Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1537/2023 20.10.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X3 katibliyi ilə İddiaçı X5 və Cavabdeh qarşı “torpaq sahəsinə qanunsuz istifadəyə son qoyulması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 20 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı X5 və Cavabdeh qarşı iddia ərizəsi (dəqiqləşdirilmiş halda) ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan 0,003 ha. torpaq sahəsindən cavabdehlərin qanunsuz istifadələrinə son qoyulması və cavabdehlərin həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması, habelə, cavabdehlərdən 39600 manat maddi, 2000 manat mənəvi ziyanın, 150 manat dövlət rüsumunun, vəkilə ödənilmiş 120 manat pulun, qətnamə icra olunduğu günə kimi hər ay 1200 manat pulun, habelə ödənilmiş 100 manat rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışa əsasən, 0,003 ha. torpaq sahəsi iddiaçının xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsi və üzərində olan maşın təmiri sexi cavabdehlər tərəfindən zəbt olunmuş və istifadə olunmaqdadır. İddiaçı öz mülkiyyətindən istifadə hüququndan faktiki olaraq məhrum olunmuşdur. Sözügedən qeyri-yaşayış sahəsi 15 oktyabr 2020-ci ildən iddiaçının mülkiyyətindədir. Həmin gündən bugünədək cavabdehlərin qanunsuz, özbaşına hərəkətlərindən iddiaçı öz mülkiyyətindən istifadə edə, gəlir götürə bilmir. Cavabdehlərin bu hərəkətləri nəticəsində iddiaçı öz əmlakından əldə edilə biləcəyi aylıq 1200 manat gəlirdən məhrum olmuşdur. 15 oktyabr 2020-ci il tarixdən bugünədək hər ay 1200 manat gəlirin cəmi 39600 manat pul edir. Bundan başqa, cavabdehlərin qanunsuz hərəkətlərinin qarşısının alınması zamanı iddiaçını təhqir etmələri, onu polisə vermələri və s. hərəkətləri nəticəsində iddiaçı mənəvi iztirab və əzab çəkmişdir. Bu mənəvi iztirabın və əzabın dəyəri milyonlarla hesablansa da, iddiaçı 2000 manat tələb edir. İştirak etdiyi əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirib, iddianın təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi əvvəlki məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədiklərini bildirərək, izahatında göstərmişdir ki, mütəxəssis rəyi ilə də sübut olunmuşdur ki, iddiaçıya ayrılmış torpaq sahəsinin cavabdehlərin faktiki istifadələrində və Cavabdeh mülkiyyətində olan sahə ilə əlaqəsi yoxdur. Sonda iddianın rədd edilməsi xahiş olunmuşdur. Digər cavabdeh isə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Mülki iş materiallarında olan: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 11/33 saylı sahənin 0,003 ha. ölçülü bir hissəsi 25 noyabr 2022-ci il tarixdə İddiaçı mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 01 aprel 2008-ci il tarixli Qərarına əsasən, ünvan 1 ünvanda istifadə etdiyi 100 kv.metr obyektin altındakı torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əlavə edilmiş cizgi əsasında Cavabdeh mülkiyyətinə verilmişdir. Bununla bağlı Binəqədi Bələdiyyəsi ilə Cavabdeh arasında “Torpaq sahəsinin alğı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında” 01 aprel 2008-ci il tarixli, 58 nömrəli müqavilə bağlanmışdır. - RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 170,48 kv.metr olan qeyri-yaşayış binası 08 iyul 2017-ci il tarixdə Cavabdeh mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. - Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 07 fevral 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsi Binəqədi rayon Binəqədi Bələdiyyəsinin ərazisi daxilindədir və vətəndaş X2 adına Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş 41 saylı, 11 aprel 2008-ci il tarixli qərar Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı Filialında qorunur və X1 Məlumatlar bazasında mövcuddur. Məhkəmənin 15 mart 2023-cü il tarixli, 2(001)-1537/2023 saylı qərardadına əsasən, iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış, rəyin verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmiş, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Mülki iş materiallarında olan, İddiaçı adına verilmiş 25 noyabr 2022-ci il qeydiyyat tarixli çıxarış, torpaq sahəsinin planı və ölçüsü nəzərə alınmaqla, **********66 reyestr nömrəli torpaq sahəsinin hüdudları faktiki yerləşdiyi sahə üzrə üst-üstə düşürmü?
2. İddiaçı xüsusi mülkiyyəti kimi 25 noyabr 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış, reyestr nömrəsi **********66 olan, ünvan 2 saylı sahənin bir hissəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 01 aprel 2008-ci il tarixli qərarı ilə Cavabdeh ayrılmış, “situasiya planı”nda yerləşdiyi sahə göstərilən 100 kv.metr torpaq sahəsi ilə üstüstə düşürmü, düşürsə hansı hissələrdə?
3. Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 01 aprel 2008-ci il tarixli qərarı ilə Cavabdeh ayrılmış, “situasiya planı”nda yerləşdiyi sahə göstərilən 100 kv.metr torpaq sahəsinin hüdudları faktiki yerləşdiri sahə üzrə üst-üstə düşürmü? Məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki: - Birinci sual üzrə göstərilən torpaq sahəsi faktiki olaraq 123 kv.metr təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən, sahənin 30 kv.metr hissəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmçinin, təqdim edilmiş yerləşmə cizgisinin göstərilən əraziyə aidiyyəti yoxdur. - İkinci sual üzrə, qeyd edilmiş Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin torpaq sahəsi ayrılması barədə qərarı 01 aprel 2008-ci il tarixlidir (2007-ci ildən sonraya aiddir). “Bələbiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. - Üçüncü sual üzrə, yuxarıda qeyd olunduğu kimi göstərilən torpaq sahəsi faktiki olaraq 123 kv.metr təşkil edir, sahənin 30 kv.metr hissəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmçinin, təqdim edilmiş yerləşmə cizgisi göstərilən əraziyə aidiyyəti yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 və 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddianın təmin edilməsi üçün əsas mövcud deyil. Təqdim olunmuş iddia ərizəsində tələb iki hissədən ibarətdir: - iddiaçının mülkiyyətində olan 0,003 ha. torpaq sahəsindən cavabdehlərin qanunsuz istifadələrinə son qoyulması, cavabdehlərin həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması, - cavabdehlərdən 39600 manat maddi, 2000 manat mənəvi ziyanın, 150 manat dövlət rüsumunun, vəkilə ödənilmiş 120 manat pulun, qətnamə icra olunduğu günə kimi hər ay 1200 manat pulun, habelə ödənilmiş 100 manat rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması. İddia tələbinin “0,003 ha. torpaq sahəsindən cavabdehlərin qanunsuz istifadələrinə son qoyulması, cavabdehlərin həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması” hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. İlk növbədə məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 0,003 ha. ölçülü 11/33 saylı sahənin bir hissəsinin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Hazırkı halda cavabdehlər tərəfindən məhz həmin hissənin zəbt olunmsı iş üzrə müəyyən edilmir. Belə ki, iş üzrə alınmış xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki “göstərilən torpaq sahəsi faktiki olaraq 123 kv.metr təşkil etdiyi, vahid elektron kadastr baza məlumatlarına əsasən, sahənin 30 kv.metr hissəsi İddiaçı xüsusi mülkiyyətində olduğu həmçinin, təqdim edilmiş yerləşmə cizgisinin göstərilən əraziyə aidiyyəti olmadığı qeyd olunmuşdur”. Halbu ki, məhkəmənin 15 mart 2023-cü il tarixli, 2(001)-1537/2023 saylı qərardadında İddiaçı adına verilmiş 25 noyabr 2022-ci il qeydiyyat tarixli çıxarış, torpaq sahəsinin planı və ölçüsü nəzərə alınmaqla, **********66 reyestr nömrəli torpaq sahəsinin hüdudları faktiki yerləşdiyi sahə üzrə üst-üstə düşüb-düşmədiyi, ünvan 2 saylı sahənin bir hissəsi Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 01 aprel 2008-ci il tarixli qərarı ilə Cavabdeh ayrılmış, “situasiya planı”nda yerləşdiyi sahə göstərilən 100 kv.metr torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyi ilə bağlı rəyin verilməsi tələb olunmuşdur. Göründüyü kimi göstərilən torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsini müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən belə halların mövcudluğu ilə bağlı iddiaçı tərəfindən də mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbu ki, sübutetmə yükü baxımından mübahisəli əmlakın hansı hissəsinin cavabdehlərin qanunsuz sahibliyində olması və s. bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından iddiaçının üzərinə düşür. Çünki, görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin “0,003 ha. torpaq sahəsindən cavabdehlərin qanunsuz istifadələrinə son qoyulması, cavabdehlərin həmin sahədən məcburi çıxarılaraq sahənin boşaldılması” hissəsinə dair iddiaçının dəlilləri iş üzrə sübuta yetmədiyindən əsassız olduğuna görə təmin edilə bilməz. Tələbin cavabdehlərdən 39600 manat maddi, 2000 manat mənəvi ziyanın, 150 manat dövlət rüsumunun, vəkilə ödənilmiş 120 manat pulun, qətnamə icra olunduğu günə kimi hər ay 1200 manat pulun, habelə ödənilmiş 100 manat rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, tələbin maddi zərərlə bağlı olan hissəsi bilavasitə cavabdehlərin mübahisəli torpaq sahəsinin qanunsuz istifadələri ilə bağlıdır. Hazırkı halda məhkəmə cavabdehlərin torpaqdan qanunsuz istifadələri ilə bağlı tələbi əsassız hesab etdiyindən maddi zərər tələbini də əsassız hesab edir. İddia tələbinin mənəvi zərərin tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçı iddia tələbində cavabdehlərdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi pulun tutulmasını xahiş etsə də, mənəvi zərərin nədə ifadə olunması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilmədiyindən iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində də rədd edilməlidir. Beləliklə, iddia rədd edilməli, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələbləri nəzərə alınmaqla, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı X5 və Cavabdeh qarşı “torpaq sahəsinə qanunsuz istifadəyə son qoyulması və s.” tələbinə dair iddiası təmin edilməsi, məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev