Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1621/2021 12.04.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı əşyanın qanunsuz sahiblikdən geri alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı əşyanın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan “Laptop Lenovo İP-330-15İSK/15,6’ HD/i5-7200U/4GB/500GB/İntel HD/DVD/Free D/Black” markalı komputerin və “Jedel CP70” markalı kompüter siçanının cavabdehin qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya geri qaytarılması, vəkilə ödənilmiş 150 manat xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Türkiyə Cümhuriyyətinin vətəndaşı X5 arasında bağlanmış əmək müqaviləsinə əsasən sonuncu icraçı direktor vəzifəsinə qəbul olunmuşdur. xx xxxxxx 2020-ci il tarixində X5 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Buna baxmayaraq, cavabdeh ona həvalə edilmiş “Laptop Lenovo İP-330-15İSK/15,6’ HD/i5-7200U/4GB/500GB/İntel HD/DVD/Free D/Black” markalı kompüterin və “Jedel CP70” markalı komputer siçanını geri qaytarmamışdır. Belə ki, cavabdehə çatdırılmış İddiaçı MMC-nin direktoru Əhəd Əsgərovun xx xxxxxx 2020-ci il tarixli əmrindən və müşayiətedici məktubdan görünür ki, Cəmiyyətin balansında olan “Laptop Lenovo İP-330-15İSK/15,6’ HD/i5- 7200U/4GB/500GB/İntel HD/DVD/Free D/Black” markalı komputerin və “Jedel CP70” markalı markalı komputer siçanı (mouse) işçi X5 tərəfindən Cəmiyyətə geri qaytarılmalıdır. Bununla yanaşı, cavabdeh Ahmet Kandemirə dəfələrlə telefon zəngi vasitəsilə iddiaçıdan İddiaçı MMC-nin balansında olan əşyaları geri qaytarmaq tələb olunmuşdur. Buna baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə əşyaları qaytarmaqdan yayınmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək həmçinin bildirdi ki, cavabdeh iddiaçı şirkətdə icraçı direktor vəzifəsində çalışmış, lakin qeyd olunan ştat ixtisar edildiyində görə cavabdehin əmək müqaviləsinə xitam verilmişdir. Tələbdə qeyd olunan əşyalar cavabdehə vəzifələrinin icrası məqsədi ilə verilmişdir. Hazırda cavabdeh başqa şirkətdə işləməsinə baxmayaraq qeyd olunan əşyaları iddiaçıya qaytarmamışdır. Halbuki, cavabdeh akta imza etmişdir ki, həmin əşyaları beş iş günü müddətində qaytaracaqdır. Belə ki, tələb olunan “laptop”-da cavabdehin ailəvi foto şəkilləri və videoları var idi və onları başqa daşıcıya köçürmək lazım idi. Cavabdehin iddiaçıya qarşı işə bərpa tələbinə dair mülki iş hazırda Bakı Apelyasiya Məhkəməsinin icraatındadır. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, tələb olunan əşyalar iddiaçının mülkiyyətindədir və dəyəri 500 manatdan yüksəkdir. Onlar rəsmi reyestrdə qeydə alınan əşyalar deyil ki, onlara iddiaçının mülkiyyətini təsdiq edən sənədlər təqdim edilsin. Cavadeh tərəfindən iş üzrə icraatın dayandırılması barədə vəsatətin məhkəməyə verilməsi onu göstərir ki, cavabdeh iddianı dolayısı ilə etiraf edir, yəni tələb olunan əşyaların qaytarılmasını onun işə bərpa edilməsi ilə bağlı işin nəticəsindən asılı edir. İddia ərizəsində tələb olunan əşyaların qiyməti ona görə göstərilməmişdir ki, cavabeh həmin əşyaları qaytara bilməsə, iddiaçı qətnamənin icrası zamanı icra üsulunun dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət oluna bilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı mübahisəli əşyaları cavabdehdən tələb etsə də, lakin həmin əşyaların cavabdehə verilməsini təsdiq edən təhvil-təslim aktı və ya digər hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən, iddiaçı tərəf xx xxxxxx 2020-ci il tarixli təhvil-təslim aktına əsaslanaraq, mübahisəli əşyaların verilmədiyini bildirsə də qeyd etmək lazımdır ki, həmin akt cavabdeh tərəfindən imzalansa da, aktda qeyd edilən yazılar cavabdeh tərəfindən yazılmamışdır. Göründüyü kimi, iddiaçı mübahisəli əşyaların həqiqətən də cavabdehdə olmasını sübuta yetirə bilmir, çünki cavabdeh iddiaçı şirkətdən ayrılarkən tələb olunan əşyaları şirkətdə təhvil vermişdir. Cavabdehdə olan avtomobildə iddiaçıya təhvil verilmişdir. Cavabdeh tərəfindən məhkəməyə hər hansı vəsatətin verilməsi onun prosessual hüququdur və bu tələb olunan əşyaların cavabdehdə olma anlamına gəlmir. Həmçinin ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)-563/2021 saylı qətnaməsi qanuni qüvvəyə minməmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. xx xxxxxx 2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, 2019-cu ilin dekabr ayının 10-da İddiaçındə icraçı direktor kimi əmək fəaliyyətinə başlamış, 2020-ci ilin noyabrın ayının 4-nə kimi həmin şirkətdə işləmişdir. Göstərilən tarixdə isə heç bir əsas olmadan işdən uzaqlaşdırılmışdır. Hətta bülletendə olmağına baxmayaraq heç bir əsas olmadan işdən çıxarılmışdır. Əsassız olaraq işdən uzalaşdırıldığı və əmək haqqının ödənilmədiyi üçün də o, müxtəlif orqanlara şikayətlər ünvanlamışdır. Hazırki iddia tələbi də ona təzyiq vasitəsi kimi verilmişdir. Çünki şirkətin onda olan avtomobili qaytardığı halda işlənmiş və dəyəri 300 manat olan komputer avadanlığı onun nəyinə gərəkdir. Göstərilən komputer avadanlığı şahidlərin iştirakı ilə şirkətin nümayəndəsinə verilmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını və şahidin ifadəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçının vəsatəti əsasında məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 məhkəməyə bildirmişdir ki, o, iddiaçı şirkətdə təhlükəsizlik xidmətinin rəisi vəzifəsində çalışır. O, cavabdehdə olan komputeri, komputerə məxsus siçanı və avtomobili almaq üçün təxminən 2020-ci ilin 5-6 noyabrında cavabdehlə “Hollywood” restoranın yaxılınlığnda görüşmüş və təhvil-təslim aktı ilə yalnız avtomobili ala bilmişdir. Onlar görüşəndə tək olmamış, cavabdehin yanında bir hündür boylu xanım da olmuşdur. Cavabdeh avtomobili qaytarsa da, digər əşyaları qaytarmayaraq bildirdi ki, komputerdə ailəvi şəkilləri və videoları var, onları başqa yerə köçürdükdən sonra təhvil verəcəkdir Bununla bağlı, tərtib edilmiş təhvil-təslim aktında qeyd də yazılmışdır. Həmin qeyd cavabdehin yanında olan xanım tərəfindən yazılmış və cavabdehə izah edilmiş, sonra isə cavabdeh aktı imzalamışdır. Daha sonra cavabdeh şirkətin yeni köçdüyü ofisə xx xxxxxx 2021-ci il tarixdə əşyaları şirkətə qaytarmaq üçün gəlmiş, lakin artıq həmin şirkətin işçisi olmadığından şirkətə buraxılmamış, o da əşyaları qaytarmadan çıxıb getmişdir. Cavabdehə zəng edib bildirmişdir ki, əşyaları düşüb aşağıda qəbul etsin, lakin cavabdeh telefonda artıq çıxıb getdiyini bildirmişdir. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, təhvil-təslim aktını cavabdehin xanımı oxumuş və cavabehə başa salmışdır ki, o, onda qalan əşyaları 5 iş günündə şirkətə təhvil verməlidir. Cavabdeh hər hansı etiraz etmədən aktı imzalamış, onda qalan əşyaları da qaytaracağını bildirmişdir. İş materiallarında olan: İddiaçı (işəgötürən) ilə X5 (işçi) arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işçi icraçı direktor vəzifəsinə işə qəbul edilmiş, işçi ünvan 1 ünvanına (Baş ofis) təhkim edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. İddiaçı (işəgötürən) ilə X5 (işçi) arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli tam maddi məsuliyyət və kommersiya sirrinin qorunması haqqında müqavilənin surətindən görünür ki, maddi məsul şəxs işəgütürən tərəfindən etibar edilmiş pul vəsaitlərinin, əmlakın, informasiyanın, maddi və digər sərvətlərin qorunub saxlanması, emalı, satışı, daşınması, istifadəsi və ya başqa əməliyyatların aparılması ilə əlaqədar işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı işi layiqincə yerinə yetirməyi və işəgötürənə vuduğu ziyana görə tam məsuliyyət daşıması öhdəliyini öz üzərinə götürür. İddiaçı direktorunun xx xxxxxx 2020-ci il tarixli, 202/K nömrəli əmrinin surətindən görünür ki, X5 ilə xx xxxxxx 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi, bununla əlaqədar olaraq müvafiq məlumatların elektron informasiya sistemində qeydiyyata alınmasının təmin edilməsi, X3 əmək haqqı, orta aylıq əmək haqqının 1,4 mislində işdənçıxarma müavinəti, eləcədə 25 gün istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsinin təmin edilməsi əmr edilmişdir; xx xxxxxx 2020-ci il tarixli əşyaların geri alınması barədə təhvil-təslim aktından görünür ki, İddiaçı icraçı direktoru (təhvil verən), digər tərəfdən İddiaçı təhlükəsizlik xidmətinin rəisi X1 aktı imzalamaqla təsdiq edirlər ki, İddiaçı mülkiyyətində olan 1 (bir) ədəd **-PE-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” minik markalı nəqliyyat vasitəsi təhvil alana təhvil verilmişdir. Aktda qeyd edilmişdir ki, komputer 5 iş günü müddətində təhvil veriləcəkdir. Maşında müəyyən olunmuş 300 manat zərər hər iki tərəfin nəzərinə çatdırılmışdır. Ahmet Kandemir 300 manat ödəyəcəkdir, benzin kartı və maşının sənədləri təhvil verildi. Avtomobilin 160 manat cəriməsi var, Ahmet Kandemir ödəyəcəkdir. Qeyd olunan akt X5 və X1 tərəfindən imzalanmışdır; İddiaçı direktorunun xx xxxxxx 2020-ci il tarixli, 11/20 nömrəli əmrinin surətindən görünür ki, Cəmiyyətin balansında olan Laptop Lenovo İP 330-15İSK/15,6’ HD/i5- 7200U/4GB/500 GB/İntel HD/DVD/Free D/Black markalı komputer cihazı və Jedeı CP70 markalı komputer siçanı (mouse) işçi X5 tərəfindən Cəmiyyətə geri qaytarılması, əşyaların Cəmiyyətin Təhlükəsizlik Xidmətinə təhvil verilməsi, X4 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinə uyğun ona elan edilmiş xəbərdarlıq müddəti ərzində iş yerinə gəlib-gəlməməsi əmək müqaviləsinə uyğun ona əmək haqqının ödənilməsinə təsir etməyəcəyinin izah edilməsi (yəni, əmək haqqı ona tam şəkildə ödəniləcək), əşyaların Cəmiyyətə 2 (iki) gün ərzində təhvil verilməyəcəyi təqdirdə müvafiq məhkəməyə müraciət olunması əmr edilmişdir; İddiaçı tərəfindən X4 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı direktorunun xx xxxxxx 2020-ci il tarixli, 11/20 nömrəli əmrinin surəti icra edilməsi üçün ona göndərilmiş, əmrin icra edilməməsi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir; Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)-563/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 iddiası qismən təmin edilmiş, İddiaçı xx xxxxxx 2020-ci il tarixli, 202/k nömrəli əmrinin ləğv edilməsi, X4 məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçınə icraçı direktor vəzifəsinə işə bərpa edilməsi, cavabdehdən 500 manat mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minməmişdir; xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, vəkilin göstərdiyi hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkillər Kollegiyasının hesabına 150 manat məbləğində xidmət haqqı ödənilmişdir; xx xxxxxx 2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı məhkəmədə iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında əmək münasibətləri olmuş, lakin iddiaçının xx xxxxxx 2020-ci il tarixli əmri ilə cavabdehlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. xx xxxxxx 2020-ci il tarixli əşyaların geri qalınması barədə təhvil-təslim aktına əsasən İddiaçı mülkiyyətində olan 1 (bir) ədəd **-PE-*** dövlət qeydiyyat nişanlı, “Chevrolet Cruze” minik markalı nəqliyyat vasitəsi iddiaçı şirkətə təhvil verilsə də, hazırki mübahisəli əşyalar isə təhvil verilməmiş, həmin əşyaların 5 iş günü ərzində iddiaçıya təhvil verilməsi razılaşdırılmışdır. Bundan sonra, iddiaçının İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun xx xxxxxx 2020-ci il tarixli, 11/20 nömrəli əmrinə əsasən Cəmiyyətin balansında olan Laptop Lenovo İP 330-15İSK/15,6’ HD/i5-7200U/4GB/500 GB/İntel HD/DVD/Free D/Black markalı komputer cihazının və Jedeı CP70 markalı komputer siçanının (mouse) işçi X5 tərəfindən Cəmiyyətə geri qaytarılması əmr edilmiş, qeyd olunan əmr icra edilməsi üçün cavabdehə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(001)- 563/2021 saylı qətnaməsi ilə İddiaçı xx xxxxxx 2020-ci il tarixli, 202/k nömrəli əmri ləğv edilməklə X3 işə bərpa edilməsi qət edilsə də, qeyd olunan qətnamə qanuni qüvvəyə minməmişdir. Hazırki iddianın verilməsi üçün iddiaçı hüquqi yardıma görə 150 manat, dövlət rüsumu üçün isə 30 manat məbləğində vəsait ödəmişdir. Hazırda iddiaçı mübahisəli əşyaların cavabdeh tərəfindən qaytarılmasını xahiş edir, cavabdeh isə həmin əşyaları qaytardığını bildirərək, iddianı qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan “Laptop Lenovo İP- 330-15İSK/15,6’ HD/i5-7200U/4GB/500GB/İntel HD/DVD/Free D/Black” markalı komputerin və “Jedel CP70” markalı kompüter siçanının iddiaçıya təhvil verilməməsi iddiaçı tərəfin təqdim etdiyi təhvil-təslim aktı ilə, habelə məhkəmə iclasında dindirilmiş şahid ifadəsi ilə öz əksini tapmış, əksi isə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla təkzib olunmamışdır. Belə ki, cavabdeh qeyd olunan əşyaların iddiaçıya təhvil verdiyini bildirsə də bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin davam edib-etməməsindən asılı olmayaraq, yəni cavabdeh işinə bərpa olunacağı təqdirdə belə iddiaçı tərəfindən ona məxsus və əmək funksiyasını həyata keçirmək üçün cavabdehə təhvil verilmiş əmlakın geri götürülməsi ilə bağlı əmək qanunvericiliyində hər hansı qadağa yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Təsvir edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçının İddiaçı mülkiyyətində olan “Laptop Lenovo İP 330-15İSK/15,6’ HD/i5- 7200U/4GB/500GB/İntel HD/DVD/Free D/Black” markalı kompüterin və “Jedel CP70” markalı kompüter siçanı cavabdeh X2 alınaraq İddiaçınə verilməli, cavabdeh X2 vəkilə ödənilmiş xidmət haqqı üçün 150 (bir yüz əlli) manat və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan “Laptop Lenovo İP 330-15İSK/15,6’ HD/i5- 7200U/4GB/500GB/İntel HD/DVD/Free D/Black” markalı kompüterin və “Jedel CP70” markalı kompüter siçanı cavabdeh X2 alınaraq İddiaçınə verilsin. Cavabdeh X2 vəkilə ödənilmiş xidmət haqqı üçün 150 (bir yüz əlli) manat və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-1621/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1621/2021
12.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver