Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-1692/2023 13.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçı SŞ ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı SŞ ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2000 manat məbləğində sığorta ödənişinin, 40,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz GL 450” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Toyota Prius” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq “Toyota Prius” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2000 manat zərər dəyməsi müəyyən edilmişdir. İddiaçı SŞ ASC dəymiş zərəri aradan qaldıraraq “Toyota Prius” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2000 manat sığorta ödənişini həyata keçirmişdir. Cavabdeh təqsirli olması İnzibati Tənbeh vermə Haqqında ******* saylı qərarda öz əksini tapmışdır. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh hadisə yerindən yayındığına görə iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron qaydada etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, səhhəti ilə əlaqədar nəqliyyat vasitəsinə dəyən zərərin qiymətləndirilməsində iştirak edə bilməmişdir. Lakin sənədlərlə tanış olduqdan sonra zərərin 2000 manat dəyərində qiymətləndirildiyini görmüş və bununla razılaşmamışdır. İddiaçının əməkdaşları tərəfindən ödənişin edilməsi ilə bağlı müxtəlif təkliflər edilsə də, cavabdeh bunları rədd etmiş, qiymətləndirmənin düzgün aparılmadığını bildirmiş və maksimum 1000 manat ödəyə biləcəyini demişdir. İddiaçı isə bunu qəbul etməmiş, bu səbəbdən də cavabdeh məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirak olmadan baxılmasını və iddia tələbini müdafiə edərək, tələbin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 05.08.2022-ci il tarixli zərərin qiymətləndirilməsi barədə hesabata və xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən “Toyota Prius” markalı avtomobilə dəymiş zərər 2000 manat məbləğində müəyyən edilmiş və İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həmin məbləğ X2 ödənilmişdir. - 09.08.2022-ci il tarixli xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, cavabdehə rəsmi məktub göndərilərək, sığorta ödənişinin ödənilməsi tələb edilmiş, əks halda məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən verilmiş inzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 00:30 radələrində X4 məxsus olan, Cavabdeh tərəfindən idarə edilən “Mercedes Benz GL 450” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törədilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən İddiaçı SŞ ASC-yə ünvanlanan məktubdan görünür ki, “Mercedes Benz GL 450” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X3 adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Həmçinin qeyd olunmuşdur ki, həmin nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh istifadəsinə verilməsi barədə DİN Baş X7 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. - Cavabdeh tərəfindən Bakı şəhəri DYPİ-nə ünvanlanmış izahatdan görünür ki, hadisə baş verən an o, özünü pis hiss etdiyi üçün hadisə yerini tərk etməli olmuşdur və hadisə zamanı bədən xəsarəti alan olmamışdır. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4456 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə avtohissələrin qiymətləri nəzərə alınmaqla “Toyota Prius” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1263,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinı əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. - 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 926.1-ci maddəsinə sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə bağlı vurulmuş zərərə görə məsuliyyətin həmin mənbəyə bilavasitə sahiblik edən şəxsin daşıdığı təsbit olunmuş, normada, həmçinin də müəyyən olunmuşdur ki, mənbəyə sahiblik həm mülkiyyət hüququ ilə, həm də digər qanuni əsaslarla ola bilər. Qanunverici MM-in 1108.1-ci maddəsinin ikinci cümləsində mənbəyə digər qanuni əsasla sahiblik etmənin hallarını (əsaslarını ) qeyd etmiş və bu vaxt ara cümlə ilə mötərizədə misal olaraq- icarə hüququ və nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnaməni sadalamış, cümlənin sonunda isə oxşar əsasları nəzərdə tutan genişləndirici “və i.a.” ifadə vasitəsindən istifadə etmişdir ki, bu da öz növbəsində podrat, lizinq, tapşırıq, əmək müqavilələri, eləcə də yol vərəqi əsasında mənbəyə sahibliyin də qanuni sahiblik olduğunu nəzərdə tutur. Məhkəmə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 327.6cı maddələri ilə təqsirli bilinməsi nöqteyi nəzərdən qiymətləndirərək hesab edir ki, göstərilən qərar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadığından, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə müvafiq olaraq həmin qərar məhkəmə üçün məcburi olmasa da, yol nəqliyyat hadisəsinin məhz Cavabdeh tərəfindən törədilməsi göstərilən qərarla sübuta yetirilmiş və buna görə də Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci, 327.6-cı maddələri ilə təqsirli bilinib, cərimə edilmişdir. Beləliklə, Cavabdeh yol nəqliyyat hadisəsi törətməsi nəticəsində “Toyota Prius” markalı, **- DG-*** dövlət qeydiyyat nişanlı avtomobili vurması ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı SŞ ASC-nin subroqasiya qaydasında pul tələb etmək hüququ işin mübahisəsiz halı olsa da, iddia tələbi vurulmuş ziyanın həcminə görə – yəni, vurulmuş ziyanın məbləğinə görə, qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/4456 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə avtohissələrin qiymətləri nəzərə alınmaqla “Toyota Prius” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1263,0 manat müəyyən edilmişdir. Buna görə də, iddianın avtomobilə vurulmuş ziyanın ödənilməsinə dair hissəsi qismən əsaslıdır. Odur ki, iddianın həmin hissəsi qismən təmin edilərək, Cavabdeh dəymiş ziyana görə 1263 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı SŞ ASC-yə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1263 manat məbləğində pul vəsaiti və 32,63 manat dövlət rüsumu tutularaq İddiaçı SŞ ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1263 (bir min iki yüz altmış üç) manat məbləğində pul vəsaiti və 32,63 manat dövlət rüsumu tutularaq İddiaçı SŞ ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat ekspertiza xərcinin 50%-i yəni, 25 (iyirmi beş) manatı İddiaçı SŞ ASC-dən, qalan 50%-i yəni, 25 (iyirmi beş) manatı Cavabdeh tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34CTRE********************, hesablaşma hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-1692/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-1692/2023
13.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver