Məhkəmə qərarları › İş №e-2(001)-168/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-168/2023

22.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-168/2023 22.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı X1 Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlaklarda payının müəyyən edilməsinə və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı X2 Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlaklarda payının müəyyən edilməsinə və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı X1 vəkili və nümayəndəsi Vəkil2 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, iddiaçı iddia tələblərini dəqiqləşdirmişdir. Tərəflərin nikahı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.20220-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı tərəflərin birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 5-1442 ünvanda yerləşən 0,10 ha torpaq sahəsi və torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin bölünməsi və mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Nikah pozulanadək iddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 5-1442 ünvanda yerləşən 0,10 ha torpaq sahəsində inşa etdikləri evdə, nikah pozulandan sonra valideynləri ilə birlikdə yaşayır. Tərəflər birgə nikah dövündə ailələrinə ev tikmək məqsədi ilə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 5-1442 ünvanda yerləşən 0,10 ha torpaq sahəsini Cavabdeh adına almışlar. Həmin torpaq sahəsi üzərində tərəflər birgə nikah dövründə əldə etdikləri vəsaitləri və R.N.Həsənovanın atasının köməkliyi sayəsində iki mərtəbəli yaşayış evi tikilmiş, otaqlar zəruri mebel dəstləri və digər məişət əşyaları ilə təmin etmiş, nikahları pozulanadək həmin evdə yaşamaqla evdən istifadə etmişlər. Ev 2020-ci ildə tikilərək hazır olduğundan mənzil üçün əşyaların bir hissəsi İddiaçı adına kreditlə alınmış və kredit sənədləri iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuşdur. Tərəflər nikaha daxil olduqdan sonra, əsasən də inşa etdikləri evə köçdükdən sonra cəmi dəyəri 30000 manat olan müxtəlif əşyalar almışlar. Belə ki, tərəflər birgə nikah dövründə 1200 manat dəyərində soyuducu, evin birinci mərtəbəsində olan yataq otağı üçün 800 manat dəyərində yataq dəsti, evin ikinci mərtəbəsində olan yataq otağı üçün 800 manat dəyərində yataq dəsti, qonaq otağı üçün 1600 manat dəyərində mebel dəsti, ikinci mərtəbədə olan hamam üçün 500 manat, birinci mərtəbədə olan hamam üçün 200 manat dəyərində dəstlər, mətbəx üçün 2000 manat dəyərində mebel, 600 manat dəyərində divan-kreslo, 600 manat dəyərində paltaryuyan, 500 manat dəyərində qaz sobası, 500 manat dəyərində çilçıraqlar, 500 manat dəyərində pərdələr, 300 manat dəyərində tozsoran, 500 manat dəyərində yorğan-döşək və sair yataq əşyaları, 500 manat dəyərində xalçalar, 700 manat dəyərində qab-qacaq dəstləri, 1000 manat dəyərində televizor və antenası, ikinci mərtəbə üçün 1000 manat dəyərində mebel dəsti alınmışdır. Məhkəməyə təqdim olunan ailənin birlikdə həmin evdə yaşaması barədə tarixləri qeyd olunan foto şəkillərdən müəyyən olunur ki, tərəflər birlikdə inşa etdikləri evdə yaşamışlar. İş üzrə keçirilən ekspertiza tədqiqatı ilə iddia ərizəsində qeyd olunan əşyaların hazırda da həmin evdə olması öz təsdiqini tapmşıdır. Yaşayış evi istifadəyə tam hazır olduğundan tərəflər öz övladları ilə birlikdə 2020-ci ildə Covid-19 pandemiyası başladıqdan sonra bir müddət həmin evdə yaşamış, birgə təsərrüfat aparmışlar. Bu faktı məhkəməyə təqdim olunan fotoşəkillər təsdiq edir. Ona görə də tərəflərin birgə nikah dövründə Cavabdeh adına əldə etdikləri Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 5-1442 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə iddiaçı X1 1\2 hissəsinə payının müəyyən edilməklə mülkiyyət hüququnun tanınmasına, tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 5-1442 ünvanda yerləşən 0,10 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli yaşayış evinin onlar arasında iddiaçının payı 2\3 hissədə olmaqla bölünməsinə, bölünmüş yaşayış sahəsinin 2\3 hissəsinə iddiaçının sahiblik və istifadə hüququnun müəyyən edilməsinə, birgə nikah dövründə tərəflərin 30000 manat dəyərində əldə etdikləri əmlakların tərəflər arasında 1\2 hissədə bərabər bölünməsinə, əmlaklardan 1200 manat dəyərində 1 ədəd soyuducunun, evin birinci mərtəbəsində olan yataq otağı üçün 800 manat dəyərində yataq dəstinin, evin ikinci mərtəbəsində olan yataq otağı üçün 800 manat dəyərində 1 ədəd yataq dəstinin, qonaq otağı üçün 1600 manat dəyərində mebel dəstinin, ikinci mərtəbədə olan hamam üçün 500 manat, birinci mərtəbədə olan hamam üçün 200 manat dəyərində dəstlərin, mətbəx üçün 2000 manat dəyərində mebelin, 600 manat dəyərində divan-kreslonun, 600 manat dəyərində paltaryuyan maşının, 500 manat dəyərində qaz sobasının, 500 manat dəyərində çilçıraqların, 500 manat dəyərində pərdələrin, 300 manat dəyərində tozsoranın, 500 manat dəyərində yorğan-döşək və sair yataq əşyalarının, 500 manat dəyərində xalçaların, 700 manat dəyərində qab-qacaq dəstlərinin, 1000 manat dəyərində televizor və antenasının, ikinci mərtəbə üçün 1000 manat dəyərində mebel dəstinin, iddiaçıya və onun himayəsində olan övladları üçün yataq dəstlərininvə yemək dəstlərinin cəmi 15000 manat dəyərində daşınar əmlakların iddiaçının payına bölünməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı X1 nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, valideynləri X2 ilə Cavabdeh xx.xx.1995-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 3 övladları olmuşdur. Cavabdeh nikahın pozulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(001)-369/2022 saylı qətnaməsinə əsasən tərəflərin Naxçıvan şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.1995-ci il tarixdə 152 sayla qeydə alınmış nikahı pozulmuşdur. Nikah pozulmamışdan əvvəl iddiaçı ailəsi ilə birlikdə, nikah pozulduqdan sonra Səma adlı övladı ilə anasına məxsus evdə yaşamış və hal-hazırda da yaşayır. Valideynləri birgə nikahda olduqları müddətdə Cavabdeh ailəyə fərdi yaşayış evi tikmək üçün öz adına 2010-cu ildə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 5- 1442 ünvanında 0,10 ha torpaq sahəsi almış və birlikdə həmin ünvanda iki mərtəbəli yaşayış evi tikmişlər. İddiaçının birgə nikah dövründə əldə etdikləri qeyd olunan evdən başqa yaşayış yeri yoxdur. Valideynlərinin birgə nikahından olan 3 övladlarından o, bacısı Rəna yetkinlik yaşına çatmış, qardaşı Atilla isə yetkinlik yaşına çatmamışdır. Bacısı Rəna ailə qurmuş, o, anası Rahibənin yanında, qardaşı Atilla isə guya atasının yanında yaşayır. Faktiki olaraq isə atası başqa qadınla ailə qurduğundan Atilla başqasının köməyinə ehtiyacı olan nənəsinin yanında, məhz atasının təqsiri üzündən qayğı və nəvazişdən kənar bağda yaşayır. Valideynlərinin 2022-ci ilədək, yəni nikahları pozulanadək ailənin saxlanması üçün tələb olunan bütün xərcləri Rahibə və Rəhibənin atası Nazimin köməkliyi sayəsində olmuşdur. Cavabdeh polis əməkdaşı olduğunu bəhanə edərək həftələrlə evə gəlməmiş, ailəsi ilə maraqlanmamışdır. Cavabdeh son iki ildə isə aylarla evə gəlməmiş, bunu işi ilə əlaqələndirsə də, boşanmadan sonra qısa müddətdə cavabdehin başqa qadınla ailə qurması, onun çirkin niyyətlərindən xəbər vermişdir. Göstərilən bağ sahəsindəki ev 2020-ci ildə hazır olmuş, məhz anasının adına kreditlə ev əşyaları və məişət avadanlıqları alınaraq evə qoyulmuş, ailə orada yaşamağa başlamışdır. Bir çox hallarda atası Orxan olmasa da ailənin həmin bağ evində xoş günləri olmuş, ad günləri, bayramlar keçirilmişdir. Ona görə də Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 5- 1442 ünvanda yerləşən 0,10 ha torpaq sahəsi, torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi və evdə olan əşyalar üzrə payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndələrinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: Maddə 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli Vİ JQ 383791 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X2 nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra arvada Axund-sadə soyadı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* saylı çıxarışından müəyyən olunur ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 5-1442 ünvanında yerləşən 0,10 ha torpaq sahəsinə dair Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 654 nömrəli reyestr kitabının 61953 nəmrəli vərəqində ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə qeydə alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-368/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, X2 ilə Cavabdeh arasında bağlanmış və Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə 152 nömrə ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından olmuş xx.xx.2006-cı il təvəllüdlü Axundzadə Atilla Orxan oğlunun Cavabdeh yanında qalması qət edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4884 saylı, xx.xx.2022-ci il tarixli rəyindən müəyyən olunur ki, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 5-1442 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi üzərində inşa edilmiş ikimərtəbəli yaşayış evinin inşası zamanı aparılmış müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin (xidmət haqqı və tikinti materialları daxil olmaqla) təqribi dəyəri 1,0 kv.m sahəyə təqribən 800 manat dəyərində vəsaitin sərf olunduğu nəzərə alınaraq fərdi yaşayış evinin inşa olunmasına 257,840 manat (322,3x800) dəyərində vəsaitin sərf olunduğu müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09/8845 saylı, xx.xx.2023-cü il tarixli rəyindən müəyyən olunur ki, İddiaçı iştirakı ilə baxış keçirilən 1 ədəd divanın qiyməti - 450 manat, 1 ədəd TV-stend qiyməti 300 manat, 1 ədəd kamodun qiyməti - 350 manat, 1 ədəd güzgülü şkafın qiyməti - 300 manat, 2 ədəd pərdənin qiyməti - 100 manat, 1 ədəd 12 şamdanlı çılçırağın qiyməti - 200 manat, 1 ədəd LG kondisionerin qiyməti - 400 manat, 1 ədəd jurnalnı dəstinin qiyməti - 70 manat, 1 ədəd stol 12 ədəd stul ibarət dəstin qiyməti - 350 manat, 1 ədəd yataq otağı dəstinin qiyməti - 1300 manat, 1 ədəd pərdənin qiyməti - 100 manat, 2 ədəd xalçanın qiyməti 100 manat, 1 ədəd yataq otağı dəstinin qiyməti - 1350 manat, 1 ədəd pərdənin qiyməti - 100 manat, 1 ədəd əl-üz yuyannın - 50 manat, 1 ədəd unitazın qiyməti - 40 manat, 1 ədəd duş aksesuarlarının qiyməti - 60 manat, 1 ədəd 3x4m ölçülü xalçanın qiyməti - 350 manat, 1 ədəd panasonic markalı tozsorannın qiyməti -100 manat, 1 ədəd TV altlığının qiyməti - 50 manat, 1 ədəd Hoffman markalı paltaryuyanın qiyməti - 350 manat, 1 ədəd Lotus markalı soyuducunun qiyməti - 750 manat, 1 ədəd Ezel markalı 4 gözlü qazın qiyməti -100 manat, 2 ədəd pərdənin qiyməti - 50 manat, 1 ədəd künc divanın qiyməti - 200 manat, 1 ədəd xalçanın qiyməti - 100 manat, 1 ədəd 5x0, 80x2.30 ölçülü 18 qapılı mətbəx mebelinin qiyməti - 1000 manat olmaqla ekspert baxışına təqdim edilən əşyaların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 8920 manat müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Bakı şəhəri Xəzər rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Xəzər rayonu Buzovna qəsəbəsi sahə 5-1442 ünvanında yerləşən 0,10 ha torpaq sahəsində fərdi yaşayış evinin hansı illərdə tikilməsi barədə Buzovna Bələdiyyəsində məlumat yoxdur. MJ Financenin çıxarışından müəyyən olunur ki, alıcı Axund-zadə Rahibə Nazim qızı PRL-045-0068-20 saylı xx.xx.2020-ci il tarixli müqavilə üzrə 4194 manatı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Kontakt Home mağazasının xx.xx.2020-ci il tarixli çıxarışından müəyyən olunur ki, İddiaçı mağazadan dəyəri 485,46 manat olan Hoffmann markalı paltaryuyan almışdır. Kontakt Home mağazasının xx.xx.2020-ci il tarixli çıxarışından müəyyən olunur ki, İddiaçı mağazadan dəyəri 205,99 manat olan Panasonic markalı tozsoran almışdır. Mebellərim mağazasının xx.xx.2020-ci il tarixli qaiməsindən müəyyən olunur ki, Cavabdeh dəyəri 1650 manat olan yataq mebeli dəsti satılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi Məktəb Lisey Kompleksinin xx.xx.2022-ci il tarixli 979 saylı arayışından müəyyən olunur ki, X2 Bakı şəhəri Məktəb Lisey Kompleksində 1999-cu ildən ibtidai sinif müəllimi vəzifəsində çalışır. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 423014 saylı xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsi əsasında pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 278 nömrə qeyd olunmuş, nikah pozulduqdan sonra arvada Həsənova soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, 1995-ci ildə nikaha daxil olan tərəflər birgə nikah dövründə, yəni 2010-cu ildə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 5-1442 ünvanında yerləşən 0,10 ha torpaq sahəsini əldə etmiş, daha sonra bu torpaq sahəsində iki mərtəbəli fərdi yaşayış evi inşa edərək həmin evi tərəflərin və onların birgə nikahlarından olan 3 övladlarının yaşamaları üçün tələb olunan məişət əşyaları təmin etmiş, ailə nikah münasibətləri pozulanadək iddiaçı övladları ilə birlikdə həmin evdə yaşamaqla cavabdehlə birgə təsərrüfat aparmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 iyun 2021-ci il tarixli Qərarında ərarvadın nikah dövründə əldə etdiyi daşınmaz əşyaya dair ümumi birgə mülkiyyətin bölünməsi və payların müəyyən edilməsi tələbi barədə iddiaya Mülki Prosessual Məcəllənin 39-cu maddəsinə müvafiq olaraq müstəsna aidiyyət üzrə daşınmaz əşyanın olduğu yerin məhkəməsində baxılıb-baxılmaması ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nəzərə alınmalıdır ki, daşınmaz əşya üzərində ər-arvadın ümumi birgə mülkiyyət hüquqları ailə qanunvericiliyi ilə müəyyən edildiyinə görə, məhkəmələr tərəfindən, ər-arvadın ümumi birgə mülkiyyətini təşkil edən əmlak bölündükdə məhkəmə əmlak üzərində onların mülkiyyət hüquqlarının tanınması məsələsini deyil, ümumi əmlak üzərində mülkiyyətin növünün, başqa sözlə əmlakın hüquqi rejiminin dəyişdirilməsi məsələsini həll etmiş olur. Bu zaman əmlak üzərində ər-arvadın ümumi birgə mülkiyyəti ümumi əmlak üzərində onların hər birinin payı müəyyənləşdirilməklə paylı mülkiyyətə keçirilir. Lakin Mülki Prosessual Məcəllənin 39-cu maddəsində ər-arvadın ümumi əmlakının bölünməsi barədə tələblərə müstəsna aidiyyət üzrə əmlakın olduğu yerin məhkəməsində baxılması nəzərdə tutulmamışdır. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən qanunvericilik normalarını təhlil edərək belə qənaətə gəlir ki, ər-arvadın birgə nikah dövründə əldə etdiyi daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətin bölünməsi ilə bağlı tələblərə müstəsna aidiyyət qaydasında əşyanın olduğu ərazidə yerləşən məhkəmələr tərəfindən baxılması istisna edilir.” Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, ər-arvadın ümumi birgə mülkiyyətini təşkil edən əmlak bölündükdə məhkəmə əmlak üzərində onların mülkiyyət hüquqlarının tanınması məsələsini deyil, ümumi əmlak üzərində mülkiyyətin növünün, başqa sözlə əmlakın hüquqi rejiminin dəyişdirilməsi məsələsini həll etdiyindən iddia ərizəsi qismən təmin edilərək Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 5-1442 ünvanında yerləşən 0,10 ha torpaq sahəsinə X1 ½ hissədə payı müəyyən edilməlidir. Məhkəmə iddiaçının birgə nikah dövründə əldə olunan torpaq sahəsində tikilmiş iki mərtəbəli yaşayış evinin bölgüsünün aparılaraq onun payının 2\3 hissədə müəyyən edilməsinə, bölünmüş yaşayış sahəsinin 2\3 hissəsinə onun sahiblik və istifadə hüququnun müəyyən edilməsinə dair iddia tələbləri ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı tərəflərin mülkiyyətlərində olan torpaq sahəsində inşa etdikləri evin onların hər hansı birinin adına daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmadığı müəyyən olunduğundan bu əmlakın bölgüsünün aparılması qeyri-mümkündür. Belə ki, daşınmaz əmlaka dair hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Tərəflərin birgə nikah dövründə inşa etdikləri daşınmaz əmlaka dair hüquqları qeydə alınmadığından hazırda həmin əmlakın tərəflər arasında bölünməsi barədə nəticəyə gəlmək qanuni və əsaslı ola bilməz. Ona görə də məhkəmə iddiaçının torpaq sahəsində tikilmiş iki mərtəbəli yaşayış evinin bölgüsünün aparılaraq onun payının 2\3 hissədə müəyyən edilməsinə, bölünmüş yaşayış sahəsinin 2\3 hissəsinə onun sahiblik və istifadə hüququnun müəyyən edilməsinə dair iddia tələbini təmin etmir. Məhkəmə iddiaçının birgə nikah dövründə əldə edilmiş daşınar əşyalarda payının müəyyən edilməsi tələbi ilə bağlı qeyd edir ki, iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə tərəflərin inşa etdikləri evin qonaq otağında olan əşyalara 1 ədəd divanın qiyməti - 450 manat, 1 ədəd TV-stend qiyməti 300 manat, 1 ədəd kamodun qiyməti - 350 manat, 1 ədəd güzgülü şkafın qiyməti - 300 manat, 2 ədəd pərdənin qiyməti -100 manat, 1 ədəd 12 şamdanlı çılçırağın qiyməti - 200 manat, 1 ədəd LG kondisionerin qiyməti - 400 manat, 1 ədəd jurnalnı dəstinin qiyməti - 70 manat, 1 ədəd stol 12 ədəd stul ibarət dəstin qiyməti - 350 manat; yataq otağında 1 ədəd yataq otağı dəstinin qiyməti - 1300 manat, 1 ədəd pərdənin qiyməti - 100 manat, 2 ədəd xalçanın qiyməti 100 manat, 1 ədəd yataq otağı dəstinin qiyməti - 1350 manat, 1 ədəd pərdənin qiyməti - 100 manat; hamam otağında 1 ədəd əl-üz yuyanın - 50 manat, 1 ədəd unitazın qiyməti - 40 manat, 1 ədəd duş aksesuarlarının qiyməti - 60 manat, 2-ci mərtəbədə 1 ədəd 3x4m ölçülü xalçanın qiyməti - 350 manat, 1 ədəd panasonic markalı tozsorannın qiyməti -100 manat; mətbəxdə 1 ədəd TV altlığının qiyməti - 50 manat, 1 ədəd Hoffman markalı paltaryuyanın qiyməti - 350 manat, 1 ədəd Lotus markalı soyuducunun qiyməti - 750 manat, 1 ədəd Ezel markalı 4 gözlü qazın qiyməti -100 manat, 2 ədəd pərdənin qiyməti - 50 manat, 1 ədəd künc divanın qiyməti - 200 manat, 1 ədəd xalçanın qiyməti - 100 manat, 1 ədəd 5x0, 80x2.30 ölçülü 18 qapılı mətbəx mebelinin qiyməti - 1000 manat olmaqla ekspert baxışına təqdim edilən əşyaların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 8920 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə iş üzrə keçirilən ekspertiz tədqiqatı ilə tərəflərin birgə nikah dövründə inşa etdikləri evdə aşkar olunan və iddia ərizəsində tələb olunan qiyməti 450 manat olan 1 ədəd divana, qiyməti 300 manat olan 1 ədəd TV-stendə, qiyməti 350 manat olan 1 ədəd kamoda, qiyməti 300 manat olan 1 ədəd güzgülü şkafa, qiyməti 100 manat olan 2 ədəd pərdəyə, qiyməti 1300 manat olan 1 ədəd yataq otağı dəstinə, qiyməti 50 manat olan 1 ədəd TV altlığına, qiyməti 750 manat olan 1 ədəd Lotus markalı soyuducuya, qiyməti 1000 manat olan 1 ədəd 5x0, 80x2.30 ölçülü 18 qapılı mətbəx mebelinə payı müəyyən edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumları onun özünə, iş üzrə keçirilən ekspertiza tədqiqatlarının dəyəri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. X1 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 5-1442 ünvanında yerləşən 0,10 ha torpaq sahəsinə ½ hissədə payı müəyyən edilsin. X1 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 5-1442 ünvanında yerləşən fərdi yaşayış evində qiyməti 450 manat olan 1 ədəd divana, qiyməti 300 manat olan 1 ədəd TV-stendə, qiyməti 350 manat olan 1 ədəd kamoda, qiyməti 300 manat olan 1 ədəd güzgülü şkafa, qiyməti 100 manat olan 2 ədəd pərdəyə, qiyməti 1300 manat olan 1 ədəd yataq otağı dəstinə, qiyməti 50 manat olan 1 ədəd TV altlığına, qiyməti 750 manat olan 1 ədəd Lotus markalı soyuducuya, qiyməti 1000 manat olan 1 ədəd 5 x 0,80 x 2.30 ölçülü 18 qapılı mətbəx mebelinə payı müəyyən edilsin. Cavabdeh iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyərinə görə 150 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar