hüquqlarının İdarəçiliyi” İctimai Birliyi 31 mart 2004-cü il tarixindən müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyi sahəsində fəaliyyət göstərir. 30 dekabr 2008-ci il tarixində İB-in nizamnaməsində dəyişiklik edilmiş və “Azərbaycan Müəllifləri” adı altında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 reyestrində yenidən qeydiyyata alınmışdır. “Azərbaycan Müəllifləri” İB-yi Ümumdünya Bəstəkar və X5 Konfederasiyasının (SİZAK) dinləyicisidir. Müəllif-hüquq qanunvericiliyinin beynəlxalq pozulmasının qarşısının alınması ilə əlaqədar “Azərbaycan Müəllifləri” İB xarici dövlətlərdə fəaliyyət göstərən ictimai birliklərlə ikitərəfli müqavilələr imzalamışdır, o cümlədən Rusiya Federasiyasının “Rusiya Müəlliflər Cəmiyyəti” (RAO), Türkiyənin “MESAM” Cəmiyyəti, Belorus, Latviya, Litva, Estoniya və s. dövlətlərin müəllif təşkilatları ilə müqavilələr bağlamışdır. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bir çox iaşə obyektləri, konsert müəssisələri, televiziya və radio yayım müəssisələri “Azərbaycan Müəllifləri” İB ilə müqavilə bağlayaraq lisenziya ödənişləri ödəyir, ictimai birlik isə öz növbəsində müəlliflərə ödənişlər edir. Müəlliflərin əmlak hüquqlarının təmin edilməsi məqsədilə “Azərbaycan Müəllifləri” İB tərəfindən Cavabdeh2 o. (VÖEN: **********) tabeliyində olan iki şadlıq sarayına (“WHİTE Palace” və “Ağ Saray”) rəsmi olaraq 03 may2023-cü il tarixdə №AM-2023/0103 nömrəli məktub-müraciət təqdimolunmasına baxmayaraq bu günə qədər cavab verilməmişdir. Dəfələrlə telefon əlaqələrinə isə qonarar ödənişlərindən imtina edilmişdir. Nəticə etibarilə, cavabdeh hal-hazırda müəllif hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin müddəalarını pozmaqla musiqi əsərlərindən qanunsuz istifadə etməklə fəaliyyət göstərir. Bu fəaliyyəti nəticəsində müəllif cəmiyyətinə, pandemiyadan sonrakı keçən 42 ay ərzində Toyşənliklərində istifadə olunan musiqilər üçün 48.000 (qırx səkkiz min) azn ziyan dəymişdir. O, həmçinin göstərdi ki, hazırda onların təşkilatın 54 işçisi var və 300-dən artıq müqavilələri vardır. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən 1-ci hissəsinə əsasən, “müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda (kütləvi ifa, o cümlədən radio və televiziyada; mexaniki, maqnit və s. yazılma üsulu ilə surətçıxarma, reprosurətçıxarma və başqa hallar) müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Onlar müvafiq qaydada dövlət qeydiyyatına alınırlar. “Azərbaycan Müəllifləri” İctimai Birliyi də qeyd edilən Qanunun 41-ci maddəsinin müddəalarına uyğun olaraq yaradılmış və 2004-cü il 31 mart tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmişdir. O, həmçinin qeyd etmişdir ki, adı çəkilən Qanunun 41-ci maddəsinin 3-cü hissəsinə əsasən dövlət qeydiyyatına alınmış əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan (akkreditasiyadan) keçirlər. Hazırki iş üzrə iddiaçı Qanunun 41-ci maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”na uyğun olaraq, 2023-cü il 1 noyabr tarixində Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan (akkreditasiyadan) keçmişdir. Müəllif-hüquq qanunvericiliyinin müddəaları nəzərə alınmaqla X6 təsbit edilmiş vəzifə və funksiyalar çərçivəsində Əqli Mülkiyyət Agentliyi tərəfindən Akkreditasiya Komissiyasının müvafiq qərarına uyğun olaraq bu təşkilatın fəaliyyət növü, təmsil olunan hüquq sahiblərinin kateqoriyası, hüquqların verildiyi ərazi və təşkilatın fəaliyyət dairəsi müəyyən edilmişdir. Daha sonra qeyd etmişdir ki, müəllif qonorarının bu qərarla müəyyən edilmiş miqdarları minimum məbləğ sayılır və istifadəçi ilə müəllif və ya onun hüquqi varisi, yaxud əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat arasında bağlanılmış müqavilədə başqa məbləğ müəyyən edilmədikdə və qonorarın miqdarı tərəflərin mübahisəsinə səbəb olmadıqda tətbiq edilir. Müəllif (hüquq sahibi) və ya onun hüquqi varisi, yaxud əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat və istifadəçi arasında əsərlərdən və əlaqəli hüquqların obyektlərindən istifadəyə dair bağlanılan müqavilədə qonorarın miqdarı bu qərarla müəyyən edilmiş minimum miqdarlardan az olmamaqla, sərbəst qiymətlərlə müəyyən edilə bilər. Mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün təşkilatçı ilə səhnə sahibi arasında bağlanmış icarə müqaviləsində müəllif qonorarının kimin ödəyəcəyi mütləq göstərilməlidir. Belə tədbirlərin təşkilatçısı mövcud qanunvericiliyə uyğun olaraq əsərlərdən müvafiq istifadəyə icazə (lisenziya) almaq barədə əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə təşkilatla və (və ya) qanunvericilikdə nəzərdə tutulan hallarda müəlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi funksiyasını yerinə yetirən Agentlik ilə müqavilə bağlamalıdır. Göründüyü kimi qanunda əsər müəlliflərinin müəllif qonorarı alması, həmin qonorarın çatdırlması imperativ olaraq xüsusi norma kimi müəyyən edilmişdir. Qərarda minimum kimi müəyyən edilmiş məbləğin göstərilməsi isə həmin normanın hüquqi baxımdan tamamlanması, o cümlədən həmin münasibətlərin müfəssəl şəkildə tam tənzimlənməsi deməkdir. Qanunvericiliyin yuxanda göstərilən müddəalarına uyğun olaraq Cavabdeh2 istifadəsində olan “WHİTE Palace” və “Ağ Saray” şadlıq sarayında mətnli və ya mətnsiz musiqili əsərlərdən istifadəyə görə ödənilməmiş qonorarlar və kompensasiya ödənilməlidir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 reyestrinən çıxarışdan görünür ki, “Azərbaycan Müəllifləri” İçtimai Birliyi fəaliyyətini müəlliflərin əmlak hüquqlarının təmin edilməsi məqsədi ilə bu hüquqların kollektiv əsasda idarə edilməsi kimi qurmaqla, xx.xx.2004-cü il tarixdə qeydiyyat keçmiş və yəşkilatın hüquqi ünvanı ünvan 1 səlahiyyət müddəti xx.xx.2029-cu il tarixədək olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin 1/2023 saylı Şəhadətnaməsindən görünür ki, “Azərbaycan Müəllifləri” İçtimai Birliyi 1104-Q2-1533 qeydiyyat nömrəsi ilə xx.xx.2004-cü ildə dövlət qeydiyyatına alınmışdır. “Azərbaycan Müəllifləri” İçtimai Birliyinin sorğusuna Dövlət Vergi Xidməti tərəfindən verilmiş 09 iyul 2024-cü il tarixli cavab məktubundan görünür ki, məlumdur ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 30.1-ci maddəsinə əsasən vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra) xidməti vəzifələrini yerinə yetirərkən, vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar. Həmin Məcəllənin 30.2.1-ci maddəsinə əsasən vergi ödəyicisinin razılığı ilə aşkar edilən məlumatlar istisna olmaqla, vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur. Vergi Məcəlləsinin 30.3-cü maddəsinin birinci abzasına görə “Kommersiya sirri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən vergi ödəyicisinin kommersiya sirrini təşkil edən məlumatlar və ya vergi sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, açılmamalıdır. Sorğuda mülkiyyətçilərə dair istənilən məlumatların kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatlar olduğu üçün təqdim edilməsi mümkün olmamışdır. Bundan əlavə qeyd edilmişdir ki, şadlıq saraylarında toyların sayının göstərildiyi və ifaçıların adlarının qeyd olunduğu jurnallardan istifadə üçün şəraitin yaradılması vergi orqanlarının qanunla müəyyən edilən səlahiyyətlərinə aid deyildir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www. taxes.gov.az), Çağrı Mərkəzinə (195) və (və ya) vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək hüquqları izah edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.

1. Müəlliflik hüququnun obyektləri aşağıdakılardır: ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.); dram, musiqili-dram və başqa səhnə əsərləri; xoreoqrafiya əsərləri və pantomimalar; mətnli və ya mətnsiz musiqi əsərləri; audiovizual əsərlər (kino-, tele-, və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər); heykəltəraşlıq, rəngkarlıq, qrafika, dizayn, litoqrafiya əsərləri, qrafik hekayələr, komikslər və digər təsviri sənət əsərləri; dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri, əl ilə toxunan xalçalar; memarlıq, şəhərsalma və bağ-park sənəti əsərləri; fotoqrafiya əsərləri və ona oxşar üsulla yaradılmış əsərlər; coğrafiyaya, topoqrafiyaya və digər elmlərə aid olan xəritələr, planlar, eskizlər, illüstrasiyalar və plastik əsərlər; törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi); toplular; Törəmə əsərlərə və toplulara müəlliflik hüququ onların əsaslandığı və ya onlara daxil edilən əsərlərin müəlliflik hüququ obyektləri olmasından asılı olmayaraq qorunur. televiziya və radio proqramları, kataloqlar, bukletlər, fotoalbomlar, mündəricatlar, multimedia məhsulları (əsərləri) və digər əsərlər. Maddə 15.

1. Müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır.

2. Əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakıları həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir: əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq (surətçıxarma hüququ); əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ); əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ); əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ); əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ); əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ); kütləyə çatdırılması məqsədi ilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla) (kütləvi bildiriş hüququ); əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə kütləvi bildiriş hüququ); kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (kabellə kütləvi bildiriş hüququ); əsəri tərcümə etmək (tərcümə hüququ);əsəri interaktiv istifadə üçün kütləyə çatdırma (interaktiv kütləvi bildiriş hüququ); dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenidən işləmək (yenidən işləmək hüququ). memarlıq, şəhərsalma və bağ-park layihələrindən istifadə üzrə müstəsna hüquqlara həm də belə layihələrdən praktik istifadə etmə halları daxildir. Qəbul edilmiş arxitektura layihəsinin müəllifinin, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, sifarişçidən öz layihəsinin tikinti üçün sənədlərinin hazırlanmasında və binanın tikintisində (tikilidə) iştirakını tələb etmək hüququ vardır.Müəllifin özünün qonorardan imtina etdiyi hal və bu qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla əsərdən istifadəyə görə müəllif qonorarı ödənilməlidir.

3. Əsərin qanuni dərc edilmiş nüsxələri satılma yolu ilə mülki dövriyyə buraxılmışdırsa, sonradan həmin nüsxələrin müəllifin razılığı olmadan və müəllif qonorarıödənilmədən (bu qanunun 16-cı maddəsində göstərilən hal istisna olmaqla) yayılmasına yol verilir. Bununla birlikdə, əsərin orijinalının və ya nüsxələrinin bu nüsxələrə mülkiyyət hüququndan asılı olmayaraq kirayəyə verilməklə yayılması hüququ müəllifdə və müəlliflik hüququnun digər sahibində qalır.

4. Müəllifin əsərdən istifadənin hər növünə görə müəllif qonorarı almaq hüququ vardır (qonorar almaq hüququ). Bu qonorarın həcmi və hesablanması qaydası müəlliflərlə (hüquq sahibləri ilə) istifadəçilər arasında bağlanmış müəllif müqaviləsi və ya müəlliflərin verdikləri səlahiyyətlər həcmində əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlarla istifadəçilər arasında bağlanmış müqavilələrlə müəyyən edilir.

5. Bu maddənin 2-ci hissəsində nəzərdə tutulan əmlak hüquqları üçün məhdudiyyətlər bu qanunun 17-24-cü maddələri ilə o şərtlə müəyyən edilir ki, belə məhdudiyyətlər əsərdən normal istifadəyə zərər vurmasın və müəllifin və müəlliflik hüququnun digər sahibinin qanuni maraqlarını əsassız olaraq məhdudlaşdırmasın. Maddə 41.

1. Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarının təmin edilməsini fərdi qaydada həyata keçirmək praktik olaraq mümkün olmadıqda (kütləvi ifa, o cümlədən radio və televiziyada; mexaniki, maqnit və s. yazılma üsulu ilə surətçıxarma, reprosurətçıxarma və başqa hallar) müvafiq qanunvericiliyə uyğun olaraq göstərilən şəxslərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla bilər. Onlar müvafiq qaydada dövlət qeydiyyatına alınırlar. Həmin təşkilatlara qanunvericiliklə mədəniyyət təşkilatlarına verilən güzəştlər şamil edilir.

2. Müxtəlif hüquqlar və hüquq sahiblərinin müxtəlif kateqoriyaları üzrə ayrı-ayrı təşkilatların, yaxud bir kateqoriyadan olan hüquq sahiblərinin müxtəlif hüquqlarını və ya müxtəlif kateqoriyadan olan hüquq sahiblərinin bir növ hüquqlarını idarə edən təşkilatların yaradılmasına yol verilir. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların kommersiya fəaliyyəti ilə məşğul olmaq və kollektiv əsasdan idarəetmə üçün alınan əsərlərdə və əlaqəli hüquqların obyektlərindən həmin məqsədlə istifadə etmək hüququ yoxdur. Bu cür təşkilatlar müəlliflər və əlaqəli hüquqların sahibləri tərəfindən yaradılır. Həmin təşkilatların fəaliyyətinə antiinhisar qanunvericiliyi üzrə nəzərdə tutulan məhdudiyyətlər tətbiq edilmir. Belə təşkilatlara əmlak hüquqlarını kollektiv əsasda idarə etmək səlahiyyətini bilavasitə müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında və ya bu təşkilatlara üzv olmaqla verirlər. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız qanunvericilikdə nəzərdə tutulan qaydada özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəllifləri və ya digər hüquq sahiblərini təmsil edirlər və onların hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə və ya digər təşkilatlara müraciət edə bilərlər.

3. Dövlət qeydiyyatına alınmış əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan (akkreditasiyadan) keçirlər. Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların fəaliyyətinin bu Qanunun tələblərinə uyğun olaraq həyata keçirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən həyata keçirilir. Bu qanunun tələblərinə əməl etməyən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hüquq pozuntularının aradan qaldırılması barədə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun yazılı tələblərini icra etmədikdə bu orqan tərəfindən həmin təşkilatın akkreditasiyasının ləğvi barədə əsaslandırılmış qərar qəbul edilir. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum akkreditasiyasının ləğvi barədə qərar qəbul edilmiş əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların ləğvi haqqında məhkəməyə müraciət edir. Maddə 44.

1. Müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 1997-ci il tarixli, 38 saylı Qərarı: Əlavə 3, Vİ bəndinin qeyd bölməsində 1-də və Əlavə 4, 1-ci bəndi: Azərbaycan Respublikasının ərazisində audiovizual əsərlərin efir və kabel televiziyası ilə yayımlanmasını, həmçinin kütləvi nümayişini həyata keçirən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər müəllif qonararı ödəyirlər. 3 - cü Əlavəsinin 31-ci bəndi. Mətinli yaxud mətinsiz, istər artist ifaçıların ifasında, istərsə də mexaniki yazma şəklində kütləvi ifasına görə. Əlavə 2, 5.2. Əsərlərin kütləvi ifasına o cümlədən radio və teeleviziyada, mexaniki, maqnit və s. yazılma ilə sürətçıxarmaya vı başqa istifadə üsullarına görə müəllif qonorarının yığılması qanunvericiliyə görə müəllif(lər)in qanuni mənafelərini təmsil edən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat tərəfindən həyata keçirilir. 5.3 - Müəllif qonorarının ödəyicisi olan bütün istifadəçi təşkilatlar müəllif(lər)dən və ya onların hüquqi varislərindən, yaxud müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatdan icazə(lisenziya) almalıdırlar. Əlavə 4. 34. Müəllif qonorarının bütün ödəyiciləri ifa olunan əsərlərin, müəlliflərinin adları, yığılan pulun məbləği, (bu maddədə nəzərdə tutulan digər halları) dəqiq qeydiyyatını aparmalı, əmlak və əlaqəli hüquqları kollektiv əsasda idarə edən təşkilatın nümayəndəsinə məlumat verməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə iddia tələbinin əsasını cavabdeh, Cavabdeh2 o-nun tabeliyində olan iki “WHİTE Palace” və “Ağ Saray” şadlıq saraylarında, mətnli yaxud mətnsiz musiqili əsərlərin kütləvi nümayişinin qadağan edilməsi, ödənilməmiş Müəllif qonorarı olmaqla 48.000 (qırx səkkiz min) manat vəsaitin ödənilməsi, 75000 (yetmiş beş min) manat kompensasıyanın ödənilməsi təşkil edir. “X10 Əmlak Hüquqlarının İdarəçiliyi” İctimai Birliyi 31 mart 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış, sonradan birliyin adı dəyişdirilərək “Azərbaycan Müəllifləri” İctimai Birliyi olmuşdur. İctimai Birliyin nizamnaməsinin 2.1-ci bəndinə görə, birliyin əsas məqsədi X10 əmlak hüquqlarının təmin edilməsi məqsədilə bu hüquqların kollektiv əsasda idarə edilməsidir. İş materiallarından aydın olur ki, iddiaçı X10 əmlak hüquqlarının kollektiv əsasda idarə edən ictimai birlik olduğunu, mətnli və ya mətnsiz musiqilərin ifasının həyata keçirildiyi ictimai iaşə obyektlərindən, konsert müəssisələrindən, televiziya və radio yayım müəssisələrindən müqavilə bağlayaraq lisenziya ödənişlərini qəbul etdiyi, öz növbəsində müəlliflərə ödənişlər etdiyini, cavabdehin isə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ictimai iaşə obyektində (şadlıq evində) mətnli, yaxud mətnsiz musiqilərin ifasını qonarar ödəmədən qanunsuz olaraq həyata keçirdiyini iddia edərək, hazırki iddia tələbini irəli sürmüşdür. Yuxarıda şərh edilən normalardan göründüyü kimi, müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yalnız könüllü olaraq təşkilatla yazılı müqavilələr bağlamaqla və ya təşkilata üzv olmaqla özlərinin əmlak hüquqlarının idarəçiliyini onlara həvalə etmiş müəlliflərin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi səlahiyyətinə malikdirlər və yalnız belə halda müəllifləri təmsil edə və hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət edə bilərlər. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslılığı bilavasitə sübutetmə ilə bağlıdır. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz o, sübut etməlidir ki,

1. hansı müəlliflər müqavilə əsasında və ya üzv olmaqla özlərinin əmlak hüquqlarının idarəçiliyini birliyə həvalə etmişlər; 2. Həmin müəlliflərə aid hansı musiqilər və ümumilikdə neçə gün ərzində cavabdehə aid ictimai iaşə obyektində (şadlıq evində) ifa edilmişdir. İddiaçı isə, qeyd edilənlərə dair nəinki sübutlar təqdim etmiş, iddia ərizəsində bu xüsusatları ümumiyyətlə əsaslandırmamışdır. Bu mənada məhkəmə hesab edir ki, iddiaçı birliyin irəli sürdüyü faktiki hallar həmin tələbin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, “WHİTE Palace” və “Ağ Saray” şadlıq sarayında ifa edilən musiqi əsərlərinin hansı əsər olması, həmin əsərin hansı müəllifə məxsus olması barədə mötəbər dəlillər məhkəməyə təqdim edilməmiş, ödənilməli olan müəllif qonorarının 48.000 (qırx səkkiz min) manat olması əsaslandırılmamışdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı “Azərbaycan Müəllifləri” İctimai Birliyinin Cavabdeh2 qarşı (Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “musiqi əsərlərinin istifadəsinə qadağa qoyulması, qonararların ödənilməsi, kompensasiya” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar